Prezidentin uğurlu Fransa səfəri: Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf edir

PARİSDƏ APARILAN DANIŞIQLAR, İMZALANMIŞ SAZİŞLƏR MÜNASİBƏTLƏRİN YENİ MÜSTƏVİYƏ YÜKSƏLMƏSİNƏ STİMUL VERİR

 

Məlum olduğu kimi, iyulun 19-da prezident İlham Əliyev Fransaya rəsmi səfər edib.

Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutan səfər çərçivəsində dövlət başçısı Parisdə yüksək səviyyəli dövlət rəsmiləri, aparıcı şirkət rəhbərləri ilə səmərəli görüşlər keçirib, siyasi və iqtisadi əlaqələrin inkişafı istiqamətində mühüm danışıqlar aparıb.

Bu mənada, prezident İlham Əliyevin fransalı həmkarı Emmanuel Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler, “CIFAL” qrupunun prezidenti Jil Remi, “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Wilmotte & Associ?s Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye , “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə keçirdiyi görüşlər Azərbaycan-Fransa və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edib. Təkcə Fransanın yox, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərləri görüş nəticəsində 2-3 milyard dollarlıq anlaşmalar imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.

ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Fransanın münaqişənin həllində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, prezident İlham Əliyev fransalı həmkarı ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.

Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı, həmçinin, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.

Dövlət başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin aparıldığını xatırladıb. Bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulanıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərə malik müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin, enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Eyni zamanda, qeyd olunmalıdır ki, Paris səfəri Azərbaycan prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan mühümdür. ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər. Fransa Avropa İttifaqının aparıcı ölkələrindən biridir və bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür. Səfər zamanı aparılan danışıqlar, imzalanmış sazişlər bu əlaqələrin yeni müstəviyə yüksəlməsinə stimul verir. Bir məsələni də diqqət mərkəzində saxlamaq lazımdır. Təsadüfi deyil ki, artıq erməni mediasında Fransanın Ermənistana xəyanət etməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsinə azərbaycanpərəst mövqe tuta bilməsi haqda əks-təbliğat aparılmaqdadır. Bu, Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənisstanın dərin narahatlıq keçirdiyini göstərir.

Prezidentin Fransa səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Fransaya prezident Emmanuel Makronun dəvəti ilə növbəti səfəri Azərbaycan-Fransa arasındakı münasibətlərinin çox yüksək səviyyədə olduğunun göstəricisidir: “Azərbaycan-Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət, təhsil və sairə sahələri üzrə yüksək səviyyədə inkişaf edir. Bakıda Fransız liseyinin və Fransa-Azərbaycan Universitetinin açılması iki ölkə arasındakı münasibətlərini daha da yaxınlaşdırıb”.

A.Badamov hesab edir ki, ötən həftə İtaliya prezdentinin Bakıya səfəri, daha sonra isə dövlət başçısı İlham Əliyevin Fransaya səfəri və ümumilikdə Avropa İttifaqının ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin genişlənməsi ölkəmizi Avropa İttifaqına daha da yaxılaşdırır: “Bu, Azərbaycanı Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz tərəfdaşa çevirir”.

Deputat Elman Nəsirov isə qeyd edib ki, prezident İlham Əliyevin Fransa Respublikasına səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. O, “Azərtac”-a bildirib ki, həm siyasi dialoqun, həm ticari-iqtisadi münasibətlərin inkişafı, həm də humanitar sahədə əlaqələrin bundan sonrakı dinamikası üçün bu səfərin böyük əhəmiyyəti var: “Hər səfərə qiymət verərkən, ilk növbədə, müzakirə olunan məsələlər, əldə edilmiş razılaşmalar diqqəti cəlb edir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı 11 nəhəng şirkətin rəhbərlikləri ilə keçirilən görüşlər diqqəti cəlb edir. Xüsusilə də “Ümid-Babək” yatağı ilə bağlı Fransanın nəhəng “Total” şirkəti ilə aparılan danışıqlar bu baxımdan olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyev Fransaya ilk rəsmi səfəri zamanı “Total” və “Elf-Aquitaine” şirkətlərinin Azərbaycan neftinin istismarına cəlb edilməsi prosesinə nail olub, prezident İlham Əliyev də həmin siyasətə sadiq qalaraq Fransa ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən aparılan danışıqlar böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Bundan başqa, Fransanın “Rothschild and Co” şirkəti ilə danışıqlar xüsusi qeyd edilməlidir. Bu şirkətin hələ XIX əsrdə Azərbaycanın enerji sənayesində çox fəal iştirakı olub və həmin ənənənin XXI əsrdə də davam etməsinin şahidiyik. Eyni zamanda, Fransanın nəqliyyat, kosmik və digər sahələrlə bağlı şirkətləri ilə də çox mühüm danışıqlar aparılıb. Söhbət 11 böyük şirkətlə aparılan və dəyəri 2 milyard dollardan çox ölçülən müqavilələrdən gedir. Bunlar olduqca əhəmiyyətli məsələlərdir. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan prezidentinin Fransa Senatının və Milli Assambleyasının sədləri ilə görüşləri növbəti dəfə göstərdi ki, bizim əlaqələrimiz həm də parlamentlərarası əməkdaşlıq sahəsində kifayət qədər ciddi əsaslara malikdir. Parlament sahəsində münasibətlərimizin möhkəm bünövrəsi, yaxşı perspektivləri var. Birinci vitse-prezident Mehriban Əliyevanın hələ Milli Məclisin deputatı olarkən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsinin uğurlu nəticələri olub. Məhz Mehriban Əliyevanın sayəsində parlamentlərarası əməkdaşlığı yeni mərhələyə daxil olub”.

E.Nəsirov deyib ki, Azərbaycan prezidentinin fransalı həmkarı Emmanuel Makron ilə danışıqları bir daha göstərib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün geniş imkanlar var: “Makron ilə danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Bu məsələdə Fransanın rəsmi mövqeyi bir daha bəyan edilib. Mövqe ondan ibarətdir ki, Fransa bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. Eyni zamanda, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrı əsasında tənzimlənməsində maraqlıdır. Bu qətnamələrdə məlum olduğu kimi, söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasından gedir. Faktiki olaraq, Fransa prezidenti rəsmi Parisin münaqişənin həllində hansı prinsiplərə üstünlük verdiyini nümayiş etdirib. Makron bir daha qeyd edib ki, o, özü bu tənzimləmə prosesinin həyata keçirilməsində olduqca maraqlı tərəfdir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, eyni zamanda, Fransa prezidentinin məlum yanaşması Azərbaycan tərəfinin diplomatik uğuru kimi də dəyərləndirilə bilər. Xatırladım ki, Makron prezident seçildikdən sonra 150 ölkədən olan diplomatlarla görüş keçirib. Həmin görüşlərdə o, dövlətinin xarici siyasət prioritetlərini açıqlayıb və əsas 4 istiqamət üzərində dayanıb: təhlükəsizlik, iqtisadi stabillik, dəyərlər və ümumi rifah. O, bu prinsipləri müdafiə edəcəyini bəyan edib. Azərbaycan həmin sahələrdə böyük nailiyyətlər əldə edib. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu baxımdan bu, Fransa üçün çox maraqlı məqamdır. Azərbaycanda iqtisadi stabillik var, bu da Makron üçün olduqca vacib məqamdır. Dəyərlərə gəldikdə, Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edir. Multikulturalizm bizim həyat tərzimizdir, dövlət siyasətidir. Bütün bunları nəzərə alsaq, Azərbaycan Fransa üçün böyük məna kəsb edir”.

Deputat qeyd edib ki, Azərbaycan meqalayihə olan “Cənub Qaz Dəhlizi”nin reallaşmasında həlledici tərəfdaşdır, təşəbbüskar dövlətdir: “Artıq “Cənub Qaz Dəhlizi” layihəsinin dörd komponentindən üçü reallaşıb. Söhbət “Şahdəniz”, TANAP və Cənubi Qafqaz Boru Kəmərindən gedir. TAP layihəsinin reallaşması isə 2019-cu ilin sonlarına planlaşdırılır. Fransa onun fərqindədir ki, həqiqətən də Azərbaycan bu gün Avropa üçün yeni alternativ enerji mənbəyinə çevrilib. Avropanın ildə təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Onun təxminən 150 milyard kubmetrini Rusiya ödəyir. Azərbaycan yeni alternativ mənbə kimi ilkin mərhələdə 16 milyon kubmetr qaz ixrac etmək istəyir, onun da 10 milyardı məhz Avropa üçün nəzərdə tutulub. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa üçün çox yaxın tərəfdaşdır. Eyni zamanda, Azərbaycan dövlətinin yürüdüyü enerji siyasəti həm də ona gətirib çıxarır ki, Cənub Qaz Dəhlizi xətti boyu yerləşən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları bir-biri ilə sıx əlaqədə olur”.

E.Nəsirov diqqətə çatdırıb ki, prezident İlham Əliyevin Fransaya səfəri həm də Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır: “Bir sözlə dövlətimizin başçısının Fransaya səfəri bir daha onu göstərib ki, Azərbaycan düşünülmüş, dinamik xarici siyasət həyata keçirir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanan siyasət həyata keçirir. Həmin siyasət sayəsində bu gün Fransa ilə münasibətlərimiz inkişaf edir. Azərbaycanla Fransanın əməkdaşlığına dair imzalanan sənədlər bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr yaxşı perspektivlərə malikdir”.

Ceyhun ABASOV

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 240
  • 105
  • 1,462
  • 3,991
ILK-10 Azeri Website Directory