İLİN YALNIZ BİR GÜNÜ ÖZÜMÜZ HAQQINDA: BU BİZİK – “KÜR” AİLƏSİ

MARAQLIDIRSA DAHA YAXINDAN TANIŞ OLAQ

\r\n

Bizi ailə edən aramızdakı qarşılıqlı hörmət, sevgi, bir-birinə hədsiz inam və etibardır. Baş redaktorumuzun hər zaman sevə-sevə ifadə etdiyi sözlərdir:-Qazandığım, hər zaman da öyündüyüm ən böyük uğurum kollektivimdir-sizlərsiniz.

\r\n

İndi ki,  baş redaktorumuzun fikirlərini diqqətinizə çatdırdım, elə ailənin böyüyü olaraq onunla da söhbətə davam etmək istərdim.

\r\n

Əminə YUSİFQIZI.

\r\n

Tək Yevlaxda yox, ümumən respublikada tanınan bir  imzadır. Aldığı, dəfələrlə sadaladığımız, ilbəil də sayı artan mükafatları da bunu təsdiq edir. “Kür” qəzeti də bir redaktor olaraq onun imzası ilə görüşünüzə gəlir. Bu onun  hər kəsə bəlli olan rəsmi statusu. İnsanlığına, görünməyən tərəflərinə gəlincə, o bir başqadır. Bax, o anlamda tanıtmağa çalışacam Əminə xanımı.

\r\n

Olduqca həyatsevər insandır. Qaşqabaqlı olmağı sevməz, işdir hansısa səbəbdən qanı qaralarsa, hirslənərsə, çalış gözünə görünmə. Necə deyərlər “ağ yuyub, qara sərəcək” səni. Yaxşı ki, uzun sürmür bu halı. Bizə də hər zaman tövsiyəsi budur: Mütləq bir səbəb tapın və sevinin, bu səbəb mütləq var.

\r\n

Həyatın rəngarəngliyini sevdiyi kimi, rənglərin də əlvanlığının vurğunudur. Bu onun qarderobunda da əks olunur. Siz çox nadir hallarda onu tünd rəngli libasda görərsiniz.

\r\n

Komplekssizdir. Adətən xanımlar yaşlanmaqdan qorxar, yaşının neçə olduğunu deməkdən xoşlanmazlar. Amma Əminə xanım bunları o qədər böyük nəşə ilə söylər ki, həsəd apararsan.

\r\n

Hər birimizə qarşı həssasdır, diqqətlidir. Onu tək bizim yox, ailəmizin, övladlarımızın  həyatı, işi, təhsili ilə bağlı uğurları da sevindirir. Biz də onu sevirik.

\r\n

Bir üstün cəhəti yanlışını səmimi şəkildə qəbul etməsidir. Hirslənəndə qədərini artıq etdiyi sözləri yadına salanda o qədər ürəkdən gülür ki, yalan olmasın, səsindən divarlar titrəyir.

\r\n

Hər bir yaradıcı təşəbbüsümüzü, uğurlu yazımızı dəyərləndirən, bizə mövzu seçmə azadlığı verən redaktorumuz bir nöqtədə sərtdir, güzəştə gedən deyil. Belə ki, hər gün işə gimnastika ilə başlamaq, həm də ovqatımız yüksəlsin deyə musiqinin müşayiəti ilə, bir qaydadır. O, qaydadan hərdən ürəyi yumşaqlığından istifadə edib təzyiqimizin qalxmasını, ürək narahatçılığımızın olmasını bəhanə gətirərək qurtula bilirik.

\r\n

Amma bütün hallarda Əminə Yusifqızı hər bir kollektivin arzusunda olduğu rəhbərlik xüsusiyyətləri olan insandır.

\r\n

Ramiz HƏMİDOV.

\r\n

 Onsuz qəzetimizi, bir iş günümüzü təsəvvür belə etmək istəmirik. Elə baş redaktorumuz da onun yerini, mövqeyini hər zaman xüsusi dəyərləndirir. Arada bizi bərk qorxutmuşdu. Ürəyində yaranmış ciddi narahatlıq üzündən işə çıxa bilməyəndə ailəsi, övladları qədər biz də onun üçün üzülmüşdük, tezliklə sağalıb ayağa qalxması, bizimlə birgə olması üçün Tanrıya dualar etmişdik. Şükürlər olsun ki, Ramiz Həmidov yenə də bizimlədir.

\r\n

Yerli qəzet fəaliyyətə başladığı ilk vaxtlardan Həmidov (biz ona belə müraciət edirik) həyatını qəzetçiliyə həsr edib.  Böyük həyat və iş təcrübəsi olan həmkarımız hər zaman məsləhət yerimizdir. Ən əsəbi vaxtlarımızda ağıllı məsləhətləri, baməzə söhbətləri ilə ovqatımızı elə yüksəldir ki, gərginlikdən əsər-əlamət qalmır.

\r\n

Onunla bağlı məzəli bir əhvalat. Həmişə qarşılaşdığımız mənzərədir. Redaksiyanın dəhlizi hansısa bir işlə əlaqədar baş redaktorun qəbulunu gözələyən insanlarla dolu olur. Belə  günlərin birində əsəbi şəkildə içəri daxil olan, burada Həmidovla qarşılaşan Əminə xanım ağzının odunu elə onun üstünə tökür və keçir otağına. Yad adamların yanında qəfil yaranan pərtliyi görən Ramiz müəllim onlara deyir:

\r\n

-Müdirimiz bizə tapşırıb ki, mən adamların yanında  özümü unudub sizə bir söz deyəndə anlayışlı olun, dillənməyin, sonra ürəyiniz nə istəyir gəlin ayrılıqda mənə deyin.  İndi siz gedəndən sonra biz onun abırını ətəyinə bükəcəyik.

\r\n

Qəzetimizin hər nömrəsi hazırlananda yalnız Həmidovun korrektəsindən sonra rahatlanırıq, hər şeyin qaydasında olduğu qənaətində oluruq. Həmidovun bir əlavə vəzifəsi də var. Xidməti maşına minməyi çox da sevməyən Əminə xanımı müşayiət etmək. Baş redaktorla piyada harasa gedib-gəlmək yalnız onun statusuna daxildir. Zənnimdə yanılmıramsa müavinlikdən çox bu vəzifə onun daha ürəyincədir.

\r\n

Züleyxa BƏŞİROVA.

\r\n

Redaksiyaya insanlar hər barədə müraciət edirlər. Maraq edib soruşsanız, redaksiyanın müdaxiləsi və köməkliyi ilə müxtəlif problemləri uğurla həll olunan insanların böyük bir statistikası yaranar. Bütün bu işlərin əsas ağırlığı baş redaktorun üzərində olsa da, onun ən yaxın köməkçisi Züleyxa Bəşirovadır. Müxbir olaraq üzərinə düşən vəzifəni bacarıqla yerinə yetirən, bir-birindən maraqlı mövzularda çox oxunaqlı yazılar qələmə alan, çoxsaylı oxucularımızın rəğbətini qazanan Züleyxa xanım bu ictimai işin də öhdəsindən layiqincə gəlir. Hərdən ondakı hövsələyə və həvəsə heyrət edirəm. Təbiətən çox ciddi, ötkəm adam olan bu xanım xüsusilə gənclərin işsizlik probleminin həllinə ürəkdən çalışır, bir nəfər üçün lazım gələndə günlərini, həftələrini həsr edir, nəticə yaxşı olanda elə sevinir ki, sanki ona dünyaları bağışlamısan.

\r\n

O, qəzet əməkdaşlarının həyatının ən gözəl anlarını yaddaqalan etmək üçün həmişə təşəbbüsçü olur.

\r\n

Baş redaktor qrup yoldaşı olan, uzun illər birgə çiyin-çiyinə çalışdığı, yaxşı tanıdığı, prinsipiallığına bələd olduğu bu xanımı çox sevir, əzizləmə mənasında “Zuzu” deyə müraciət edir.

\r\n

Əməkdaşlarımızdan kiminsə bir problemi çıxırsa, icazə almaq ehtiyacı yaranırsa, üz tutur Züleyxa xanıma. O da etmir tənbəllik, baş redaktorun ona olan xüsusi hörmətindən yararlanaraq böyük şövqlə işləri yoluna qoyur.

\r\n

Yeganə QARAYEVA.

\r\n

Kollektivdə kimimiz ondan yaşca böyük, kimimizsə kiçiyik. Amma bu ona olan münasibətimizə əsla təsir etmir. Birmənalı şəkildə Yeganə xanım hər birimiz üçün doğmadır, munis bir insandır. Olduqca sakit təbiətli, mehriban, ürəyi yumşaq, xanım-xatın mühasibimiz desəm ki, əlindəki son tikəsini bizimlə sevə-sevə bölüşür, bunu gəlişi gözəl söz kimi qəbul etməyin. Bir sıxıntımız olanda əlindən gələni canı-dildən edir. Elə bu səbəbdəndir ki, əməkdaşlar ona “bibi” deyə müraciət edirlər. Ümumiyyətlə isə, o, ailəmizin “anasıdır”. Bir ailədə hər kəsin qayğısını çəkən insana ən yaraşan ad da elə budur. Bəli, Yeganə Qarayeva bizim Anacanımızdır. Yeganə xanım bizimlə çiyin-çiyinə çalışmağını həyatının ən maraqlı günləri hesab edir.

\r\n

Afaq BAYRAMOVA.

\r\n

Kollektivimizdə ən gənc jurnalistdir. O, həm də qəzetimizin tərtibatı işinə məsuldur. Olduqca mehriban, hər şeyin yerini bilən, işgüzar bir xanım olan Afaqı yaşca böyük olanlar qızı, kiçiklər isə bacısı kimi sevir. Ötən il onun həyatında gözəl bir hadisə olub. Sevimli bacısının qızı Jasminin dünyaya gəlməsi ilə Afaq xala statusu qazanıb. Jasminin sevgisi qəlbini coşdurduğu kimi, bir-birindən gözəl şəkilləri mobil telefonunu bəzəyir Afaqın. “Kür”çülərin hər birinin arzusudur ki, Afaq hər zaman xoşbəxt olsun!

\r\n

Sənəm KƏRİMOVA.

\r\n

Gözəl Sənəm. Qoçaq, dürüst, özündən böyüyə və kiçiyə qarşı çox sayğılı olan bu xanım günün çox hissəsini Əminə xanımla təmasda olur. Odur ki, onun haqqında ən dəqiq fikri də Əminə xanım deyə bilər və deyir də:-O qədər ürəyimə yatan, təmiz bir uşaqdır ki, Sənəm.

\r\n

Kollektivimizin ən kiçiyi, amma hər birimizin sevimlisi olan Sənəm həm də yaxşı övladdır. Ata-anasının, sevimli və yeganə bacısı Günelin ən yaxın köməkçisi, arxa-dayağı olmağı bacarır. Yaltaqlığı, yarınmağı sevməyən, həqiqəti üzə deməyi bacaran Sənəmi necə sevməmək olar?

\r\n

Natiq CƏFƏROV.

\r\n

Fotomüxbir, kompüterçi-dizayner. Bu işləri Natiq Cəfərov yerinə yetirir. İki bir-birindən gözəl, dəcəl qızın- Gülçin və Aidənin atası olan Natiq öz ədəbi-ərkanı, davranışı ilə istənilən insanda hüsn-rəğbət hissi yaradır. Baş redaktor ondan insan kimi də, işçi kimi də çox razıdır, amma elə ki, hansısa bir tədbirlə bağlı qəzetə gedən materiala şəkil seçmək məqamı gəlir, bir də görürsən Əminə xanım gileylənir:-Ay balam, bu adamı çəkəndə görmürsən ki, hara baxır, gözləri yumulmuş vəziyyətdədir?

\r\n

Yeri gəlmişkən, bir xahişdə bulunmaq istərdim. Qoy bundan sonra hansısa tədbir keçirən kəslər, o tədbirlərdə iştirak edən insanlar görəndə ki, (əlindəki fotoaparatdan kim olduğu bəlli olacaq) Natiq şəkil çəkir, ona yaxşı poza versinlər ki, danlanmasın.

\r\n

Natiq jurnalistlər üçün keçirilən müsabiqələrdə də iştirak edir, qalib gəlir, diplom və pul mükafatına layiq görülür.

\r\n

Seymur İSMAYILOV.

\r\n

Deyib-danışmağı çox sevən Seymur İsmayılov bizim sürücümüzdür. Amma təkcə sükan arxasında oturub maşın idarə etməklə qalmır, getdiyimiz obyektlərdə, iştirakçısı olduğumuz tədbirlərdə qəzetimiz üçün şəkillər də çəkir. Baş redaktorumuz onu qaraqabaq adam kimi xarakterizə edir. Əslində Seymurun sükan arxasında ciddi, Əminə xanımın dediyi kimi qaraqabaq olması da normaldır.

\r\n

Qəlbən kövrək, yardımsevər insan olan Seymur birimizə bir şadlıq, xoşbəxtlik üz verəndə ürəkdən sevindiyini o qədər təsirli ifadə edir ki… Bax, burada deməyə bilmirsən, biz sözün doğru anlamında doğmalarıq.

\r\n

Akif MOLLAKİŞİYEV.

\r\n

Bizim bağbanımızdır. Çox az-az danışan, amma olduqca mehriban insandır. Sağ olsun, gəldiyi gündən bəri bizimlə birlikdə saldığımız bağın qayğısını çəkir. İş başında olarkən onu bekar görməzsən.

\r\n

İlahə ƏHMƏDOVA.

\r\n

 Redaksiyanın otaqlarının təmizliyinə cavabdehliyi o daşıyır. İlahə hamımızdan əvvəl gəlir iş yerinə. Qışda otaqlarımızın istiliyi (qaz sobalarını lap o başdan yandırır ki, biz gələndə işə rahat şəkildə başlayaq), isti aylarda isə sərinliyi (sərinkeşlər işə salınır) ona bağlıdır. Düzdür, bütün iş günü bizimlə olmur, amma olduğu bir neçə saatda da lazım olanda köməyimizə çatır. Sağ olsun.

\r\n

Xanım NƏSİBOVA.

\r\n

 Bu da ki, mənəm. Bir ondan razıyam ki, özümdən narazıyam. Özümdən bir razılığım ona görədir ki, jurnalist olmuşam. Bu peşəni çox sevirəm. Birdən həmkarlarımdan biri necə jurnalist olmağım barədə, (peşə bayramımız günündə mənə xoş olsun deyə) hansısa tərifləri yağdırsa, ürəyimcə olmaz. Çünki bu yazını siz dəyərli oxucular oxuyacaqsınız. Hansı ki, indiyədək yazdıqlarımızı da siz oxuyub və dəyərləndirmisiniz. Əsl və doğru qiyməti də sizlər verirsiniz. Çox sağ olun. Sadəcə demək istəyirəm ki, mənim “Kür” ailəsinin bir fərdi olaraq onun istisnasız bütün üzvlərinə sayğım, sevgim sonsuzdur, şadam ki, onlarlayam, bütün hisslərimi ürəklə bölüşə bilirəm.

\r\n

 Mən sizləri dünyalar qədər sevirəm! Bayramımız mübarək!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory