Müasir Azərbaycan dövlətinin memarı, xilaskarı və qurucusu

XX əsrdə dünya siyasəti tarixinə özünəməxsus parlaq səhifələr yazmış  görkəmli  dövlət  xadimlərindən, məşhur siyasətçilərdən və nadir tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının  ümummilli lideri  Heydər Əlirza oğlu Əliyev olmuşdur. Adı qızıl hərflərlə  tariximizə həkk olunmuş  Heydər Əliyev dünya tarixində böyük rol oynamış və silinməz izlər qoymuş, təkcə  öz xalqının və dövlətinin yox, bütövlükdə dünya xalqlarının taleyinə həlledici təsir göstərmiş böyük şəxsiyyətlərdən biridir.

 Liderlər lideri

Heydər Əliyevin həyatı Azərbaycanın respublikaçılıq tarixinin yarıdan çoxunu əhatə edir. Azərbaycanın son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbəri seçilməsindən sonra göstərdiyi titanik fəaliyyət Vətənimizin inkişafına, onun çiçəklənməsinə, dünya dövlətləri cərgəsində öz layiqli yerini tutmasına xidmət etmişdir.

Ulu öndəri təkcə Azərbaycan xalqı yox,  bütün türk və  müsəlman dünyası sevir və onunla fəxr edirdi. Fəqət, təkcə türk və müsəlman dünyasımı? Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə bütün SSRİ xalqları onun şəxsində öz gələcək dövlət başçısını və liderini görürdü. Amerika Birləşmiş Ştatlarında onu Corc Vaşinqtonla, Yaponiyada bu dövlətin qurucusu olan Siyaqunla,  Almaniyada Konrad Adenauerlə, Fransada Şarl de Qolla, Böyük Britaniyada Uinston Çörçillə müqayisə edirdilər. Kiminlə, hansı tarixi şəxsiyyətlə müqayisə olunmasına baxmayaraq  Heydər Əliyev bənzərsiz  idi. Bəs onun bənzərsizliyi nədədir?   Heydər Əliyev konkret olaraq bir siyasi sistemə sığışmayan lider idi. O, Sovet İttifaqı dövründə marksizm-leninizm ideologiyasının təsiri altında böyüyüb, sovet sisteminin qanun-qaydaları çərçivəsində işləyərək, bu ideyalara inanaraq və sədaqətlə xidmət edərək SSRİ –nin ən yüksək partiya və dövlət vəzifələrinə qədər yüksəldi. O, həmin sistemin müsbət cəhətlərindən  Azərbaycan dövlətinin inkişafı, xalqımızın  milli-mənəvi dəyərlərinin dünyada tanınması və  təbliği naminə istifadə edə bildi. O, Azərbaycan  xalqının  keçmiş SSRİ məkanında mədəni, əməksevər, qonaqpərvər,  dünya şöhrətli şair və yazıçılar, alimlər, bəstəkarlar, müğənnilər, dövlət xadimləri və başqa sahələrdə istedadlı şəxsiyyətlər yetirmiş, qədim tarixi, zəngin mədəni irsi: musiqisi, incəsənəti, ədəbiyyatı və s. olan bir millət olduğunu sübut etmişdir.

Lakin Heydər Əliyev Sovet ideologiyasının  başında  duran M.S.Qorbaçov başda olmaqla o vaxtkı rejimin əsirinə çevrilmədi. O, kommunist  ideologiyasının hər bir müddəasını öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, onları praktikada yoxlayır, elmi-siyasi baxımdan düzgün olanları saxlayır, onların yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı. Bəzi sovet liderləri kimi o, öz dilini, dinini, milli mənsubiyyətini unudan, milli – mənəvi dəyərlərdən uzaq düşən kosmopolit  siyasətçilərdən və dövlət xadimlərindən  olmadı. Ona görə ki, Heydər Əliyev bir siyasi lider və tarixi şəxsiyyət kimi  milli-mənəvi köklərə bağlı olan, milli ideyalara və bəşəri dəyərlərə söykənərək öz siyasi təlimini  yaradan, həmin ideologiya ilə milyonları öz ardınca apara bilən dühalardan idi.

Ona görə də SSRİ-nin son rəhbəri M.S.Qorbaçovun  və onun yaxın ətrafının yeritdiyi dağıdıcı, səriştəsiz, mücərrəd “yenidənqurma” siyasəti nəticəsində keçmiş SSRİ məkanında siyasi, iqtisadi və mənəvi böhran yarananda bu siyasətə qarşı ilk çıxanlardan biri məhz Heydər Əliyev oldu. 1985-ci ildən sonra Sovet rəhbərliyi tərəfindən antimüsəlman və ermənipərəst mövqe tutularaq Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər türk və müsəlman respublikalarına qarşı ədalətsiz qərarlar qəbul ediləndə də ilk olaraq məhz o, Siyasi Büro üzvü kimi öz etiraz səsini qaldırdı. Heydər Əliyev  SSRİ-nin dağılması prosesinin başlanması nəticəsində tarixi zərurət yarananda, həmin  siyasi təlim və  ideyalardan vaxtında uzaqlaşa bildi. O vaxtkı Sov.İKP MK və Siyasi Büro üzvlərini və rəhbər vəzifə tutmuş tarixi şəxsiyyətlərin hər birinin tərcümeyi-halını götürüb   təhlil etsək, onların həmin  siyasi sistemin və mövcud konkret tarixi dövrün qəhrəmanı, lideri olduğunun şahidi olarıq. Lenin, Stalin  XX əsrin əvvəllərində inqilab edərək yeni dövlət quran inqilabçı liderlər  idilər. N.S.Xruşşov,  L.İ.Brejnev, Y.V.Andropov,  M.S.Qorbaçov  isə SSRİ-ni dinc dövrlərdə idarə edən rəhbərlər idi. Yalnız mənsub olduqları mövcud siyasi sistemin, ideologiyanın və şəraitin qəhrəmanı olan bu liderlərin bəziləri inqilabçı, bəziləri islahatçı-reformator, bəziləri konservator, bəziləri də diktator kimi  tarixdə qaldılar. Amma Heydər Əliyevdə bu liderlərdən heç birinə bənzəməyən xüsusiyyətlər var. Onun özünəməxsusluğu, bənzərsizliyi ondan ibarətdir ki, tarixi şəxsiyyət kimi, həm sovet dövrünün, həm də müasir  dövrümüzün lideri və qəhrəmanı olub.

Necə olub ki, iki müxtəlif  ictimai-siyasi quruluşda, müxtəlif baxışların hökmran olduğu dövrdə o, eyni məharət və bacarıqla, sevgi və istəklə öz xalqına və dövlətinə rəhbərlik edib, eləcə də bütün dünya liderləri və xalqları  tərəfindən  eyni dərəcədə qəbul olunub, sevilib və rəğbətlə qarşılanıb? Bunun əsas səbəbi  bir siyasi lider kimi Heydər Əliyevi xarakterizə edən əsas xüsusiyyətlərdə özünü göstərir: Heydər Əliyev dünyagörüşü  baxımından azərbaycançılıq  ideologiyasına, İslam dininə, milli-mənəvi dəyərlərə bağlı,  inamlı,  təmiz əxlaqlı, vicdanlı, demokratik düşüncəli bir  tarixi şəxsiyyət; sadə insanların hüquqlarının  qorunması uğrunda barışmaz və ardıcıl mübarizə aparan demokrat;  dövrünün görkəmli maarifçi filosofu; realist, praqmatik reformator, güclü dövlətçi, qeyri-adi təşkilatçılıq bacarığına, idarəçilik məharətinə malik bir dövlət rəhbəri;  dünyada  sülh, demokratiya və haqq-ədalət, ümumbəşəri, multikulturalizm ideyalarının   daşıyıcısı olan, onları yorulmadan  təbliğ edən, başqa millətlərə və dinlərə qarşı həqiqi  tolerant olan  beynəlmiləlçi idi.

Tədqiqatçılar Heydər Əliyevi bir siyasətçi, dövlət xadimi olaraq xarakterizə edərkən onun özünəməxsus lider kimi əsas  xüsusiyyətlərindən,  əbədiyaşar, ölməz ideyalarının müasir dövrə tətbiqinin vacibliyindən, qurub-yaratmaq bacarığından,  dövlətçilik və idarəetmə  təcrübəsindən, elmi-nəzəri, fəlsəfi baxışlarından nə qədər bəhs etsələr də  yenə azdır və bu mövzu daim aktual olaraq qalacaqdır. Heydər Əliyev müasir Azərbaycan dövlətinin  memarı, xilaskarı və qurucusudur.

 

Heydər Əliyev məktəbi

Bir sıra görkəmli dövlət xadimləri, alimlər, tarixçilər, filosoflar, jurnalistlər, politoloqlar və  başqaları  Heydər Əliyev ideyalarının və siyasi kursunun əsas müddəalarını,  prinsip və xüsusiyyətlərini müxtəlif aspektdən işıqlandıran xeyli sayda sanballı əsər yazmışlar. Onlar  Heydər Əliyev siyasi idarəetmə məktəbinin, iqtisadi idarəetmə məktəbinin, elmi-fəlsəfi məktəbinin mövcudluğundan bəhs etmişlər. Lakin bütöv halda “Heydər Əliyevçilik” siyasi kursunun  konkret olaraq nədən ibarət olduğunu dürüst şəkildə, elmi sistem halında təhlil edib, indiyə qədər yazılmış məqalələri təhlil edərək bir kitab halında yazıb ortaya qoyan  bir akademiyaya hələ də ehtiyac var. Bir müəllifin görə bilməyəcəyi bu işi kollektiv şəkildə  həyata keçirmək daha məqsədəmüvafiq olardı.

Bəs nədir  “Heydər Əliyevçilik” siyasi kursu və dövlət idarəçiliyi məktəbi?

Bir  dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycan dövlətinə istər sovet dövründə, istərsə də müstəqillik dövründə rəhbərlik etdiyi zaman söylədiyi fikirlər, müxtəlif yığıncaqlarda etdiyi nitqlər və məruzələr, verdiyi bəyanatlar “Heydər Əliyev siyasi kursu”nun  əsas prinsip və xüsusiyyətlərini özündə əks etdirir. Bizim vəzifəmiz onları ardıcıl şəkildə oxumaqdan, sistemləşdirib vahid nəzəri sistem halında gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Əgər biz bu tarixi şəxsiyyətin yetirmələri və  davamçıları olaraq, həmin məktəbin əbədiyaşar olmasını istəyiriksə, bunu etməliyik. Ona görə etməliyik ki, müstəqil Azərbaycanın qurulmasının və inkişafının elmi-nəzəri bazasının hansı prinsiplərə söykəndiyini gələcək nəsillər asanlıqla dərk edə bilsinlər.

Heydər Əliyevçilik – müstəqil, azad  və müasir Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və əbədiləşdirmək üçün Azərbaycan xalqının milli-mənəvi potensialından, onun tarixi təcrübəsindən qaynaqlanan, milli dövlətçilik ənənələrini real şəkildə dirçəldən və gerçəkləşdirən, ona əbədiyyət qazandıran, müasir və qabaqcıl  dövlətlərin təcrübəsindən və bəşər sivilizasiyasının  nailiyyətlərindən  istifadə edərək  demokratik islahatlar və təkamül yolu ilə Azərbaycan xalqını və dövlətini daim müasirləşdirən və yeniləşdirən, bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirən, sosial-ədalət və humanizm prinsiplərinə söykənərək dövlət daxilində ümummilli-mənəvi birliyə və sosial-iqtisadi rifaha doğru aparan, dünyanın bütün xalq və millətləri ilə sülh və əmin-amanlıq  şəraitində yaşamağa önəm verən mükəmməl fəlsəfi- siyasi, milli-mənəvi və dövlət idarəçiliyinə aid zəngin və zəruri baxışlar sistemidir.   Bu siyasi idarəetmə məktəbinin əsas prinsip və xüsusiyyətləri, zənnimizcə, aşağıdakılardan ibarətdir:

1. Milli dövlətçilik,  qanunçuluq və demokratiya.

2. İslahatçılıq.

3. Azərbaycançılığa və milli-mənəvi dəyərlərə bağlılıq.

4. Sosial ədalət və humanizm.

5. Beynəlmiləlçilik və bəşərilik.

Birinci prinsip  haqqında danışarkən, ilk növbədə, ümummilli liderin belə bir fikrini yada salmaq istərdim: “Müstəqilliyi  elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq  və onu dönməz etmək, sarsılmaz etmək  bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Azərbaycan xalqı bu gün o xöşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub.  1993-cü ilin  15 iyununda Azərbaycan Respublikası parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən ulu öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də  Azərbaycanın müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən,  parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında başlanmış etiraz aksiyaları dinc yolla, qansız-qadasız  aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına ulu öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu, Simalda bədnam “Sadval”   separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının  qarşısı alındı. 1994-cü ilin oktyabrında yenə ovaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində baş qaldıran Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə  alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son  qoymaq, ölkəmizdə  ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç oldu. Ulu öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara,  gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim  Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına  xidmət olub. Bu yolda bütün gücümü və iradəmi  yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə  dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Ulu öndər  öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Azərbaycan dövlətçiliyi  qanunçuluğun  möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.

Ulu öndərin söylədiyi bir fikir  “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır.”– fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar   kimi götürülməlidir. Bu fikri analoji olaraq XX əsrdə Azərbaycana rəhbərlik etmiş dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o şəxs deyil ki, Azərbaycanı müstəqil, azad, demokratik və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, bu məqsədlərə hansı vasitələrlə çatmağı, onu reallığa çevirməyi bacarır.

Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi  müdrik siyasət  və ölməz ideyaları Azərbaycanı işığa boyadı, “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr isə   bütün dünyanı heyran etdi.

Qanunçuluq  prinsipi dövlətçiliklə  sıx bağlıdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldiyi ərəfədə Azərbaycanda tam xaos, anarxiya hökm sürürdü və qanunçuluq barədə danışmaq belə mümkün deyildi.   Ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində ölkədə qanunsuz əlisilahlı dəstələr dərhal tərk-silah olundu. Ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar oldu və real dövlət quruculuğu prosesi başlandı.1995-ci il noyabrın 12-də keçirilən parlament seçkiləri, ümumxalq səsverməsi ilə qəbul olunan  yeni Konstitusiya, 1994-cü il  9 avqust tarixli  “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının  möhkəmləndirilməsi tədbirləri haqqında  “Azərbaycan Respublikası Prezidentinin fərmanı,1998-ci il fevralın 10-da  Azərbaycanda ölüm hökmünün ləğvi haqqında fərman, 1998-ci ildə Azərbaycan Konstitusiya Məhkəməsinin  fəaliyyətə başlaması, 1998-ci il  iyunun 18-də  “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair  Dövlət Proqramı” və s. kimi tarixi əhəmiyyətli sənədlər məhz ümummilli liderin zəkası və müdrik rəhbərliyi sayəsində qəbul edilmiş və  bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm bünövrəsi qoyulmuşdur.

Heydər Əliyevin siyasi lider kimi özünəməxsus  xüsusiyyətlərindən biri də onun dinc  dövrdə, seçkilər yolu ilə hakimiyyətə gəlib dövləti məharətlə idarə edən, lakin ekstremal şəraitlərdə və böhran dövründə öz xalqının qabağında gedə bilməyən keçmiş sovet rəhbərlərindən fərqli bir lider olmasıdır. Belə ki, Heydər Əliyev Azərbaycanı tərk edib Moskvada SSRİ rəhbərliyinə – Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməsindən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunmasından sonra da bir an belə olsa, Azərbaycanla əlaqəsini kəsmirdi. O vaxtlar Moskvada və SSRİ-nin başqa yerlərində tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir, Mərkəzi telekanallarda, teatr səhnələrində  Azərbaycanın ictimai-siyasi həyatı, “Koroğlu”, “Arşın mal alan”, “O olmasın, bu olsun”,  “Min bir gecə” və s. kimi filmləri, opera, balet  əsərləri, musiqisi  nümayiş etdirilirdi.

Ulu öndər  Heydər Əliyev SSRİ-yə başçılıq edə biləcək  ən real və  perspektivli rəhbərlərdən biri  idi. Lakin Sovet rəhbərliyində təmsil olunan bəzi millətçi və şovinist əhval-ruhiyyəli  siyasətçilər tərəfindən müsəlman və türk mənşəli  olduğuna görə ona imkan verilmədi.  1987-ci il  oktyabrın 21-də  Dağlıq  Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək istəyən SSRİ rəhbəri M.S.Qorbaçov ilk öncə yolu üzərindən bu məqsədinə mane ola biləcək yeganə qüvvəni – Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırdı. Bundan az sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı və Azərbaycan torpaqlarının işğalına start verildi. Bununla əlaqədar olaraq,  Azərbaycanda kortəbii xalq hərəkatı başlandı. Bu hərəkat başlayarkən Azərbaycan xalqının lideri  Heydər Əliyev  Ümumittifaq əhəmiyyətli fəxri təqaüddə olsa da,  Moskvada onun rəqibləri deyirdi  ki, bütün bu xalq hərəkatının arxasında Heydər Əliyev durur. Ona görə də M.S.Qorbaçov öz yaxın ətrafının və Azərbaycanın yerli rəhbərləri olan Ə.Vəzirov, A.Mütəllibov, V.Hüseynov və başqalarının köməyi ilə var-gücünü “Əliyevçilik”lə mübarizəyə sərf edirdi.

Sovet rəhbərliyi və onların Azərbaycandakı əlaltıları  xalqımızın gözünü qorxutmaq və genişlənməkdə olan xalq hərakatını yatırmaq məqsədi ilə 1990-cı ildə 20 Yanvar faciəsini törətdilər.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni millətçiləri tərəfindən XX əsrin ən böyük və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı törədildi. Lakin  ovaxtkı Sovet rəhbərliyi və erməni millətçiləri torpaqlarımızın bir hissəsini  işğal etsələr də, neçə-neçə digər faciələr törətsələr də, bir milyondan çox əhalimizi  qaçqın və köçkün gününə salsalar da, öz məqsədlərinə nail ola bilmədilər. Onlar Azərbaycan xalqının iradəsinə qalib gəlməyi  sadəcə bacarmadılar. Ona görə ki, Moskvanın planlarına qarşı çıxa biləcək güclü xalq hərəkatı və bu hərəkatın Heydər Əliyev tərəfindən  vaxtilə müxtəlif peşə sahələrində yetişdirilmiş  fəal nümayəndələri var idi.

1990-cı ilin Yanvar hadisələri zamanı Heydər Əliyev Azərbaycanın  Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Sovet rəhbərliyini, onların Azərbaycanda  müxtəlif vəzifələrdə olan yerli əlaltıları ilə birlikdə Azərbaycan xalqına qarşı faciə törətməsi haqqında bəyanat verdi və onları siyasi və hüquqi cəhətdən cinayət törətməkdə ittiham etdi.

Daha sonra Heydər Əliyev Azərbaycana – anadan olduğu doğma Vətəninin ayrılmaz bir parçası olan  Naxçıvana gəldi. Beləliklə, 1990-cı il iyunun 18-də Heydər Əliyevin Azərbaycana qayıtması, daha sonra Naxçıvana getməsi, Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən bəyanatla çıxaraq orada Naxçıvan MR Ali Məclisinin və  Azərbaycan Ali Sovetinin deputatı və 1991-ci il sentyabrın 9-da Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanda 1988-ci ildə başlanmış kortəbii xalq hərəkatı 1991-ci ildən başlayaraq ardıcıl, müntəzəm və planlı milli azadlıq hərəkatı mərhələsinə qədəm qoydu. Heydər Əliyev Vətəni darda olan vaxt ölkəyə qayıtdı və o zaman yenicə vüsət alan xalq hərəkatına qoşuldu. Artıq qısa müddət keçəndən sonra bu hərəkatın lideri  Azərbaycan xalqının  vətənpərvər oğlu və əvəzolunmaz  rəhbəri Heydər Əliyev idi.

Həmin vaxt Azərbaycanın paytaxtı Bakıda hakimiyyət uğrunda amansız mübarizə gedirdi, moskvapərəst A.Mütəllibov müstəqillik haqqında qətiyyən düşünmürdü. O, ölkəni faciələrlə, vətəndaş müharibəsi ilə üz-üzə qoyub Moskvaya qaçdı. Daha sonra Azərbaycanın müstəqilliyinə tərəfdar olan, lakin bu müstəqilliyi əldə etməyin və qoruyub-saxlamağın üsul və vasitələrini bilməyən, hakimiyyət uğrunda mübarizə aparan  qüvvələrin qarşısında aciz qalan Azərbaycan Xalq Cəbhəsinin sədri, xalq hərəkatının liderlərindən olan Əbülfəz Elçibəy də Azərbaycanın suverenliyini təmin edə bilmədi. Sonda o da öz vəzifəsini qoyub anadan olduğu Kələki kəndinə getməyə  məcbur oldu.

Bu sözləri yazmaqda məqsəd Azərbaycanda “xalq hərəkatı”, “milli azadlıq hərəkatı” ifadələrini tez-tez dillərində əzbər edən, özlərini isə bu hərəkatın fəal iştirakçıları və rəhbərləri hesab edən, SSRİ-nin guya onlar tərəfindən dağıdıldığını və Azərbaycanın müstəqillik qazanmasını öz adlarına çıxan bəzi müxalifət nümayəndələrinə onu xatırlatmaqdır ki, onların özlərini lider adlandırması ilə xalqın əsl lider kimi qəbul etdiyi və tanıdığı şəxsiyyət  arasında böyük fərq var. 1988-ci ildə başlanan  xalq hərakatının da, 1990-cı il 20 Yanvardan  etibarən başlanan milli azadlıq  hərəkatının da əsl və həqiqi lideri  Heydər Əliyev olmuşdur.

Heydər Əliyev dərin düşüncəyə söykənən  müdrik fəaliyyəti ilə addım-addım, nəzərə çarpmadan Azərbaycanı milli müstəqilliyə doğru aparıb. SSRİ dağıldıqdan sonra isə yaranmış tarixi şəraiti nəzərə alaraq, müstəqillik bayrağını məhz  özü ilk dəfə olaraq qaldırıb.

Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə edilməsində hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Bu səmimi sözlərin doğruluğunu qəbul etməklə bərabər, onu deməliyik ki, Azərbaycanın müstəqilliyinin qazanılması və qorunub-saxlanması uğrunda  mübarizənin  rəhbəri və  bayraqdarı elə məhz  Heydər Əliyevdir.

Ötən əsrin siyasi proseslərindən çıxarmalı olduğumuz ən əsas ibrət dərsi odur ki, dəfələrlə müstəqillik qazansaq da, onu qoruyub saxlaya bilməmişik. Mən bir daha ulu öndər Heydər Əliyevin belə bir fikrini vurğulamaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması onun əldə edilməsindən çox-çox çətindir. Heydər Əliyev həm müstəqilliyimizin qazanılmasında, həm qurulmasında, həm də  onun qorunub-saxlanılaraq möhkəmləndirilməsində əvəzsiz rol oynamış dövlət xadimidir.

Heydər Əliyev Azərbaycan xalqına xas olan mənəvi dəyərləri daim yüksək qiymətləndirmiş və onları bütün dünyaya tanıtmışdır. “Xalqımız nikbindir, başını heç vaxt aşağı tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib”, – deyən ulu öndərin gücünün, qüdrətinin mənbəyi də məhz elə öz xalqı olub. Heydər Əliyev heç bir zaman öz xalqına kütlə və yaxud “obıvatel” kimi yanaşmayıb. Əksinə, o, həmişə öz xalqının milli qürurunu uca tutub və “xalqımız qəhrəman xalqdır”, – deyib. O, öz millətinə və xalqına inandığı kimi, Azərbaycan xalqı da məhz ona inanıb, ona etimad göstərib və bütün taleyini ona etibar edib.

Böyük siyasətin uğurlu davamı

Bu gün müasir Azərbaycan dövlətçiliyini möhkəmləndirən, onu güclü edən iki mühüm əhəmiyyətli  faktor var: Heydər Əliyev ideyaları və xalq-iqtidar birliyi. Əbədiyaşar Heydər Əliyev ideyaları və bu ideyaların və siyasi kursun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi altında iqtidarla xalqın birliyi, həmrəyliyi ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin qorunub saxlanmasının, milli həmrəyliyin və sosial-iqtisadi inkişafın təminatıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2017-ci il  mayın 26-da “Buta” sarayında 28 May – Respublika Günü münasibəti  ilə  keçirilən rəsmi qəbulda etdiyi nitqində demişdir:

“Sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini  dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz, bax bu sabitliyi yaratmışıq və Azərbaycanda möhkəm  sürən sabitliyin  təməlində  bu amillər dayanır: xalq-iqtidar birliyi, bizim  siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan  çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə  böyük uğurlar qazanıb”. (Bax: “Xalq qəzeti”, 27 may 2017-ci il, №113, səh.2.).

Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir. Azərbaycanın valyuta ehtiyatları 2010-cu ildə  28 milyard ABŞ dollarından 2017-ci ilin ortalarına  40,6 milyard dollara, ÜDM  2010-cu ildə 40 milyard dollardan 60 milyard dollara, dövlət büdcəsi 2010-cu ildə  15 milyard dollardan 2014-cü ildə 25 milyard dollara çatmışdır. 2014-cü ildən sonra  baş verən iqtisadi böhran nəticəsində bu rəqəmlərdə bir qədər azalma baş vermişdir.

Azərbaycanda  son 15 ildə 20-dən çox elektrik stansiyası tikilmişdir. 2004-cü ildən 2017-ci ilədək  11 min kilometr  yeni yollar çəkilmişdir.   Sosial siyasət  sahəsində son illərdə 600-dən artıq xəstəxananın, 3 mindən artıq orta məktəbin  tikilməsi və ya təmir edilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin, təhsilin səviyyəsi  xeyli yüksəlmişdir. 2016-cı ildə 5 milyondan artıq Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən  keçmişdir. Məcburi köçkünlər üçün son illər ərzində 100-ə yaxın qəsəbə salınıb.

Bu gün ən qabaqcıl texnologiyaya, silahlara, yüksək vətənpərvərlik ruhuna malik olan, istənilən vəzifəni layiqincə yerinə yetirməyə və işğal altındakı  torpaqlarımızı Ermənistan silahlı birləşmələrinin təcavüzündən azad etməyə qadir olan güclü  Azərbaycan Ordusu var. 2016-cı ilin Aprel döyüşləri ordumuzun real gücünü bütün dünyaya sübut etdi.Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Azərbaycan bu gün dünya miqyaslı böyük nəqliyyat və enerji layihələri, o cümlədən,  “Cənub” qaz dəhlizi, “Şahdəniz-2”, “Trans-Anadolu Qaz Kəməri–TANAP”, “Trans-Adriatik Kəməri–TAP”, “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Limanı  və s. layihələri uğurla həyata keçirməkdədir.

Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini dərk edən Azərbaycan xalqı 2018-ci il aprelin 11-də  keçirilən prezident seçkilərində bir daha ulu öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının  prezidentliyinə namizəd İlham Heydər oğlu  Əliyev  86,02 faiz səslə yenidən 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Bütün bu uğurların və qələbələrin təməlində, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin ölməz dövlətçilik və müstəqillik ideyaları dayanır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, biz bu suverenliyi  qoruyuruq və daim göz bəbəyi  kimi qoruyacağıq.

Qafar ƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri,
YAP Siyasi Şurasının üzvü

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory