NƏCİBLİK VƏ PAKLIQ TİMSALI

Yerində deyilmiş bir aforizm var ki, hər parlaq şəxsiyyətin arxasında güclü bir qadın dayanır. Ümummilli liderin də gücünə, qüvvəsinə inandığı, ağlına, sədaqətinə güvəndiyi ailəsi, bu   ailənin dayağı ömür- gün yoldaşı Zərifə xanım Əliyeva idi. Ulu Öndər ömrü boyu çox məsul vəzifələrdə çalışsa, varlığını siyasi fəaliyyətə həsr etsə də, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə diqqət mərkəzində idi.

Tale ona Zərifə xanım kimi ömür yoldaşı bəxş etmişdi. Arxayın idi ki, kübar, nəcib bir nəslin övladı olan bu xeyirxah qadın hər iki soyun adına layiq övladlar böyüdəcək. Zərifə xanım isə yaxşı başa düşürdü ki, bu yüksək nüfuz sahibinin ailəsi hamının – bütün cəmiyyətin diqqət mərkəzində olacaq. Odur ki, ailəsinin şərəfini, ləyaqətini hər şeydən uca tutaraq onu əsən yeldən belə qoruyurdu.

 Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində göz açmış Zərifə Əliyeva akademik, tanınmış oftalmoloq, gözəl pedaqoq, humanist insan, sədaqətli həyat yoldaşı, yaxşı ana idi.

Bütün bu saydıqlarımız olmasaydı belə, təkcə Heydər Əliyev kimi dahi bir şəxsiyyətin həyat yoldaşı olmağın özü çox çətin və məsuliyyətli idi. Zərifə xanım bu ağır işin cavabdehliyini boynuna götürərək həm ailəsində, həm də işində nümunə göstərirdi.

Övladlarına – gözəl ziyalı Sevil xanım Əliyevaya və Azərbaycanın bugününün və sabahının qarantına, Prezident İlham Əliyevə xeyirxahlıq, kübarlıq, insanpərvərlik kimi keyfiyyətləri ana yadigarı kimi bəxş edib.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, dünya miqyasında xeyirxah insan, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti kimi tanınan,  ölkəmizin birinci xanımı Mehriban Əliyevanın cəmiyyətin ən imkansız üzvlərinə, uşaqlara qayğısı, elmə,  mədəniyyətə, milli-mədəni sərvətimizə təmənnasız xidməti də Zərifə xanımın ocağından güc alır.

Bu müdrik, ziyalı insanın keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir, tükənməz xəzinədir.

Zərifə xanım qısa, lakin şərəfli bir ömür yaşadı. Həkim kimi də, ana kimi də bənzərsiz olmağa çalışırdı. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, ləyaqətli, insanpərvər, xeyirxah, mehriban  Zərifə xanım hamıya kömək əli uzadır, hamının qəlbinə yol tapmağı bacarırdı. O, başqalarının dərdini, problemini özününkü  hesab edirdi. Çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmırdı. Buna görə də müalicə etdiyi  xəstələr onu çox sevirdilər.

Hər il aprelin 28-i tanınmış oftalmoloq-həkim, ümummilli lider Heydər Əliyevin ailə ocağının qoruyucusu Zərifə xanım Əliyevanın doğum günü kimi yad edilir. Neçə illərdir ki, aramızda olmasa da, qəlblərdə özünə əbədi məskən salıb. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

O, baharda doğulmuş, baharda da dünyasını dəyişmişdi. Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, o həm də ailəsinin dayağı, ailə ocağının qoruyucusu idi.

Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M. Krasnov isə yazırdı: “Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O həm xeyirxah idi, həm ağıllı idi, həm də qüdrətli idi”.

Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır.

Yaşanılan ömür yolunun sərlövhələri onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur.

Südabə HACIYEVA,

filoloq

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory