İlham Əliyevdən dünya erməniliyinə növbəti böyük zərbə

Azərbaycan Prezidenti Ermənistanın yeni rəhbərliyi ilə yanaşı, erməni lobbisini də siyasi təcridə salıb.

Bu gün müasir Azərbaycan sarsılmaz sabitlik şəraitində ictimai-siyasi, sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən lider ölkələr sırasında öz layiqli yerini tutmaqdadır.

Bütün sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizi getdikcə daha güclü etməkdə, xalq-iqtidar birliyi Azərbaycanı yenilməz dövlətə çevirməkdədir.
Ermənistanda isə bunun tam əksi müşahidə olunur. İqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc həddən artıq çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Burada bir məqamı xüsusi qabartmaq lazım gəlir ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, onun liderinin təcavüzkara qarşı gördüyü tədbirlərdir.
İndi Ermənistanda “ölkənin iqtisadi-siyasi fiaskosunun müəllifi Yerevanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir” etiraflarına mütəmadi rast gəlmək mümkündür.

İlham Əliyev Paşinyanı rəzil etdi

Birmənalı həqiqətdir ki, Azərbaycan Prezidenti qlobal informasiya savaşında dünya erməniliyini gücdən salmaqla, neytrallaşdırmaqla yanaşı, ötən dövr ərzində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın, bu gün isə baş nazir Nikol Paşinyanın siyasi iflasını uğurla həyata keçirir. Ötən illər ərzində iştirak edilən beynəlxalq tədbirlər, sammitlər daim bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə Ermənistan rəhbərliyini ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla açıqlayıb.
Keçdiyimiz günlərdə Brüsseldəki sammitdə İlham Əliyev bu şərəfli ənənəsinə sadiq qaldı. Azərbaycan Prezidentinin Brüsselə səfəri, orada keçirilən görüşlər və imzalanan sənədlər bu fonda Azərbaycanın xarici siyasətində yeni uğur kimi qəbul olunur. NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyannaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə oldu.
Paşinyan boş avantüralarla, ağa qara deməklə yenə nağıllar uydurdu. Onun görüşlərdəki çıxışları yalan və saxtakarlığın klassik forması olmaqla yanaşı, özünü pis vəziyyətdə qoyması ilə nəticələndi. Ən azından ona görə ki, sammitdə iştirak edənləri bu yalanlara inandırmaq mümkün deyil və bu səbəbdən həmin şəxslər Paşinyanın fikirlərinə sadəcə, istehza ilə yanaşırdılar. NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı xüsusi olaraq qeyd edildi. Bir sözlə, Avropa İttifaqı və NATO Ermənistanı yenə də pərişan etdi.

Ermənistanda xalq iş və çörək tələb edir

İşğalçı ölkədə bu gün ən çox diqqət çəkən məqamlardan biri sabiq prezident Serj Sarkisyan komandasında təmsil olunmuş şəxslərə, onların yaxınlarına qarşı həyata keçirilən kampaniya, repressiyadır. Belə görünür ki, baş nazir Nikol Paşinyan sadəcə, bu addımlar hesabına cəmiyyətdə özünə dəstək əldə etməyə çalışır. Çünki digər müstəvilərdə o, cəmiyyətin dəstəyini əldə etmək üçün hansısa addım atmaqda acizdir və malik olduğu resurslar da buna imkan vermir. İqtisadiyyat bərbad vəziyyətdədir, iş yerləri kəskin şəkildə çatışmır, yenilərini isə yaratmağa imkan yoxdur. Həmişə olduğu kimi, camaat gözünü dikib yenə diasporun və xarici ianəverənlərin əlinə. Amma onlar da indi üz döndəriblər. Ona görə ki, bu ölkəyə pul bağışlamağın əhəmiyyəti yoxdur. Verdikcə, yenə istəyir və sonda tələb etməyə başlayır, sanki xaricdəkilərin və xaricilərin bunlara borcu var. Hakimiyyət mənsubları o qədər verilən ianələri oğurlayıb, yaxud səmərəsiz şəkildə istifadə ediblər ki, daha heç kim onların ah-naləsinə inanmır.
Xalq iş və çörək tələb edir. Paşinyan isə bunları xalqa verməkdə acizdir və bu səbəbdən yeni həbslər aparmaqla xalqın diqqətini sosial problemlərdən yayındıracağını düşünür.

Hərbçilər Paşinyana qarşı

Belə vəziyyət Paşinyandan narazılığı artırır, xüsusən də hərbçilər arasında. Məhz belə bir vaxtda erməni mediasının yazdığına görə, ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri və general heyəti Nikol Paşinyanın təşəbbüsü ilə orduda və nazirlikdə başladılan çoxsaylı araşdırmalara görə olduqca hiddətlidir.
Bu barədə “Qraparak” qəzetinə müdafiə nazirliyindəki yüksək çinli məmur məlumat verib. Onun sözlərinə görə, milli təhlükəsizlik xidmətinin apardığı istintaqlar nəticəsində nazirlikdə yaranan gərgin vəziyyət erməni generallarında qıcıq yaradıb: “Bizim hamımıza cinayətkar kimi baxırlar. Məqsəd korrupsiya və qanun pozuntularının ifşa olunması yox, ordunu hamının hədəfinə çevirməkdir. Bir general axtarışa verilib, digərləri həbs edilib, qalanları şahid kimi istintaqa cəlb olunub, başqa biri siyasi fəaliyyətə qoşularaq “pozulub”… Axı, onların hamısı bu və ya digər şəkildə ordu və ordu quruculuğu ilə bağlılığı olan adamlardır. Yəni, ordudakıların hamısının başını kəsirlər, bəs kim qalacaq? Heç olmasa, ordunun bir hissəsində hökumət şou göstərməməli idi. Qoy, nə istəyirlər etsinlər, amma ordudan kənar sahələrdə”.
Müdafiə nazirliyinin adının çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi “Qraparak” qəzetinə açıqlamasında əlavə edib ki, nədənsə Paşinyan hökuməti bütün gücünü məhz ordu və müdafiə nazirliyindəki korrupsiya faktlarının üzə çıxarılması ətrafında cəmləşdirib. İqtisadiyyatın göz qabağında olan bərbad vəziyyətinə görə isə ölkəyə gələn investisiyaların hara yoxa çıxdığını araşdırmaq istəmirlər.

Repressiya davam edir

Qəzet isə bunu Paşinyanın “arxası möhkəm” oliqarxlarla mübarizədən çəkinməsilə əlaqələndirib. Məsələn, bütün korrupsiyaların və ölkədəki özbaşınalıqların arxasında keçmiş prezident Serj Sarkisyan və onun oliqarx ətrafı dayansa da, şəxsən ona qarşı hələ də istintaq başladılmayıb. Halbuki, kifayət qədər sübut var. Düzdür, burada diqqət çəkən odur ki, Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın oğlu Narek Sarkisyana qarşı insan oğurluğu maddəsi ilə cinayət işi açılıb. Polisin əldə etdiyi sübutlara əsasən, 2017-ci ilin avqustunda Yerevanda gecə klubu açmaq istəyən bir sahibkar zorla Narek Sarkisyanın evinin zirzəmisinə gətirilərək döyülüb və bu istəyindən vaz keçməsi tələb edilib. Polis bildirib ki, Narek Sarkisyan özü şəxsən həmin sahibkara işgəncə verilməsində iştirak edib və onu tapanca ilə hədələyib. Daha sonra isə biznesmeni evdən çıxararaq Narek Sarkisyana məxsus yük maşını ilə xidməti salonuna gətiriblər və yenə döyərək, yalnız klub biznesi ilə məşğul olmayacağına dair söz verdikdən sonra buraxıblar.
Əldə olunan faktiki sübutlardakı cinayət elementlərinin yetərliliyi əsas götürülərək, Narek Sarkisyana qarşı əvvəlcədən planlaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən öz eqoist motivləri naminə insan oğurlanması maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə maksimal cəza 8 il azadlıqdan məhrumetmədir.
Qeyd edək ki, bundan əvvəl Narek Sarkisyana qarşı qanunsuz silah və narkotika saxlama, fırıldaqçılıq maddələri ilə cinayət işi açılıb və axtarışa verilib. Həmçinin, onun atası da – Serj Sarkisyanın qardaşı, 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışmış, 2010-cu ildən isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri işləmiş Levon Sarkisyan və qızı Ani Sarkisyan qanunsuz varlanmaqda, gəlir bəyannaməsindən yayınmaqda ittiham edilərək axtarışa veriliblər.

Erməni generallar hakimiyyətdən narazıdırlar

Amma “Qraparak” qəzeti yazır ki, Serj Sarkisyana qarşı addım atılmaması onun yaxınlarına qarşı tədbirlərin gözdən pərdə asmaq üçün olduğunu göstərir. Amma əvəzində qeyd olunduğu kimi, orduya qarşı aparılan əməliyyatlar artıq ciddi etiraz yaradır.
Erməni mediası yazır ki, bu şəraitdə Paşinyana əsas təhlükə elə erməni ordusundan gəlir. Məsələ burasındadır ki, Paşinyan ordu rəhbərliyinə yaxın saydığı adamlarını gətirsə də, zabit-general heyətinin böyük əksəriyyəti ondan narazıdır.
İndi isə Paşinyan Sarkisyan dönəmində yüksək vəzifə tutmuş bir çox hərbçiləri sıxışdırmaqda davam edir. Bunlardan biri də müdafiə nazirinin keçmiş müavini Artur Aqabekyandır. Bu arada məlum olub ki, Ermənistan hüquq-mühafizə orqanları Artur Aqabekyanın ata evində axtarış aparıblar.
Aqabekyanın sözlərinə görə, axtarışda əsas məqsəd onun Manvel Qriqoryanla bağlılığını sübut edən dəlillər aşkarlamaq olub: “Onlar hesab edirlər ki, guya mən aprel müharibəsi zamanı orduya göndərilən yardımların bir hissəsini mənimsəmişəm, digər hissəsini isə Qriqoryana vermişəm. Qriqoryanla bu tarixdə iki dəfə görüşüm olub. Bu da “Qarabağ prezidenti”nin rəsmi qəbulu zamanı gerçəkləşib. Mən yardımların bölüşdürülməsində iştirak etməmişəm, sadəcə, onun bölünməsi üçün məsləhətlər vermişəm. Respublikanı biabır etməyin”.
Artur Aqabekyan Ermənistan xüsusi xidmət orqanlarının davranışını kəskin tənqid edərək, özünə qarşı irəli sürülən ittihamların yalan olduğunu deyib. Qeyd edib ki, məhkəmənin qərarı ilə onun Meç Taxer kəndindəki ata evi ilə yanaşı, həmçinin sahibi olduğu “Metakskombinat” QSC-yə məxsus 11 hüquq şirkətində axtarış aparılıb. Artur Aqabekyan bir daha bildirib ki, aprel döyüşlərində cəmi 2 dəfə onunla görüşüb. Aqabekyan hətta ordu üçün ayrılan yardımların paylanılması üzrə komissiyanın tərkibində olmadığını da vurğulayıb.

Həkimlərin və hərbi komissarlıqların böyük korrupsiya sxemi

Bu arada Ermənistanın milli təhlükəsizlik xidməti bir sira vətəndaşların, o cümlədən dövlət məmurlarının, həkimlərin və hərbi komissarlıqların cəlb olunduğu böyük korrupsiya sxeminin üstünü açıb. Bildirilir ki, həkimlər və hərbi komissarlığın işçiləri aldıqları böyük məbləğdə rüşvət müqabilində saxta tibbi sənədlər düzəltmək yolu ilə orduda xidmətə çağırılan 40-dan çox Ermənistan vətəndaşını məcburi hərbi xidmətdən azad edib. Bu korrupsiya sxemində baş rolu isə həkim Aramais Sanosyan oynayıb.
İlkin sübutlara əsasən, orduda xidmətdən yayınmağa hərbçilərin özləri də “kömək” edib. Kolya Kosakyan adlı ehtiyatda olan hərbi qulluqçu tibbi dairələrdəki əlaqələrindən istifadə edərək bir qrup vətəndaşla sövdələşməyə girib. O, 14 min ABŞ dolları qarşılığında hərbi xidmətə çağırılanların mülki xəstəxanalara göndərişini təşkil edib. Həmin xəstəxanalarda isə hərbi xidmətə çağırılanlara saxta diaqnoz qoyulub ki, nəticədə onların orduda xidməti təxirə salınıb, yaxud hərbi xidmətdən ümumiyyətlə, azad olunublar.
Bu cür irimiqyaslı və böyük korrupsiya şəbəkəsində keçmiş və hazırkı hərbi komissarlıqların əməkdaşları da iştirak edib. Əldə edilən sübutlar əsasında Kole Kosakyan, Qarik Arakelyan və Aramais Sanosyana qarşı cinayət işi açılıb. Ermənistan xüsusi xidmət orqanları ifşa olunan korrupsiya sxeminin bütün iştirakçılarının, şəbəkə ilə əlaqəsi olan vəzifəli şəxslərin aşkarlanması üçün istintaqa başlayıb.
Bütün bunlar orduda bir çox zabit heyəti arasında ciddi etiraz yaradıb. Bu etirazların böyüməsi nəticə etibarı ilə Ermənistanda yeni və daha təhlükəli daxili qarşıdurmaya rəvac vermək iqtidarındadır.

Elçin CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory