Dubayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçirildi

Azərbaycanın Dubaydakı baş konsulluğunun təşəbbüsü ilə Dubay şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirə əsas qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ali təhsil məsələləri üzrə dövlət naziri Dr. Əhməd bin Abdullah Humeyd Belhoul Əl-Fəlasi qatılıb. Tədbirdə Dubayda akkreditə olunmuş konsulluq korpusunun rəhbərləri, yerli dövlət orqanlarının təmsilçiləri, KİV nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Hava Yollarının və ARDNŞ-nin Dubaydakı nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi açıq elan edildikdən sonra BƏƏ və Azərbaycanın himnləri səsləndirilib. Daha sonra baş konsul Cavidan Hüseynov tədbir iştirakçıları qarşısında nitqlə çıxış edərək baş qonaq və tədbir iştirakçılarını salamlayıb. C.Hüseynov cari ilin 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu qeyd edib və Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumat verib. O, qeyd edib ki, 1991-ci ildə Azərbaycan xalqı ikinci dəfə müstəqilliyinin bərpasına nail olarkən, müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalmış və Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etmişdi. C.Hüseynov ümummilli lider Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, Prezident İlham Əliyevin 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsinin 28 may tarixinə göstərilən diqqətin bariz təzahürü olduğunu bildirib. Baş konsul C.Hüseynov, həmçinin Azərbaycanda həyata keçirilən mötəbər beynəlxalq tədbirlər və Birinci vitse-prezident Mehriban Əliyevanın sözügedən tədbirlərin yüksək səviyyədə təşkilində rolundan və dinamik islahatların həyata keçirilməsində yaxından iştirak etməsindən danışıb.

Baş konsul C.Hüseynovun nitqindən sonra BƏƏ-nin ali təhsil məsələləri üzrə dövlət naziri Dr. Əhməd bin Abdullah Humeyd Belhoul Əl-Fəlasi və BƏƏ-də fəaliyyət göstərən konsulluq korpusunun rəhbərlərinin iştirakı ilə xatirə şəkili çəkilib.

Daha sonra C.Hüseynovla söhbət edən dövlət naziri Ə.Əl-Fəlasi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib və Azərbaycan Respublikasına davamlı inkişaf və çiçəklənmə arzulayıb. O, Azərbaycanın geniş turizm potensialına malik olduğunu və xeyli sayda ərəb turistin ölkəmizə səfər etdiyini qeyd edərək, yaxın vaxtlarda özünün də Azərbaycana qeyri-rəsmi səfər etmək niyyətində olduğunu bildirib.

Öz növbəsində, baş konsul C.Hüseynov tədbirə qatıldığı üçün dövlət naziri Ə.Əl-Fəlasiyə dərin minnətdarlığını bildirib və onu tədbirdə görməkdən şərəf duyduğunu ifadə edib. O, Ə.Əl-Fəlasinin ölkəmizə səfər etmək niyyətindən xeyli məmnun olduğunu qeyd edib və onu fürsət yarandığı təqdirdə Azərbaycana rəsmi səfər etməyə dəvət edib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Azərbaycandan xüsusi olaraq dəvət olunmuş incəsənət xadimləri Azərbaycan milli musiqisindən incilər səsləndiriblər. Ziyafət iştirakçıları muğam qrupunun ifaları sayəsində Azərbaycanın zəngin musiqi mədəniyyətinə heyran olublar.

Tədbir boyunca Azərbaycanın tarixi məkanları, səfalı guşələri, füsunkar təbiəti və milli mətbəxi ilə bağlı video-çarx və foto-slaydlar nümayiş etdirilib.

Tədbir məkanında Azərbaycanın milli musiqisi, incəsənəti, tarixi, adət-ənənələri və görməli yerlərini tərənnüm edən sərgi təşkil edilib. Sərgidə müxtəlif kitablar, broşürlər, rəsmlər, xalçalar, milli musiqi alətləri və s. nümayiş etdirilib. Eyni zamanda sərgi zalında “Badamlı” mineral suları, Dubay və Şimal Əmirliklərində fəaliyyət göstərən Azərbaycan turizm şirkətləri və restoranlarının öz məhsul və məlumat broşürlərini nümayiş etdirmələri üçün yer ayrılıb.

Milli musiqi nümunələri, təamlar, Azərbaycanın milli adət-ənənələrindən sənətkarlığına qədər kifayət qədər geniş mövzuları əhatə edən kitab və broşürlər, eləcə də milli ornamentlərlə bəzədilmiş xalça və rəsmlər qonaqların böyük diqqət və marağına səbəb olub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 191
  • 150
  • 1,190
  • 3,246
ILK-10 Azeri Website Directory