Tarixin ibrət dərsləri

Vətənə xəyanət edənlər Vətənsiz qalar…\r\nİyunun 15-də xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev bütün gücünü Gəncədə baş vermiş qardaş qırğınının qarşısını almağa sərf edirdi. Belə bir gərgin vaxtda Əlikram Hümbətov əsl simasını göstərdi, özünün sərsəm çıxışları ilə ictimaiyyətin qəzəbinə səbəb oldu.Cəsarəti çatıb Ə.Hümbətovun dediklərinə etiraz edənlər həbs olunur, heç bir əsas göstərilmədən işgəncəyə məruz qalırdı. İpə-sapa yatmayanlar isə Cəmil Hacıyevin avtomatçılardan ibarət cəza dəstəsinin qəzəbinə tuş gəlirdi. Yuxarılardan bir o qədər də təzyiq hiss etməyən Əlikram Hümbətov daha geniş əl-qol açır, ona tabe olmayan icra hakimiyyəti başçılarını silah gücünə dəyişdirir, bəzi rayonlara özünün nümayəndəsini təyin edirdi. Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı rayonlarında və başqa yerlərdə narazılıqlar gündən-günə artırdı. İctimaiyyət, siyasi partiyalar Ə.Hümbətovun hərəkətlərini qətiyyətlə pisləyirdilər. İctimai-siyasi gərginliyi nəzərə alaraq bölgənin tanınmış ziyalıları, deputatlar Lənkərana dəvət olunur, məsləhətləşmələr aparılır, fikir mübadiləsi edilirdi.Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini zəbt edən Əlikram Hümbətovun və Azərbaycan Xalqlarının Bərabərliyi Partiyasının (Ə.Hümbətov artıq bu partiyanın bayrağı altında çıxış edirdi – T.Ə.) təşəbbüsü ilə keçirilən görüşdə xalq deputatlarından Cavanşir Əsədov, Soltan Məmmədov və başqaları çıxış edərək respublikadakı ictimai-siyasi duruma münasibətlərini bildirmiş, bölgənin problemlərindən söhbət açmış, həmin problemlərin birgə həlli yollarından danışmışlar.“Demokratiya dağıdıcı yox, qurucu olmalıdır” –fikri görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdı. Respublika rəhbərliyi ətrafında daha sıx birləşmək, yaranmış böhrandan birgə səylə çıxmaq ideyası bəyənilmişdir. Ümumi rəy belə olmuşdur ki, respublikanın parçalanaraq ayrı-ayrı regionlara bölünməsi təhlükəli addımdır və buna heç cür yol vermək olmaz. Görüş iştirakçıları Ağsaqqallar Şurası yaratmış, qarşıya çıxan çətinlikləri birlikdə dəf etmək yollarını müəyyənləşdirmişdilər.Lakin başqaları tərəfindən idarə olunan Əlikram Hümbətov ağsaqqal, ziyalı sözünə baxan adam deyildi. Onun bütün hərəkətləri açıq-aydın büruzə verirdi ki, əsas təlimatlar Gəncədən gəlir və o, icraçı rolunu oynayır. Bunu Əlikram Hümbətovla ilk görüşündə ulu öndərimiz Heydər Əliyev də hiss etmişdi. Məsələni danışıqlar yolu ilə nizama salmaq istəyən ümummilli liderimiz bölgənin sosial-iqtisadi problemlərini öyrənib həll etmək məqsədilə baş nazir Surət Hüseynovun rəhbərliyi altında respublikanın 30-a yaxın nazirlik, komitə və birliklərinin nümayəndələrini Lənkərana göndərdi. Lənkəran rayonunun sərhədində S.Hüseynovu təmtəraqla qarşılayan Əlikram Hümbətov müstəqil bir ölkənin rəhbəri kimi hərəkət edərək, şəhərin mərkəzi meydanında baş nazirin şərəfinə hərbi parad keçirdi.İki gün bölgənin dərd-sərini araşdıran qonaqlar sonda geniş müşavirə keçirdilər. Azərbaycan hökuməti üzvlərinin əksəriyyətinin iştirak etdiyi müşavirədə Lənkəran-Astara regionunun bir sıra probleminin həll olunması yolları müəyyənləşdirildi. Müşavirəni yekunlaşdıran Surət Hüseynov üzünü Əlikram Hümbətova tutaraq: – Maa belə gəlir ki, sən bizdən razı qalmalısan, – dedi və sonra da dilucu əlavə etdi:– Fikirləşdiyin məsələni hələlik kənara qoy, vaxtı deyil.Görünür, bu sözlər gözdən pərdə asmaq məqsədi güdürdü. Əgər belə olmasaydı, Bakıdan gələn qonaqların geriyə dönmələrinin ertəsi günü N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının binasında “Talış Muğan Muxtar Respublikası” adlı məzhəkəli bir “tamaşa” oynanılmazdı.Vəziyyət gərginləşəndə, “nümayəndələr” əlbəyaxa olanda Əlikram səhnə arxasına keçir, əsəblərini sakitləşdirmək üçün siqaret çəkir və sonra da arxayın-arxayın salona qayıdaraq deyirdi: “İndicə Heydər Əlyevlə danışdım, yığıncağın gedişi barədə məlumat verdim, tədbirimizi alqışladı, uğurlar dilədi”. Doğrudur, Ə.Hümbətovun yalanına inananlar da olurdu. Ancaq teatr binasını üzük qaşı kimi mühasirəyə almış avtomatçıları görən hər kəs susmağa üstünlük verirdi. Nəhayət, bu məzhəkənin sonluğu böyük faciə ilə bitdi. Xanbulançay istirahət zonasında düzənlənən məclisdə Gəncədən gəlmiş iki nəfər emissarla Əlikram və onun həmfikirləri o qədər “vurdular ki,” pəhləvan cüssəli iki gənc cangüdən qayıqla seyrə çıxan “rəhbərləri” qoruyarkən dəryaçada sulara qərq oldu. Və onların cəsədləri bir neçə gündən sonra tapıldı.Bütün bu həngamələrdən sonra Bakıya çağırılan və Heydər Əliyevlə ikinci dəfə görüşən Əlikram Hümbətov artıq özünü idarə etmək iqtidarında deyildi. Bunu ulu öndərimiz də duymuşdu. Çünki Əlikram Hümbətov Ali Sovetin deputatı olmadığı halda, ultimativ şəklində danışırdı: “Fövqəladə sessiya çağırılmalıdır, baş nazirə əlavə səlahiyyətlər verilməlidir. Əgər bunlar olmasa, o, öz pozucu niyyətlərindən, separatçı hərəkətlərindən əl çəkməyəcək, son sözünü avtomatla deyəcəkdir”.Ümummilli liderimiz isə bunun müqabilində müdrikcəsinə bildirirdi: “Əlikram kimi adamların məni hədələməyi, bir ona yox, ümumiyyətlə, məni hədələyən adamların hamısına deyirəm, heç birisi güman etməsin ki, bu hədələr məni bir şeydən çəkindirə bilər, xalqın yolunda mən özümü qurban verməyə hazıram, bu harada baş verəcək, mənim üçün fərqi yoxdur. Ancaq bu cür özbaşınalıq, bu cür ədalətsizlik, şübhəsiz ki, məni narahat edir…”1993-cü il avqustun 13-də Azərbaycan Respublikasının Ali Sovetində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları, həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüş keçirildi. Gecə yarıdan xeyli ötməsinə və 26 nəfərin çıxış etməsinə baxmayaraq, danışmaq istəyənlərin ardı-arası kəsilmirdi. Hamı ürəyini boşaltmaq istəyirdi. Əlikram Hümbətovun xəyanətkar hərəkətləri pislənilir, onun heç bir ölçüyə sığmayan cinayətləri sadalanırdı. Cəlilabad rayonunun prokuroru Kərimağa Tağıyev deyirdi:– Əlikram Hümbətov Azərbaycan xalqının böyük faciəsidir. Ona görə də bu faciəni başqa səmtə yönəltmək lazım deyil. Demək lazım deyil ki, burada nə bilim, mədəni cəhətdən inkişaf yoxdur, ziyalılara vəzifə verilmir. Bunlar yalan söhbətlərdir… Xahiş edirəm bu faciəyə başqa don geyindirməyin. Mən il yarımdır Cəlilabad rayonunda prokuror vəzifəsində çalışıram. Əlikram Hümbətovun cinayətkar hərəkətləri həmin o il yarımdan əvvəl başlayıb. Təxminən bir il bundan qabaq Əlikram Hümbətovun Cəlilabad rayonunda qoyduğu əsgərlər bir maşını saxlatmaq istəyiblər. Həmin maşın saxlamayıb, görməyib, gecə saat on iki idi. Atəş açıb sürücünün yanındakı sərnişini öldürüblər. Ondan bir ay sonra Bakı şəhərindən gələn maşına əl eləyiblər, saxlamayıb, atəş açıblar, bir qızı vurub öldürüblər. Dəfələrlə kəndləri mühasirəyə alıblar. Dəfələrlə camaatı girov götürüblər. Ocaqlı kəndinin 6 nəfər sakinini aparıb 6 gün həbsdə saxlayıblar. Bu, dəfələrlə olmuş hadisələrdir.Göründüyü kimi, bu hərəkətlər sırf cinayət əməlidir. Deyirlər ki, prokurorluq orqanları nəyə görə tədbir görmürlər. Mən bu barədə tədbirlər görmüşəm. Vaxtilə Əlikram Hümbətovun hərəkətləri barədə cinayət işlərinə başlamışam. Respublika Prokurorluğu vasitəsilə Hərbi Prokurorluğa vermişəm. Əlikram Hümbətovun iki nəfər nümayəndəsi barədə – Biləsuvar rayonu üçün ən böyük bəla olan, hazırda oranın qeyri-qanuni komendantı işləyən batalyon komandiri Nail Məmmədov, bir də Vaqif adlı şəxs barədə cinayət işinə başlamışam. Vaqifə yeddi il həbs cəzası veriblər. Əlikram Hümbətov onu azad eləyib. Hal-hazırda Cəlilabad rayonunda altında tank, əlində avtomat yeni cinayətlər törətməkdədir.Son hadisəni qeyd eləyim. 1993-cü il iyulun 22-də Lənkəran Xalq Cəbhəsinin keçmiş sədri, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rahim Nuriyevdən, onun sürücüsündən üç avtomat, iki qumbara və külli miqdarda güllə aşkar eləyib götürmüşəm. Fakt üzrə cinayət işinə başlayıb, Rahim Nuriyevi həbs etmişəm. Məlumat daxil olub ki, Ə.Hümbətov keçmiş cəbhədaşlarını öz tərəfinə çəkmək məqsədilə Rahim Nuriyevi azad etmək üçün Cəlilabada gələcək. Əlikram Hümbətovun ağlına yaxşı bələd olduğum üçün respublika prokuroru ilə danışaraq, gecə ikən R.Nuriyevi və onun yaxın silahdaşı olan bir nəfəri Bayıl təcridxanasına göndərdim.Əlikram ağlı üstündə olan adam deyil. Hiss etdim ki, mənə və ailəmə qarşı müəyyən hərəkətlər edə bilər. Ona görə də səhərə yaxın ailəmi doğulub boya-başa çatdığım Neftçala rayonuna gətirdim. Oradan Cəlilabada zəng çalanda məlum oldu ki, Əlikram Hümbətov rayona gəlib, sürücümü döyüb, qabırğasını sındırıb, ona xəsarət yetirib. Prokurorluğun bütün işçilərini döyüb, təhqir eləyib, maşına doldurub. Polis rəisini də maşına qoyub Lənkərana aparıb. Göstəriş verib ki, məni və uşaqlarımı da tapıb Lənkərana gətirsinlər…Nəhayət, gecə saat 2-də müşavirəni yekunlaşdıran ümummilli liderimiz Heydər Əliyev dedi: “Çıxış edənlərin hamısının fikri eynidir, hadisələrə düzgün qiymət verirlər. Qeyd edim ki, müşavirəni başlayarkən mən bu proseslərin gedişi haqqında və qarşımıza çıxan məsələlərə baxışımız haqqında geniş məlumat verdim. Ancaq qiymət verməkdən çəkindim və istədim ki, bura dəvət olunmuş şəxslərin və xüsusən, Əlikram Hümbətovun dünənki tələbi əsasında çağırılmış deputatların fikirlərini öyrənim… Hamı danışandan sonra mən də öz fikirlərimi deyə bilərəm. Bəli, Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur. Dağlıq Qarabağda 5 il bundan öncə başlanan proseslər Azərbaycanı parçalamaq yolunda atılan ilk addım idi… Bu, Azərbaycanın parçalanması prosesinin bir cinahıdır. O biri cinahı gördüyümüz bu məsələdir… Ona görə də bu məsələyə belə sadə yanaşmaq olmaz ki, guya Əlikram Hümbətov bir sərsəm adamdır, yaxud da anlaşılmaz adamdır, bunu özbaşına eləyir. Xeyr. Bu, böyük bir planın, Azərbaycanı dağıtmaq, Azərbaycanı məhv etmək, Azərbaycan xalqını yox etmək planının tərkib hissəsidir. Mənim fikrim belədir: “Bu hərəkətlər qanunazidd hərəkətlərdir… Biz buna necə laqeyd qala bilərik? Yaxud necə deyə bilərik ki, burada təəccüblü heç nə yoxdur? Necə olar, bu?”\r\nFaktlardan göründüyü kimi, Əlikram Hümbətov “dədəm mənə kor deyib, gəlib – gedəni vur deyib” prinsipi ilə hərəkət edərək, bütov bir regionu hədə – qorxu, vahimə içərsində saxlayırdı. Avqustun 13-də respublika Ali Sovetində keçirilən görüşdən və bundan sonra Milli Məclis tərəfindən qəbul edilən qərardan ürəklənən əhali bir nəfər kimi ayağa qalxdı. Yerlərdə etiraz nidaları daha gur səslənməyə başladı. Əlikram Hümbətovun qeyri-qanuni hərəkətlərinə hüquqi qiymət verilməsi Lənkəran sakinlərini daha qətiyyətli hərəkət etməyə, şəhərdə, ətraf yerlərdə özbaşınalıqlar törədən azğınların dərsini birdəfəlik verməyə ruhlandırdı. Bu məqsədlə avqustun 22-də şəhərin mərkəzi meydanında izdihamlı mitinq keçirildi. Ə.Hümbətov mitinq iştirakçılarının diqqətini yayındırmaq məqsədilə meydandakı “Zabitlər evi”ndə cəbhədə həlak olmuş bir şəhidin dəfn mərasimini təşkil etdi.\r\nBütün çıxışlarında özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verməyə çalışan Ə.Hümbətov iyrənc hərəkətlərə əl atdı. Mitinqdə çıxış edən adamları təqibə başladı. Avqustun 23-də bölgədə böyük nüfuz sahibi olan, hamının hörmətlə “müəllimə” kimi müraciət etdiyi Dilrüba Camalovanın həyat yoldaşını – hərbi hospitalın baş həkimi Şəmsəddin Talışinskini və bir neçə başqa adamı həbs etdi. Bunu eşidən şəhər əhalisi meydana axışdı. Gözünü qan tutmuş Ə.Hümbətov və onun adamları dinc sakinlərə qarşı silah işlətməkdən çəkinmədilər. Meydanı əhatəyə almış quldur dəstəsinin üzvləri əhalinin başı üzərindən havaya avtomat silahlardan atəş açdılar.\r\nArtıq cana doymuş xalqın qəzəbi aşıb-daşırdı. Hərbi hospitalın bütün kollektivi cəbhədə yaralanmış xəstələrlə meydana daxil olanda minlərlə şəhər sakini onlara qoşuldu. Vəziyyətin gərginliyinə tab gətirməyən quldur dəstəsi icra hakimiyyəti binasını tərk edərək meydana bitişik olan hərbi hissəyə qaçdı.\r\nBundan sonra xalq tərəfindən tutulmuş icra hakimiyyəti binasının qarşısında izdihamlı mitinq başlandı. Ə.Hümbətov mitinq iştirakçılarına ultimatum göndərdi ki, dağılsınlar, əks təqdirdə, zirehli texnika və hərbi qüvvə ilə gələrək qırğın törədəcək. Elə bu məqamda Heydər Əliyevin respublika televiziyası ilə xalqa müraciət etməsi lənkəranlıları daha da ürəkləndirdi. Ətraf rayonların camaatı da Lənkərana axışdı.\r\nMilli təhlükəsizlik, daxili işlər nazirləri, sərhəd qoşunlarının komandanı, müdafiə nazirinin müavini və başqa yüksək rütbəli hökumət məmurları Lənkərana gəldikdən sonra hərbi hissədə yaradılmış təşkilat komitəsinin üzvləri ilə danışıqlar başlandı. Səhər açılanadək davam edən mürəkkəb danışıqlar prosesi zamanı ehtirasları cilovlamaq mümkün olmadı, azğınlaşan əlikramçılar şəhərin üç dinc sakinini – 1953-cü il təvəllüdlü dülgər Etibar Əliyevi, 1946-cı il təvəllüdlü məişət xidməti işçisi Paşa Təhməzovu, hərbi hospitalın rentgenoloqu, 1936-cı ildə anadan olmuş Soltan Bayramovu vəhşicəsinə qətlə yetirdilər.\r\nQuldurlarla danışığa girən müdafiə nazirinin müavini Vahid Musayev ikibaşlı oyun apararaq Ə.Hümbətovun qaçmasına şərait yaratdı. Bundan hiddətlənən mitinq iştirakçıları hərbi hissəyə yürüş keçirdilər. Vahid Musayevi, hərbi hissənin komandirini, Əlikramın bir neçə əlaltısını həbs edərək Bakıya göndərdilər.\r\nAzərbaycan dövlətçiliyinin müdafiəsi uğrunda həlak olmuş şəhidlərə ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Milli Qəhrəman” adı verilməsi rəğbətlə qarşılandı. Mitinq iştirakçıları Azərbaycan rəhbərliyi ətrafında daha sıx birləşmək barədə qərar qəbul etdilər.\r\nMüstəqil Azərbaycanın inkişaf etdirilib bugünkü tərəqqi yoluna çıxarılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri var. Bunu hamı etiraf edir. Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində Heydər Əliyev həmişə canından artıq sevdiyi xalqına arxalanıb. Qədirbilən Azərbaycan xalqı da öz sevimli rəhbərini heç vaxt darda qoymayıb. Xalq – Heydər Əliyev birliyi 34 ildə çox maneləri dəf edib, hamıya müşkül görünən mürəkkəb məsələləri yoluna qoyub. 1993-cü il avqustun 23-də Lənkəranda olduğu kimi.\r\nƏli öz həmyerlilərinin qanına batmış, Vətənə, xalqa xəyanətdə suçlandırılaraq haqlı olaraq ömürlük həbs cəzasına məhkum edilən Əlikram Hümbətovun, təəssüf ki, Leyla Yunus kimi və ona bənzər hüquq müdafiəçiləri tapıldı. Beynəlxalq təşkilatlar da belələrinə züy tutdular. “Siyasi məhbus” adlandırılan Əlikram Hümbətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əfv olunaraq ölkədən çıxarıldı. Təsəllimiz bu oldu ki, Əlikram Hümbətov Azərbaycan vətəndaşı adından məhrum edildi. Vətənə xəyanət edənlərin aqibəti, şübhəsiz ki, belə şərəfsiz olur.\r\n\r\nTelman ƏLİYEV

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 1
  • 1
  • 604
  • 4,282
ILK-10 Azeri Website Directory