Kökə bağlı insan

kökə bağlı insan 16.12.201İlk tanışlığımız “Elm və həyat” jurnalının redaksiyasında olub. Redaksiyaya iş üçün getmişdim. Jurnalın o zamankı baş redaktoru mənə dedi ki, hələlik bizdə boş yer yoxdur, amma səni bir əməkdaşımızla tanış edərəm, onunla birlikdə jurnal üçün materiallar hazırlayarsınız, jurnalda çap olunar, yer boşalanda isə səni işə götürərəm…\r\nMehparə ilə o vaxtdan (1980) başlayan tanışlığımız çox tez bir zamanda dostluğa çevrildi. Onun köməkliyi ilə (çünki o, akademiyanın institutlarını yaxşı tanıyırdı) hazırladığımız yazılar jurnalda çap olunduqdan sonra, mən də jurnala, onun əməkdaşlarına isinişməyə başladım. Mehparə də mənim iş yerimə (indiki Əlyazmalar İnstitutunun Şəxsi arxivlər şöbəsinə) tez-tez baş çəkdiyinə görə, şöbənin işçiləri zarafatla “bu qız əvvəl-axır səni buradan aparacaq” deyirdilər. 1983-cü ildə mən jurnala işə qəbul olundum və bir yerdə çalışmağa başladıq.\r\nƏslində, onun insanlarla tez dil tapıb doğmalaşmağının sirli bir səbəbi yoxdur. Onu yaxından tanıyanların hamısı yaxşı bilir ki, bu zərif vücudun köksündə çox möhkəm, əyilməz, dəyişilməz və hər kəsə etdiyi xeyirxahlığından böyük zövq alan fədakar və öz doğmalarının, yaxınlarının xoşbəxtliyini özününkü sayan, həmişə nikbin görünən kişi qeyrətli bir xanım ürəyi döyünür.\r\nAzərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini 1976-cı ildə bitirən Mehparə 1977-ci ildən “Elm və həyat”da işə başlayıb və redaksiyada da həmişə ən çətin mövzuları seçib. Elmlər Akademiyasının Elmi-tədqiqat institutlarındakı yeniliklər, əldə edilən uğurlu nəticələr barədə hamıdan tez xəbər tutan da o olardı. İnstitut direktorları və başqa müəlliflərlə məqalə çapa gedənə qədər əlaqə saxlayaraq, dəqiqləşdirmələr aparmaqdan heç vaxt yorulmayıb. M.Axundovanın təkcə imzası deyil, özünəməxsus cingiltili səsi də “Elm və həyat”la əməkdaşlıq etmiş elm adamlarına yaxşı tanışdır. O, telefonla danışdığı insanlarla elə səmimi münasibət yaradırdı ki, bu da sonda jurnalın növbəti nömrəsi üçün maraqlı bir yazının ortaya çıxması ilə nəticələnirdi.\r\n1961-ci ildən nəşrə başlayan və 2013-cü ilin sentyabr ayınadək 52 illik tarixi bir yol keçmiş “Elm və həyat” jurnalının səhifələrində çap olunmuş yüzlərlə bir-birindən maraqlı yazıların sonuna imza atmış M.Axundova, həm də İctimai Radionun efirindən səsləndirilən və elmi ictimaiyyət tərəfindən maraqla izlənilən “Elm korifeyləri” rubrikasında “Elm yenilikləri”, “Nobel mükafatı laureatları” və “Dünyanın ən böyük kəşfləri” silsiləsindən 100-ə yaxın verilişin mətninin müəllifidir. Həmin verilişlərdə dünya alimləri sırasında xüsusi yeri olan Azərbaycan alimləri haqqında böyük məhəbbətlə söhbət açan Mehparə Axundova həmin korifey şəxsiyyətlərin elm aləmindəki uğurları ilə bərabər, onların həyatlarının indi xatirəyə dönmüş məqamlarının canlı şahidlərindən aldığı müsahibələrlə dinləyiciləri bəzən uzaq keçmişə “səyahət”ə apararaq, yaddaşları zənginləşdirməyə çalışmışdır. Amma çox təəssüf ki, Mehparə bir-birindən maraqlı olan bu yazılarını indiyədək bir yerə toplayıb kitab halında çap etdirməyib. Halbuki bir neçə kitablıq bu materilların toplu şəklində nəşr edilməsi çox vacibdir.\r\nZəhmətkeşliyi və xeyirxahlığı ilə onu tanıyanlar arasında daim hörmət qazanan Mehparə vaxtilə Şuşada sayılıb-seçilən maarifçi-pedaqoq kimi tanınmış Mirzə Xosrov Axundovun ailəsində dünyaya göz açıb. 1906-cı ildən pedaqoji fəaliyyətə başlayan Mirzə Xosrov Axundov (1889-1960) Şuşada yeni tipli məktəblərin təşkili, əhali arasında maarifçiliyin təbliği və Azərbaycanda qızların təhsilə cəlb olunması işində fəallıq göstərib. 1920-1930-cu illərdə savadsızlığın ləğvində fəal iştirak edib, savad təlimi sahəsindəki 50 illik təcrübəsini “Pedaqoji mülahizə və təcrübələrim” adlı əlyazmasında ümumiləşdirib. “Məclisi fəramüşan”ın üzvü olmuş M.Xosrov “Şaiq” təxəllüsü ilə şeirlər, Azərbaycan yazıçı və şairləri haqqında xatirələr də yazmışdır.\r\nDeyilənə görə, o, dərs dediyi şagirdlərinə öz doğma övladları qədər qayğı göstərər, kasıb ailələrin uşaqlarının çatışmayan dərs ləvazimatlarını özü alarmış. Şagirdlərinin xəttinə o qədər tələbkarlıqla yanaşarmış ki, sinifdə olan bütün şagirdlərin xətti bir-birinə oxşayarmış. Hətta bəzən şübhələnərmişlər ki, bəlkə bu yazıların hamısını bir nəfər – elə müəllimin özü yazır.\r\nMehparənin xarakterində cəmləşən yüksək insani keyfiyyətlərin formalaşmasında atası ilə bərabər, qonaqpərvər və mehriban anası Hürü xanımın da böyük rolu olub. Mehparə üçün həyatda qiymətli nemətlərdən ən birincisi Qarabağın gözu sayılan doğma Şuşa, sonra isə ailəsi, əzizləri, dostları və bir də öz övladı kimi sevib bağlandığı “Elm və həyat” jurnalı olub. Jurnalda çalışdığı illərdən yaddaqalan təltifləri isə “Qızıl qələm” mükafatı (2001), Azərbaycan Jurnalistlər Birliyinin Diplomu (2001, 2011) və bir də jurnalın 50 illik yubileyi münasibətilə AMEA-nın təqdim etdiyi Fəxri Fərman (2011) olub.\r\nMehparə Axundova indi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. Yeri gəlmişkən, bizi – “Elm və həyat” jurnalının sabiq əməkdaşlarını işlə təmin etdiyinə və normal iş şəraiti yaratdığına görə, Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyliyə hər birimizin adından təşəkkür etməyi özümə borc bilirəm (M.P.).\r\nÖz peşəsinə, əqidəsinə sadiq qalan əzizimiz Mehparəni doğum günü münasibətilə təbrik edirəm və ömrünün 60-dan sonrakı illərinin daha mənalı keçməsini arzulayıram. Qoy səbirsizliklə gözlədiyi övlad toyu onun ailəsinə xoşbəxtlik gətirsin və uşaqlıqda qarış-qarış gəzdiyi doğma Şuşanı öz doğmaları ilə birlikdə gəzib dolaşsın! Şuşalı günlərinin xatirələrini Şuşada yad etsinlər!\r\n\r\nMaral POLADOVA.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory