Xoşbəxt olmaq belə asandırsa…

Xoşbəxt olmaq belə asandırsa 19.08.2013Kamalə Abiyeva\r\nNəvən yanında oturur, sənə qısılır, əlindən tutur: xoşbəxtsən. Birdən soyundurulub üzü üstə yerə uzadılmış, təpiklənməkdən bədəni gömgöy olan, əlisilahlı əsgərlərin avtomatın lüləsi ilə təhqir edib aşağıladıqları uşaqların görüntüsü düşür yadına. Ürpənirsən. Bu dəfə sən körpəyə qısılırsan, onu qucağına alıb bağrına basırsan. Hər şeydən xəbərsiz baxışları sənə zillənir, üzünü balaca əllərinin arasına alıb “Kama, nə oldu?” soruşur, “Basın ağrıdı?” Sən əynində güllü paltarı, ayağında corabları, başmaqları olan başsız qızcığazı xatırlayırsan… Başağrısının nə olduğunu hələ dərk eləməsə də, sənin başının qayğısına qalıb onu sığallayan körpəni götürüb buralardan qaçmaq istəyirsən. Amma hara qaçasan? Yer üzü qürub eləyəndə qırmızıya boyanan günəş kimidi – əvvəl qızarır, ardınca qaranlıq gətirir. Bu an onun istisini, əllərinin sığalını hiss edirsən: əvəzolunmaz hissdi, xoşbəxtlikdi.\r\nBaşını sinənə qoyur. Səndən bərk-bərk yapışır. Qəribə bir ritmlə nəfəs alır… Fikrin yenə yanında deyil – lüt-üryan, qalaq-qalaq üst-üstə yığılan, işgəncə edilən insanların sosial şəbəkələrdə yayılmış görüntüləri düşür yadına. Amma o, xəbərsizdi, rahatdı, məsuddu. Bunu hiss edirsən: xoşbəxtlikdi…\r\nNəsə danışır… Üzünə baxıb gülür… Düşünürsən: Belə gülüş də var – dərdsiz-qəmsiz. Xoşbəxtlikdi! Və bu gülüşü qorumaq istəyirsən, sevinc səpən bu səsi qorumaq istəyirsən! İşgəncələrə, müharibələrə son qoyulması arzusuyla müsəlman bacı-qardaşlarına, ürəyi rəhmli bütün insanlara yalvaran xanımın – Nurun səsi qulaqlarında partlayır… Mətbuatdan, TV-lərdən tökülən müharibə xəbərləri, insanların vəhşiliyi içini alt-üst eləyir…\r\nNəvəmsə öz işindədi: nə körpələri uğrunda ölümə gedən atalardan, nə də həyatdan nə istədiyini bilmədən arsız-arsız dolaşan, canbir-qanbir övladının böyüdüyünü görmək, əlindən tutmaq səadətini yaşamağı heç ağlının ucundan belə keçirməyən “ata” deyilənlərdən xəbəri var. Bütün müharibələrə “YOX”deyən baxışlarla baxır, baxır, bütün əzabların “NİYƏ”sini puça çıxaran səsiylə danışır, danışır. Bütün silahların heç olduğunu anlamağa, bütün cəbbəxanaların altını üstünə çevirməyə bəs eləyəcək bircə öpüşüylə səni özünə qaytarır. Xoşbəxtlikdi…\r\nKörpənin əlindən tutub dünyanı dolaşmaq, müharibələrə “YOX” demək, əsgərlərə “DURUN” deyib hayqırmaq keçir ürəyindən. Amma imkansızdı. Mümkünsüzdü.\r\n\r\nDüşünürsən:\r\n Burda “silah” adlı kəşflər də,\r\n ölüm doğan səhvlər də,\r\n günahlar da özbaşına…\r\n\r\nBura göz yaşına bənzəyir, göz yaşına…\r\nMüharibə… Silahlar… Ölümlər… Siyasətdi deyəcəksiz, bəlkə… Amma hamısı insandı – müharibə də, silah da, ölən də, öldürən də, siyasət də – hamısı insandı… Bu günlərdəki təbrikləri, mesajları xatırladım: Ramazan bayramınız… Mən heç kimi təbrik etmədim. Mən bu müqəddəs ayda din xadimlərinin bir-birini qıran müsəlmanlara “DUR”deməsini istədim. Bütün elədiklərini bir tərəfə qoyub körpələrə təcavqüz eləyən, işgəncə verən müsəlman əsgərlərinin qarşısına çıxmalarını istədim din xadimlərinin. Bəlkə yenə deyəcəksiz, asandı məgər, Avropa var, Amerika var… Amma onların da din xadimləri var. Mən siyasətçi deyiləm. Din də siyasət deyil. Nə olsun dinlər ayrıdı. TANRI birdi. Mən dinin siyasətdən uzaq olmasını, insanlara xoşbəxtlik bəxş eləməsini istədim. Düşünürəm ki, niyə bunlar dünyanı müharibədən qurtarmırlar? Bir az yaxına gəlsəm, niyə rəsədxanaya ayın təzələnmə vaxtına görə etiraz edən Qafqaz Müsəlmanları İdarəsi durmadan bəyanatlar vermir? Niyə Şeyx başqalarını da başına toplayıb bu ölümlərin qarşısını almağa cəhd eləmir? Niyə məktəbə hicabla getməyə icazə verilmədiyi üçün hicablı bir qadının ağlaya-ağlaya “Bu bizim namusumuzdu, bu sizin namusunuzdu. Ay qardaşlar, bunu qoruyun…” dediyi görüntülərin yayılmasına icazə verilir? Bu özü də qırğına çağırışdı, axı… Düşüncəsinə görə, fikrinə görə kiməsə ölüm hökmü çıxarılmasına niyə heç nə demirlər? Günahdı, axı. Tanrı heç kəsə onun işinə qarışmağa icazə verməyib. Əzrayıl var. İnsanlar bir-birini öldürəcəksə, bəs onda Əzrayıl kimdi? Hər kəs öz günahlarına görə özü cavab verəcəksə, kiməsə ölüm hökmü çıxarmaq nə deməkdi? Mən istərdim ki, müqəddəs ayda, elə başqa aylarda da müqəddəs kitabla yaşayan müsəlman dünyası dünyaya müqəddəslik versin – körpə gülüşü. Dünyanı müqəddəsliyə bürüsün – körpə sevincinə. Dünyada müqəddəsliyi qorusun – körpə xoşbəxtliyini.\r\nYox, elə düşünməyin ki,Tanrısızam. Qətiyyən! Qatı dindar olmasam da, öz anlamıma sığan inanclarım da var, hamının düşüncəsinə hörmətim də. Hər gün Tanrıya dua edirəm – söhbətləşirəm, bölüşürəm. Çünki mən onu sevirəm, hiss edirəm, görürəm. Hələ heç kəsə “ALLAHDAN QORX” deməmişəm, “SEV” demişəm. Sev ki, o da səni sevsin. Qorxudan sevgi yaranmaz. Onu eşit ki, o da səni eşitsin. Bu aralar bu düşüncələrlə yazdığım şeiri bitirə bilmirəm, bir hissəni yazıram ona görə:\r\n\r\nBurda hamı iblislə müştərəkdi,\r\n Şeytanla əlbirdi, Əzrayılla şərikdi.\r\n Burda Tanrı köməksizdi, təkdi.\r\n Burda “Tanrı görünmür” deyirlər,\r\n Tanrını görmürlər.\r\n Bağışla bu adamları, bağışla onları.\r\n Mənsə səni görürəm, Tanrım.\r\n Var olmağımdasan, yanımdasan.\r\n Səninlə yan-yana gəzmək\r\n istəyirəm dünyanı.\r\n İstəyirəm Tanrısın hamı tanısın.\r\n Səndən qorxmuram mən –\r\n Qorxudan sevmək olmaz ki…\r\n Qorxudan sevgi doğulmaz ki…\r\n Mən səni sevirəm,\r\n Məni sevdiyini də bilirəm.\r\n Bu planetin adamı deyiləm mən,\r\n Çünki yalnız sənin sevgini\r\n itirməkdən qorxuram…\r\n\r\nDüşünə-düşünə körpəni bağrıma basıram, ikimiz də yoruluruq. “Oxu” deyir, “hamı da” de deyir. “Mənim balam yuxlasın… Hamı da laylay desin…” deyirəm. Bu müqəddəs yuxuya baxıram, bu müqəddəs varlığa baxıram. Başını sinəmə söykəyib. Xoşbəxtlikdi…\r\nAnalar məni o qədər anlamadı bəlkə, gəncdilər. Nənələr məni daha yaxşı duyarlar. Çünki bu müqəddəs varlıqların əzab çəkə biləcəyi hissi onların – bizim hamımızın ürəyini partladar. Dünyada insan ağrısından – körpəyə işgəncə verməkdən dəhşətli günah ola bilməz. Bu varsa, yer üzü qürub edir və səhər açılmaya bilər.\r\n… Yuxulayan körpəyə baxıram. Bütün vəhşiliklərdən, acılardan xəbərsiz olan körpəyə varlığı kimi müqəddəs günlər arzulayıram. Və düşünürəm ki, bunun üçün hər şeyə hazıram. Bunun üçün yaşamalıyıq. Bunu qorumalıyıq. Sadəcə, başını sinənə qoyub yatan körpə var. Necə müqəddəs duyğu… Bu müqəddəsliyin həyatımıza – YER üzünə hopmasını istəyir adam. Varlığını duymaq sözəgəlməz xoşbəxtlikdi və bu necə də asandı. Və əgər xoşbəxt olmaq belə asandısa, niyə xoşbəxt olmuruq? Belə asandısa, niyə xoşbəxt olmayaq?\r\nP.S. Ülvi Bünyadzadənin AYB-dəki şəklini “Geri qaytarın” deyənlərə: dünyaya baxa bilmirsiniz, heç olmasa, Ülvinin ölümlə üz-üzə dayanmağının səbəblərini və bir də “Şəkli bizə qaytarın” deməyinizin kökünü çözməyə çalışın. Görün buna haqqınız çatırmı? AYB-ni öz yaşam tərzinin baiskarı kimi görənlərin buna gücü yetməz…

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory