“Dünyanın dərdləri birmi, ikimi?..” – Tahir Rzanın şeirləri

Şah əsər…

Azadlığı məlhəm edib yarama qoydum,
Qüvvət verdi arzularım qoluma mənim.
Bu sevgidən nə yoruldum, nə də ki, doydum,
Müstəqillik nur ələdi yoluma mənim.

Gülümsədi qoca tarix, sevindi vətən,
İnsanların istəkləri kamına çatdı.
Milyonların sevinc dolu ürəklərindən
Qopan inam bir möhtəşəm dünya yaratdı.

Azərbaycan çalxalandı bir ümman kimi,
Haqqı haqqın dərgahına yetirdi zaman.
Azərbaycan yenilməyən qəhrəman kimi
Keçdi əsrin təlatümlü sınaqlarından.

Silkələdi bütün Şərqi, Qərbə gəl dedi,
Söylədi ki, zalım dünya qüdrətimə bax.
Azərbaycan xeyrə xeyir, şərə şər dedi,
Tutdu haqqın əllərini hamıdan qabaq.

Şəhid qanı göyərsə də, hər qarışında,
Yad önündə yasa batıb əyilə bilməz.
Çətin gündə qılıncını saxlamaz qında
Azərbaycan bir günəşdir, ləkə götürməz.

Azərbaycan xoş gələcək, işıqlı səhər,
Ulu xalqın iftixarı, şöhrəti şanı.
Azərbaycan haqq yolunda dayanan əsgər,
Ədalətə haraylayır bütün dünyanı.

Sinəsində qövr eləyən yaralar ki var,
Torpağımın, millətimin dərdi-səridir.
Azərbaycan xəzan görməz əbədi bahar,
Azərbaycan qoca Şərqin şah əsəridir.

Dərd yetim qalar

Dərd-kədər sinəmdə düzüm-düzümdür,
Hicransız bir ömrün günü ağ olmaz.
Dərdin həyatımdır, canım gözümdür,
Onsuz insan kimi yaşamaq olmaz.

Həsrətim ələnib Araz boyunca,
Həkəri od alır ürək dağımdan.
İsa bulağımdan içib doyunca,
Keçir Zəngəzurdan, Qarabağımdan.

Dünya yüz sifətdə, zaman min donda,
Ey insan, halımı soruşma məndən.
Yetim körpələrin baxışlarında,
Dərdimin əksini görə bilərsən.

Dünyanın dərdləri birmi, ikimi?
Dərddən dörd yanıma qala hörmüşəm.
Müdrik insanları qəhrəman kimi,
Dərdi çəkə-çəkə gülən görmüşəm.

İnsani dərd-kədər alçaltmaz heç vaxt,
Saxta toy-büsatlar ahdır – amandır.
Vüsal var taleyə bir quru yamaq,
Sevinc var min dərddən dərdi yamandır.

Hər dərdə-əzaba dözər ər kimi,
Əhdən-sədaqətdən mərd yetim qalar.
Yandırıb yaxmayın dərdli qəlbimi,
Əgər mən olmasam, dərd yetim qalar.

Yazıqdır…

Dərd var dərd gətirir, yandırır yaxır,
Dərddə var gəlişi toydur, vüsaldır.
Dərd var ki, insana nifrətlə baxır,
Dərd də var əzabı şəkərdir, baldır!

Vətənindərdini çəkənlər bilər,
Sən dərdin əlacın tanrıdan istə.
Dərd var doğulmamış bətndə ölər,
Dərd var pöhrələnər sinəmiz üstə!

Dərdin heykəlini ucaldan olsa,
Baş əyib önündə səcdə edərəm.
Vüsalım, sevincim dərddən doğulsa,
Ən çətin yolları keçib gedərəm.

Hər kəsin dünyaya öz baxışı var,
Dərdi duymayanın dərdi çox çətin.
Öz dərdin qəlbində yaşatmayanlar,
Acımaz dərdinə bəşəriyyətin.

Dərdi çəkilməyən cahan yazıqdır,
Dərd-səri olmayan bir cana lənət.
Qayğısız yaşayan insan yazıqdır,
Dərdimi duymayan dövrana lənət!

Dəyməz…

Kimə qısqanırsan məni, dinsənə?
Demirsən ünvanın, çəkmirsən adın.
Qəlbimdən keçəni açıram sənə
Ürəkdən sevməzdin qısqanmasaydın.

Sevilən dərd çəkər, sevən qısqanar
Bizim də andımız safdır, qətidir
Müdrük ataların bir məsəli var
Qısqanclıq istəyin əlamətidir.

Məni qısqanırsan, qısqan, əzizim,
Duyğunu ömrümə məlhəm sanıram.
Məni qısqandıqca inan əzizim,
Sevincdən, fərəhdən qanadlanıram.

Məni haram vara-dövlətə qısqan,
Eşqə, məhəbbətə qısqanma heç vaxt.
Saxta nəvazişə, hörmətə qısqan
Əhdə-sədaqətə, qısqanma heç vaxt.

Qısqan nadanlara, əl kəsənlərə,
Şərəfli şöhrətə, ada qısqanma.
Qısqan zalımlara, yol kəsənlərə,
Ləyaqəti varsa, yada qısqanma

Mənasız bir ömür kədər, qəm, hicran,
Vəfalı bir yarın nazına qısqan.
Saxta məhəbbətli min gözəl inan
Sənin ayağının tozuna dəyməz.

Aşıq Şəmşirə

Əvvəllər gülərdi qız-gəlin mənə
İndi də qocalmış qarılar gülür.

Aşıq Şəmşir

Ustad, bu dünyanı dərk eyləyənlər,
Zamanı qınamaz, dövrana gülməz.
İnsanlıq adını uca bilənlər,
Kəndçiyə lağ edib, çobana gülməz.

Dünən uşaq olan bir gün qocalar,
İnsanlıq əməllə, işlə ucalar.
Hər kəs böyüyündən öyüd, dərs alar,
Qocaya sataşmaz, cavana gülməz.

Həyatın mənasın dadıb duyanlar,
Vətən, xalq yolunda canın qoyanlar,
Özünü mükəmməl insan sayanlar,
Kasıba, çörəyi yavana gülməz.

Tanrı qismətini halal buyuran,
Yaxşını yamandan seçib, ayıran,
Aca çörək verib, qarın doyuran,
Ehtiyac sıxana, qovana gülməz.

Tahirin həmdəmi sözdür, sənətdir,
Ustadın ruhuna qayğı, hörmətdir.
Hər sözün danılmaz böyük hikmətdir,
İnsan olan, vallah, insana gülməz.

Yazacağam Allaha

Bir ariflə qabaq-qarşı oturdum,
Hiss etdim ki, dərd çəkməkdən xəstədir.
Bir nadandan əhvalını soruşdum,
Gülüb dedi: “Kədər nədir, qəm nədir”.

Arif dərdi cəm etmisdi içinə,
Düşünmürdü ömrün dərdsiz, kədərsiz.
Nadan dərdi heç olmurdu vecinə,
Yaşayırdı qəm-kədərdən xəbərsiz.

İki insan dayanmışdı yan-yana,
Biri dərddən bədirlənmiş günəş, ay.
Biri isə bənzəyirdi heyvana,
Nura qənim, yemə qardaş, pula tay.

Aqil, nadan, bir yaşayır hər günü,
Sözüm yoxdur, nə söyləyim mən daha.
Yaratdığı insanların səhvini,
Bundan sonra yazacağam Allaha.

Yaxın gəl…

Yaxın gəl, dost olaq, qurbanın olum,
Mən dərd alıb, sevinc, vüsal satanam.
Halını soruşum, mehmanın olum,
Bil, dərdi dövlətdən üstün tutanam!

Haqq gəzmirəm göyün yeddi qatında,
O, yer alıb ürəyimin çatında.
Dərdi olsa çiçəyin də, otun da,
Qaçıb dərhal köməyinə çatanam!

Ac olsam da, sındırmadım özümü,
Çəkdim haram var-dövlətdən gözümü.
Çətin anda haqqa tutdum üzümü.
İstəmədim xalq içində utanam!

Dar ayaqda sınamışam çoxunu,
Sevməmişəm xəyal adlı yuxunu.
Ürəyimə dəyən nifrət oxunu,
Qapıb yağı düşmənimə atanam!

Tahir deyər dosta, elə qıymadım,
Çox dərd çəkdim, yenə dərddən doymadım.
Qola girib, mala-pula uymadım,
Yaradanın kölgəsində yatanam!

Yox…

Dünya, məni gəl sirdaş bil özünə,
Mal-pulunda, dövlətində gözüm yox.
Haqqa əyil, baxma nadan sözünə,
Saxta adda, şöhrətində gözüm yox.

Paltar kimi hər əyinə geyilən,
Ünvanına haram, müftə deyilən.
Onun-bunun hesabına yeyilən,
Nemətində, sərvətində gözüm yox.

Bir insan tək düşün  məni, duy məni,
Haqq evinə keşikçəkən qoy məni.
Çətin gündə arxa, kömək say məni,
Təmənnalı hörmətində gözüm yox.

Qədir bilən hər insanın gözəldir,
Toy-düyünün, dərd-hicranın gözəldir.
Dünya, sənin hər bir anın gözəldir,
O, dünyanın cənnətində gözüm yox.

Üzündən…

Həqiqətlər çox çiyinə yük olub,
Haqq incəlib sapdan nazik tük olub.
Qaya donub bir andaca dik olub,
Böhtanların, yalanların üzündən.

Ədaləti boğazından asılıb,
Sədaqətin bağrına köz basılıb.
Aqillərin sözü küncə qısılıb,
Qanmazların, nadanların üzündən.

Bəxtlər kimi çox ümidlər qaralıb,
Saf ömürlər xəzan vurub, saralıb.
İgidlərin meydanları daralıb,
Rüşvət verib alanların üzündən.

Fikir vermir dəlisinə, səyinə,
Gedir oğru-əyrilərin küyünə.
Bu dünyanın işi düşüb düyünə,
Haqqa qənim insanların üzündən.

Açılmır…

Xəzan viran qoyub göy yamacları,
Çiçəyim çırtlamır, gülüm açılmır.
Həsrətli ellərə, dağlara sarı,
Ayağım yerimir, əlim açılmır.

Qayalar xəcalət çəkir, elə bil,
Bulaqlar göz yaşı tökür elə bil.
Qartallar könülsüz ötür elə bil,
Zəfər müjdəsilə ilim açılmır.

Saz çalıb tanrının toru, bülbülü,
Axtarır nə vaxtdır, yarı bülbülü.
Ovuda bilmirəm Xarı bülbülü.
Təsəlli verməyə dilim açılmır.

Tahirəm, deməyin təklənmişəm mən,
Nifrətlə, qəzəblə yüklənmişəm mən.
Qələbə eşqiylə köklənmişəm mən,
Odum içimdədir, külüm açılmır.

Yaşadım

Qoca dünya mən səninlə dərdi yox,
Sevincimi bölə-bölə yaşadım.
Qanmaz kəslər ürəyimə vurdu ox,
Göz yaşımı silə-silə yaşadım.

Dad etsəm də, nadanların əlindən,
Xoş söz duydum ariflərin dilindən.
Çəkinmədim qanmazların felindən,
Öz ömrümü gülə-gülə yaşadım.

Haqq-ədalət oldu andım, xislətim,
İnsanları insanlığa səslədim.
Ürəyimdə bir məhəbbət bəslədim,
Dərd-sərini bilə-bilə yaşadım.

Tahir yalan, xəyanətlə barışmaz,
Bəd hisslərə meyl salmaz, qarışmaz.
O bilir ki, səndən mənə kar aşmaz,
Ancaq deməz ölə-ölə yaşadım.

Qalıb…

Dünya işindədir, halıma yanmır,
Əlacım dərdimi yazana qalıb.
Yetim görkəminə baxıb utanmır,
Ümüd bu gedişi yozana qalıb.

Düşməyin böhtana, şərə yaxın siz,
Haqqın əllərini möhkəm sıxın siz.
İnsanın nicatı işə baxın siz,
Ayağının altın qazana qalıb.

Nadanlar meydanda at oynatdılar,
Halal süfrələrə haram qatdılar.
Dünyanı beş manat pula satdılar,
Əzabı şairə, ozana qalıb.

Tahir ədalətə başını əyir,
Qəlbində sağalmaz bir dərd bəsləyir.
Köməyə Tanrını, haqqı səsləyir,
Əlləri Şuşaya uzana qalıb.

Mənim…

Gözümün yaşını yoluna səpdim,
Dərd bitdi, qəm düşdü payıma mənim.
Sənsiz günlərimin üzündən öpdüm,
Xatirən yetişdi hayıma mənim.

Gecəm gündüz oldu, günüm qaraldı,
Günəşin rəngi də mən tək saraldı.
Anamın xonçası boxçada qaldı,
Tanrı qol qoymadı toyuma mənim.

Bir dəli sevdaya məni qul etdi,
Sinəmdən həsrətə, qəmə yol etdi.
Sevincə qısqandı, dərdi bol etdi,
Baxmadı yaşıma boyuma mənim.

Tahirəm sirrimi qəsdən yazıram,
Vəfasız gözəldən dostdan yazıram.
Nə vaxtdır kədərli dastan yazıram,
Gün doğmur, ilimə, ayıma mənim.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 251
  • 98
  • 1,388
  • 4,279
ILK-10 Azeri Website Directory