Zərdabda prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir

zərdabda 04.09.2013Hazırda bütün dünyanın diqqəti Azərbaycana yönəlib. 2013-cü il suveren respublikanın tarixində böyük siyasi hadisə kimi qalacaqdır. Heç şübhəsiz ki, bu ilin payızında keçiriləcək prezident seçkiləri xalqımızın öz tarixinin yaxın demokratik ənənəsinə — azad, ədalətli və şəffaf seçki keçirmək ənənəsinə sadiqliyinin daha bir parlaq nümayişinə çevriləcəkdir. Ən azı ona görə ki, ölkəmiz demokratik seçki keçirməyə qadir olduğunu ötən seçkilərdə dəfələrlə sübut etmişdir.\r\nMəlum həqiqətdir ki, seçkilərin mütəşəkkil, azad və ədalətli surətdə keçirilməsi dairə və məntəqə seçki komissiyalarının bu mühüm siyasi kompaniyaya nə dərəcədə hazırlığından çox asılıdır. Biz bu günlərdə Zərdab rayonunda olarkən, dairə və məntəqə seçki komissiyalarının seçkilərə hazırlığı ilə tanış olarkən bir daha bunun şahidi olduq.\r\nƏvvəlcə 92 saylı Zərdab — Ucar Seçki Dairəsində olduq. Burada müşahidə etdiklərimiz və şahidi olduqlarımız, yaradılan şərait belə deməyə tam əsas verir ki, Zərdabda prezident seçkilərinin demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır.\r\nSöhbət zamanı dairə seçki komissiyasının sədri İsmayıl Əhmədov dedi:\r\n— Bütün diqqət və səylərimiz ona yönəlmişdir ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun surətdə keçirilsin. 92 saylı Zərdab — Ucar Seçki Dairəsinin əhatə etdiyi 48 seçki məntəqəsindən 42-si Zərdabda, 6-sı Ucar rayonunun Xələc, Lək və Bərgüşad kəndlərində yerləşir. Bütün seçki məntəqələri fasiləsiz elektrik enerjisi, zəruri mebel və avadanlıqla təmin olunmuşdur. Seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində saxlanılır.\r\nDairə və məntəqə seçki komissiyaları üçün normal iş şəraiti yaradılmış, 42 məntəqədə təmir işləri aparılmışdır. Seçki günü məntəqələrdə “Veb kameralar” quraşdırılacaq. 1, 2, 3, 4 saylı şəhər, 5 saylı Qoşaoba, 17 saylı Məmmədqasımlı və 23 saylı Gəlmə seçki məntəqələrində işlərin təşkilinə, texniki-təminat məsələlərinin həllinə xüsusi fikir verilmişdir. Bütün məntəqələrdə təbliğat lövhələri müvafiq yerlərdə quraşdırılmışdır. Prezidentliyə namizədlərin seçicilərlə açıq və qapalı şəraitdə görüşləri və təşviqat materialları üçün yerlər müəyyənləşdirilmişdir.\r\nDairə üzrə 39163 nəfər seçici qeydə alınmışdır ki, onlardan 33061 nəfəri Zərdabda, 6102 nəfəri isə Ucar rayonu ərazisindədir. Seçicilərin sayı əvvəlki dövrə nisbətən 1500 nəfər çoxdur.\r\nQeyd edək ki, seçicilərin 1846 nəfəri ilk dəfə səsvermədə iştirak edəcəkdir. Onlardan 784 nəfəri seçki gününə kimi 18 yaşı tamam olanlardır. Seçki hüquqlu vətəndaşların 453 nəfəri əyani təhsil alanlardır. İlin əvvəlindən 281 nəfər həqiqi hərbi xidmətə çağırılmış, 236 nəfər ordu sıralarından tərxis olunmuşdur. Belə hallar bir daha dəqiqləşdirilmişdir.\r\nSeçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması da diqqət mərkəzindədir. Bu məqsədlə Rayon Polis Şöbəsi nəzdində Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun rəhbərliyi ilə səyyar briqada yaradılmış və birbaşa yaşayış məntəqələrində əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunmaları təşkil edilmişdir. Hazırda yaş həddinə görə səsvermə vaxtı çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.\r\nYeri gəlmişkən, onu da əlavə edim ki, xüsusi qrupdan olan 898 nəfər seçici 80-100 yaşlıdır. 10 nəfər seçicinin yaşı isə 100-dən yuxarıdır.\r\nAzad, ədalətli və şəffaf seçkilərin keçirilməsi sahəsində zəngin təcrübəmiz var. Ancaq onu da yaxşı bilirik ki, builki prezident seçkiləri bizdən daha böyük məsuliyyət, diqqət və həssaslıq tələb edir. Ona görə də bu kampaniyaya hazırlıq işlərinin gedişi daim diqqət mərkəzindədir. Seçki məntəqələri ilə müntəzəm olaraq əlaqə saxlayırıq, ortaya çıxan hər hansı çətinlik dərhal öz müsbət həllini tapır. Bir sözlə, hazırlıq tədbirləri, lazım olan şəraiti yaratmaq bizdən, seçki məntəqələrinə gəlmək, qarşıdakı 5 il üçün öz taleyini, gələcəyini etibar edəcəyin namizədə səs vermək isə hörmətli seçicilərdən asılıdır.\r\n4 saylı seçki məntəqəsi uşaq incəsənət məktəbində yerləşir. Məntəqə seçkilərə, demək olar ki, hazırdır. Otaqlar vaxtında təmir olunmuş, telefon, işıq, su sistemi qaydaya salınmış, mebel və digər avadanlıqlarla təmin edilmişdir.\r\nMəntəqə seçki komissiyasının sədri Mehdi İsmayılovla söhbət edirik.\r\n— Seçici siyahıları dəqiqləşdirilmiş, texniki-təchizat və s. məsələlər öz müsbət həllini tapmışdır. İnsanların normal şəraitdə öz iradələrini ifadə etmələri, istədikləri namizədə azad, aydın və şəffaf şəraitdə səs vermələri üçün rayonda hər cür şərait yaradılmışdır. Onu da deyim ki, məntəqəmizdə 1300 seçici səs verəcəkdir.\r\nYolumuz 29 saylı Callı məntəqəsinədir. Öyrəndik ki, burada seçicilərin sayı 857 nəfərdir. Məntəqə tam təmir olunub, hər cür zəruri avadanlıqla təmin edilib.\r\nSöhbət zamanı məntəqə seçki komissiyasının sədri Davud Vahidov bildirdi:\r\n— Kəndimiz rayonun ən abad və müasir yaşayış məntəqələrindən biridir. Son illər burada geniş tikinti-abadlıq işləri aparılmış, yeni məktəb binası tikilmiş, yol çəkilmiş, su, elektrik enerjisi və s. zəruri sosial məsələlər öz müsbət həllini tapmışdır. Kənd adamlarının ildən-ilə gəliri artır, həyat şəraiti, gün-güzəranı yaxşılaşır. Demək istəyirəm ki, kənd sakinləri, əslində, öz ürəklərində seçimlərini çoxdan ediblər. Sadəcə olaraq, seçki günü məntəqəyə gəlmək və seçdiyin namizədə səs vermək qalır. O namizədə ki, bizə rahat, sakit və firavan həyat verməyə qadirdir, gələcəyimizi, həyatımızı ona bağlaya bilərik.\r\nMəlikli, Gəlmə, Əlvənd, Lələağacı, Hüseyxanlı, Əlibəyli kəndlərində yerləşən seçki məntəqələrinə də baş çəkdik. Hər yerdə də yüksək hazırlıq və mütəşəkkilliyin şahidi olduq. Biz rayonda olarkən ən yaşlı və bu il ilk dəfə səs verəcək seçicilərlə də görüşdük.\r\nBəzir Hüseynovanın 113 yaşı var. Yarməmmədbağı kəndində yaşayır. Danışığı sərbəst, hərəkəti, sözü-söhbəti yerindədir. Zarafatından da qalmadı:\r\n— Yaşımı mən dedim, indi siz hesablayın görün, bütün ömrüm boyu neçə dəfə səs vermişəm? Ancaq builki prezident seçkilərində iştirakım lap ürəyimcədir. Ona görə ki, indiyədək gördüyümə, şahidi olduğuma, inkişafa, yaxından tanıdığım adama, etibar etdiyim namizədə səs verəcəyəm. İnanıram ki, bütün seçicilər də elə mənim kimi düşünür. Axı, həqiqəti danmaq insafdan deyil. Bir də ki, görünən dağa nə bələdçi…\r\nOrxan İsmayılzadə isə növbəti prezident seçkilərində ilk dəfə səs verəcəkdir:\r\n— Düzünü deyim ki, çox həyəcanlıyam. İlk dəfə seçki məntəqəsinə gələcəyəm, qutuya yaxınlaşacağam və ürəyimdə olan namizədə səs verəcəyəm. Məncə, bu, hər bir gəncin arzusudur. Axı gələcəyimiz, inkişaf və yüksəlişimiz səs verəcəyimiz həmin namizədlə bağlıdır. Ona görə də bu vacib məsələdə yanlışlığa yol vermək olmaz.\r\nYaşıdlarımla bu barədə çox söhbətlərim olub. Cəsarətlə deyə bilərəm ki, hamının fikir və məqsədi eynidir: ölkəmizi, millətimizi dünyada layiqincə təmsil edəcək, bizə gözəl və xoşbəxt həyat verəcək, gələcəyimizi etibar edəcəyimiz real namizədə səs verəcəyik.\r\nBiz sözlə, bu gün Zərdabda hamı payızda keçiriləcək növbəti prezident seçkilərinin qayğıları ilə yaşayır. Hər yerdə bu tarixi hadisədən doğan yüksək əhval-ruhiyyə, mütəşəkkillik və səfərbərlik əzmi, sağlam mənəvi-psixoloji ab-hava var. Gördüklərimizə, şahidi olduqlarımıza və müşahidə etdiklərimizə əsaslanaraq deyə bilərik ki, Zərdabda növbəti prezident seçkilərinə hazırlıq tədbirləri yüksək səviyyədədir.\r\n\r\nZiyəddin SULTANOV

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 41
  • 37
  • 682
  • 4,416
ILK-10 Azeri Website Directory