Xalq və iqtidar vəhdətinin mənəvi qələbəsi

Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Müstəqilliyimiz sarsılmazdır, dönməz və əbədidir”. Müstəqilliyimizin bərpasından 25 ildən artıq vaxt keçir.
İndi Ümummilli liderin bu sözləri həqiqətin təntənəsi kimi səslənir. Çünki Ulu Öndərin böyük dövlət siyasəti xalqımıza öz ilk müstəqil hakimiyyətinin – Azərbaycan Demokratik Respublikasının ənənələrinə sahib çıxmağa və onu inamla yaşatmağa münbit siyasi, milli-mənəvi şərait yaratdı.

Bu il Cümhuriyyət tariximizin, daha doğrusu, müstəqilliyimizin 100 illiyinin tamam olmasının təntənə ilə qeyd olunması milli dövlətçilik ənənələrimizin varlığı, yaşaması və qorunmasının bariz nümunəsidir.

1993-cü ilin oktyabrında Ulu Öndərimiz Heydər Əliyevin prezident seçilməsi ikinci dəfə qazandığımız müstəqilliyin əbədi və yaşarlı olmasına təminat verdi və  Azərbaycan xalqını və dövlətini milli qurtuluş yoluna çıxardı. H.Əliyev siyasətinin  böyüklüyü onda idi ki, müstəqillik əldə etmiş dövləti və xalqı hansı çətinliklər və təhlükələr gözlədiyini tam şəkildə təsəvvür edə bilir və buna görə də, öz çıxışlarında dönə-dönə xatırladırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Ulu Öndərin dövlət siyasətinin layiqli davamçısı, onun idarəçilik məktəbini taleyönlü hədəflərə inamla irəlilədən, beynəlxalq aləmdə böyük şəxsiyyət və dövlət xadimi kimi təqdim edilən, millətimizin sevimlisi və hamisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasına prezident seçilməsi xalqımızda gələcəyə güvənc hissini möhkəmləndirdi, xalqla iqtidar birliyinin əbədiliyinə sarsılmaz inam yaratdı.

Müharibə şəraitində yaşayan, zəbt olunmuş torpaqlarının geri qaytarılmasına israrlı olan, bunu bütün dünyaya isbat edən bir dövlətin qazandığı uğurların ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmayacağı, Azərbaycanın uğurlarına sevinib, təkan verənlərlə bərabər, onun iqtisadi və siyasi inkişafında marağı olmayan ünsürlərin də olacağı əlbəttə ki, mümkün idi.

İyulun 3-də və 10-da Gəncədə baş verən hadisələrin Azərbaycandakı sabitliyi, iqtisadi və siyasi inkişafı gözü götürməyən məkrli ünsürlərin təsiri altında baş verdiyinə qətiyyən şübhə etmirik.

Analitik təhlil baş verən hadisələrin ideoloji təxribatdan güc aldığı, çoxlarının yuxusuna haram qatmış  Azərbaycandakı siyasi sabitliyi pozmağa istiqamətləndiyi, Azərbaycan dövlətçiliyinə zərbə vurmağı əsas məqsəd kimi seçildiyi bəs-bəllidir. Terror aktının təşkilatçılarının və onlara dəstək verən ünsürlərin Azərbaycan xalqı ilə onun dövlətinin tarixi və mənəvi birliyini zəiflətmək məqsədi açıq-aydın görünür. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun dünya dövlətlərinin rəhbərləri arasında böyük nüfuza malik, bir millətin iki liderlərinin biri kimi dəyərləndirilən və ölkə iqtisadiyyatını daim ucaltmaq məqsədini qarşısına qoyan möhtərəm prezidentimiz cənab İlham Əliyev kimi rəhbəri var. O, bir dövlət xadimi kimi Azərbaycan cəmiyyətinin dövlətçiliyi daim dəstəkləməsinə münbit zəmin yaratdı. Bununla da dövlətçilik siyasəti daim müdafiə olundu. Xaricdən maliyyələşən məkrli “siyasətçilər”in Azərbaycana böhtan atıb, mənəvi, psixoloji, ideoloji terror aktları törətmək istəkləri əlbəttə ki, xalqımızın və dövlətimizin birliyi sayəsində uğursuzluqla nəticələndi. Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin Gəncədə baş verən təxribat olayları ilə bağlı Azərbaycanın hüquq mühafizə orqanlarının müşavirəsində etdiyi bəyanat millətimizdə belə bir inam yaratdı ki, dövlətimiz daim xalqının yanındadır. Günahkarlar cəzasız qalmayacaq, ədalət məhkəməsi qarşısında əməllərinə görə cavab verməli olacaqlar. Müşavirə belə bir inam yaratdı ki, millətimizin və dövlətimizin qarşısında heç bir düşmən qüvvə məkrli istəyinə çata bilməz, çünki Azərbaycanda xalq və iqtidar birliyi qələbələrimizin əsasını təşkil edir. Prezidentimiz daim inamla vurğulayır ki, islam dini sülh, əmin-amanlıq və qardaşlıq dinidir. Din pərdəsi altında radikallıq edən və xəyanət yolu tutan “qüvvələr”, daha doğrusu ekstremist radikallar, hədsiz amansızlıq göstərib xalqın keşiyində dayanan polis zabitlərini qətlə yetirməklə də aydın isbat etdilər ki, onların sülh və əmin-amanlıq dini olan islam dini ilə heç bir bağlılıqları yoxdur və onların bu çirkin əməlləri yalnız və yalnız ölkədə dincliyi və əmin-amanlığı pozmağa, xalqla iqtidar birliyini “sarsıtmağa” hesablanmışdır.

Əslində, törədilən bu çirkin əməllərin antihumanist xarakter və terror səciyyəsi daşıması, büsbütün qanunçuluğa və dövlətçiliyə zidd olmasını düşmən ünsürlər heç vəclə ört-basdır edə bilməzlər.

3 iyulda baş verən hadisə – Gəncə şəhər İcra Hakimiyyəti başçısına və köməkçisinə atılan düşmən gülləsi aparılan təhqiqatlar nəticəsində, birbaşa  terror hadisəsi kimi qiymətləndirildi və baş verənlərin çirkin siyasi məqsədlər daşıdığına aydınlıq gətirildi.

Sosial ədalət və dini inancların müdafiə qiyafəsi altında  baş verən hadisənin dövlət və xalq qarşıdurmasına hesablandığı çox tezliklə aydın oldu. Dini inanc iddiası insanları sübutsuz-dəlilsiz qətlə yetirməyə heç bir  hüququ və mənəvi əsas vermir. Buna görə də  Yunis Səfərovun törətdiyi əməl cinayət xarakterlidir və çirkin siyasi məqsədə hesablandığı üçün düzgün olaraq terror hadisəsi kimi dəyərləndirilir. Biz Azərbaycan ziyalıları, konkret desək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıda adları qeyd olunan professorları xaricdən maliyyələşən terrorçuluğa meyilli “qüvvələri” qəti lənətləyir, dövlətimizə güvənir və içimizdə belə bir əminlik var ki, millətimizə və xalqımıza yad ünsürlər heç bir zaman istəklərinə çata bilməzlər. Çünki ölkəmizdə xalqla iqtidar birliyi mövcuddur, bu mövcudluq isə əbədidir.

Olub-keçən Gəncə hadisələri və Sumqayıtda bir qrup dini radikalın bəd niyyətlərinin zamanındaca qarşısının alınması dövlətimizin möhkəm dayaqlara söykəndiyini açıq nümayiş etdirdi.

Nə xoş  ki, haqq yolu ilə gedən xalqımızın iradəsi sayəsində düşmən dəyirmanı daim susuz qalıb və şükürlər olsun qalacaq da. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi mətbuat orqanları, sosial şəbəkələr və sairlər düşmən ünsürlərin ifşasında bir o qədər də sayıqlıq göstərə bilmədilər.

Bu gün Gəncədə ictimai sabitlik hökm sürür. Qəzetlər ümumxalq iradəsini ifadə edərək yazır: “Gəncəlilər ictimai sabitliyi pozmaq istəyənlərin ciddi cəzalandırılmasını tələb edirlər”. Bizim də istəyimiz budur. Gəncədə baş verənlər Azərbaycanı istəməyən siyasi qüvvələrin növbəti cəhdinin uğursuzluğunu göstərməklə bərabər, Azərbaycan dövləti ilə xalqının bir yerdə olduğunu, xalqımızın dövlət başçısı cənab İlham Əliyevin xarici və daxili siyasətini dəstəklədiyini, Azərbaycan dövləti ilə Azərbayca xalqının sarsılmaz birliyini bir daha nümayiş etdirdi. Universitetimizin əməkdaşları da xalqımızla, dövlətimizin başçısı ilə birlikdədir. 3 və 10 iyul 2018-ci ildə Gəncədə baş verən hadisələri törədənlərin məkrli niyyətlərinə “yox!” deyirik. Bütün varlığımızla dövlətimizə hədsiz güvəndiyimiz, təhlükəsizliyimizin və gələcəyimizin qarantı olan möhtərəm cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyi mənəvi borc hesab edirik.

ADPU-nun professorları:
Vilayət ƏLİYEV
Himalay QASIMOV
Təyyar SALAMOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory