Regionun faktiki güc mərkəzinə çevrilən Azərbaycanda antimilli ssenarilər baş tuta bilməz

8Azərbaycanın regionun faktiki güc mərkəzinə çevrilməsini həzm edə bilməyən bəzi dairələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. “İkili standartlar” gözlüyündən baxan bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, müxtəlif siyasi qüvvələrin iştirakı ilə dialoq mühitinin formalaşmasını, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamır və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə “təsir imkanı” qazana, bununla da öz maraqlarını reallaşdıra bilərlər.\r\nAzərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin dünyanın bir çox dövlətlərini və xalqlarını narahat edən məsələlər ətrafında geniş təhlilə əsaslanan “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi də hazırkı dövrdə beynəlxalq aləmin əsas aparıcı xətti kimi görünən “ikili standartlar”ın mahiyyətini açır. İctimaiyyətin geniş müzakirə mövzusuna çevrilən bu məqalə belə yanaşmalarla üzləşən ölkələrin və xalqların bunun təsirindən hansı təhdidlərə məruz qalmasının, dünyanın beynəlxalq hüququn prinsiplərinə, birgə yaşayış normalarına, mötəbər təşkilatların qəbul etdiyi sənədlərə deyil, ayrı-ayrı dövlətlərin və mərkəzlərin maraqlarına uyğun ədalətsizcəsinə necə dəyişdirilməsi haqqında aydın fikir formalaşdırır. Hadisələrin bu şəkildə cərəyan etməsini müəyyən maraqlı dairələr hazırda dünyada gedən proseslərin məntiqi kimi təqdim etməyə və nəticələrdən maksimum yararlanmağa çalışırlar. İctimaiyyətin ən müxtəlif təbəqələrinin bu tendensiyanın müxtəlif aspektləri barədə fikirləri ətrafında müzakirələr ictimai-siyasi gündəmin əsas mövzularından birini təşkil edir. Bu mövzuya indi müraciət edilməsinin əsas səbəbləri də elə buradan qaynaqlanır.\r\nSon dövrdə “güclünün hüququ”, “yumruq hüququ” kimi yeni keyfiyyətlər əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənmişdir. Bu proses güclü dövlətlərə hüdudsuz “fəaliyyət azadlığı” verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Doğrudanmı, beynəlxalq hüququn “güclünün hüququna” çevrilməsi son nəticədə “beynəlxalq özbaşınalığ”ın genişlənməsinə səbəb olacaq və dünyanı nəhəng bir “beynəlxalq cəngəlliyə” çevirəcək? Beynəlxalq hüquq normalarına məhəl qoymadan güclü bir dövlətin digərinin ərazisinə soxulması, onu işğal etməsi, “lazım gələndə” beynəlxalq təşkilatların, hətta BMT-nin belə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən “cəzalandırma əməliyyatı”na başlaması bəşəriyyətə yaxşı heç nə vəd etmir. Bu nəinki insan hüquq və azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə, bəşəriyyətin minillər boyu əldə etdiyi mənəvi dəyərlərə, habelə sivilizasiyalararası dialoqun əldə etdiyi uğurlara sarsıdıcı zərbə vurur.\r\nBeynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr ədalətsizliyin bərqərar olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir. Beynəlxalq münaqişələrin dondurulması kimi bədnam təcrübə də bu cür ədalətsizliklə nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən münaqişələr zamanı problemin dondurulması başadüşüləndir. Çünki insan münasibətlərinin normallaşdırılmasının zamana ehtiyacı var. Amma belə münaqişələr işğal faktı ilə müşahidə olunanda beynəlxalq təşkilatın, konkret halda BMT-nin gözləmə mövqeyi tutması onun problemi həll etmək istəyinin olmamasından xəbər verir. Dövlətin ərazisi onun BMT-yə üzv qəbul edilərkən təşkilatın bütün üzvləri tərəfindən hamılıqla tanınan əsas atributlarındandır. BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün işğal nəticəsində pozulmasına seyrçi qalınması, işğal faktını aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməməsi ilk növbədə beynəlxalq hüququ gərəksizləşdirir, BMT-nin nüfuzuna xələl gətirməklə yanaşı onun fəaliyyətində subyektiv amillərin rəhbər tutulduğunu göstərir.\r\nAzərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin icra edilməməsi də məhz bu məqamlardan xəbər verir. Xristian təəssübkeşliyindən tutmuş superguclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın doğma yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir. Belə bir şəraitdə nəinki qaçqın və məcburi köçkün statusunda yaşayan soydaşlarımız, habelə bütün azərbaycanlılıar və işğal faktının yolverilməzliyini qəbul edən tərəqqipərvər insanlar beynəlxalq hüququn məhz güclünün hüququ olmasını, BMT-nin isə güclünün mənafelərinə xidmət edən bir “alət” olduğunu anlayır.\r\nÜmumilikdə regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar bu il də arzuolunan nəticələr vermədi. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Fövqəlgüc dövlətlərin geosiasi maraqlarından çıxış edərək bəzi ərəb ölkələrinə qarşı tələm-tələsik qətnamələr qəbul edən BMT-nin 1992-1993-cü illərdə və sonra qəbul etdiyi çoxsaylı analoji sənədlərə münasibətdə ifrat loyallıq nümayiş etdirməsi ikili standartların real mənzərəsini göz önünə gətirir. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi dörd qətnaməsinin kağız üzərində qalması bu faktı bir daha təsdiqləyir.\r\nBu bir həqiqətdir ki, dünyanın nizamını məntiqlə və ədalətli yanaşma ilə dünya ölkələrinin özlərinin iştirakı ilə qəbul edilmiş birgə yaşayış, birgə davranış qaydaları təşkil etməlidir. Bu qaydalara görə ölkələrin böyüyü və kiçiyi yoxdur, onlar hüquqi cəhətdən bərabər statusludurlar. Eyni zamanda, hər bir ölkənin ümumi qaydalara riayət etməklə yanaşı, özünün milli və dövlətçilik maraqlarından çıxış etmək hüququ vardır. Amma ikili standartların tətbiqi bu qaydaları heçə endirir, onu lazımsız məqama çevirir və belə bir təsəvvür formalaşdırılır ki, bu qaydalar artıq zamanın tələblərinə uyğun gəlmir. Hətta bəzi hallarda bu standartları tətbiq edən dairələr beynəlxalq hüququn prinsiplərini, bu və ya digər öhdəlikləri təhrif etməkdən də çəkinmirlər. Bununla da özlərinin davranışlarına haqq qazandırmağa, bir az da irəli gedərək onu qanuniləşdirməyə yönəlik fəaliyyət sərgiləyirlər. Ayrı-ayrı beynəlxalq təşkilatlar nizamnamələrini, daxili qaydalarını, ölkələrlə münasibətdə üzərlərinə götürdükləri öhdəlikləri zaman-zaman və necə açıq-aşkar şəkildə pozduqlarını və bunu da bu və ya digər maraqlara xidmət edən bir proses olduğunu heç gizlətmirlər də.\r\nAkademik Ramiz Mehdiyevin məqaləsində ciddi arqumentlərlə ikili standartların tətbiqinin haradan qaynaqlandığı, bu işlərə kimlərin rəhbərlik etdiyi və qarşısına hansı hədəflər qoyduğu müəyyənləşir. Məqalədə göstərilənlər bir daha sübut edir ki, dünyada öz milli təhlükəsizliyini təmin etmək, suverenliyini və müstəqilliyini qorumaq üçün ölkələrin üzərinə nə qədər böyük işlər düşür. Bu vəzifələri yerinə yetirmək isə təkcə xalqın istəyinə, düşüncəsinə bağlı deyil, eyni zamanda dövləti yönəldən siyasi elitanın, iqtidarda olan siyasi qüvvənin imkanlarından, bacarıqlarından və səriştəsindən asılı olan bir məsələdir.\r\nYaxın Şərqdə, ərəb ölkələrində, eləcə də yerləşdiyimiz regionda baş verənlərə diqqət yetirsək görərik ki, bu standartların tətbiqi ölkələrin nizamının, onların daxili siyasi-ictimai münasibətlərinin kardinal şəkildə dəyişdirilməsinə yönəlib. Amma ayrı-ayrı ölkələrdə bu, müxtəlif nəticələr verir. Sual yaranır ki, nədən mahiyyət etibarilə və formaca oxşar proseslər ayrı-ayrı ölkələrdə fərqli nəticələr verir? Bu sualın da cavabı məqalədə açılır. Qeyd olunur ki, ölkənin daxilində “münbit şərait” yetişdirilməyibsə, yəni müəyyən maraqlara xidmət edən hərəkatlar, qüvvələr, maraqlı dairələr olmadığı təqdirdə ikili standartlar onu tətbiq edənlərin özləri üçün başağrısına çevrilir. Yaxud da bu planlar ümumiyyətlə pozulur. Bunu Azərbaycanın timsalında daha aydın görmək olar. Baxmayaraq ki, biz qısa müddətdir dövlət müstəqilliyimizi bərpa etmişik, amma bununla belə bütün sahələrdə olduğu kimi, ideoloji sahədə də müqavimətimizi güclü şəkildə formalaşdıra bilmişik. Bu müqavimət ayrı-ayrı ölkələrdə siyasi sistemlərdən, siyasi güclərin balansından və beynəlxalq hüququn müəyyənləşdirdiyi öhdəliklərin düzgün qavranılmasından, iqtisadi, siyasi, sosial inkişafın səviyyəsindən, məsuliyyətlərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Nə qədər ki, bu müqavimət düzgün formalaşdırılacaq, o qədər də ikili standartların tətbiqi mümkün olmayacaqdır.\r\nAmma bir həqiqəti qeyd etməliyik ki, artıq bir-birinin ardınca bir sıra ölkələrdə bu müqavimət qırılıb. Dünyanı bir qütbdən idarə etmək, yenidən bölüşdürmək və öz maraq dairəsinə uyğunlaşdırmaq istiqamətində hədəflər və məqsədlər ayrı-ayrı ölkələrdə artıq reallaşdırılmaqdadır. Bununla yanaşı, milli müqavimətlərin qırılması nəticəsində yaranan böhran, təhdidlərlə üzləşmə, siyasi-iqtisadi burulğanlar da gözlərimiz önündə baş verir.\r\nQeyd olunduğu kimi, Azərbaycan hər zaman antimilli planların pozulduğu ölkələrin sırasında gedir. Bunun əsas səbəbi kimi ölkəmizdə ən müxtəlif dövrlər üçün “beşinci kolon” rolunu oynayan şəbəkədəki bəzi radikal müxalifət, media və QHT nümayəndələrinin dəyişməz dağıdıcı xarakterli olması, o səbəbdən də heç bir dəstəyə malik olmamaları çıxış edir. Azərbaycan cəmiyyəti antiazərbaycançı maraqlara xidmət edənləri ilk gündən qəbul etməyib. Ona görə kənardan bu düşərgəyə nə qədər maliyyə yatırılsa da, onları bu və ya digər istiqamətə hərəkət etmək üçün nə qədər dərindən təlimatlandırsalar da, bu, gözlənilən nəticəni verməyəcək. Üstəlik, həmin düşərgədə təmsil olunan insanların şəxsi keyfiyyətləri, onlar haqqında formalaşmış ictimai rəy heç zaman təbliğ etdikləri antimilli ideyaların intişar tapmasına, dəstək qazanmasına şərait yarada bilməyəcəkdir.\r\nİkinci və ən başlıca səbəb kimi isə Azərbaycan hakimiyyətinin xalq tərəfindən dəstəklənməsi və dövlətin maraqlarına xidmət edən siyasi kursunu vurğulamaq lazımdır. Bu gün Azərbaycan dövlətinin xarici təhdidlərə qarşı siyasəti dövlətin və xalqın milli maraqlarına uyğun olmaqla uğurlu bəhrəsini verir. Bu siyasətin məqsədəuyğunluğunu sübut edən Azərbaycanın müasir inkişaf səviyyəsidir. Ölkəmizin regionda və dünyada önəminin artmasıdır. Yaxın-uzaq tərəfdaşlarımızla bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən siyasətimizdir. Dünyadakı mövcud maraqları nəzərə alaraq (onlar bizim xeyrimizə və ya əleyhimizə də ola bilər), bunun içərisində Azərbaycanın maraqlarını ən başlıca aspekt kimi nəzərdə tutan və yalnız buna xidmət edən məsələlərdən çıxış etmək siyasətimizdir. Dostlarımıza da, düşmənlərimizə də bəllidir ki, Azərbaycan yalınız öz xalqının iradəsinə söykənən müstəqil mövqe sərgiləyir. Əgər bu gün müstəqil siyasət yeridən ölkələrin sayı kifayət qədər olsaydı, dünya bugünkü ikili standartlarla, təhdidlərlə əlbəttə ki, rastlaşmazdı. Çox təəssüf ki, ayrı-ayrı ölkələrdəki rejimlər, onlara rəhbərlik edən siyasi qüvvələr bəzi hallarda öz siyasi hakimiyyətlərinin ömrünü uzatmaq, bu və ya digər maraqlarını reallaşdırmaq və yaxud da elə bu siyasətə təsadüfən gəldikləri üçün antimilli təlimatların qarşısında müqavimət göstərə bilmir, bəzi hallarda özləri “beşinci kolon” funksiyasını yerinə yetirməli olurlar.\r\nBir çox ölkələrin öz siyasətlərində ardıcıl və məqsədyönlü olmamaları da hazırkı durumun yaranmasına “töhfəsini” verir. Ona görə də ikili standartların bu gün ayrı-ayrı ölkələri öz inkişaf yolundan döndərməsini, onu idarə olunan xaos vasitəsilə fəlakətlərə sürükləməsini dünyanın bir sıra ölkələrinin nizamını çox ciddi şəkildə laxlatdığını xüsusi vurğulamaq lazımdır.\r\nDigər bir amil isə təbii ki, çətin və məsuliyyətli zamanlarda düzgün qərar qəbul etmək üçün xalqımızın bütün təbəqələrinin vahid mövqe sərgiləməsidir. Buna görə də ölkəmizi ciddi şəkildə çalxalaya biləcək vətəndaş qarşıdurmaları yaranmır və gələcəkdə də yaranmayacaq. Azərbaycanda heç zaman etnik və dini qarşıdurma olmayıb və radikal dini qruplar heç zaman özünə dəstək qazana bilməyib. Əsrlər, minilliklər boyu bu coğrafiyada yaşayan insanlar bir-biri ilə ümumi dil tapa, bir-birilərini müdafiə edə, qoruya, eyni zamanda öz maraqlarını irəliyə apara biliblər. Bu, Azərbaycan xalqının xarakterindən, onun mentalitetindən, düşüncə tərzindən doğan bir cəhətdir və buna yad olan fikirləri cəmiyyətin, insanların şüuruna yeritmək həmişə çətin olub. Ona görə də Azərbaycanda rəngli inqilablara cəhdlər heç zaman nəticə verməyib, qonşu ölkələrdə, dünyanın ayrı-ayrı bölgələrində baş verən hadisələrin olduğu kimi təkrarına yönələn səylər nəticəsiz qalıb. İqtisadi, sosial və hərbi qüdrətdən doğan ideoloji müqavimət hissi insanların və cəmiyyətin şüuruna yeridilən yad ideyaları bir qayda olaraq qəbul etməyərək onu bir kənara atıb.\r\nDigər tərəfdən, Azərbaycan xalqı təlatümlü, siyasi burulğanlardan çıxış yolu aradığı günləri artıq çoxdan arxada qoyub. Və 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra özünün ideoloji dayaqlarını müəyyən edib. Minilliklər ərzində mövcud olan milli-mənəvi dəyərlərimizə istinad edərək müasir inkişaf meyillərini əsas götürən Heydər Əliyevin siyasi xəttini Azərbaycanın yeganə inkişaf yolu kimi qəbul edir, Prezident İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən dəstəkləyir.\r\nAzərbaycan o ölkələrdən deyil ki, ona göstəriş və ya tapşırıq verilsin və o da bunu icra etsin! Ölkəmizlə ona görə hesablaşırlar ki, respublikamız dünyanın ən mötəbər təşkilatlarının bərabərhüquqlu üzvüdür və bu təşkilatların üzərimizə qoyduğu öhdəlikləri yerinə yetirməyə sona qədər sadiqdir. Eyni zamanda, qarşı tərəfdən də adekvat münasibət gözləyir və biz çoxtərəfli münasibətlərdə olduğu kimi, ikitərəfli münasibətlərdə də maraqlıyıq. Hesab edirik ki, bərabərhüquqlu ikitərəfli münasibətlər çoxtərəfli münasibətlərin əsas bazasını təşkil edir. İkitərəfli münasibətlərə söykənməyən çoxtərəfli münasibətlər birqütblü dünyanın yaranması məqsədinə, ikili standartların tətbiqinə, dünyanın yenidən bölüşdürülməsinə, maraqlara uyğunlaşdırılmasına xidmət edir. Elə buna görə də Azərbaycan bu kimi fəaliyyətlərin içərisində yoxdur və bununla bağlı açıq mövqeyini çəkinmədən ifadə edir.\r\nBəzi beynəlxalq dairələr sadəcə Azərbaycanın öz sərvətlərinin sahibi olmasını, bu sərvətlərdən xalqın və dövlətin maraqları üçün istifadə etməsini qəbul etmək istəmirlər. Ölkəmizin müstəqil siyasət yeritməsini, bunun üçün heç kimdən məsləhət almamasını, kimsəni böyük qardaş gözündə görməməsini, onların göstərişi, çağırışı, tövsiyələri ilə işləmək istəmədiyini gözləri götürmür. Bütün bunların fonunda Azərbaycanın ardıcıl olaraq möhtəşəm uğurlar qazanmasının çox ciddi əsasları var. Bu, zamanında Heydər Əliyevin ölkəmizin bütün istiqamətlər üzrə inkişaf strategiyasını hazırlamasının, onun yerinə yetirilməsi üçün ciddi əsaslar formalaşdırmasının və bu gün də həmin siyasətin zamanın çağırışlarına uyğun daha çevik, daha bacarıqla, daha cəsarətlə və qətiyyətlə irəliyə aparılmasının nəticəsidir. Bu, Prezident İlham Əliyevin şəxsiyyətinin, liderlik keyfiyyətlərinin, xalqımız və dövlətimiz naminə fədakarlığının nəticəsidir. Azərbaycanın sürətli inkişafı, qüdrətinin getdikcə artması, sayılıb-seçilən ölkələrdən birinə çevrilməsi, ən əsası, həyata keçirilən bu siyasətin uzunömürlü olması, xalqın hər zaman onun yanında olacağını bəyan etməsi onu göstərir ki, cənab İlham Əliyevin prezidentliyi bütün bu sadalanan istiqamətlərdə daha artıq nailiyyətlərin əldə olunması üçün yeganə mümkün vasitə olaraq qəbul edilir.\r\nBu gün Azərbaycanda heç bir kənar təsir və diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş ikili standartları neytrallaşdırır, onu beynəlxalq səviyyədə söz sahibinə çevirir. Bütün dünyada ədalətin, təhlükəsizliyin və sülhün qorunmasına BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlardakı fəaliyyəti ilə öz töhfəsini verən ölkəmiz etnik, dini, irqi ayrı-seçkiliyin olmadığı, bir dünya nizamının yalnız və yalnız beynəlxalq hüququn prinsiplərinə hörmətə əsaslanan dövlətlərarası münasibətlərdən keçdiyini qəbul edir, onu gərəksizləşdirən hərəkətlərin heç kəsə və heç bir dövlətə uğur gətirməyəcəyinə inanır. Yalnız dostluq və əməkdaşlığa, qarşılıqlı maraqların qorunmasına, dövlətlərin suveren hüquqlarına və müstəqil iradəsinə söykənən siyasətlərin faydalı olduğuna əminliklə nikbin sabahlara doğru qətiyyətlə irəliləyir.\r\nDünyada gedən prosesləri təhlil edəndə gözümüzün önünə ikili standartlar, müharibələr, dağıntılar, fəlakətlər, xaos, təhdidlər gəlir. Bu müqayisədə Azərbaycan çox işıqlı, parlaq və gözəl görünür. Əminəm ki, Azərbaycan xalqı qazandığı bu imkanları getdikcə daha da artıracaq, inkişaf etmiş ölkələr sırasına qoşulmaq üçün postsənaye dövrünün vəzifələrini uğurla yerinə yetirəcək. Bu əzmlə də bütün hədəflərə çatacaq.\r\n\r\nBahar MURADOVA,\r\n Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory