Azərbaycanın milli, demokratik inkişafının mötəbər qarantı

Azərbaycanın dövlət müstəqilliyinin iyirmi ikinci ildönümü ərəfəsində azad, ədalətli və şəffaf şəraitdə keçirilən 9 oktyabr prezident seçkiləri xalqımızın siyasi iradəsini tam əks etdirmiş, demokratikləşmə və sosial-iqtisadi inkişaf prosesinə yeni təkan vermişdir. Seçicilərin böyük əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi ulu öndərin siyasi kursuna Azərbaycanda alternativ olmadığını, onun milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmişdir. Seçkinin nəticələri hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən inkişaf konsepsiyasının böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir.\r\nAndiçmə mərasimindəki proqram xarakterli nitqində dövlətimizin başçısı İlham Əliyev bu məsələlərə böyük önəm verərək demişdir: “Hesab edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir… Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir”.\r\nBiz müasir və güclü dövlət qururuq. Son 10 ildə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə təsdiqləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində dünyada analoqu olmayan sıçrayışlı inkişaf yolu keçib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir.\r\nİqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi inkişaf templəriinə görə dünyada ön sıralardadır. Hətta ötən illərdəki dünya iqtisadi və maliyyə böhranı şəraitində belə Azərbaycanın sürətli inkişafı öz-özlüyündə çox şey deyir, ölkəmizin güclü iqtisadi resurslara söykəndiyini göstərir. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycanın böhranlı vəziyyətdə belə öz inkişaf kursuna sadiq qalması, sürətli tərəqqiyə nail olması aparılan məqsədyönlü sosial-iqtisadi islahatların bəhrəsidir. Təsadüfi deyil ki, Azərbaycan hazırda öz uğurları ilə, sözün həqiqi mənasında, öyünə bilir. Nəzərdə tutulan dövlət proqramlarının və infrastruktur layihələrinin inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur.\r\nBeləliklə, Azərbaycan sürətlə inkişaf və tərəqqi edir, günbəgün müasirləşir, öz siyasi və iqtisadi qüdrətini durmadan yüksəldir. Azərbaycanın sürətli inkişafını önə çəkən Prezident İlham Əliyev bildirib ki, bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələrdir və müstəqil siyasətdir. Bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir. 9 oktyabr prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Son 10 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına yönəlmişdir.\r\nPrezident İlham Əliyev ötən dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir. Yüksək siyasi iradəsi, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması dövlət başçısının prezident seçkilərində xalq tərəfindən yüksək dəstək almasını birmənalı təmin etmişdir.\r\nSeçkilərin nəticələri həm də birmənalı olaraq təsdiqlədi ki, bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük etimad bəsləyir, onun yüütdüyü siyasi kursu hərtərəfli dəstəkləyirlər. Seçicilərin böyük əksəriyyətinin – 84,54 faizinin məhz cənab İlham Əliyevə səs verməsi belə bir həqiqəti də ortaya qoydu ki, Azərbaycanın siyasi mühitində son 10 il ərzində onunla rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur. Həqiqətən də, Azərbaycanın müasir tarixinin mühüm reallığı ulu öndərimizin yaratdığı sabitliyin, müəyyənləşdirdiyi siyasi kursun son 10 ildə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni məzmunda, uğurla davam və inkişaf etdirilməsidir.\r\nAzərbaycanın bugünü və gələcəyi baxımından əvəzsiz rola malik bu siyasi kurs özündə mükəmməl siyasi, sosiai-iqtisadi və mədəni inkişaf konsepsiyalarını birləşdirir. Odur ki, ölkəmizin on illik inkişafı əsrə bərabərdir və əksər dövlətlərə nümunə göstərilir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir.\r\nÖlkəmiz bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır. Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, dostların sayının artması isə bizim siyasətimizin təntənəsidir.\r\nAzərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar var, nəhəng infrastruktur layihələri icra edilir, şəhərlərimiz abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, Azərbaycan uğurla inkişaf edir. Təsadüfi deyil ki, iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli ölkə iqtisadiyyatları sırasına daxil edilib. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan həm də kosmik dövlətə çevrilibdir.\r\nÖlkəmiz son on il ərzində dinlərarası, millətlərarası münasibətlər baxımından da artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar dövlətimizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu günlərdə ölkəmizin paytaxtında keçirilən Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu və forumda qaldırılan məsələlərin əhatəliyi də bu reallığı təsiqləyir. Forumda yetmiş ölkədən 800-ə yaxın qonağın – dünya birliyinin böyük bir hissəsinin intellektual elitasının iştirakı da bunun təsdiqi, ölkəmizin böyük uğurudur.\r\nDövlətimizin başçısı İlham Əliyev forumun açılış mərasimindəki nitqində demişdir: “Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələdir. Hesab edirəm ki, ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıbdır. Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir”.\r\nSon 10 ildə Azərbaycanda bütün sahələr, xüsusən də, elm və təhsil də sürətlə inkişaf edir. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, sahənin idarə olunmasının demokratikləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.\r\nPrezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mühüm əhəmiyətə malikdir.\r\nMüstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, dünyada söz sahibinə çevrilməsi günümüzün reallığıdır. Azərbaycanın inkişaf istiqamətlərinin müxtəlif və bir-biri ilə sıx bağlı olduğunu önə çəkən Prezident İlham Əliyev növbəti hədəfi belə açıqlamışdır: “Dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik”.\r\nHəqiqətən, 9 oktyabr prezident seçkiləri “iqtidar-xalq” birliyinin nə qədər böyük gücə malik olduğunu bir daha təsdiqlədi.\r\n\r\nMüşfiq ATAKİŞİYEV, Azərbaycan Elm və Təhsil Mərkəzi, “Təfəkkür” Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory