Ədliyyə sistemi dövlətimizlə bərabər inkişaf edir

Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub və həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib.

Ədliyyə tariximizdə unudulmaz hadisələrlə yanaşı, kəşməkəşli səhifələr də olub. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilib. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni əsasnaməsi təsdiq edilib, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub.

1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilib, digər səlahiyyətləri Nazirlər Soveti yanında hüquq komissiyası və ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törədib. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib, bununla daAzərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıb. Həmin dövrdən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək Ali Məhkəmədən başqa bütün məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin edib. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yarandı. 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etsə də bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalıb.

1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, onun varisi olan müasirAzərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi.Həmin dövrdə hakimiyyət əldə etmiş naşı siyasətçilərin  xəyanətkar əməlləri və xalqa zidd siyasəti nəticəsində ictimai həyatın bütün sahələrində tənəzzül yaranıb. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı davam edirdi, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə dahi öndər Heydər Əliyev Bakıya qayıtdı və dövlətçiliyimizin qorunmasını öz üzərinə götürdü. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı, daxili sabitlik bərqərar edildi, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alındı.Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu.Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş ilk milli Konstitusiyamızda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu. Ümummilli liderimizin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi.Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının əsil müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək, 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün onlarla normativ sənədlər qəbul edildi. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olundu.

Ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab ilham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilib, 2006-cı ildə ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilib, ona hüquq mühafizə orqanı statusu verilib. Həmçinin, ölkə Prezidenti tərəfindən 2006-cı ildə “Ədliyyə orqanlarının inkişafı haqqında”, Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə  proqram xarakterli fərmanların imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə məhkəmə tibb ekspertizasından başqa bütün növ ekspertizaların aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.İşə qəbulun şəffaf üsullarla həyata keçirilməsi məqsədilə 2004-cü ildən nazirliyin müxtəlif qurumlarına işə qəbul açıq müsabiqə əsasında keçirilməyə başlanıb və yaranmış müsbət təcrübə əsas götürülməklə ölkə başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə işə qəbulun yeni qaydaları müəyyən olunub. Hazırlıqlı hüquqşünaslar müsabiqədən keçərək artıq ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər və uğurlu fəaliyyət göstərirlər.Bu sahədə görülən tədbirlər sırasında ölkə Prezidentinin fərmanı ilə ədliyyə sahəsində çalışan çoxminli kollektivin və digər hüquqşünas kadrların tədrisinə xidmət edəcək yüksək statuslu tədris ocağının – Ədliyyə Akademiyasının təsis olunması xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri yaradılmışdır.“ASAN xidmət” mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələridə fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin işıqlı ideya və amallarına, siyasi irsinə daim sadiq olan müdrik Azərbaycan xalqı yüksək vətəndaş həmrəyliyi göstərərək bu il cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməklə öz şərəfli tarixində növbəti uğur və nailiyyətə imza atıb, ölkəmizin davamlı inkişafına təminat əldə edib. Ötən ay milyonlarla soydaşımız böyük fərəh və iftixar hissi ilə ölkəmizdə azad, demokratik və şəffaf keçirilmiş seçkilərdə möhtərəm Prezidentimiz cənab ilham Əliyevin inamlı qələbəsini bayram etdi, hər birimiz Azərbaycanda digər demokratik ölkələr üçün örnək olan seçkilərin keçirilməsinin ən yüksək kürsülərdən etiraf olunmasından qürur duyduq.

Hər il noyabr ayının 22-də ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqil dövlətimizin banisi, dahi öndər Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı bu il xüsusilə əlamətdardır – ədliyyə sistemi həm də 100 illik yubileyini qeyd edir. Bir əsr ömür dəf edən Azərbaycanədliyyəsinin zəngin və kəşməkəşli tarixini öyrənmək, müsbət ənənələri yaşatmaq, kadrları, xüsusilə kadrların gənc nəslini bu ənənələr ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir. Mütəxəssislər cəlb edilməklə araşdırmalar aparılması və nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyinin yaradılması bu işdə xüsusilə əhəmiyyətli olub. Bütün bunlar peşə bayramımıza əlavə bayram qatıb. Peşə bayramının və Azərbaycanədliyyəsinin 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə əhatəli tədbirlər planı təsdiq olunub.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqilAzərbaycan dövlətinin banisi Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu günlərdə bütün ədliyyə sistemində  Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur.

Peşə bayramı ərəfəsində ədliyyə işçilərinin vəzifə maaşlarının artırılması, Azərbaycan Ədliyyəsinin gələcək inkişafına təminat verən sənədlərin qəbul olunması, ədliyyə orqanları işçilərinin və hakimlərin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olub.

Dövlət Başçısı cənab İlham Əliyevi əmin etmək istərdik ki, onun dövlətçiliyimizin inkişafında fədakar əməyini örnək bilən ədliyyə işçiləri göstərilən yüksək etimadı əməlləri ilə doğruldacaq, üzərlərinə düşən mühüm vəzifələri bundan sonra da vicdanla icra edəcək, ədliyyə işçisi adını daim uca tutaraq, ölkəmizin tərəqqisi yolunda Prezidentimizə layiqli yardımçı olacaqlar!

Bu il ölkəmizdə ən əlamətdar  günlərdən biri – Azərbaycan xalq Cumhuriyyətinin 100 illiyi tamam olur.Fürsətdən istifadə edib hər birinizi qarşıdan gələn  28 may – Respublika Günü münasibəti ilə təbrik edirəm!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory