Azərbaycançılıq ideyasının banisi

Azərbaycançılıq ideyasının banisi 19.04.2014Azərbaycançılıq dövlətçilik konsepsiyamızın əsas prinsiplərindən birini, bəlkə də birincisini təşkil edən milli ideologiyamızın özəyi, onun sivil ideya modelidir. Azərbaycançılıq deyilən ülvi konsepsiya qədim və keşməkeşli tariximiz, milli, mədəni, dini ənənələrimiz üzərində pərvəriş tapanda milli ideyanın milli təkrarsızlığı yaranır.\r\nFərəhlidir ki, biz bu gün inteqrasiya prosesinə qlobal sivilizasiyanın ayrılmaz tərkib hissəsi kimi, öz “mən”imizlə, öz milli mentalitetimizlə, dil və dinimizlə, bütün əxlaqi dəyərlərimizlə, milli özünüdərkimizlə, etnik şüur intibahımızla, xalqın həmrəyliyi şəraitində milli ideyanı milli ideologiyaya çevirməklə, bir sözlə, bəşəriyyət adlı bütövlüyün komponenti kimi daxil oluruq. Çünki etnik şüur da, milli yaddaş da öz cövhərini kənar mənbədən deyil, məhz milli ideologiyadan alır. Bir insan ömrü qədər də yaşamağa iqtidarı çatmayan yırtıcı imperiya belə ilk doğuluş məkanı humanitar düşüncəmiz – elm və mədəniyyətimiz, musiqi və poeziyamız, rəssamlıq və heykəltəraşlığımız olan milliliyin sabitliyini qədərincə əlimizdən ala bilmədi. Çünki millilik bizim mənəvi dünyamızın gözəgörünməz, əlçatmaz nöqtələrindədir: beyin hücrələrimizdə, ürək mənzillərimizdə, damarlarımızdan axan qan çaylarımızda. Millilik artdıqca dövlətçiliyin kökləri daha dərinə gedir, o daha möhkəm, daha sarsılmaz olur. Məhz öz milli mənsubiyyətimizi, milli-mənəvi dəyərlərimizi uzaq yüzilliklərin fırtınaları içindən sağ-salamat çıxarıb dövrümüzə zədəsiz çatdırdığımız üçündür ki, bu gün azərbaycançılığımız daha bəşəri, daha dünyəvidir. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideologiyasının əvəzedilməz davamçısı olan Prezident İlham Əliyevin azərbaycanlıların dünya forumu ilə bağlı fərmanlarının, dövlətçilik və mədəniyyət quruculuğu ilə bağlı qərar və sərəncamlarının, ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının kökündə azərbaycançılığın cizgiləri, onun etnik, konfessional və mədəni aspektləri, metodoloji-nəzəri, siyasi parametrləri doktrinal səviyyədə özünü göstərməkdədir.\r\nCəmiyyətin milli genofondunun qorunub pozitiv ruhda inkişaf etdirilməsi, xalqın milli irs və özünəməxsusluğunun gələcək nəsillərə olduğu kimi çatdırılması onun milli dövlətçilik konsepsiyasının özəyini təşkil edir. Belə də olmalıdır. Çünki bu cür çətin və ağır missiyanı yalnız mənəvi özünüdərkin sınaqlarından uğurla çıxıb, milli ideyanı tam halda milli şüura çevirmək qüdrətinə malik öndərlər, fenomenal şəxsiyyətlər öz boynuna götürə bilər. Məhz milli irsdən bəhrələnən azərbaycançılıq ideyası cəmiyyətin təkamül prosesində və onun monolitliyində aparıcı qüvvəyə çevrilir. Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında cənab İlham Əliyevin xidməti ölçüyəgəlməzdir.\r\nMəhz onun fədakarlığı sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər öz milli mentallığını, öz milli “mən” çalarlarını qoruyub saxlamaqdır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən çətin məqamlarda belə xalqımızın həmrəyliyinin təminatçısına çevrilən məhz azərbaycançılıq ideyası olub. Əgər xalqımız əsl azərbaycançılıq ideyası ilə silahlanmasaydı, öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində bugünkü qədər ali zirvələri fəth edə bilməzdi. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq – budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində yaşayırlar. Mən çox şadam ki, qısa bir zaman çərçivəsində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır”.\r\nAzərbaycan Avropa Şurasının üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra İlham Əliyevin ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi 43 ölkənin diplomatları qarşısında müqəddəs torpaqlarımızı işğala məruz qoymuş erməni separatizmini və bəzi ermənipərəst dövlətlərin çirkin ikili standartlar siyasətini dəqiq faktlar əsasında ifşa hədəfinə çevirəndə gördük onun vətən və xalq sevgisinin tükənməzliyini, azərbaycançılıq ehtirasının məğlubedilməzliyini.\r\nCənab İlham Əliyevin qeyd etdiyi kimi, millətin milliliyini qoruyub saxlayan hər şeydən öncə onun ilahi sərvəti, milli-mənəvi varlığının əsas bədii-estetik kodu, ilkin fəlsəfi şifrəsi, onun əsas qoruyucusu və xilaskarı olan dilidir. Çünki uzun minilliklər boyu ən qiymətli sənət əsərlərimiz bu dildə yazılıb, mahnılarımız bu dildə səslənib, ayrı-ayrı ölkələr və xalqlarla bütün beynəlxalq diplomatik danışıqlar bu dildə aparılıb. Dil xalqın varlığını təsdiq edən Tanrı sənədi, millətin əbədi yaşam pasportudur. Rus dilində təhsil almış, hətta dövlət strukturlarında yüksək vəzifə kürsülərində əyləşmiş adamlar var ki, ölkələr və xalqlar əliqanlı rus imperiyasının caynaqlarından 24 il bundan əvvəl xilas olsalar da, onlar həmin imperiya dilinin təsirindən hələ də yaxa qurtara bilməyiblər. Elələri var ki, öz fikirlərini nəinki doğma ana dilində sərbəst ifadə edə bilmir, hətta adi bir ərizəni belə yazmaqda çətinlik çəkirlər. Bu, faciədir. Əlbəttə, belələrinin mənəvi dünyasında əsl azərbaycançılıq konturları axtarmaq o qədər də asan məsələ deyil. Cənab İlham Əliyev də rus dilində təhsil alıb. Uzun illər Moskvada, rusların əhatəsində yaşayıb. Ancaq bu gün çıxış edəndə onun nitqlərindəki xəlqilik, ana dilimizin söz imkanlarının bütün qatlarına, çalarlarına zərgər dəqiqliyi ilə bələdçiliyi nəinki adi insanları, hətta dilimizin mükəmməl biliciləri olan şair və yazıçıları, ədəbiyyatşünasları, ömrünü dilimizin təmizliyi uğrunda mübarizəyə sərf etmiş dil tədqiqatçılarını belə heyrətdə qoyur. O, saatlarca davam edən çıxışlarında heç bir yazılı mətnə söykənmir, sinədən danışır. Rəqəmlər toplumu beyin süzgəcindən süzülüb gəlir. Düşünürük: o müdrik şəxsiyyət bu parlaq nitq qabiliyyətini haradan və necə əxz edib? Çünki o, varlığı və genetik yaddaşı əsl azərbaycançılıq akademiyası olan, hələ sovetlər dövründə imperiyanın “ikinci növ” dillər qrupuna daxil etdiyi Azərbaycan dilinin milli Konstitusiyamızda dövlət dili kimi qəbul edilməsinə nail olub, onun əbədiyaşarlığını təmin edən, azərbaycançılığı milli ideologiyaya çevirmiş Heydər Əliyev kimi xarizmatik bir liderin, Azərbaycan dövləti adlı nəhəng gəmini qlobal sarsıntılar dəryasının fırtınalarından sağ-salamat çıxarıb, milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından xilas etmiş, bəşəri əməllər kompleksi bugünkü müstəqilliyimizin sarsılmaz sütunları olan fenomen bir dövlət xadiminin ailəsində dünyaya göz açıb. Azərbaycançılıq o dahi şəxsiyyətin iç dünyasından süzülərək öz sevimli övladının varlığına daxil olmuşdur.\r\nMəlum olduğu kimi, Azərbaycan ədəbi dilinin inkişafında, cəmiyyətin maariflənməsində, elm və mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq proseslərinin xalqa çatdırılmasında kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının rolu əvəzsizdir. Dövlətimizin maddi sərvəti olan efir tezliklərinin xarici ölkələrə məxsus kanallardan alınaraq milli yayımçılar arasında müsabiqəyə çıxarılması, Azərbaycan televiziya və radio kanalları vasitəsilə yayımlanan bütün verilişlərin yalnız bir dildə – doğma Azərbaycan dilində səsləndirilməsinə start verilməsi, əcnəbi ölkə kinostudiyalarının istehsalı olan bütün bədii və sənədli filmlərin yalnız tərcümə olunduqdan sonra efirə çıxarılması ölkə rəhbərinin milli-mənəvi dəyərlər sistemimizin özəyi olan ana dilimizə misilsiz qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin 25 cilddən ibarət Azərbaycan milli ensiklopediyasının hazırlanmasında, həmçinin Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncamlarında, dünya şöhrətli şair və yazıçılarımızın, bəstəkar və müğənnilərimizin, rəssam və heykəltəraşlarımızın, elm korifeylərimizin xatirəsinin əbədiləşdirilməsində, onların əsərlərinin müxtəlif dillərdə nəşrinin təmin edilməsində, bir sözlə, milli mədəni düşüncənin inkişafına güclü təkan verməklə xalqımızın necə zəngin soykökə malik olduğunu dünya boyu nümayiş etdirmək məharətində axtarmaq gərəkdir o müdrik şəxsiyyətin milli irsimizə, qədim, keşməkeşli tariximizə, zəngin elm və mədəniyyətimizə olan tükənməz qayğısının köklərini, onun əsl azərbaycançılıq ideyasına sadiqliyini.\r\nUzun əsrlər boyu yalnız ölkəmizin hüdudları daxilində səslənən muğamlarımızın Azərbaycan sərhədlərini aşaraq bütün Şərq ölkələri boyu pərvazlanmasına imkan yaradan muğam müsabiqəsinin keçirilməsi də zəngin mədəni irsimizin, milli-mədəni dəyərlərimizin qorunması və azərbaycançılığın dünya miqyasında təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, ölkə rəhbərinin strateji siyasətinin kökündə milli mentallığın, milli özünüdərkin və milli “mən”in mahiyyətini qoruyub saxlamaq səyi dayanır.\r\nCənab İlham Əliyev üçün azərbaycançılıq məfkurəsi, onun özəyi olan milli-mənəvi dəyərlər sistemi toxunulmaz bir xəzinədir. Bu xəzinənin əbədiyaşarlığını öz iç dünyasında, öz müqəddəs əməllərində yaşadır o. Əgər bu gün türkçülük, islamçılıq və müasirliyimizin rəmzi olan üçrəngli bayrağımız BMT-nin, NATO-nun, Avropa Şurasının və digər beynəlxalq təşkilatların iqamətgahları üzərində əzəmətlə dalğalanırsa, günbəgün gözəlləşən sevimli Bakımız 2009-cu ildə İslam dünyasının paytaxtı elan olunubsa, o, Şərqdə Qərb sivilizasiyasına, Qərbdə isə qədim Şərq mədəniyyətinə xas olan ən yüksək mənəvi və mədəni dəyərlər mərkəzi hesab edilirsə, dünya ölkələri arasında beynəlxalq əməkdaşlıq, dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən qlobal, bəşəri layihələrin həyata keçirilməsinin təşəbbüskarı olan möhtərəm Prezident Kanadanın türkdilli diasporlarının Torontoda keçirilmiş toplantısında öz cahanşümul fəaliyyətinə görə “İlin adamı” seçilibsə… bütün bu ali dəyərlərin kökündədir əsl azərbaycançılığımız.\r\nMilli mədəniyyətimizin digər millətlər arasında təbliği ilə əlaqədar planetimizin müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi, dünya şöhrətli sənətkarlarımızın təntənəli yubiley mərasimlərinin təşkili, 31 mart soyqırımı gününün, repressiya və deportasiya faciələrimizin soydaşlarımızın yaşayıb-yaratdıqları ölkələrin əksəriyyətində hər il erməni separatizminə qarşı mübarizə bayrağı altında qeyd olunması, beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edən parlamentlərarası dostluq qruplarının fəaliyyət meydanının günbəgün genişləndirilməsi dövlətçilik dəyərlərimizin zirvə modeli sayılan azərbaycançılığın dünyaya inteqrasiyasında müstəsna rol oynayır. Son illər bir sıra dost ölkələrdə görkəmli siyasi xadimlərimizin, elm və mədəniyyət korifeylərimizin xatirə komplekslərinin yaradılması, adlarının küçə və prospektlərdə əbədiləşdirilməsi, onların şərəfinə yaraşıqlı bağ və parklar salınması, əvvəl İçərişəhərin, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi Bədii Qoruğunun UNESCO-nun dünya irs siyahısına daxil edilməsi də Azərbaycanın və azərbaycançılığın dünya miqyasında təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyası öz tərkibində təkcə azərbaycanlıları deyil, məmləkətimizdə yaşayıb-yaradan bütün etnosları, məzhəbləri, konfessiyaları universal mənəvi məkanda, ruh məhrəmliyi və övqat doğmalığı şəraitində, eyni cazibə məkanında vahid bir yumruq kimi birləşdirir, bütövləşdirir, doğmalaşdırır. Azərbaycanı səmavi dinlərin dinc və birgəyaşayış məkanı adlandırıb, çoxmillətliliyi ölkəmizin əvəzedilməz sərvəti hesab edən İlham Əliyevin yüksək insanpərvərliyinin nəticəsidir ki, bu gün ölkəmiz müxtəlif dinlərə etiqad edən insanlara öz qoynunda səxavətlə yer verən, onların hər birinin vicdan azadlığının və hüquqlarının himayədarına çevrilən ilahi ruhlu bəşəri bir ana timsalındadır. Bir çox dillərin və dinlərin vahid məkanda, bədii, fəlsəfi, estetik bir ərazidə, ortaq səma altında birliyi təşəkkül tapıb. Etnik mentalitetin beynəlmiləlçiliyə sintezi yaranıb. Millilik bəşərilik səviyyəsinə yüksəlib. Bu belə də olmalıdır. Çünki öz tərkibində təkcə etnosları deyil, hətta məzhəbləri, konfessiyaları vahid bir mənəvi məkanda birləşdirəndə yaranır azərbaycançılıq ideyasının təkrarsızlığı, milliliyi, bəşəriliyi. Dini inancları bütün siyasi proseslərdən uca tutan milli ruhlu bir nəsil yetişdirilməsi, zəngin mənəvi aləmə malik azərbaycanlı obrazının dünyaya tam dolğunluğu ilə tanıdılması üçün bütün bilik və bacarığını sərf edən ölkə rəhbəri dini konfessiyalar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi məhəbbət və sədaqət körpüləri qurur. Dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza üzərində yaşadığı torpaq üçün milli sahiblik hissi aşılayır. Onların bütün dövlət orqanlarında təmsilçiliyinə geniş şərait yaradır. Hər bir fərdin problemlərini öz şəxsi problemi qismində görür. Çünki biz həm asiyalı, həm də avropalıyıq. Yəni avrasiyalıyıq. Bu gün Azərbaycan öz içində həm türk, həm də slavyan köklü zümrənin dünyəvi-mənəvi məxrəcdə birləşdiyi, kültürdə və sivilizasiyada bütövləşdiyi bir aləmdir. Qapıları uzun illər kilidlənmiş müqəddəs ibadətgahların, müxtəlif millətlərə məxsus tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, regionda ən böyük sinaqoqun, 2006-cı ilin martında Qəbələ rayonunun Nic kəndində Müqəddəs Yelisey adlı qədim alban kilsəsinin yerində Çotari adlı alban udi kilsəsinin inşası, vaxtilə bolşeviklər tərəfindən dağıdılıb yerlə yeksan edilmiş rus pravoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq dindarların istifadəsinə verilməsi, Roma katolik kilsəsinin Bakıdakı nümayəndəliyi üçün inşa edilən kilsə, ayrı-ayrı dinlərə məxsus ümumtəhsil məktəblərinin fəaliyyəti ölkə rəhbərinin milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, bütün etnik fərdlərin, dinlərin, etnos və məzhəblərin Azərbaycanın sərhədləri daxilində bir bədən, bir can timsalında birləşib, vətən adlı vahid kökə möhkəm tellərlə bağlılığına verdiyi böyük önəm və diqqətin təzahürləridir.\r\nMillət sadəcə fizioloji varlıq deyil, həm də müqəddəs dindir, sağlam mənəviyyatdır, yüksək əxlaqi dəyərlər toplumudur. Gürcü pravoslav kilsəsinin rəhbəri katolikos II İlyanın dediyi kimi: “Bu gün Azərbaycan təkcə dünyaya neft və qaz ixrac edən yox, həm də dini tolerantlıq ixrac edən bir ölkədir”. Müxtəlif dini konfessiyalara mənsub olsalar da, doğma Azərbaycanımızın ərazi bütövlüyü naminə erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş gənclərin əbədiyyət yuxusuna getdiyi və sonradan respublika Prezidentinin tapşırığı ilə yenidən bərpa edilmiş Şəhidlər xiyabanı da təkcə müqəddəs and yerimiz yox, həm də bütün dinlərə hörmət və ehtiramımızın simvoludur. “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfransın, “Mətbuatın tolerantlıq və dinlərarası dialoqun gücləndirilməsində rolu”, həmçinin “Qafqazda islam mədəniyyəti” adlı millətlərarası konqresin Azərbaycanda keçirilməsi, Bakının öz sıralarında Asiya, Afrika və Avropanın 52 dövlətini birləşdirən, 1 milyarddan çox əhaliyə, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malik Beynəlxalq İslam Konfransı Təşkilatının paytaxtı elan olunması məmləkətimizin dünya üçün alternativsiz bir tolerantlıq mənbəyi olmasının təzahürüdür. Ümumiyyətlə, müstəqil Azərbaycan vətəndaşlarının yaşadığı hər gün ölkəmizdə tolerantlığın təntənəsi günüdür.\r\nCənab İlham Əliyev uzaqgörən siyasətçidir. Onun bu gün qəbul etdiyi qərarların, verdiyi sərəncamların hər birinin kökündə xalqımızın daha xoşbəxt gələcəyinin cizgiləri aydın görünməkdədir. Dünyanın müxtəlif ölkələri ilə Azərbaycan arasında tələbə mübadiləsinin durmadan genişləndirilməsi bunun əyani sübutudur. Ölkə rəhbərinin 5 sentyabr 2007-ci il tarixli, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın tələbinə əsasən 2015-ci ilədək 5 min azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almasının dövlət hesabına maliyyələşdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Hazırda əcnəbi ölkələrdə 10 minə yaxın azərbaycanlı gənc təhsil alır. Onlar təkcə dünyanın qabaqcıl ölkələrinin elm və texnika sahəsindəki zəngin təcrübəsini mənimsəyib, onları öz beyinlərində Azərbaycana ixrac etməklə kifayətlənməyəcək həm də erməni faşizminin son iki əsrdə başımıza gətirdiyi ağlasığmaz müsibətlərin, qədim tariximizin, zəngin elm və mədəniyyətimizin, milli adət və ənənələrimizin dünya gəncləri arasında təbliğinin də ən fəal iştirakçıları rolunda çıxış edəcəklər.\r\nCənab İlham Əliyev əfvetmə instutunun işlək mexanizmlər əsasında fəaliyyəti üçün də geniş imkan yaradıb. Son 10 ildə onlarca əfv fərmanı imzalanıb. Bu, dünyada analoqu olmayan bir hadisədir. Həmin fərmanlar hesabına minlərlə insanın azadlıqdan məhrumetmə cəzasına xitam verilməsi, cəzalarının çəkilməmiş hissələrinin yarıbayarı azaldılması ölkə rəhbərinin yüksək humanizminə, ali insanpərvərliyinə söykənən, sağlam vətəndaş cəmiyyətinin formalaşması yolunda atılan uğurlu addım kimi dəyərləndirilməlidir. Bu cür strateji siyasi kursun layiqincə davam etdirilməsini dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da təqdir etməkdədir.\r\nAzərbaycanda son 70 ildə cənab İlham Əliyevin hakimiyyətdə olduğu 10 ildəki qədər nəhəng idman kompleksləri inşa edilməyib. İdmançılarımız beynəlxalq yarışlardan bu qədər qızıl və gümüş medallarla qayıtmayıblar. Azərbaycançılığımızın rəmzi olan milli bayrağımızın dalğalanma, milli himnimizin səslənmə meridianları bu qədər geniş olmayıb. Bu təkcə qələbə müjdələri deyil, həm də Azərbaycan gəncliyinin öz vətənpərvərliyinin, sarsılmazlığının və məğlubedilməzliyinin dünyaya diktəsidir.\r\nBu gün azərbaycançılıq təkcə respublikamızın sərhədləri daxilində deyil, vaxtilə müxtəlif ictimai-siyasi münaqişələr üzündən öz doğma ata-baba torpaqlarından didərgin düşüb planetimizin 70 ölkəsində sığınacaq tapmış, əvvəllər pərakəndə dəstələr şəklində yaşasalar da, bu gün vahid diasporlarda birləşmiş 40 milyondan artıq soydaşımız üçün də əsas ideya mənbəyinə çevrilib. Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsindəki cahanşümul fəaliyyətini bu gün uğurla davam etdirən cənab İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkəmizin xaricdəki diplomatlarının iştirakı ilə keçirilən ilk geniş tərkibli müşavirədə, həmçinin 2006-cı ilin martında dünya azərbaycanlılarının paytaxtımızda keçirilən II qurultayında çıxışlarında ölkəmizin və xalqımızın milli maraqlarının beynəlxalq aləmdə qorunması, Azərbaycan həqiqətlərinin, həmçinin xalqımıza qarşı törədilmiş vəhşi terror və soyqırımı aktları ilə əlaqədar informasiyaların dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılmasının müasir metodlarının işlənib hazırlanması, digər ölkələrin diaspor təşkilatları ilə əməkdaşlıq və dostluq əlaqələrinin gücləndirilməsi baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşdüyünü qeyd etmişdir. Qurultayda xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesinin keyfiyyətcə daha da təkmilləşdirilməsi, onların potensial imkanlarının müstəqil dövlət quruculuğu prosesində qarşıya çıxan problemlərin həlli naminə səfərbər edilib milli birliyə və həmrəyliyə nail olunması üçün Azərbaycan diasporunun yeni fəaliyyət konsepsiyasının hazırlanması barədə qəbul olunan qərar da ölkə rəhbərinin bu sahədə atdığı uğurlu addımlardan biridir. Çünki harada yaşayıb-yaratmasından asılı olmayaraq, xalqın öz soykökünə qırılmaz tellərlə bağlılığından, milli özünüdərkə, milli-mənəvi dəyərlərinə, “mən”inə tam sahibliyindən yaranır əsl azərbaycançılıq. Ölkə rəhbəri xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir.\r\nHələ 2006-cı ildə Rusiyada miqrantlara qarşı münasibətdə gərgin hallar yaşandığı və orada ticarətlə məşğul olan azərbaycanlıların ağır problemlərlə üzləşdiyi bir vaxtda cənab İlham Əliyevin həmin problemlərin aradan qaldırılması üçün xüsusi komissiya yaradıb Moskvaya göndərməsi onun diasporumuzun ən etibarlı hamisi olduğunu, hər bir azərbaycan vətəndaşının taleyinə cavabdehlik missiyası daşıdığını bir daha nümayiş etdirdi.\r\nCənab İlham Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzu, onun apardığı məqsədyönlü daxili və xarici siyasət, əcnəbi ölkələrdə yaşayan soydaşlarımızla vaxtaşırı görüşüb onlara faydalı məsləhətlər verməsi uzun qərinələr boyu yad millətlər arasında itib-batmış, hətta az qala öz milli şüur, milli özünüdərk meridianlarından uzaqlaşmaq təhlükəsi qarşısında qalmış doğma qan qardaşlarımızın bir-birlərinə qarşı laqeydlik və biganəlikdən əl çəkib dostluq və qardaşlıq yoluna qədəm qoymalarında, vahid bir ailənin üzvləri kimi birləşib bir-birlərinə arxa, dayaq olmalarında mühüm rol oynayıb. Hətta vaxtilə öz milli “mən”lərilə əks qütblərdə dayanıb özlərini arasında yaşadıqları xalqa rus, fars, ərəb, yəhudi, gürcü kimi təqdim edən bəzi soydaşlarımız belə bu gün “mən azərbaycanlıyam” deməkdən milli qürur duymaqda, planetimizin ən nəhəng ölkələri arasında böyük nüfuz sahibi olan Azərbaycan kimi bəşəri bir dövlətin övladı olduqlarını dünya boyu bəyan etməkdən mənəvi zövq almaqdadırlar. Sevindirici haldır ki, əcnəbi ölkələrdəki soydaşlarımızın əksəriyyəti aradan neçə-neçə qərinələr keçsə də, nəinki öz doğma dillərini, hətta azərbaycançılıq adlı milli irslərini, etnik yaddaş adlı şəxsi mülkiyyətlərini, genetik fondlarını qızıl dəyər kimi çağımızadək zədəsiz qoruyub saxlamaqdadırlar. Bu gün azərbaycanlıların kompakt şəkildə yaşadıqları Amerika, Avropa və Asiya qitələrinin ən nəhəng ölkələrində doğma dilimizdə orta təhsil müəssisələri, ali məktəblərdə müxtəlif fakültələr, milli adət və ənənələrimizin təbliği ilə məşğul olan xüsusi dərnəklər, folklor ansamblları, verilişləri dünyanın bir çox ölkələri boyu yayımlanan televiziya və radio proqramları, müxtəlif mətbu orqanlar fəaliyyət göstərməkdədir. Bu işdə azərbaycançılıq adlı milli mentallığı, milli özünüdərki, milli “mən”in mahiyyətini göz bəbəyi kimi qoruyub saxlamağı öz strateji siyasətinin özəyi hesab edən İlham Əliyevin vətəninə və xalqına möhkəm tellərlə bağlılığına əyani sübutdur. Dövlət başçısı təkcə Azərbaycanın hüdudları daxilində yaşayan 9 milyon yurddaşımızın yox, planetimizin 70 ölkəsində nəhəng diasporlarda birləşmiş 50 milyondan artıq soydaşımızın da milli lideri, mənəvi atası timsalındadır. Bu gün onun azərbaycançılıq adlı milli ideologiyamıza sadiqlik rəmzi olan imzası dünyanın bütün nöqtələrindən aydın görünməkdədir.\r\nAzərbaycanla dünya ölkələri arasında əməkdaşlığın daha da qranitləşməsində, bəzən Yer kürəsində nəzərə çarpan millətlərarası və dövlətlərarası etimadsızlıq və anlaşılmazlıq kimi xoşagəlməz meyillərin doğurduğu qarşıdurmaların aradan qaldırılmasında, millətlərarası əlaqələrin sosial ədalət prinsipləri əsasında, sağlam zəmində qurulmasında, bəşəriyyət ücün qorxusuz-ürküsüz, dinindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq varlığı bütün Adəm övladlarının bir-birlərinə məhəbbət və sədaqət üstə köklənmiş sakit bir dünya yaradılmasında mühüm rol oynayacaq birinci və ikinci beynəlxalq forumların paytaxtımızda keçirilməsi də Azərbaycan Prezidentinin nümunəvi dəyərlər məkanı olan məmləkətimizin dünyaya təqdimatı, onun təhlükəsiz gələcəyi, dinclik və əmin-amanlığı, daha yüksək tərəqqisi naminə hazırladığı bəşəri bir yol xəritəsi idi.\r\nAzərbaycançılıq təkcə milli ideyanı milli ideologiyaya çevirmək, milli mentallığı, milli özünüdərkin mahiyyətini qoruyub saxlamaqla bitmir. Azərbaycançılıq həm də ölkənin iqtisadi potensialının artması, doğma məmləkətin beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilməsi, xalqın səadət və xoşbəxtliyi, dinclik və əmin-amanlığı naminə çarpışmasıdır. Gəlin bəşəriyyət adlı tamın, bütövlüyün azərbaycançılıq adlı komponenti ömrünün milli cazibə məkanı olan ölkə rəhbərinin hakimiyyət kürsüsündə olduğu yola nəzər salaq. Bu az müddətdə Azərbaycan dünyanın ən güclü iqtisadi və siyasi islahatlar mərkəzinə çevrilib. Həyata keçirilən böyük beynəlxalq infrastruktur layihələri nəticəsində son 9 il ərzində iqtisadiyyatımız 300 faiz artıb. Ölkədə əksəriyyəti daimi olan 900 mindən çox yeni iş yeri açılıb. Yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 7 faizə enib. İşsizlik problemi, demək olar ki, köklü şəkildə həll edilib. Ölkəmiz öz iqtisadi potensialının artım sürətinə görə dünyada liderlik zirvəsinin sahibinə çevrilib. 2003-cü ildən bəri valyuta ehtiyatımız 1,6 milyard dollardan 30 milyard dollara qalxıb. Ölkədə iqtisadiyyatın çoxşaxəliyinə nail olunub. Vaxtilə öz içinə qapanıb qalmış Azərbaycan bu gün dünyanın 135 ölkəsi ilə sıx ticarət əlaqəsi yaradıb. Dünya ölkələrinə ixrac edilən emal məhsullarımız öz keyfiyyət göstəricilərinə görə beynəlxalq və Avropa sertifikatlarına layiq görülüb. Qlobal iqtisadi böhranın Yer kürəsini öz ağuşuna aldığı bir dövrdə Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində qazandığı nailiyyətlərə görə BMT-nin xüsusi mükafatını alıb. Azərbaycan öz-özünü əsas ərzaq məhsulları ilə tam təmin edən nümunəvi bir ölkəyə çevrilib. Dünya Bankının və onun struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına görə, bu il Azərbaycan planetimizin 181 ölkəsi arasında bir nömrəli islahatçı ölkə statusu qazanıb. Regionda ən böyük hərbi potensiala malik, ən müasir silahlar və texniki qurğularla təchiz edilmiş qüdrətli, sarsılmaz ordu yaradılıb. Son 9 ildə hərbi xərclər 13 dəfə artırılaraq 163 milyon dollardan 2 milyard 150 milyon dollara çatdırılıb. Bu, bütünlükdə işğalçı Ermənistanın illik büdcəsi qədərdir. 2003-cü ildə ölkədə adambaşına düşən milli gəlirin miqdarı 888 dollar həcmində idisə, indi bu rəqəm 5000 dolları ötüb. 2003-cü ildə dövlət büdcəmiz cəmi 1,3 milyard dollar olduğu halda indi bu rəqəm 20 milyard dollara çatıb. 2005-ci ildən bəri bütün çadır şəhərcikləri ləğv olunub. Respublikamızın müxtəlif bölgələrində hər cür avadanlıqlarla təchiz edilmiş 36 yaraşıqlı qəsəbə salınmış və erməni qəsbkarlarının cinayətkar aksiyaları üzündən öz doğma yurd-yuvalarından didərgin düşmüş on minlərlə soydaşımız yeni evlərə köçürülüb. Azərbaycan bundan sonra özünü və dünya ölkələrini azı yüz il təmin edəcək qədər zəngin qaz ehtiyatına malikdir.E\r\nNailiyyətlərimiz çoxdur. Danışmaqla bitib-tükənməyəcək qədər misilsiz uğurlarımızın içində axtarmaq gərəkdir sarsılmaz iradəyə, fenomen bacarıq və qabiliyyətə, məqsədyönlü iş üslubuna, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttinə malik ölkə rəhbərinin azərbaycançılıq fəlsəfəsinin təzahürlərini, milli dövlətçilik ideologiyası ətrafında monolit həmrəylik şüuru nümayiş etdirən qədirbilən xalqımızın qurub-yaratmaq ehtirasının tükənməzliyini, müstəqilliyimizin sarsılmazlığının, əbədiyaşarlığının ümumbəşəri orbitdə aydın görünən zirvə dəyərlərini.\r\n\r\nNizami XUDİYEV,\r\nYAP İdarə Heyətinin üzvü, professor.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory