Qurucu Prezident

Bizim siyasətimiz xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, ­inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 ildə çox böyük və şərəfli yol keçmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Klassiklərdən birinin təbirincə desək, xalqlar əhalisinin sayı ilə deyil, bəşəriyyətə bəxş etdikləri dühalarla böyük olurlar.

Alimlərin, siyasətçilərin necə şərh etməsindən və fərqli ideologiyaların hansı mövqedən çıxış etməsindən asılı olmayaraq, ayrı-ayrı tarixi şəxsiyyətlərin, nüfuzlu ictimai xadimlərin və fövqəl zəka sahiblərinin mənsub olduqları xalqların, bütövlükdə bəşəriyyətin ümumi inkişafındakı xüsusi xidmətləri danılmazdır. Məhz bu cür tarixi xidmətlərinə görədir ki, hind xalqı Cəvahirləl Nehrunun, almanlar Bismarkın, türklər Atatürkün, ruslar Böyük Pyotrun, fransızlar general Şarl de-Qollun, amerikanlar Franklin Ruzveltin xatirəsini daim əziz tuturlar. Bu insanların tarixi xidmətləri sayəsində ən azı onları yetirən xalqlar, rəhbəri olduqları dövlət və hökumətlər çox böyük bəlalardan, ağır müharibə və kataklizmlərdən mümkün qədər az itkilərlə ötüşə biliblər. Bu mənada Azərbaycan xalqı da ayrı-ayrı tarixi dövrlərdə dünya miqyasında tanınan, məşhur olan çox güclü şəxsiyyətlər yetirib.

Cavanşir və Şah İsmayıl Xətai kimi tədbirli və qüdrətli dövlət xadimlərini, Nizami, Füzuli, Şəhriyar, Səməd Vurğun, Üzeyir bəy kimi görkəmli söz və sənət dühalarını, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Ziya Bünyadov və Lütfizadə kimi elm karifeylərini dünyaya bəxş edən məhz Azərbaycan xalqı olub. Dünyanın bir çox ölkəsində tanınan, hörmət və ehtiramla yad edilən çoxsaylı digər soydaşlarımızın da adlarını bu siyahıya əlavə etmək olar. Amma xalqımızın dünya xalqları içərisində yerini müəyyən etmək üçün təkcə ulu öndər Heydər Əliyevin adını və xidmətlərini xatırlamaq da kifayət edər. Çünki Heydər Əliyev şəxsiyyətinin qüdrəti və onun böyüklüyü dünyanın ən ucqar guşələrindən belə aydın görünür, dərk edilir və qəbul olunur. Ona görə də, dünyanın böyük dövlətlərinin liderlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Rusiya, Ukrayna kimi dövlətlərin rəhbərlərinin dilindən ulu öndərlə bağlı dəfələrlə xoş sözlər eşidilib. Maraqlı və diqqətəlayiq daha bir məqam odur ki, dünya liderləri İlham Əliyev kimi layiqli övlad, praqmatik düşüncəyə malik görkəmli siyasətçi və dövlət xadimi yetişdirməsini Heydər Əliyevin həm də valideyn olaraq çox böyük tarixi xidməti kimi dəyərləndirirlər. Ulu öndər Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində özünün siyasi varisinin gücünü, zəkasını və siyasətçi kimi nəyə qadir olduğunu çox böyük əminliklə qeyd edərək yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin bu sözlərinin nə qədər müdrikcəsinə və uzaqgörənliklə qələmə alındığını, başqa sözlə, Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Bəli, İlham Əliyev hələ gənc yaşlarında ikən hakimiyyətə gəlməklə elə bir şam yandırdı ki, bu şamın nurundan bütün məmləkətimiz işıqlandı və bu işıqdan məmləkət insanının hər birinin evinə pay düşdü. O, hakimiyyət kürsüsünün zirvəsinə gəldiyi elə ilk gündən məmləkət insanının qəlbinə nur çiləməyi bacardı. Bir an belə unutmadı ki, o, qəlbi xalqının məhəbbəti ilə döyünən, onun sevgisindən güc almağı bacaran, ömrünü bu millətin firavan həyatına, işıqlı gələcəyinə, Azərbaycan dövlətinin quruculuğuna və inkişafına həsr etmiş, həyat və fəaliyyəti böyük bir siyasi idarəetmə akademiyası qədər mükəmməl olan ulu öndər Heydər Əliyev dühasından pay almış bir müdavimdir. O, kökünü yaxşı tanıyır və yaxşı bilirdi ki, tarixin və Tanrının çox nadir hallarda yetişdirdiyi bir dahinin, dünya siyasi nəhəngləri ilə döş-döşə durmağı və bütün siyasi proseslerin flaqmanı olmağı bacaran bir siyasi xadimin, bir millət atasının oğlu və davamçısıdır.
O, öz bacarığına əmin idi. Bilirdi ki, arxasında Azərbaycan xalqı, onun sevgisi və inamı durur. O, xalqın bir parçası olduğunu çox gözəl anlayır və bilirdi ki, bu xalqın, bu millətin sevinci onun sevinci, fərəhi onun fərəhi, kədəri onun kədəridir. Kökə bağlılıq, Vətən sevgisi, el məhəbbəti və xalqın inamı ona qüvvət verir, o, eldən güc alırdı. O, çətinliklərin və maneələrin olacağını da çox gözəl başa düşürdü. Lakin heç vaxt çətinlikləri və maneələri görüb geri çəkilmək yolunu tutmadı. Əksinə, çətinlik və maneələrin üstünə getmək, onları dəf etmək yolunu seçdi. Bernard Şounun təbirincə desək, “əgər getdiyiniz yolda çətinlik və maneə yoxdursa , bilin ki, o yol sizi heç bir yerə çatdırmaz.” O, çətinlikləri el bir– dil bir olaraq dəf etməyi bacardı. Məhz onun yorulmaq bilməyən səyləri sayəsində doğma Azərbaycanımız həm siyasi, həm də iqtisadi cəhətdən regionun lider dövlətinə, siyasi məsləhətləşmələrin güc mərkəzinə, iqtisadi inkişafın ­ruporuna çevrildi.
El arasında belə bir deyim var: “İnsan doğulanda onunla birlikdə ruzisi də gəlir”. Onun gəlişi ilə bütövlükdə məmləkətimizə ruzi-bərəkət gəldi, bolluq yarandı. İnsanların həyatında, güzəranlarında müsbət dəyişikliklər daha da artmağa başladı. Məmləkət insanı onu bezdirən siyasi demoqoqiyadan fikir plüralizminə, insan həyatını gözəlləşdirən, yaşam eşqinə və yaradıcı gücünə güc qatan yeni həyat reallıqlarına qovuşdu.
Dünyanın bir çox ölkəsində bu və ya digər ictimai -siyasi formasiya başqası ilə əvəzlənəndə, adətən, siyasi və iqtisadi kataklizmlər qaçılmaz olur. Repressiyalar və qan-qırğın baş alıb gedir. Ölkəmizdə isə aparılan doğru və dürüst siyasətin ən böyük uğuru bu mərhələnin də hansı ciddi bir ağrı-acı olmadan adlanması ilə tarixə çevrildi. Müdriklərin gözəl bir deyimi var: “Siyasətin açarı iqtisadiyyatın cibindədir”. Aparılan düzgün siyasət, mükəmməl idarəetmə bacarığı tezlikə ölkədə güclü iqtisadi inkişafa səbəb oldu. Qısa bir zamanda ölkə böyük bir tikinti meydançasına, quruculuq və abadlıq işlərinin əsl ünvanına çevrildi. İnsanlar aparılan doğru və dürüst siyasətin uğurlu nəticələrini öz gündəlik həyatlarında aydınca hiss edərək məmnunluqla yaşamaqdan zövq almağa başladı. Əhalinin xidmətinə verilən yeni texnologiya, müasir qurğu və avadanlıqlarla təmin olunan çoxsaylı yeni sosial obyektlərin, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, elm və idman komplekslərinin sayı bir olmadı, beş olmadı. Beləliklə, Azərbaycan, sözün həqiqi mənasında, qaranlıqdan aydınlığıa çıxmağa başladı. Məmləkətin çox da uzaq olmayan keçmişini göz önünə gətirənlər elektrik enerjisinin fasilələrlə verildiyini, qazın , suyun çatışmazlığı ucbatından insanların min cür əzaba qatlaşdığını yaxşı xatırlayırlar.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son illərdə Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib. 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Ölkəmizin, demək olar ki, bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyaları işləyir. Digər bölgələrdə də yeni-yeni su elektrik stansiyaları tikilib və bu gün də tikilməkdədir. Görülən bu tədbirlər sayəsində ölkəmiz elektrik enerjisinin idxalçısından ixracatçı ölkəyə çevrilib. Bir sözlə, energetika sahəsində əsl möcüzə kimi dəyərləndirilən bir sıçrayış olub. Qonşu dövlətlər olan Rusiya, İran və Gürcüstanla elektrik xətlərimiz birləşdirilib. Qardaş Türkiyəyə elektrik ixrac etmək üçün geniş imkanlar yaranıb.
Əfsuslar olsun ki, ayrı-ayrı şəxslərin biganəliyi və səhlənkarlığı ucbatından iyulun 2-dən 3-nə keçən gecə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin enerji ilə təchizatında çox ciddi böhran yaşandı. Bu məsələ ilə əlaqədar iyulun 4-də keçirdiyi müşavirədə Prezident İlham Əliyev əsəblərinə mümkün qədər hakim olmaqla Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyevə ünvanladığı acı və sərt ifadələr dövlət başçısının məlum qəza nəticəsində insanların düçar olduğu maddi və mənəvi itkilərə nə dərəcədə həssasiyyət göstərdiyindən xəbər verdi: “Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz.” Cənab Prezident bu yanaşması ilə bir daha bəyan etmiş oldu ki, o, xoş günlərdə olduğu kimi, ən çətin və ekstremal anlarda da öz xalqının, hər bir Azərbaycan vətəndaşının yanındadır və onların ən xırda qayğı və problemlərinə belə biganə deyildir. Biganə məmurların da zaman-zaman necə dərsini verdiyi hər kəsə yaxşı bəllidir.
Mingəçevir İstilik Elektrik Stansiyasındakı qəza Azərbaycan üçün, Azərbaycan xalqı üçün daha bir sınaq oldu. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər sayəsində ölkəmiz yenidən başdan-başa işığa, nura qərq oldu. Bu hadisə sanki, həm də Azərbaycan cəmiyyətindəki həmrəyliyi və yetkinliyi göstərən bir sınaq anı oldu. Hansı ki, iyulun 3-də keçirilən müşavirədəki nitqində cənab Prezident bu məqamı xüsusi vurğu ilə qeyd edərək demişdir: “Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm… Bilirəm ki, vətəndaşlar bir-birinə köməklik göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında vətəndaş həmrəyliyi mövcuddur”.
 Ötən əsrin 90-cı illərinin sonu – 2000-ci illərin başlanğıcında ölkədə mavi qaz qıtlığı ucbatından meşələrin qırılması, təbiətin, yaşıllıqların məhv edilməsi ilə insanlarımızın yaddaşına həkk olunub. Rəsmi rəqəmlərə müraciət etsək, görərik ki, əgər 2004-cü ildə ölkənin qazlaşması 51 faiz təşkil edirdisə, hazırda bu rəqəm artıq 93 faizi ötüb.Tezliklə Azərbaycanın ən ucqar kəndinin də mavi qazla təmin ediləcəyinə hamıda inam var.
Azərbaycan Prezidentinin birbaşa təşəbbüsü ilə ötən illər ərzində, demək olar ki, bütün rayon və şəhərlərimizdə su təchizatı və kanalizasiya şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması istiqamətində çoxsaylı, həm də olduqca iritutumlu layihələr uğurla həyata keçirilməkdədir. Oğuz-Qəbələ-Bakı su kəməri də məhz belə iri və tarixi əhəmiyyəti olan layihələrdəndir. Sevindirici haldır ki, əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində işlər bu gün də davam etdirilməkdədir. Bununla da ölkə əhalisinin içməli suya olan tələbatındakı problemlər artıq arxada qalmışdır.Taxta körpü, Şəmkirçay, Göytəpə və Tovuzçayda tikilən nəhəng su anbarları kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin yerlərinin fasiləsiz su ilə təminatı üçün fermerlərimizə edilən böyük ərmağan kimi dəyərləndirilməlidir.
Deyirlər su çəkmək, yol və körpü salmaq böyük savabı olan əməllərdir. Görün, müstəqillik illərində Azərbaycanda nə qədər yollar salınıb, körpülər inşa olunub. Bu infrastrukturlara milyardlarla manat vəsait xərclənib. Bakı–Quba, Bakı–Qazax, Bakı–Lənkəran, Bakı–Şamaxı istiqamətlərində olan magistral yollarımız, onların üzərindəki körpülər bir yana, hələ görün rayonlararası və kəndlərarası nə qədər yollar yenidən qurularaq asfalt örtüyü vurulub. Nə vaxtsa Şəki ərazisindən axan və az qala eni ilə uzunluğu bir olan dəlisov Şin çayı üzərində bir neçə kilometr uzunluğunda körpülər salınacağı çoxlarına fantaziya kimi görünə bilərdi. Amma bu, artıq reallıqdır. Elə Qax ərazisindən axan Kürmük çayı, Zaqatala ərazisindən keçən Lahıc çayı və çoxsaylı digər çaylar üzərində salınan körpülər və bu istiqamətdə çəkilən rahat yollar da son illərədək o bölgədə yaşayan on minlərlə sakin tərəfindən ancaq xəyal edilə bilərdi. Təqdirəlayiq haldır ki, son illərin layihələri olan belə yeni yollar və körpülər şəbəkəsi respublikanın bütün rayonlarını əhatə edir.
Ulu öndər Heydər Əliyevin təbirincə desək, yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, hər şey deməkdir. Bəli, yeni yollar, bu yolları qovuşduran yeni-yeni körpülər ən ucqar rayon, şəhər və kəndlərimizin iqtisadi cəhətdən uzunmüddətli inkişafı və mədəni cəhətdən yüksəlişi üçün ilkin təməldir.
Son illər Prezidentin düşüncəsinin məhsulu olan çox mühüm layihələrdən daha biri – Ələt Dəniz Limanı da artıq istifadəyə verilmək ərəfəsindədir. Qeyd etməliyik ki, bu liman olmasaydı, ölkəmiz nəqliyyat dəhlizinin mərkəzinə çevrilə bilməzdi. Bakı–Tbilisi–Qars dəmir yolu xətti ­Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir”.
Ötən illər ərzində ölkəmizdə hava nəqliyyatının inkişafı sahəsində də möhtəşəm dəyişikliklər baş vermişdir. Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran, Yevlax, Zaqatala aeroportları yenidən qurularaq sərnişinlərin ixtiyarına verilmişdir. Bakı ətrafı dairəvi yol, paytaxtımızın, demək olar ki, hər gün sürətlə yeniləşməkdə və daha da abadlaşmaqda olan küçə, prospekt və meydanları, tıxac probleminin həlli istiqamətində çox mühüm rolu olan çoxsaylı körpülər və mürəkkəb yolötürücü qovşaqlar – bütün bunlar möhtərəm cənab ­Prezidentimizin yol infrastrukturunun inkişafına nə dərəcədə önəm verdiyinin bariz göstəriciləridir. Əsrin tikintiləri olan və paytaxtımızın yaraşığına çevrilən Heydər Əliyev Mərkəzi, Olimpiya Stadionu, Bakı Konqres Mərkəzi, Xalça Muzeyi, Muğam Mərkəzi və Alov qüllələri təkcə Azərbaycan milli memarlığının deyil, bütövlükdə müasir dünya arxitekturasının nadir inciləridir.
Regionların inkişafı dövlət proqramları çərçivəsində respublikanın bütün şəhər və rayonlarında dünya standartlarına uyğun milli memarlıq üslubunda olan çoxsaylı inzibati və sosial obyektlər, yaşayış binaları tikildi. İnsanların asudə vaxtlarını səmərəli təşkil etmək üçün hər yanda yeni-yeni müasir istirahət mərkəzləri və parklar salındı. Ölkəmiz az vaxtda turizm və səyahət zonasına çevrilməklə sabitliyin, sülhün və qardaşlığın əsl ünvanına çevrildi. Müasir innovasiya və texnologiyalara uyğun yeni iş yerləri açılmağa başladı. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan qısa bir zamanda dünyanın ixracatçı dövlətləri sırasına qoşuldu.
Görülən təxirəsalınmaz tədbirlər və göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr qazanılmağa başlandı. Aqrar sektorun inkişafı üçün fermerlərə gübrələr, dərman preparatları, maşın və traktorlar güzəştli qiymətlərə satıldı, kənd təsərrüfatı ilə məşğul olan insanlara subsidiyalar verilməyə başlandı. Aqrar sektorda işlərin daha səmərəli təşkili məqsədilə yeni-yeni aqroparklar yaradıldı. Kəndli-fermerlər yeni, daha məhsuldar toxum sortları ilə təmin edildi. Daha məhsuldar cins mal-qara növlərinin alınıb gətirilməsi üçün heyvandarlara göstərilən dövlət qayğısı bir an belə əskik olmadı. Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddətə, həm də daha təhlükəsiz saxlamaları üçün əksər rayonlarda çoxsaylı iri tutumlu soyuducu anbarlar tikildi. Əhalinin bostan və tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanaların salınmasına dövlət qayğısı daha da artırıldı. Regionlarda tərəvəzçiliyin və bağçılığın inkişafı üçün dövlət öz vətəndaşlarına qayğını bir an belə əsirgəmədi. Bütün bunların nəticəsidir ki, ötən əsrin 90-cı illərində xalqımızın yaşamış olduğu çörək və ərzaq qıtlığı indi artıq acı bir xatirəyə çevrilmişdir.
Ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq, eləcə də əhalinin yeni iş yerləri ilə təmin edilməsi, regionlarda əhalinin təkcə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təbəqəsinin deyil, eyni zamanda, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədi ilə bir sıra sənaye parkları, sənaye məhəllələri yaradıldı. Neftçala, İmişli, Mingəçevir, Şəmkir, Sabirabad, Masallı və Hacıqabulda yeni tikilən sənaye müəssisələri fəaliyyətə başlayaraq ölkə iqtisadiyyatının gücünə güc qatmaqla region əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün real təminata çevrildi. Artan iqtisadi inkişaf uğurlu dövlət siyasətinin tərkib hissəsi olduğundan insanlar öz məmnunluğunu dövlət siyasətinə, onun başçısına prezident seçkiləri zamanı verdikləri səs, göstərdikləri siyasi fəallıq və prinsipial mövqe ilə ifadə etdilər. Bir sözlə, xalq öz Prezidentinin yanında, Prezident isə xalqın ürəyində, qəlbində qərar tutub. Bu isə o deməkdir ki, xalq-hakimiyyət, hakimiyyət-xalq birliyi Azərbaycanda hər yanda və bütün sahələrdə öz parlaq nəticələrini göstərməkdədir.
Heyrət doğuran daha bir Azərbaycan reallığı dünyada siyasi və iqtisadi kataklizmlərin, bir sıra oturuşmuş dövlətlərdə vətəndaş müharibəsi, qan-qada, məxməri inqilablar baş verdiyi, siyasi intriqaların qanlı savaşlarla nəticələndiyi bir zamanda Azərbaycanın sülhün, sabitliyin və iqtisadi inkişafın yeni və dəyişməz ünvanına çevrilməsi oldu. Dünyanın bir sıra dövlətlərini maliyyə böhranı bürüdüyü bir zamanda ­Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Prezidentin bundan əvvəl imzaladığı digər dövlət proqramları kimi, bu proqram da artıq uğurla yerinə yetirilməkdədir. Bu, yeni istehsal sahələrinin işə düşməsi, minlərlə insanın iş yerləri ilə təmin olunması, büdcə gəlirlərimizin artımını təmin edəcək yeni-yeni maliyyə mənbələrinin dövriyyəyə girməsi, rayon, şəhər və kəndlərimizin daha da abad olması, insanların daha firavan həyata qovuşması deməkdir. Bütün bunlar, hər şeydən əvvəl, xalqın sevgisi, aparılan düzgün siyasətin, güclü, mütərəqqi və demokratik idarəetmə qabiliyyətinin, eyni zamanda, özünə inamın nəticəsi kimi dəyərləndirilə bilər.
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin belə bir məşhur deyimi var: “Soruşma ki, Vətən sənin üçün nə edib, de ki, sən özün Vətən üçün nə etmisən”. Bu mənada möhtərəm Prezidentimiz nə edirsə ölkənin, millətin taleyi və istiqbalı üçün edir. Həyatda bir evsizə ev verməkdən, bir qəlbiqırığı sevindirməkdən, bir məzlumun dərdinə əlac etməkdən savab iş nə ola bilər?! Dünyanın hansı ölkəsində dövlət jurnalistlərə, elm və sənət adamlarına xüsusi təqaüd və əvəzi ödənilmədən mənzillər verir?!
Qaçqın, köçkün ömrü yaşamaq ağır dərddir. Dünyanı bürüyən haqsızlıq və ədalətsizliklər ucbatından bir milyondan artıq soydaşımız artıq 30 ildir ki, bu acı taleyi yaşamaqdadır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı işğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına dönməsi üçün yorulmaq bilmədən səylər göstərir. O, bütün səviyyələrdə olan görüş və söhbətlərində xalqı əmin edir ki, bir qarış belə Azərbaycan torpağı düşmən tapdağı altında qalmayacaqdır. Xalq da öz Prezidentinə inanır, onun siyasətini və qərarlarını ürəkdən dəstəkləyir. Hamı və hər kəs, o cümlədən qaçqın və köçkün ailələri qəti olaraq əmindirlər ki, işğal altında olan ərazilərimiz sülh və danışıqlar yolu ilə olmasa, hərb yolu ilə, ordumuzun gücü ilə geri qaytarılacaqdır. Hamı səbirsizliklə o günü gözləyir. İstər hərbi-texniki təchizat, istərsə də mənəvi-psixoloji cəhətdən hazırda dünyanın ən güclü və hazırlıqlı orduları sırasında duran Azərbaycan Ordusu hər an bu şərəfli vəzifəni icra etməyə hazırdır.
Bəli, ulu öndər Heydər Əliyev tərəfindən başlanan ordu quruculuğu işi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda nümayiş olunan ən müasir hərbi texnika və qurğular bunu bir daha göstərdi. Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ordumuzun hərbi-texniki potensialını gördü. Belə bir ordusu olan xalq necə də fəxr etməsin?!
Məni bir vətəndaş və ziyalı olaraq daha artıq təsirləndirən məqamlardan biri də odur ki, cənab Prezident nə qədər çətin olsa belə, Qarabağ probleminin həlli istiqamətində danışıqları davam etdirməklə və Ali Baş Komandan kimi ordunun hərbi qüdrətinin və döyüş qabiliyyətinin günü-gündən daha artıq yüksəldilməsini təmin etməklə yanaşı, qaçqın və köçkün ailələrinin güzəranının yaxşılaşdırılması istiqamətində də davamlı olaraq çox ciddi tədbirlər həyata keçirməkdədir. Tərtərdə, Füzuli rayonunda, Sumqayıtda, Abşeron rayonunun Müşviqabad və Qobu qəsəbələrində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni-yeni müasir şəhərciklər dövlətin öz vətəndaşına olan qayğısının bariz göstəricisidir. Hansı ki, cənab ­Prezident həmin şəhərciklərin hamısının təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməklə o insanların dərdinə də, sevincinə də ürəkdən şərik olduğunu əyani şəkildə nümayiş etdirib. Dövlət başçısının səmimiyyətinə və həssaslığına baxın ki, o bir sıra hallarda özünün doğum günlərini belə ailəliklə qaçqın və köçkünləri ziyarətdə keçirib. Başqalarını bilmirəm, amma mən cənab Prezidentin 2011-ci il dekabr ayının 24-də, yəni özünün ad günündə Gəncə şəhərində, 2013-cü il dekabr ayının 24-də isə Ağcabədi rayonunun Taxtakörpü ərazisində qaçqın və köçkünlər üçün salınmış yeni şəhərciklərin açılış mərasimlərində iştirak etdiyini, yeni mənzil alan ailələrə xeyir-dua verdiyini bu gün də çox yaxşı xatırlayıram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanda xalqla dövlətin və dövlət başçısının sarsılmaz birliyinin bünövrəsində hər şeydən əvvəl məhz cənab Prezidentin insanlara münasibətdə sərgilədiyi sadəlik, səmimilik və həssaslıq durur.
Bu gün Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonları da, sözün əsl mənasında, abadlıq və quruculuq meydanını xatırladır. Qədim Gəncə sürətlə böyüyərək daha da gözəlləşir. Xəyalların gerçəkləşdiyi şəhərə çevrilən Sumqayıt bu gün ölkə Prezidenti cənab İlham Əliyevin məxsusi diqqət və qayğısının nəticəsi olaraq abadlıq və quruculuq işlərinin simvoluna çevrilib. Son illərdə infrastrukturun yenilənməsi və dünya standartlarına cavab verən modern istehsal sahələrinin yaradılması nəticəsində ölkənin makroiqtisadi göstəricisində Sumqayıtın çəkisi əhəmiyyətli dərəcədə artıb. Müasir innovasiya və texnologiyalar əsasında idarə olunan Sumqayıt texnoparkı ölkəmizin xarici investorlarla birgə inşa etdiyi ilk müştərək Almaniya –Azərbaycan müəssisəsidir. Tikintisi davam etdirilməkdə olan Sumqayıt Kimya Sənaye Parkının inşasına Azərbaycan dövləti tərəfindən 2,7 milyard ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulub. Orada istehsal olunacaq məhsullar ölkəmizin tələbatını ödəməklə yanaşı “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac olunacaq. Çox yaxın zamanlarda kənd təsərrüfatı ilə məşğul olan sahibkarların od qiymətinə İran, Gürcüstan və Rusiyadan aldıqları karbohidratlar Sumqayıtda istehsal olunacaq. Həyata keçiriləcək bu layihə nəticəsində daha 2000 insan yeni iş yeri ilə təmin olunacaq , ölkəmizin iqtisadi qüdrətinə yeni güc qatılacaq. Bu, ölkədən kifayət qədər böyük həcmli kapital axınının qarşısını alacaq.
Məşhur ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill yazırdı: “Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Ölkə Prezidenti, xalqın sevimlisi cənab İlham Əliyev də öz fəaliyyətini əsl dövlət xadimi kimi qurmağı bacardı. O, seçkiləri deyil, gələcək nəsilləri düşündü. Cənab Prezident vaxtında qətiyyətli qərarlar qəbul etdi. O, Azərbaycan iqtisadiyyatını yenidən quraraq, xalqımızın əmək hünərləri estafetini gələcək nəsillərə ötürmək üçün gecəsini-gündüzünə qataraq, bu xalq, bu millətlə birlikdə uğurlu iqtisadi inkişafa imza atmağı bacardı. İndi Azərbaycan dünyada sabitliyin, sülhün, iqtisadi inkişafın əsl ünvanına çevrilib. Aparılan genişmiqyaslı abadlıq- quruculuq işləri nəticəsində bu gün Azərbaycanın ən ucqar rayon mərkəzləri də modern şəhər statusuna iddialıdır.
Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində şəhər və kəndlərimizdə təkcə sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq sahəsində deyil, eyni zamanda, əhaliyə göstərilən xidmət sahəsində də heyrətamiz dəyişikliklər baş verdi. Səyyar “Asan xidmət” qatarları respublikanın ən ucqar yaşayış yerlərinə, necə deyərlər, insanlarımızın ocaqlarının başına qədər gedib çıxdı. Dünyanın bir sıra mütərəqqi dövlətləri tərəfindən maraqla öyrənilən bu xidmət növünü iftixarla əsl Azərbaycan brendi adlandıra bilərik.
Sovet dönəmində cəmi bir televiziyası və bir radiosu olan Azərbaycanda bu gün 10 ümumrespublika yayımçısı olan televiziya, 13 regional televiziya, 3 peyk yayımçısı olan televiziya, 17 kabel televiziyası, 25-dən çox İP televiziya, ümumrespublika yayımçısı olan 13 radio və 3 regional radio fəaliyyət göstərməkdədir. İnsanları maarifləndirən, onları məlumatlandıran, düşündürən və həm də əyləndirən bu nəhəng infrastrukturda 10 min nəfərdən çox mütəxəssis çalışır. Bu yolla da Azərbaycan həqiqətləri dünyaya, dünya reallıqları isə Azərbaycan insanına çatdırılır. Prezident İlham Əliyevin səyləri və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada az sayda olan kosmik dövlətlər sırasında da özünə yer alıb. 2013-cü ildə kosmosa çıxarılan “Azerspace-1” rabitə peykinin xidmətindən bu gün Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələri də istifadə etməkdədir. 2015-ci ildən etibarən “Azersky” peyki Azərbaycanın müdafiəsi və təhlükəsizliyi məqsədilə kosmosa buraxılıb. Xatırladaq ki, tezliklə daha bir rabitə peykimizin – “Azerspace-2”-nin kosmosa çıxarılması gözlənilir.
Bir sözlə, ulu öndərin özü qədər inandığı və gələcəyinə böyük ümid bəslədiyi siyasi varisi bütün parametrlər üzrə onun ümidlərini çox yüksək səviyyədə doğrultmaqla bütövlükdə Azərbaycan xalqının sevimlisinə və qürur yerinə çevrildi. Fəxarət hissi ilə onu da deməliyəm ki, cənab Prezident özünün müasir düşüncəsi və sülhsevər xarici siyasəti ilə dünya xalqlarının və liderlərinin də dərin sevgi və rəğbətini qazanmışdır. Onun dünyanın müxtəlif ölkələrinə davamlı olaraq həyata keçirdiyi rəsmi səfərlər, Bakıda baş tutan ikitərəfli və çoxtərəfli görüşlər, danışıqlar və qlobal sammitlər də, sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun və dünya siyasiləri tərəfindən cənab Prezidentin şəxsiyyətinə və xidmətlərinə olan dost və isti münasibətin göstəricisidir. Xoş haldır ki, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Belarus, Qazaxıstan, Gürcüstan və neçə-neçə digər dövlətlərin başçıları ikitərəfli və çoxtərəfli görüşlər zamanı əksər hallarda Azərbaycan Prezidentinə “əziz dostum və qardaşım” deyə müraciət edirlər. Sözsüz ki, bu cür hörmət, ehtiram və etibar qazanmaq heç də hər dövlət başçısına nəsib ola biləcək xoşbəxtlik deyil. Ona görə də Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, onun Prezident İlham Əliyevin şəxsində dünya liderləri tərəfindən xüsusi hörmət və ehtiram göstərilən parlaq siyasi lideri var.
Bəli, Azərbaycan Prezidentinin yüksək insani keyfiyyətləri, son dərəcə səmimi və ünsiyyətcil olması, ikitərəfli və çoxtərəfli görüş və sammitlərdə etibarlı dost və tərəfdaş kimi çıxış etməsi dünya liderlərinin ona olan inam və rəğbətini getdikcə  artmaqdadır. Bu isə həm də Azərbaycan dövlətinə və Azərbaycan xalqına olan inam və rəğbətin göstəricisi deməkdir.
Etiraf edək ki, dünyanın bir çox dövlət başçıları və nüfuzlu siyasətçiləri ilə cənab Prezident arasındakı yüksək səviyyəli şəxsi dostluq əlaqələri təkcə regionumuzda deyil, bütövlükdə dünyada hökm sürən ab-havaya da təsir edir. Prezidentimizin beynəlxalq münasibətləri dərindən təhlil etmək və həlledici anlarda düzgün qərarlar qəbul etmək bacarığı, hər yerdə və hər zaman dövlətimizin, dostlarımızın və müttəfiqlərimizin maraqlarını layiqincə müdafiə etməsi hər bir Azərbaycan vətəndaşını intəhasız dərəcədə qürurlandırır. 2014-cü ilin aprel ayında Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Ermənistan prezidenti S. Sarkisyan növbəti dəfə qardaş Türkiyənin ünvanına hədyanlar söyləyərkən Azərbaycan Prezidenti ona olduqca sərt cavab verdi: “Bu toplantıda Türkiyə təmsilçisi iştirak etmirsə də, mən burdayam və Türkiyənin Ermənistanla sərhədlərinin nədən qapalı olduğunu hər kəsə anlada bilərəm”.
Cənab Prezidentin məqamında demiş olduğu bu sərt sözlər tək Ermənistan rəhbərliyinə yox, lap elə Ermənistanın işğalçılıq siyasətinə aşkar və ya gizli surətdə havadarlıq edənlərə ünvanlanan mesaj idi. Bu, yüksək səviyyədə olan Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə çatmasında möhtərəm cənab Prezidentimizin xüsusi səyi və xidmətləri olduğundan xəbər verir. Bütün bunlardan isə belə bir məntiqi nəticə hasil olur ki, bəli, Azərbaycan Prezidenti təkcə öz ölkəsinin daxilində deyil, xalqları, dövlətləri bir-birinə yaxın, dost, tərəfdaş və müttəfiq edən çağırışları ilə elə beynəlxalq səviyyədə də quruculuq missiyasını uğurla həyata keçirməkdədir.
Azərbaycan xalqı özünün daha parlaq gələcəyinin qarantı olan möhtərəm cənab Prezidentə dönə-dönə minnətdardır ki, o, doğma respublikamızın ulu öndərin müəyyən etdiyi strateji yolla irəliləyərək, daha da inkişaf edərək çiçəklənməsi üçün əlindən gələni əsirgəmir. Əlbəttə ki, bütün bu uğurlar heç də asan qazanılmayıb. Bu uğurların arxasında, hər şeydən əvvəl, Azərbaycan xalqının yaddaşında Qurucu Prezident kimi əbədiləşən gənc, enerjili, qətiyyətli və son dərəcə tədbirli siyasi lider olan dövlət başçımızın titanik fəaliyyəti və gərgin zəhməti durur.
Qafar CƏBİYEV,
Milli Televiziya və Radio Şurası sədrinin müavini,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix elmləri doktoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory