“Cənub qaz dəhlizi”nə böyük töhfə

Xəzər regionunun yeganə boruörtükləmə zavodu yeni layihələr gözləyir.

Caspian Pipe Coatings (CPC) Xəzəryanı  regionda fəaliyyət göstərən yeganə müasir boruörtükləmə zavodudur. Bu, müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda fəaliyyətə başlayan yeni müəssisələrdən biridir. Hazırda  regionda özünəməxsus yer tutan CPC Bakıda 2002-ci ildə o vaxt hələ SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalısan cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.

Yarandığı dövrdən bəri CPC ümumi uzunluğu 2500 kilometrdən çox müxtəlif diametrli boruların örtüklənməsini həyata keçirib. Zavod Azərbaycanda bir sıra mühüm neft-qaz və ixrac layihələrinə əməliyyatçılıq edən BP şirkətinin “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, “Şahdəniz-1” və “Şahdəniz-2”, “Çıraq Neft Layihəsi”, “Lay Suları” işlənmələri çərçivəsində çoxsaylı sifarişlərini yerinə yetirib. Müəssisə eləcə də SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Neft Daşları-Bahar”, “Bahar-Hövsan”, “Xarə-Zirə-NYM 1” və “Ümid” üçün boruları örtükləyərək bu layihələrin icrasında yaxından iştirak edib.

CPC Bakının sənaye zonasında yerləşir. Şirkətin coğrafi mövqeyi quruda və dənizdə quraşdırılan kəmərlərin borularını yüksək səviyyədə örtükləməklə yanaşı, həm də onların öz yerinə təhlükəsiz çatdırılması qayğısına qalır.

Şirkətin qazandığı müvəffəqiyyətləri şərtləndirən amillər çoxdur. Bu, ilk növbədə onun müasir avadanlıqları, geniş ərazisidir. Müəssisənin ərazisində dəmir yolu kommunikasiyaları, gəmilərdən boruların və konteynerlərin yüklənib-boşaldılması əməliyyatlarının səmərəli keçirilməsinə imkan verən limanı, yükqaldırma və yükdaşıma üçün müasir texniki vasitələri var. Ən başlıca şərtlərdən biri də bütün bunları idarə edən və əməliyyatları yerinə yetirən peşəkarlardır.

Bu yaxınlarda Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində CPC-nin bir qrup mütəxəssisi ilə tanış olduq. Müəssisənin boru sahəsi üzrə menecer müavini Səməd Mədətov bildirdi ki, sərgidə hər il iştirak edir və gördükləri işlər barədə belə dedi:

– İşlərimiz çoxşaxəlidir.  Neft, qaz və su xətləri üçün borular örtükləyirik.

Yerli və ölkəmizdə çalışan xarici şirkətlərlə sıx əməkdaşlıq əlaqələri qurmuşuq, onların sifarişlərini keyfiyyətlə yerinə yetiririk. Bununla yanaşı, bir sıra şirkətləri köməkçi işlərə cəlb etmişik. Müəssisəmiz zəngin iş təcrübəsi toplayıb və səmərəli fəaliyyəti ilə tanınır. Bununla belə, biz yeni inkişaf imkanları və yeni tərəfdaşlar axtarışındayıq.

O, daha sonra bildirdi ki, CPC-də örtüklənən borular ağır çəkilidir və onların uzaq məsafələrə daşınması xeyli çətindir. Buna baxmayaraq, müəssisə indiyədək Qazaxıstanın və Türkmənistanın da bir sıra sifarişlərini yerinə yetirib.

CPC müasir texnologiyalardan irəli gələn yüksək tələbləri yerinə yetirməyə qadir olan şirkətdir və bunu indiyə qədər həyata keçirdiyi bütün layihələrdə öz səriştəsi və dəst-xətti ilə sübut edib. O cümlədən, son “Şahdəniz-2” layihəsi çərçivəsində boruların korroziyaya qarşı üçqat izolyasiyası və betonla örtüklənməsi işlərini uğurla yerinə yetirib. Borular gəmilərə yüklənib və təyinatı üzrə mənzil başına göndərilib. Bu isə o deməkdir ki, CPC dünyanın ən böyük enerji layihələrindən olan “Cənub qaz dəhlizi”nin gerçəkləşməsinə layiqli töhfə verib.

Fəaliyyət göstərdiyi 16 il ərzində müəssisəyə verilən dəyər də burada görülən əhəmiyyətli işlərin nəticəsidir. Belə ki, CPC dəfələrlə İntertek Moody İnternational şirkətinin həyata keçirdiyi auditlərin nəticələrinə əsasən, İSO 9001:2008 (keyfiyyətin idarə olunması), İSO 14001:2004 (ekoloji idarəetmə) və OHSAS 18001: 2007 (sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunması) sistemlərinin tələblərinə cavab verdiyi üçün müvafiq sertifikatlarla təltif edilib.

Flora SADIQLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory