“Kişi od olanda, qadın gərək su olsun”- (Məşhurların xanımları )

Kişi od olanda 7.10.2013Bu yaxınlarda Azərbaycanın Xalq şairi Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının “Ömürdən yarpaqlar”adlı kitabı nəşr olunub. Kitab müəllifin şairlə yaşanan ağrı-acılı, sevincli günlərinə işıq tutan bu xatirələr geniş oxucu marağına səbəb olub. Qəzetimizin oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq, əməkdaşlarımızın Gülxanım Fətəliqızından aldığı müsahibəni təqdim edirik.\r\n–Gülxanım xanım, ilk öncə qəzetimizə müsahibə verməyə razı olduğunuza görə sizə təşəkkür edirik. Sizə ünvanlanan ilk sualımız isə belədir: Böyük şairimiz Məmməd Arazla tanışlıqdan əvvəl onunla birgə həyat, ailə quracağınızı heç xəyalınızdan keçirmisdinizmi?\r\n–Mənim şeirə, poeziyaya marağım Məmmədlə başlamayıb. Ədəbiyyatın vurğunu idim. Gənclər arasında belə bir həvəs var idi, yeni çıxan ədəbiyyat nümunələrindən mütləq hər kəsin xəbəri olmalı idi. Bunu dövr tələb edirdi, həm də mən ədəbiyyatçı idim axı..\r\nMəmmədi şair olduğuna görə seçməmişəm, bir gün məni şeirləri ilə ovsunlayacağı fikrinə düşməmişəm. Sadəcə bir insan kimi bəyənmişəm, könlümə yatıb və beləcə bizim ailə qurmağımıza qarşı olan bütün narazılıqlara baxmayaraq, bütün çətinliklərə göz yumaraq, ailəmizi qorumağa çalışmışıq. Həmişə bir-birimizin əlindən tutmuşuq. Çətinliklərimiz həddindən artıq çox olub. Amma güzəştə getməyi bacarmışıq. Səbr etmişik.\r\n– Necə tanış oldunuz?\r\n–Elə oldu ki mən Məmmədin əmisi oğlu, bir də qardaşı olan qrupa düşdüm. Hamısı Allahın qismətidir… Evləndik. Noyabr ayı idi. Qışı keçirdik. Bizim bir evimiz var idi, yarım zirzəmi, o yarım zirzəmidə balaca bir pəncərə həyətə çıxırdı. Bir divan, çarpayı, balaca mətbəx stulu bura güclə yerləşirdi. Dörd il mən həmin evdə əziyyət çəkmişəm. Mən hərdən qayıdıb gəlirdim Bakıya, təzədən qayıdırdım anamın yanına, kənd camaatını da bilirsiz də xısınlaşırdılar ki, yəqin ayrılıb. 1971-ci ildə də xəstəliyə tutuldu, o xəstəliyi 30 ildən də çox çəkdi. Adına parkenson xəstəliyi deyilir. Mənim həyatım, əgər buna həyat demək olarsa, ağrılar içində keçib.Heç bir həyat görməmişəm…\r\nTəzə evlənmişdik ki, Moskvaya oxumağa gedirəm, dedi. 2 il bir-birimizdən ayrı qaldıq. O ayrılıq mənim üçün çox çətin keçdi. Qubaya anamın yanına qayıtdım. Bu bizim ən uzun ayrılığımız idi. Bundan sonra təbii ki, ezamiyyətlərə. Amma qısa müddətə…\r\n– Müsahibələrinizdən birində öyrəndik ki, şeirlərini ən birinci sizə oxuyardı, bəyənəndə “xoşuma gəldi” deyərdiz, bəyənməyəndə susardız. Zaman keçdikcə bu yanaşmanızda bir dəyişiklik oldumu?\r\n– Xəstəliyindən sonra xəttini məndən başqa heç kim oxuya bilmirdi. Yəni mənim yerimdə başqa bir qadın olsaydı bəlkə də o şeirlər yazı ömrünü yaşaya bilməzdi və Məmməd Araz indiki Məmməd Araz qüdrətində olmazdı. Çünki mənim qənaətimcə, o, ən yaxşı, ən qüvvətli şeirlərini xəstə vaxtlarında yaradıb. Həmin prosedur belə idi. Məsələn, hərfi yazırdı, sonra xətt çəkirdi və mən o hərflə sözü tuturdum, tapırdım.\r\n– Bir müddət istirahət yeri kimi tez-tez Kəlbəcəri seçərdiz. O günlər xatirinizdə necə qalıb?\r\n–Məmməd Kəlbəcər bir muzeydi, deyərdi. Biz ora ilk dəfə 1968- ci ildə, mənim xəstəliyimə görə müalicəyə getməli olduq .İstisuya. Bu kələ-kötür dağlıq yollardan elə bil ki cənnətə düşdük. O vaxtkı Stepanakert idi. Burada bir kəlmə də Azərbaycan dilində danışmırdılar, divar-bucaq da Azərbaycan hərfi də yoxudu, hamısı erməni hərfi idi. Mən təəccüblə baxanda, Məmməd qayıdıb dedi ki, bilirsən bura haradı, dedim ki, hə, Stepanakertdi. Dedi:“Evimizin içində düşmən evi”. Getdik, Kəlbəcərə dolama-dolama yollarla. Hələ Kəlbəcərə çatmamış görürsən qayalar sütun çəkib bir formada bir- birinin arxasında elə dayanıb ki, adam bu möcüzəni sözlə izah etməkdə çətinlik çəkir. Birinci səfərdə İstisuda onun xeyli şeirləri yarandı: “ Daş qartal”, “Həkim çay”, “ Oxuyan Təbriz”… İstisu unudulası yer deyil, necə mənzərəli, gözəl idi.İstisunu, bu yeri heç bir rəssam və ya memar yarada bilməz, bu su özünə elə bir əzəmətli heykəl ucaltmışdı ki… Sonralar bir gün biz Murov dağında əsgərlərlə görüşə getmişdik. Qayıdıb gələndə Gəncədə bir yataqxanada məskunlaşan kəlbəcərlilərlə görüşdük. Hərəsi əlində bir kitabla gəldi ki, Məmməd imzalasın.\r\n– Sevgi məktubları da varıydı, şairə gələn sevgi məktubları… Sizdən gizlətdiyi olubmu?\r\n–(gülür) Yox məndən gizləmirdi. Gizlədirdi deyəndə təbii ki məktublar iş yerinə gəlirdi. Oturub söhbət eliyirdik. 1996-cı il olardı. Məktublardan söhbət düşdü. Dedi ki, istəyirəm, cavanlıqda mənə gələn sevgi məktublarını sən çap elətdirəsən. Dedim, sən niyə o məktubları evə gətirmirdin? Dedi, cavanıydın, qorxurdum, ürəyinə xal düşər.\r\n– Yerinə yetirə bilmədiyiniz nəsə bir istəyi olubmu…Etməmisiz və bu, sizdə bir niskil kimi qalıb?\r\n–Yox, mən onun 25-26 kitabını çap elətdirmişəm. Hamısının əziyyətini özüm çəkmişəm. Özüm kompyuterdə yığmışam ki,pulu çox çıxmasın. Amma məqalələri qalıb, çoxu qalıb, bir neçəsini çap elətdirmişəm. Məmməd şeir yaza bilməyəndə, məqalələr yazırdı- təbiətə, dostlarına aid. Orda elə gözəl fikirlər deyirdi ki…\r\n– Məmməd müəllim bilirik ki, qayğıkeş ata olub…\r\n–Şairlə yaşamaq asan deyil. Məsələn, mən 10 il işləmədim. Qoymurdu məni işləməyə. Axır bir dava ilə işləməyə başladım. Əvvəllər mən işə gedəndə adamlarla ünsiyyət qura bilmirdim, 4 divar 2 uşaq, ancaq onlarla danışırdım, ona görə ki Məmməd həmişə öz aləmində idi, yaradıcılığı ilə məşğul idi. Söhrab Tahirin bir sözü var: “Biz bir misranı yüz cürə fikirləşirik, görək harda necə səslənər bu misra”. Təbii ki qayğıkeş ata olub… Amma kim desə ki evində dava olmur, narazılıq olmur, inanmayın, yalan sözlərdi. Dava da olur, narazılıq da olur, incimək də olur, barışmaq da… Mən özüm atasız böyümüşəm deyən istəməmişəm ki, qızlarım da atasız böyüsün….Ona görə də kişi od olanda, qadın gərək su olsun.Mənim üçün həmişə hər şeydən əvvəldə ailəm dayanıb. Elə rəhmətlik üçün də…\r\n– Məmməd müəllimlə uzun müddət bir həyatı bölüşmüsünüz. İndi Məmməd Arazsızlıqla barışa, Məmməd Arazsızlığa alışa bilmisizmi?\r\n–Qəbrinin üstü götürülənə qədər məndə bir dəli hiss vardı. Heç dözə bilmirdim onsuzluğa. Doğrudan da zaman ən böyük həkimdi, vaxt bütün ağrıları, yaraları sağaldır…\r\n– Məmməd müəllimin o vaxt “Ədəbiyyat və İncəsənət”qəzetindən çıxarılmasının səbəbi nə idi?\r\n–Biz Yesentukiyə gedən kimi Məmmədi katiblikdən çıxartdılar.Əslində məzuniyyətdə olduğu müddətdə bir işçini işdən çıxarmağa heç kimin haqqı yoxdu. Bu, ədalətsizlik idi.Səbəb kimi də Nəriman Nərimanovun heykəli tikilməmiş onun şəklinin çəkilib qəzetdə dərc olunması göstərilirdi. Əslində o işdən hamının xəbəri var idi. Məsələnin kökü gedib tarix boyu bizim mənfur düşmənimiz olan ermənilərə dayanır. “Heç Leninə bu qədər yer ayrılmır, amma Nərimanova bütöv bir səhifə həsr edilir” deyərək qəzet nüsxəsi rəhbərliyə göndərilir. Əl- ayağa düşən qəzet işçiləri də bu işi Məmmədin ünvanına yazıblar. Bu haqsızlıqdan sonra laqeydliklər başladı. Məmmədin açıq fikirləri, xalq arasında olan hörməti onları narahat edirdi. …\r\n– Bütün Azərbaycanın sevimli şairi , sizə necə, könlünüzcə olan şeirlər yazmışdımı?\r\n–O mənə şeir yazmırdı, bir-iki şeir var idi sadəcə. Mən gileylənərdim ki, bütün şairlər qadınlarını vəsf edir, bir səndən başqa.. Şeirlərinin birindən “..sel boğan dərələri, bir mərd qadınla keçdim…” bu misranı dedi və : “heç bir şair öz qadınını belə adlandırmayıb, bu sənin bəsindi..” deməklə cümləsini bitirdi.\r\nAmma əvəzində Zəlimxan Yaqubun mənə həsr etdiyi bir şeir var ki, orda hər ikimizin ömür-gün yoluna işıq tutulur…\r\n\r\nYandır işığını Məmməd Arazın,\r\n Yandır işığını, Gülxanım bacı!\r\n Ürəyə köçürün,yaddaşa yazın,\r\n Bu haqq aşığını, Gülxanım bacı!\r\n\r\nFirəngiz Ağalar,\r\nMəhəbbət Hacıyeva

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 29
  • 18
  • 1,251
  • 2,545
ILK-10 Azeri Website Directory