Dünya səviyyəsində qeyd edilən milli bayramımız

Dünya səviyyəsində qeyd edilən bayram 27.03.2014Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu, bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.\r\n“Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Novruza Bozqurd, Çağan, Nevruz, Sultan Nevruz, Mart Doqquzu və sair də deyilmişdir. Novruz anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Əbu Reyhan Əl – Biruninin “Asarul Baqiye”, Mahmud Kaşğarlının “Divanü Lüğət-it Türk”, Yusif Has Hacib Balasqunlunun“Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində və başqa mənbələrdə rast gəlirik.\r\nQədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Bu bayram şənliklərində kütləvi gəzintilər, xalq rəqsləri, idman yarışları, el nəğmələrinin ifa edilməsi, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn mərasimi belə növbəti günlərə keçirilirdı. Bayram o qədər şad və şux olurdu ki, insanlar vəcdə gələrək, təmtəraqlı təntənələrlə yanaşı, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərir, qohum—əqrəbaya baş çəkir, rəhmətə gedənlərin məzarları ziyarət olunur, bir-birinə qarşılıqlı inam və xüsusi rəğbət ifadə edilərək ümumbəşəri dəyərlərə üstünlük verirdilər.\r\nNovruzun əkinçilik təqvimi ilə də bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl libasına bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının birinci gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar.\r\nAzərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.\r\nNovruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu, çox geniş yayılmış ümumi bir fikirdir. Belə prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçıların fikrincə, Novruz əski “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın ifasını “Kosa-kosa” oyununda görürük. Bu oyunda Kosanın ölümü simvollaşdırılmışdır. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə, güldürür. Kosanın ölümü ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütövü deyildir. Amma bu oyunda arxaik ritualın bərpası üçün çox əhəmiyyətli detallar saxlanmışdır.\r\nBaharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması hər yerdə olduğu kimi, türkdilli xalqlara da dərin təsir bağışlamış, onları həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Türk sözü olan bayram M. Kaşğarlının “Divan”ında “Bedhrem” (bayram) – bir yerin işıqlarla və çiçəklərlə bəzədilməsi və orada insanların sevinc içində əylənməsidir – şəklində izah edilmişdir.\r\n“Novruz” tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir, təqvim bayramıdır və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni müasir milli bayram anlayışı onların məcmusunu özündə ehtiva edir.\r\nNovruzun tərkibində arxaik ritual elementlərinin (səməni cücərtmə, tonqal qalama, tonqal üstündən tullanma, qulaq falı və ya qapı pusmaq, yumurta boyama və yumurta döyüşmə, qurşaq atdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, nəğmələr və s.) bəzən geniş şəkildə və bəzən də rudimentlər kimi müşahidə olunması onu ritualşünaslıq aspektindən də araşdırmağı şərtləndirir. Novruz bayramı ərəfəsində el-obada geniş hazırlıq işləri başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, təzə paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, küsülülər barışır, kasıblara yardım olunur, bayram sovqatı paylanır.\r\nİnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, ilk növbədə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqətdən yayınmır. Burada axirət dünyasına yola salma və tonqalda Tenqriyə (Tanrıya—red.) qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşir. Tonqal üzərindən tullanarkən söylənilən “ağırlığım, uğurluğum burda qalsın” ritual deyimi türklərdə odun arındırıcı funksiyası ilə izah olunur. Bizcə, bu, çox bəsit və ritualın əsl mahiyyəti ilə uzlaşmayan bir yanaşmadır. Tonqal üzərindən tullanan, alovun içərisindən keçən “ritual iştirakçısı ” özünü Tanq Tenqriyə qurban etmiş hesab olunur.\r\nYumurta döyüşdürülməsi iki aləmin-qışla yazın, soyuqla istinin, xaosla kosmosun mübarizəsini nümayiş etdirir. “Toxum cücərtmək” və ya “Səməni qoymaq” da bir növ təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif formada adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq” deyimi müxtəlif cür səsləndirilmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirini göstərmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunur.\r\nNovruz bayramının ritual əsaslarını təhlil edərkən belə qənaətə gəlmək olar ki, onun yaranması nə zərdüştlüklə, nə də İslamla əlaqəlidir. Çünki Novruz mərasimində müşahidə olunan arxaik ritual elementləri şamanların, buddistlərin, xristianların və müsəlman türklərinin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.\r\nAzərbaycan xalqı Novruz bayramını tarixən böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə ilə qeyd edib. Sovet dönəmində bəzi üzdəniraq ideoloqlar bu bayrama dini don geydirmək istəsələr də, alınmayıb. Xalqın nurlu ziyalıları buna yol verməyiblər, əksinə, keçən əsrin 60-cı illərindən başlayaraq onların əvəzsiz xidmətləri sayəsində Novruz bayramı həm də dövlət bayramı kimi qeyd olunur. Müstəqillik illərində ölkə rəhbərlərinin Novruz şənliklərində şəxsən iştirak etmələri bu bayramın ümumxalq bayramı olduğunu bir daha sübuta yetirir. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə Novruz bayramı münasibətilə xalqa müraciətində demişdir ki, qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı indi Azərbaycan Respublikasının dövlət bayramıdır.\r\nXalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram ölkəmizin hər yerində böyük coşqu, sevinc və təmtəraqla qeyd olunur. Novruzun atributlarından sayılan su, od, yel və torpaq çərşənbələrinin tonqal başında böyüklü-kiçikli, elliklə bayram edilməsi dediklərimizi əyani şəkildə təsdiqləyir.\r\nBolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beş ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabr ayında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə hər il martın 21-ni Beynəlxalq Novruz Günü kimi qeyd etmək haqqında qərar çıxarmışdır.\r\nBəli, artıq beş ildir ki, dünya xalqları Novruzu baharın gəlişi kimi bayram edirlər. Müsəlman ölkələrində isə bu bayram xüsusi el şənlikləri və rəngarəng mərasimlərlə qeyd edilir. Çünki bu, bizim dövlət səviyyəsində keçirilən milli bayramımızdır.\r\n\r\n Telman ƏLİYEV.

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 155
  • 25
  • 747
  • 2,777
ILK-10 Azeri Website Directory