Sevgi onun ən böyük məziyyəti idi

ANA! Bu sözün canlı varlıqlarda gücü, anlamı eynidir. Övlad yolunda, dünyaya gətirdiyinin xatirinə həyatından belə keçmək qüdrəti. Mütləq məhəbbətin bir nümunəsi. Gəlin etiraf edək ki, bu qan yaddaşından gələn məhəbbətin də dərəcələri olur. Belə deyək ki, daha böyükləri, nəhəngləri var. Və bu nəhəng hisslər, sevgilər zərif analarımızın kövrək qəlbindədir. Analar övladlarını laylalarla, bayatılarla oxşayırlar. Övladlar analarını onlara qoşulmuş şeirlərlə əzizləyirlər.

Zərifə xanım haqqında bir ana kimi danışanda öz müşahidələrimdən başqa, xatirələri mənə həmişə əziz olan iki gözəl insanın – müəllimlərim professor Zəhra xanım Quliyeva və dosent Ləzifə xanım Əliyevanın (Ləzifə Əliyeva Zərifə xanımın böyük bacısı idi) sözləri yada düşür. Onlar danışırdılar ki, Zərifə xanım övladlarına ülvi məhəbbət bəsləyən bir ana idi. İşdə müxtəlif kabinetlərdəki telefonlardan (çox nəzərə çarpmasın deyə) ara vermədən zəng edib, evdə qoyub gəldiyi ciyərparalarını soruşardı. Və bu telefon danışıqlarından yalnız birini dinləyən adam heç vaxt onu unutmaz, bir ananın övladlarına olan məhəbbətinin ifadəsini ömrü boyu özüylə gəzdirərdi…

Onun həyat yoldaşı – o zamanlar Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevə olan münasibətindən bir məqamın şahidi olmuşdum: Ləzifə xanımgildə balaca nəvəsi Eminin ad günündə (anam İldız xanımla mən də orada idim) bir gün əvvəl televiziya ilə verilən iclasda Heydər Əlirza oğlunun parlaq çıxışından söhbət düşəndə Zərifə xanımın gözlərinin, üzünün ifadəsini heç zaman unutmaram. Bircə onu dedi ki, mən nəfəsimi dərmədən bütün çıxışı dinlədim, heyran olmuşdum.

Zərifə xanım yeri gələndə çox incə yumorla danışardı. Gülarə xanım da doğmaları, yaxınları ilə şux zarafatlar edərdi. O məclisdə Ləzifə xanım bir az soyuqlamışdı. Gülarə xanım bunu bilib gülə-gülə dedi ki, Ləzi bacı (o Ləzifə xanımı mehribancasına belə çağırardı) eybi yoxdu, keçib gedəcək, təki xəstələnək, ancaq ölməyək. Zərifə xanımın yerində olan incə yumorlarından Zəhra xanım, Ləzifə xanım, kafedramızın onunla həmyaş olan dosentləri Səkinə xanım, Rəfiqə xanım saatlarla danışardılar. İncə, zərif, yerinə düşən yumor yüksək zövq sahiblərinə, geniş dünyagörüşlü əsilzadələrə məxsus əlamətdir və çox təəssüf ki, bu hamıya nəsib deyil. Bu səadət Zərifə xanımın saysız-hesabsız üstünlüklərindən, tale vergilərindən biri idi.

Allah-taala onu valideynlərindən də yarıtmışdı. Dünyanın ən xeyirxah kişilərindən, alimlərindən, siyasi xadimlərindən, ləyaqət sahiblərindən, nəhayət, seçilmişlərindən biri olan Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi Zərifə xanım. Anası Leyli xanım xanımlar xanımı, ağlı-zəkası dünyanı idarə edə biləcək bir hikmət, nur idi. Leyli xanımın da könüllərdə qoyduğu izlər heç vaxt unudulmayacaq gözəllikdə idi. O söhbətlərdən bir epizodu, bir yarpağı xatırladım. Leyli xanım danışırdı ki, həyat yoldaşı Əziz müəllim uzun müddət Vətəndən uzaqda işləyirmiş. O vaxt uşaqların böyüyü Ləzifənin (Leyli xanımın dilindən deyirəm – P.Q.) əlindən tutub Mircəfərin (Mircəfər Bağırov) qəbuluna getdim, xahiş elədim ki, Əzizi Azərbaycana qaytarsın, nə iş verir-versin, lap adi iş olsun. O da qayıtdı ki, Leyli xanım, Əziz Azərbaycana gəlsə, o heç bir yerdə işləyə bilməz, ona layiq olan yer ancaq mənim yerimdir, onu da mən tutmuşam. Bunu deyib bir xeyli susdu. Mən də gözləmədiyim cavabdan sonra heç bilmədim nə deyəm, sağollaşıb gəldim evimizə.

Zərifə xanımın böyük qardaşı, professor Tamerlan Əliyev Tibb Universitetində terapiya kafedrasının müdiri idi. Ürəyimdə bir kitablıq söz, məhəbbət var onun ünvanına. İnşallah, ömür vəfa eləsə, yazacağam. Ancaq bircə onu deyim ki, bu yaşıma qədər doğmalarım, dostlarım, müəllimlərim qarışıq lap yaxından tanıdığım insanların bir siyahısı var ürəyimdə. Mən Allahımı heç vaxt unutmaram, ancaq o adamların Tanrı dərgahındakı hörmətlərinə güvənib dara düşəndə yalnız ürəyimdə pıçıltı ilə Allahdan sonra köməyimə çağırıram. O kiçik siyahıda Hüseyn babam da var. Olanlardan biri də Tamerlan müəllimdir. Çox böyük ləyaqət sahibi, nur daşıyıcısı olan professor Tamerlan Əziz oğlu Əliyev! Mənim üçün həmişə canlı olan müqəddəs insan! Bu böyük ailənin, nəsil-şəcərənin Zərifə xanımla bağlı hər bir üzvü – Dilbər xanım, akademik Cəmil Əliyev haqqında da saatlarla danışmaq imkanım var. Ancaq bu xatirə yazının çərçivəsinə uyğunlaşmalıyam.

Bir ailənin iki üzvü – olduqca böyük şəxsiyyətlərdən dünyaya gələn övladların genetik varisliyi valideynlərin və övladların böyük xoşbəxtliyidir.

Sevil xanımın qeyri-adi, çoxşaxəli istedad, savad, təvazökarlığında, mədəniyyətinin bu səviyyədə olmasında atasının və Zərifə xanımın müstəsna rolu olmuşdur. Uzun illər bundan əvvəl Zərifə xanımla anamın arasında olan bir söhbəti unuda bilmirəm. O söhbət Ləzifə xanımgilin evində Ləzifə xanım, qızı Svetlana xanım və Gülarə xanımın yanında olmuşdu. Zərifə xanım deyirdi ki, Sevil (o vaxtlar Sevilin 16-17 yaşı olardı – P.Q.) bir tikə pendir çörəyi qalanda belə atmır, tullamır, büküb qoyur ki, sonra yeyərəm. Atası ölkənin birinci yox, lap yüzüncü adamı olan qız ya oğlandan bu cür nümunə, hətta deyərdim ki, müqəddəs davranış nadir hadisə idi, lap elə indinin özündə də heyrət və qibtə doğurardı…

Zərifə xanım alim idi. Zamanı qabaqlayan, onun fövqündə dayanan, adı böyük hərflərlə yazılan ALİM. Onun bir neçə istiqamətdə apardığı işlər illər keçəndən sonra daha da aktuallaşır, gərəkli olur, qiyməti daha da artır. Məsələn, gözün peşə xəstəlikləri ilə əlaqədar Sovetlər Birliyində yaradılan ilk sanballı elmi laboratoriya. Onun rəhbərlik etdiyi, böyük ideyaları reallaşdıran bu kollektivin gördüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Əslində, akademik Zərifə xanım Əliyeva dünyada bu elmi istiqamətin pioneridir. Heç də təsadüfi deyil ki, o, SSRİ Tibb Elmləri Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdü. Akademik Zərifə xanım Əliyevanın məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostikaya həsr olunan ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən olması idi.

Zərifə xanım bu günü uzun illər əvvəl görüb, tibbi deontologiyaya aid qiymətli elmi-fəlsəfi əsərlər yazıb mərkəzi mətbuatda çap etdirirdi. Sankt-Peterburq Gigiyena İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, professor A. N. Dobromıslovun dediyi kimi, Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq büruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların ­qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Dünyaya gəldiyi gündən ölənə kimi insanlar bu və ya digər səbəbdən həkimlə, tibb bacısı ilə tez-tez üz-üzə gəlməli olurlar. Aydındır ki, səhiyyə işçilərinin vəzifə borcunu yerinə yetirməsi təkcə xəstəliyin müalicəsi və profilaktikasından ibarət deyil, həm də peşə bacarığından asılıdır. Zərifə Əziz qızı tibb işçisinin ətrafındakıların tərbiyəsində mühüm rol oynadığını, cəmiyyətin əxlaq etalonu olduğunu qeyd edirdi. Həkimin borcu Yer üzünün sülh və həyat uğrunda, insanın xoşbəxtliyi və səadəti naminə çalışmaqdır. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “ Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Özünün zəngin tibbi təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə Əziz qızı həkimin xəstə ilə necə davranmasına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir. Mən bir dəfə Zərifə Əziz qızının xəstələri necə qəbul etdiyinin şahidi oldum. Xəstələr üzlərində təbəssüm, müayinə olunduqdan və müalicə təyin edildikdən sonra tezliklə sağalacaqlarına ümidlə professora Zərifə Əliyevaya inam hissi ilə otağı tərk edirdilər… Zərifə xanımın, bəlkə də, heç özü də bilmədən zəngin təcrübəsi zəncirvari reaksiya kimi beləcə başqalarına ötürülürdü.

O, Moskvada nəşr olunan o zamankı Sovet İttifaqının ən nüfuzlu oftalmoloji elmi dərgisi “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü idi. Həmin jurnalın baş redaktoru Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Həmin illərdə mən bu elm ocağında aspiranturada, sonra isə doktoranturada təhsil alırdım. Zərifə xanımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə görüşərdik. Bu qısa görüşlərdə o, çox səmimi olaraq, qayğılarımla maraqlanırdı.

Bir dəfə mənə dedi ki, Heydər Əliyeviç də sənin uğurlarını izləyir, sənin haqqında evimizdə söhbətlər olur. Mən qədirbilənliklə ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsində Ümumittifaq Lenin komsomolu mükafatına layiq görüləndə Heydər Əlirza oğlu Moskvadan Bakıya zəng edərək məni şəxsən təbrik elədi.

Heydər Əliyev illər keçəndən sonra mənfur M.Qorbaçovun həsədinə tuş gəlib, istefaya çıxıb Bakıya dönəndə Filarmoniyada yazıçıların qurultayında təsadüfən mənə yaxın oturacaqda, Xəlil Rza ilə yanaşı əyləşmişdi. Görüşdük. Fasilədə həmin zəngə görə bir daha təşəkkür etdim. Və bir də dedim ki, Siz Moskvadan məni təbrik etdiniz, ancaq burada Kamran Bağırov heç elə bil ki, yoxuymuş. Gülümsündü: “Fikir vermə, hamı bir olmaz ki…” – dedi.

Akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyəti haqqında yazılanlardan fərqli, qısaca öz müşahidələrimi qələmə aldım. O, bir övlad kimi, bir evin, bir kişinin xanımı kimi, bir ana kimi, alim, müəllim, vətəndaş kimi, həmişə ucadaydı. Elmi konfranslardan sonrakı toplantılarda, ya bayramlarda, ad günlərində əksər hallarda unudulmaz Gülarə xanım da iştirak edərdi, həmişə birinci mahnı sifarişi “Anamın anasısan, Azərbaycan” olardı. “Ana” və “Azərbaycan” sözlərini heç kim onun kimi tələffüz elə bilməzdi.

Akademik Zərifə xanım Əliyeva bir Prezidentin xanımı, digər Prezidentin anasıdır. Bu, onun taleyi idi. Böyük, olduqca böyük həssaslıqla duymaq, görmək, heyran olmaq, insanları, Vətəni sevmək onun böyük istedadı idi.

Böyük sevgidən yaranıb, böyük məhəbbətlə insanları, Vətəni sevənlər əbədi yaşayanlardır!

Paşa QƏLBİNUR,
Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory