Cərrah ürəyi

cərrah ürəyi 29.12.2013Gecənin sükutunu iti addımlarla şütüyən ayaq səsləri pozurdu. Bu addımlar, sanki, ölümlə çarpışan kimisə həyata qaytarmağa, sönmüş bir ümidi yaşatmağa tələsirdilər. Əməliyyat otağında hər şey hazır idi. Bir anda cərrah formasını geyinib, həmişə olduğu kimi, köməkçi tibb işçilərinə lazımi məsləhətlərini verib diqqətli və cəld olmağı tapşırdı.\r\nƏməliyyat gecə saat üçdə başa çatdı. Xəstənin vəziyyəti ağır idi. Arterial təziq düşür, nəbzi getdikcə zəifləyirdi. Sabahı xəstə ilə birlikdə açdı. Gənc cərrah kabinetə girərkən əsl Azərbaycan qadınına məxsus nurani, agsaçlı qadının intizar dolu baxışları gözündən yayınmadı.\r\nBaşına dönüm oğul, beş bacının bir qardaşıdır mənim balam. Qoyma evimin işığı sönsün. Bu söz həkimi bir anda fikrindən ayırıb, onu uzaqlara, lap uzaqlara apardı. O, dərin sükuta getmişdi. Ananın səsi isə qulaqlarında hey deyirdi:\r\n– Beş bacının bir qardaşıdır, qoyma evimin işığı sönsün!..\r\nTək qardaşın bacı ücün necə arxa, dayaq, əlçatmaz varlıq olduğunu, sanki, indi bildi, duydu, hiss etdi həkim. Axı, o da səkkiz bacının tək qardaşı idi.\r\nÇalışdığı illər ərzində bu cür hallar çox olub İlham həkimin həyatında. Deyir kiçik yaşlarımda anam, bacılarım, qohumlar mümkün olmayan şeyləri də mənim üçün etməyə çalışırdılar. Laçın musiqi məktəbində oxuyan vaxtlar tarı sinəmə götürüb çalanda anam sevincdən bilmirdi neyləsin. Bacılarım mənə tarzən deyirdilər. Atam isə deyirdi: “Mənim arzum bu balaca tarzəni həkim görməkdir”.\r\nEl arasında belə bir deyim var: Ata alqışını, arzusunu, istəyini bəzən daha tez eşidir ulu Tanrı. Elə bu ata arzusu da gənc İlhamı 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib çıxardı. Orta məktəbdə oxuduğu dərsliklərdə müəllif kimi yadında qalan alimlərin geniş auditoriyalarda tələbələr qarşısında mühazirə oxuduqlarını görəndə sevinci, fərəhi yerə-göyə sığmırdı.\r\nÖmür mənalı keçəndə insan illərin necə sürətlə ötdüyünü hiss etmir. Mənalı ömür isə hamıya müyəssər olmur. Belə ömrü yaşayanlar el üçün, millət üçün, cəmiyyət üçün dəyərli insanlar olur, qəlblərdə əbədi heykələ dönürlər.\r\nİlham həkimin özü kimi, qəlbində, xəyalında canlı heykələ dönən, xalqın yolunda, şair demişkən, şam kimi əriyən insanlar çoxdur. Onlar yaşatdıqları adamlara sanki ömürlərindən pay verirlər. Özləri isə yaşadıqca ətrafa gur işıq saçırlar. Bəli, həkimlərin insanlara bəxş etdiyi ömür bax, belə işıqlı, nurlu, parlaqdır.\r\nİnsan onu əhatə edən cəmiyyətdən də əvvəl ailədə yetişir, özünü tanıyır və qələcək həyat yolunu düzgün müəyyənləşdirə bilir. İlham Kazımov hələ Tibb İnistitutunun üçüncü kursunu bitirdikdən sonra, orta tibb işçisi kimi xəstəxanaların təcili yardım şöbələrində işləməyə başlayır. İnstitutu fərqlənmə ilə bitirib,1989-90-cı illərdə Bakı şəhərindəki beş nömrəli xəstəxanada həkim-cərrah ixtisası üzrə internatura keçərək akademik Böyükkişi Ağayevin rəhbərlik etdiyi Elmi Tədqiqat Qastroluterologiya İnstitutunda fəaliyyətə başlayır.\r\nİnsan arzunun qanadlarında pərvazlanır – deyiblər. Dünya şöhrətli bir alimin yanında işləməyin özü böyük xoşbəxtlikdir. Ulu tanrı bunu hər adamın taleyinə yazmır. İlham Kazımov da Tanrının taleyinə yazdığı bu xoşbəxtliyin izi ilə getdi.\r\nTapşırılan işə məsuliyyətlə yanaşması, həkimlərlə ünsiyyəti, hər şeydən əvvəl yüksək mədəniyyəti, etikası, səmimiyyəti, peşəsinə olan marağı akademik Böyükkişi Ağayevin diqqətindən yayınmadı. Alimin böyüklüyü onun sadəliyində, səmimiliyində, insanlara diqqət və qayğı göstərməyində, alicənablığındadır. Akademik İlham Kazımova namizədlik dissertasiyası yazmağı məsləhət bilib, elmi rəhbərliyi öz üzərinə götürdü.\r\nİllər bir-birini əvəz etdikcə sevinc və həyəcan dolu günlər yaxınlaşırdı. Budur, həmin gün gəlib çatdı. 1996-cı ilin noyabr ayı. Vaxtilə təhsil aldığı Azərbaycan Dövlət Tibb İnstitutunun akt zalı. Elmi şuranın üzvləri, alimlər əyləşiblər. Hamının diqqəti tribunada təmkinlə danışan dissertanta dikilmişdi. Həmin gün onun həyatında yeni günəş doğdu. Elə bir günəş ki, onun şöləsi elmin gələcək yollarını daha da işıqlandıracaqdı.\r\nBulağın suyu dərindən çıxırsa, qurumaz… deyib babalar. Tibb elmləri namizədi, alimlik dərəcəsinə layiq görülən İlham Kazımovun içində, sanki, bir enerji, vulkan qaynayırdı. O, bu enerjini Böyükişi Ağayev kimi alimdən almışdı.\r\nMoskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində “Müxtəlif mənşəli qastroduodeual xoraların qanaxmalarının cərrahi müalicəsi” mövzusunda elmlər doktorluğu müdafiə etmək üçün mövzu götürüb işləməyə başladı. 2008-ci ildə bu elm ocağında müdafiə etdiyi doktorluq işi həmin ilin ən yaxşı dissertasiyası diplomuna da layiq görüldü.\r\nBundan sonra ömrünün daha qaynar cağları başlayır. Moskvada, Kiyevdə, Türkiyədə, Almatıda, İsfahanda və dünyanın bir sıra şəhərlərində beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirak edib fəxri diplomlara layiq görüldü.\r\nSöhbət əsnasında İlham Kazımov böyük razılıqla bildirdi ki, bu günədək əldə etdiyim bütün elmi nailiyyətlərə görə akademik Böyükkişi Ağayevə minnətdaram. Həkim deantologiyası, xəstələrə qulluq, onlarla davranış, hər xəstəyə psixoloji təsir etməklə, onları həkimin dediklərinə inandırmaq kimi hallar mənə bu böyük alimdən keçibdir.\r\nHazırda Elmi-Tədqiqat Qastroluterologiya İnstitutunun akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində mədə, oniki barmaq bağırsaq cərrahlığı şöbəsinin müdiri işləyən İlham Kazımov həm də Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. Üç övlad atasıdır. İki qızı, bir oğlu var.\r\nBax beləcə Laçından Bakıya gələn bir gənç illərin qanadında uçaraq bu ünvanı gəzdiyi ölkələrdə tanıtdı. Özü isə dünya şöhrətli alimlərlə çiyin-çiyinə dayandı.\r\n\r\nVaqif ŞÜKÜROV.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory