Gələn ilin dövlət büdcəsi: iqtisadi inkişafın aynası

Gələn ilin 4.12.2013Hazırda iqtisadiyyatın dinamik inkişafı, görünməmiş yüksəliş, tərəqqi Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir, insanların həyat tərzini yeniləşdirir. Genişmiqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.\r\nAzərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.\r\nDövlət proqramlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması ötən 10 ildə ölkə iqtisadiyyatında inkişaf bumuna səbəb olmuşdur. Sözügedən dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirək.\r\nÜmumi daxili məhsul dinamikası son on ildə ölkə iqtisadiyyatının 7 dəfədən çox artdığını göstərir. Bu müddətdə adambaşına düşən ÜDM təxminən 6,7 dəfə artmışdır. Yeri gəlmişkən, müqayisə dövrü ərzində Ermənistan və Gürcüstan iqtisadiyyatı müvafiq olaraq 3,6 dəfə artmışdır. MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazaxıstanda bu göstərici 6 dəfəyə yaxın olmuşdur. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı artım tempinə görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlamış, həmçinin MDB-də ilk yeri tutmuşdur. Bundan başqa, bəhs etdiyimiz dövr ərzində iqtisadi artımı şərtləndirən amillərin də diversiyası nəzərə çarpmışdır. Belə ki, əgər 2003-2008-ci illərdəki artıma səbəb neft sektorunda baş verən intensiv hasilat idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynamış və 2010-cu ildən etibarən neft sektorundakı azalmaya baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qoruya bilmişdir.\r\n2003-2013-cü illərdə qeyri-neft sektoru 3 dəfədən çox artmışdır. Azərbaycan bu müddətdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olmuşdur. 2003-cü ildə adambaşına düşən ÜDM 3 min 150 dollar idisə, bu rəqəmin cari ilin sonuna qədər 11 min dollara çatması gözlənilir. Həmin göstərici ilə Azərbaycan son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur. Bu dövrdə respublikanın tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlmişdir.\r\nStrateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatmışdır. İşsizlik səviyyəsi 5,1 faizə endirilmişdir. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə enmişdir. 3 milyon insan yoxsulluq səviyyəsindən azad olmuşdur. Hazırda Azərbaycan yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən, respublikamız dünyada ilk 25-ci sırada qərarlaşmışdır. Eyni zamanda, ölkəmiz makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət arasında ilk səkkizlikdədir.\r\nOnu da qeyd edək ki, gələn il tarixdə ilk dəfə dövlət büdcəsinin xərcləri 27 milyard dollar təşkil edəcək. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində bu cür dinamika yoxdur. Belə inkişafın əsasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcə məhsuldar fəaliyyət durur. Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.\r\nAzərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində demişdir: “Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü olmayıb”. Bu, həqiqətən, belədir və Azərbaycanı gələcəkdə böyük uğurlar gözləyir. Milli Məclis tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi də söylənilən fikrin təsdiqi kimi diqqəti çəkir.\r\nXatırladaq ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri 18384 milyon manat, xərclər isə 20063 milyon manat nəzərdə tutulur. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1679 milyon manat və yaxud proqnozlaşdırılan ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcəkdir.\r\nDövlət büdcəsinin xərclərinin 54,2 faizi cari xərclərə, 41,9 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Müvafiq olaraq 2013-cü illə müqayisədə 2014-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi 3,9 faiz azalmış, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə dəyişməz olaraq qalmışdır.\r\nGələn il üçün dövlət büdcəsi xərclərinin artımı dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının və ölkə üzrə bir sıra sosial ödənişlərin artırılması, yeni təşkilatların fəaliyyətə başlaması, yeni dövlət proqramlarının təsdiqi və digər zəruri məsələlərin həlli üçün vəsaitin ayrılması hesabına olmuşdur.\r\nFunksional istiqamətlər üzrə bu ilə nisbətən gələn il dövlət büdcəsi xərclərində sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artmışdır.\r\nGələn il əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1 milyard 649 milyon manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 222 milyon manat vəsait yönəldiləcəkdir.\r\n2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,3 milyard manat vəsait ayrılacaqdır. İnvestisiya xərclərindən (əsasən 2014-cü ilə keçid obyektləri üçün) ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının, habelə bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılması da nəzərdə tutulur.\r\nDövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur. Gələn il üçün Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert ediləcək. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Sözügedən dövrdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsindən isə dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz artıqdır.\r\nQanun layihəsində gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 milyard 637 milyon 362 min manat olması proqnozlaşdırılır. Kənd təsərrüfatı, meşə, nəqliyyat, rabitə xərclərinə ümumilikdə 1 milyard 167 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Sahibkarların güzəştli kreditlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ödəniləcək. Naxçıvan MR-ə isə bu məqsədlə 5 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. “Aqrolizinq” Səhmdar Cəmiyyətinə isə dövlət büdcəsindən 35 milyon manat ayrılması proqnozlaşdırılır. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq. Dövlət büdcəsində sosial ipoteka və ilk Avropa Yay Olimpiya Oyunları ilə bağlı da müvafiq xərclər proqnozlaşdırılır.\r\nGələn il Neft Fondu qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması üçün 300 milyon manat, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil almasına 33, 7 milyon manat, Samur-Abşeron kanalının inşasının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsinə 100 milyon manat, yeni neft-qaz emalı müəssisənin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəsində Azərbaycanın payı üçün 223 milyon manat vəsait ayıracaq.\r\n\r\nVaqif BAYRAMOV.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 39
  • 30
  • 1,286
  • 2,559
ILK-10 Azeri Website Directory