Liderlik zirvəsi

Liderlik zirvəsi 17.05.2014Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.\r\nUlu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüşdür. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.\r\nAzərbaycan neft ölkəsi olmasına baxmayaraq, XX əsrin 60-cı illərində Sovetlər İttifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda – 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə o, Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Böyük öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai-siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə Moskvada ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisəsi yaradılmış, Azərbaycanın İttifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.\r\nHeydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə – müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü – Azərbaycan, Rusiya və Ukrayna öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda “Hansı müttəfiq respublika SSRİ-dən ayrılaraq, iqtisadi cəhətdən yaşamağa qadirdir” – sualına cavab axtarılarkən üç respublika sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi.\r\n1987-ci ildən başlayaraq sovet rəhbərliyinin himayəsi ilə ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün ekstremist fəaliyyətə keçdilər. O zaman Azərbaycan xalqı ayağa qalxaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kütləvi xalq hərəkatına başladı. Bu hərəkatda ortada olan əsas qüvvələr məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə yaratdığı mühitin yetişdirdiyi insanlar idi. Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, milli dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Bu mühit Azərbaycanda milli ruhlu kadrların yetişməsinə gətirib çıxarmışdı. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipini əsas götürmüş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində milliləşdirməyə xüsusi diqqət yetirildi.\r\nAzərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya hərbi müdaxilə edərək qanlı hadisələr törətdilər, yüzdən artıq vətəndaşımız qətlə yetirildi. Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə qan içərisində boğuldu. Bu haqsızlığa qarşı Azərbaycan xalqı qəti etirazını bildirirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və oradan xalqa səslənməsi, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, hadisələrə ciddi təsir göstərən addım idi. Məhz bu hadisədən sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bütövlüyü və Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdısa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik, istiqlal uğrunda mübarizə idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.\r\n1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki hərbi əməliyyatların davam etməsi Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıra bilərdi. Azərbaycan həmin müharibəni yalnız Ermənistanla aparmırdı. Hamıya bəlli idi ki, Ermənistana silah pulsuz verilirdi. Ermənistana müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdən də yardımlar göstərilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə razılıq vermək məcburiyyətində qaldı. Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi. Hamıya bəllidir ki, o dövrdə ayrı-ayrı qrupların nəzarətində qanunsuz fəaliyyət göstərən silahlı dəstələr var idi. Bu silahlı dəstələrin, hökumətə, hakimiyyətə tabe olmayan qanunsuz hərbi birləşmələrin mövcudluğu dövlətçilik və müstəqillik, o cümlədən, vətəndaşların təhlükəsizliyi üçün qorxu törədirdi. Heydər Əliyevin atdığı ilk əhəmiyyətli addımlardan biri belə silahlı dəstələrin ləğv edilməsi, onlarda olan silahların yığılması oldu.\r\nUlu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri ordu yarada bilməmişdi. Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Az müddət ərzində Müdafiə Nazirliyinin tabeliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı.\r\nHeydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı əhalinin bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-cü ilin oktyabrında xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər.\r\nDövlət çevrilişinə cəhd təsadüfən baş verməmişdi. O dövrdə Azərbaycan öz təbii sərvətlərini dünyaya çıxarmaq və neft-qaz ixracının köməyi ilə iqtisadi problemlərini həll etmək üçün addımlar atırdı. Xəzərdə Azərbaycana məxsus neft yataqlarının birgə işlənməsi ilə əlaqədar xarici neft şirkətləri ilə danışıqlar aparılırdı. Bu danışıqları pozmaq istəyən qüvvələr 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərdilər. Qeyd etdiyimiz kimi, Heydər Əliyevin qətiyyəti sayəsində bu cəhdin qarşısı alındı və ictimai-siyasi sabitlik qorundu.\r\nBeləliklə, Heydər Əliyevin fədakar zəhməti sayəsində Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ulu öndərin həyata keçirdiyi siyasət praktik olaraq silahlı çevrilişin Azərbaycan siyasətindən çıxarılmasına səbəb oldu. Bu, müasir Azərbaycanın tarixində Heydər Əliyevin adı ilə bağlı olan çox böyük bir nailiyyətdir.\r\nİctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Azərbaycan xalqı tarix boyu çox dövlətlər qurub. Lakin Azərbaycan xalqının respublika idarə quruluşunun konstitusiyası, demək olar ki, olmayıb. 1918-1920-ci illərdə cümhuriyyət mövcud olub. Lakin o dövrdə konstitusiya qəbul olunmadı. Sovetlər dönəmində olan konstitusiyalar isə müstəqil dövlətin yox, müttəfiq respublikaların əsas qanunları idi.\r\nMüstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu Konstitusiyanın müəllifi ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının siyasi taleyini, fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən Konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü – qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi göstərdi ki, Azərbaycanın yolu demokratiyadır. Bütün bunlar ulu öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.\r\nÜmummilli liderin həyata keçirdiyi siyasətin başqa bir istiqaməti iqtisadi tənəzzülün qarşısının alınması idi. 1995-1996-cı illərdən başlayaraq iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatların bəhrəsi xalqın rifahına da müsbət təsir göstərməyə başladı. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi baxımdan Qafqazın ən qabaqcıl ölkəsi oldu.\r\nAzərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri təməl prinsipləridir. Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda gələcəyə yönəlib.\r\nHər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz. Dünyanın aparıcı dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq onların müəyyən prinsiplərə söykəndiyini görərik. Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji cəhətdən altı təməl prinsipini müəyyənləşdirib. Bunlardan birincisi müstəqil dövlətçilik prinsipidir. Müstəqil dövlətçilik prinsipinin qayəsini Azərbaycanın müstəqilliyinin hər şeydən uca olması, suverenliyinin qorunması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyi ideyası təşkil edir. Müstəqil dövlətçilik prinsipi hər şey dövlət naminə şüarına söykənir. Azərbaycanda müstəqil dövlətin qurulması yolunda Heydər Əliyevin hələ sovetlər dönəmindən başladığı işlər nəticə etibarilə bu prinsipin reallaşması ilə başa çatdı. Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi tam təmin olundu.\r\nQanunçuluq prinsipi. Qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir.\r\nAzərbaycançılıq prinsipi. Bu prinsip bütövlükdə Heydər Əliyev ideologiyasının ana xəttini təşkil edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıların vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda Azərbaycanda yaşayan hər bir vətəndaşın dövlətə, xalqa bağlılığını zəruri edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər edir.\r\nVarislik prinsipi. Burada söhbət siyasətin varisliyindən gedir. Heydər Əliyev böyük siyasət müəyyənləşdirib. Bu yol davamlı olmalıdır.\r\nKonstruktiv əməkdaşlıq prinsipi. Bu prinsip vətəndaş həmrəyliyini özündə əks etdirir. Vətəndaş həmrəyliyi dünən də lazım idi, bu gün də lazımdır, sabah da lazım olacaq. Çünki istənilən cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, bu və ya digər məsələdə fikir ayrılığı ola bilər. Bu mübarizə konstruktiv şəkildə, qanun çərçivəsində getməlidir. Bu mübarizə eyni zamanda vətəndaş həmrəyliyində özünü büruzə verməlidir. Bir-birinə əks ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə ölkəmizin maraqları naminə birləşməli, vətəndaş sülhünü, həmrəyliyini qorumalıdırlar. Bu prinsip daim Heydər Əliyev tərəfindən qorunub. Heydər Əliyevin yaratdığı, qurucusu olduğu Yeni Azərbaycan Partiyası 1992-ci ildən siyasi arenadadır. YAP müxalifətdə olduğu dövrdə də konstruktivlik nümayişi etdirmiş, vətəndaş sülhünə və həmrəyliyinə əməl etmişdir. Heydər Əliyevin müəyyən etdiyi bu siyasət YAP-ın fəaliyyətində həmişə özünü büruzə verib.\r\nSosial ədalət prinsipi. Heydər Əliyev siyasətində sosial ədalət önəmli yer tutur. Sosial ədalət olmayan cəmiyyətlərdə insanlar arasında hansısa bir sülhdən, əməkdaşlıqdan söhbət gedə bilməz. Cəmiyyətdə bazar münasibətlərinin inkişafı sosial ədaləti inkar etmir. Dövlətin sosial müdafiə siyasəti həmişə qorunub saxlanılmalıdır. Sosial ədalət vətəndaşın daim dövlətin himayəsində olması deməkdir.\r\nBu prinsiplər Prezident İlham Əliyevin fəaliyyətində əsas götürülür. Biz ulu öndər Heydər Əliyevi yad edərkən, xatirəsini anarkən onun xalqımıza ərmağan etdiyi müstəqil Azərbaycanı qorumağı qarşımızda bir vəzifə olaraq görürük. Bu gün Azərbaycan xalqının bütün təbəqələri üçün Heydər Əliyev ümummilli liderdir. Cəmiyyətimizin inkişafı ulu öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar qazanacaq və böyük zirvələri fəth edəcəkdir.\r\n\r\nƏlihüseyn ƏSGƏROV,\r\n“Kənan İnşaat və Ticarət” birgə müəssisəsinin baş direktoru

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory