Arzu edirik ki, bir gün noyabrın 9-da bütün eyvanlarda Azərbaycan bayrağı asılsın

Arzu edirik ki 10.11.2013İki gündür ki, bayram içində yaşayırıq. Daha doğrusu bayram və bayraq içində. Arzu edirik ki, günlərin bir günü noyabrın 9-da bütün eyvanlarda Azərbaycan bayrağı asılsın. Və bunu sakinlər ona görə etməsinlər ki, Bakı İcra Hakimiyyətinin sərəncamı var, ya da yuxarıdan tapşırıblar. Ona görə etsinlər ki, onlar bu baryağı öz eyvanlarında, öz damlarında ürəylərinin istəyi ilə görmək istəyirlər. Amma indilikdə bu barədə danışmaq tezdir. Çünki sakinlərin böyük əksəriyyəti öz eyvanlarında asdığı zivəyə tuman köynək qurutmaq üçün əlverişli yer kimi yanaşır.\r\nBayraq və onun mənası haqqında isə çoxlu sözlər deyilib. Mən əminəm ki, bu sözlərin 99 %-i sadəcə pafosdu. Bayraq sözünün əslində bir mənası var və mən bu məna barədə danışmaq istəyirəm.\r\nBayraq məxsusluq işarəsidir! Mənə, bizə məxsusluğu əks etdirən sadə, amma dəyərli işarə. Vəssəlam.\r\nOna mahnı bəstələmək olar. Ona şer həsr etmək olar. Onu ucalığa qaldırıb onunla bərabər ucalmaq olar. Ondan paltar biçib geyinmək olar. Onun uğrunda son damla qanadək fəda olmaq olar. Və ona görə sadəcə… ölmək olar!\r\nƏlbəttə bütün bunlar emosiyadır, hissdir, duyğudur.\r\nƏslində isə bayraq işarədir. Mənə, sənə, ona-bizə məxsusluğu şərtləndirən adi bir işarə. Bayraq taxıldığı hər bir nöqtəni bizimki edir.\r\nBiz ən yeni tariximizdə 3 bayrağa bizimki demişik. Bunlardan biri SSRİ bayrağı idi. Bu 15 respublikanın hər birinə məxsus idi, amma həm də heç birinə məxsus deyildi. Baxmayaraq ki, onun da uğrunda yaşayanlar və ölənlər var idi.\r\nBir bayraq da var idi. Guya bizim- Azərbaycan Sovet Sosialist respublikasının. Oraq və çəkicli. Dövlətin fəhlə-kəndli mahiyyətinin ifadəçisi. 1988-ci ildən başlayan milli ayılma bizi özünə gətirməyə başladı. Birdən anladıq ki, o bayraq nəinki bizim deyilmiş, heç ümumiyyətlə bayraq deyilmiş. Velikorus bayrağının bizim dilimizə kirill hərflərilə çevrilmiş kopiyasıymış vəssəlam. Xalqın ruhunda baş vemiş zəlzələ nəticəsində hər şeyin altı üstünə çevrildi. Tarix də. Və elə bu tarixin altında qalmış bayrağımız da üzə çıxdı. Əvvəl onu başımızın üstünə qorxa-qorxa qaldırdıq. Hər ehtimala qarşı əski sovet əskisini də unutmadıq ki, guya balans saxlayırıq. Yeni bayraq yaxşıca unudulmuş köhnə bayraq idi.\r\nXalq bayrağın maddi dəyərini -oraq çəkici mənəvi dəyərlərə dəyişdi. Müasirlik, türklük və islam rənglərinə. Bu, artıq məzmun etibarilə yeni bayraq idi. Bu artıq fəhlə kəndlinin təsərrüfat alətləri ilə bəsitləşdirilmiş əski parçası deyildi.\r\nBu gün Azərbaycanın dünyanın onlarla ölkəsində işarə qoyduğu ərazilər var. Bunlar bizim səfirliklərimizdir. Bayrağımızın böyüyüb boya-başa çatmasında xalqımızın, onun seçilmiş övladlarının xüsusi rolu var. Məhəmməd Əmindən Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy… İlham Əliyev….\r\nBayrağı camaat dəyişdi. Onu meydanlarda qaldıranlar dəyişdi. Və bu bayraq da bizi dəyişdi.\r\nDövlət onu öpüb göz üstə qoymaq nümunəsi göstərdi. Bu bayrağı başımızın üstündə tutduq. Onu incidənlərə qardaş da olsa güzəştə getmərik dedik. Döyüşdən, səngərdən, bəzən qardaş qırğınından belə keçirərək gətirdiyimiz bayrağımız taxılacağı yerləri gözləməkdədir. Taxılın bizə məxsus olduğunu göstərəcək yerlər hələ çoxdur!\r\nUzağa niyə gedirik ki? Bu il oktyabrın 9-da Azərbaycan özünə başçı seçirdi.\r\nDünya müsəlmanlarının qibləsi Məkkə öz tarixinin görünməmiş səhifəsini yaşayırdı.\r\nBir tərəfdə Dinimizin Tünd Qutusu idi, onun beş addımlığında isə dövlətimizin şəffaf qutusu.\r\nVə Azərbaycan dünyəvi dövlətdir.\r\nAmma bu dövlətin bayrağındakı yaşıl rəng dinmizin rəmzi kimi bizi imanlı olmağa dəvət edir. Bu rəng nahaq yerə lap altda deyil. Ona görə ki, qalan bütün rənglər onun üstdə bərqərardır.\r\nBayraq günü münasibətilə mən Azərbaycanın Milli Azadlıq Hərəkatının mücahidlərindən biri, Gültəkin nənəni təbrik etmək istədim. Gültəkin nənə o qadındır ki, 1988-ci ildə Azərbaycanın 3 rəngli bayrağını tikib meydana gətirmişdi. 3 rəngli bayraq o zaman satışda deyildi, fabriklər də tikilmirdi. Bu bayraq onun əl işi idi. 87 yaşlı nənə ilə telefonla danışa bildim. Bizə, millətə dua elədi. Səsi titrəyirdi. Deyəsən çox pis eşidirdi. Nəvəsi Nəzrinlə, anası Rüxsarə xanımla danışdım. Onunla müsahibə etmək, heç olmazsa bayraq günü ona bir dəstə çiçək bağışlamaq istədiyimizi çatdırdım. Razı olmadılar. Baxmayaraq ki, Gültəkin nənə özü razı idi. Və elə bu söhbətlərimdən də bir qənaətə gəldim. Biz bəzən nəinki kimlərlə bir ölkədə, hətta bir binada, bir mənzildə yaşadığımızın, eyni havanı udduğumuzun xoşbəxtliyini sonadək dərk edə bilmirik.\r\nBu gün Gültəkin nənənin 87 yaşı var. Allaha şükür ki, o bizimlə bir yerdədir, çoxları onun artıq dünyanı tərk etdiyini düşünsə belə. Amma Gültəkin nənə də hər birimiz kimi bu dünyada müvəqqətidir. Bəs sabah o dünyada olmayanda ondan nə qalacaq. Xatirələr… Bəs bu xatirələri daşıyan insanlar dünyanı tərk edəndə necə olacaq? Biz Gültəkin nənəni dövlət və tarix üçün toplamalıyıq. Yığmalıyıq. Günbəgün. Saatbasaat. Anbaan. Lentə almalıyıq. Onun bu gününü, sabahını, dünyanı tərk edəcəyi günədək hər bayramını, hər matəmini yazmalıyıq ki, tarixdə bu unikal qadın özünə layiq mərtəbədə yerləşsin. Sonra gec olacaq.

Şərhini bildir

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 35
  • 26
  • 445
  • 2,063
ILK-10 Azeri Website Directory