Şəhid yasına tələsən qartal – (sənədli hekayə)

Şəhid yasına tələsən qartal - <b style="color:red">(sənədli hekayə) </b>

Ötən il aprel döyüşlərində qəhrəmanlıqlar göstərmiş, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş Laçınlı şəhid Ülvin Məmmədovun əziz xatirəsinə

Yazın ikinci həftəsi olsa da, dağların başını qara buludlar örtmüşdü. Bir toxunan olsaydı, buludlar gözlərindən leysan axıdardı.

Bu leysan yazın gəlişini müjdələyən yağışdan tam fərqli bir yağış olacaq, göydən su yerinə mərmilər yağacaqdı.

Ülvini nə qara buludlar, nə də göydən yağacaq mərmilər narahat edirdi. Onu narahat edən səmada görünən qartalın onların yaxınlığında deyil, düşmən səngərinin yaxınlığında dövrə vurması idi. Qartalı yaxından görmək və dünyaya göz açmamışdan dörd il əvvəl valideynlərinin itirdiyi doğma yurdlarına ayaq basmaq arzusu Ülvini, ordudan tərxis olunsa da, səngərdə qalmağa səsləmişdi. O, geriyə  –  ata-anasının yanına qayıtmağa yox, onların böyüyüb boya-başa çatdıqları uca dağlara, o dağların səmasında qıy vuran qartala lap yaxından baxmağa tələsirdi.

Bu arzunun gerçəkləşməsi üçün qara buludlar bir-birinə toxunub alov saçmalıydı. Bu arzuolunmaz anı Ülvin arzulayırdı. Ana yurduna və qartala qovuşacağı qaranlıq yola işığı ancaq şimşəklər sala bilərdi. Birdən ağlına gələn hansısa orta məktəb müəlliminin söylədiyi bir söz onu xeyli düşündürdü: “Böyük dövlətlər istəsələr, qoymazlar yağış yağa. Buludları top atəşləri ilə parçalayıb, ayrı istiqamətə ötürə bilərlər”. Xatırladığı bu sözlər onun nikbin ovqatına bədbinlik gətirdi: “Müharibə yolu ilə torpaqlarımızın işğaldan azad olunmasını istəməyən böyük dövlətlərdən hansısa biri dolmuş qara buludları parçalasa, qartalı və ana yurdumu yaxından görə bilməyəcəyəm” – deyə Ülvin dərin-dərin fikirlərə daldı. Qorxunc düşüncələrdən qurtulmağa çalışarkən səmada yenidən görünən qartal onu xəyallardan birdəfəlik ayırdı. Bu dəfə qartal onun düz başı üzərində dövrə vururdu. Ülvinə çox doğma gəldi qartalın ona yaxın uçması. “Bəlkə, laçınlıdır bu qartal. Bəlkə, ata-anamın bir vaxtlar yaşadığı uca dağların zirvəsindən gəlib. Bəlkə də onlarsız darıxan zirvələrə üçrəngli bayrağı taxmağa səsləyir məni”.

Bəli, həqiqətən bu, belədir. Onunla mütləq getməliyəm!

Ülvin yoldaşlarıyla artıq düşmən səngərini tutmuşdu. Səkkiz erməni hərbçisini öz torpaqlarından qovmaq istəsələr də, onlar özgə torpaqda zəncirlə ayaqlarından bağlandıqları üçün qaça bilməmişdilər. Üç əsgərin əks hücumuna müqavimət göstərə bilməyən səkkiz cəsəd Ülvinə çox az gəldi. Qartalın ardınca getmək üçün cəsədlərin sayı yüz, iki yüz, min, on min, yüz minlərlə olmalıdır.

Gözdən itən qartal yenidən onların başı üstdə dövrə vurub düşmən tərəfə uçmağa başladı.

– Baxın, baxın, o, məni səsləyir, gedən varsa, ardımca! – deyib, Ülvin növbəti səngəri tutmaq üçün cəsədlər olan səngərdən çıxmaq istədi. Yoldaşlarını qoyub qaçmış düşmən snayperçisi qartalın ardınca ana yurduna getmək istəyən iyirmi yaşlı qorxmaz bir gəncin sinəsini uzaq məsafədən nişan aldı. Həyatını mərdliklə yaşayan bu gənc kolda gizlənmiş namərdin gülləsinə tuş gələcəyini ağlından belə keçirməmişdi.

lll

Güllə səsindən sonra müvazinətini itirib qayaya çırpılan qartal al-qan içində idi. O, ümidi itmiş kimi görünürdü. Nə idi zirvələr şahının ümidi? Onun yol çəkən gözləri kimi axtarırdı? Bu qarışıq suallara cavab tapmaq üçün onun yanında olub gözlərinə yaxından baxmaq lazım idi. Belə bir imkandan isə qartal bədənində dolaşan insan ruhunun qohumları məhrumdular. Qartala elə gəlmişdi ki, onun yaxın qohumu – Ülvinin ardınca gəlib məskən saldığı zirvələrdən yadelliləri qovacaq. Məqsədinə yaxınlaşdığı bir anda döyüş meydanından qaçıb pusquda gizlənmiş bir qorxağın gülləsi onu məqsədindən uzaqlaşdırdı.

Vaxtıyla Soltan bəyin silahlı dəstəsinin tərkibində yüzlərlə erməni öldürən Ələkbərin özünü də çox sonralar bir aciz məxluq – bir qadın arxadan  vurmuşdu. Bir müddət sonra həmin yaradan vəfat etmişdi. Qadın elə qadındır. Qadın olsa da, kolda gizlənən kişi sifətli bu dığadan çox comərd idi. Həmçinin də o, yoldaşlarını qoyub qaçmamışdı, əksinə, yoldaşlarının öhdəsindən gələ bilmədiyi igidin qadınlara qəti əl qaldırmadığını müəyyən edəndən sonra ona yaxınlaşmağa cəsarət edib. Üzbəüz zəhmi onu basdığı üçün (Ələkbər hədsiz zəhmli adam olub) onu arxadan vurub, yoldaşlarını xilas edib.

Qartal bədənində dolaşan ruhunu mauzeri ilə öldürdüyü yüzdən artıq  dığanın cəsarətsiz və qorxaq övladlarından birinin onun igid qohumuna qarşı namərd hərəkəti narahat etməyə başladı. Qohumunda öz taleyinə oxşar bir tale gördü: “Üç Azərbaycan əsgəri üzbəüz bir postu tutub ordakıları qaçmağa məcbur edirsə, ayaqları zəncirlə bağlı olduqları üçün qaça bilməyən səkkiz muzdlunu cəhənnəmə yola sala bilirlərsə, igid sinəsi nə üçün kolda qaçıb gizlənmiş namərd gülləsinə tuş gəldi?! Mən onların namərdliklərini bilirdim. Ülvin yağı düşməni özü kimi comərd bildi. Dilim olmadı deyəm, igid, ehtiyatlı ol, düşmənin mərd düşmən deyil. Ruhumu zirvələrdə tək qoyan qohumlarımdan küsdüyüm üçün onları yoxlamağa getməmişdim. Ancaq Ülvinin dəfninə getməliyəm. Necə də doğma bildi məni özünə. Atası da, anası da qan qohumlarımdır. Yəqin qan çəkib, onun üçün ardımca gəlirdi.”

lll

Dağ rayonlarına nisbətən aranda yaz tez gəlir. Artıq iyirmi dörd il keçsə də, məcburi köçkünlər buna hələ də öyrəşə bilmirdilər. Yayın cırhacırı isə başqa aləmdir. Bütün çətinliklərə baxmayaraq, insan nəfəsi boş səhralardakı boz tikanları gülə çevirib. Şair bu barədə gözəl deyib:

İnsan əli boz tikanı,
İstəsə, gülə döndərər.

Həyat mübarizədir. Hansısa hakimiyyət hərislərinin səhvləri üzündən doğma yurdlarını itirmiş laçınlılar həyata inamlarını və vüqarlarını itirmədilər. Doğma yurda qayıtmaq ümidi ilə yaşamlarını qurdular. Köçkünlər arasında Ülvinin valideynləri də var. Onlar Laçınsız keçən iyirmi dörd il ərzində üç övlad böyüdüb tərbiyə etdilər. Böyük övladları hərbi xidmətdən tərxis olunduqdan sonra ailə qurdu. Oğlanlarının ortancılı universitetdə təhsil alır. Kiçik övlad olan Ülvinin ordudan tərxis olunub evə gəlməyinə sayılı günlər qalıb. Nədənsə, anası yaman narahatdır. Narahatçılığının səbəbi odur ki, oğlu məzuniyyətə gələndə, “Ana, mən şəhid olacağam!” – demişdi. Ana qəlbi həssas olar deyirlər. Oğlunun şəhidlik zirvəsinə yüksəldiyini ona deməyə cəsarət etməsələr də, həssas ana qəlbi bu xəbəri hamıdan əvvəl duymuşdu. Həyətlərinə toplaşmış yüzdən üçünü tanımadığı minlərlə insanın yanında, nədənsə, özünə təsəlli verməyə çalışırdı. Bu insanların, “Şəhidlər ölməz, vətən bölünməz!” sözlərini xorla söyləmələri ritmini öz səsi ilə pozmaq istəmirdi. İnsanlardan xeyli ucada olmasını hiss etmişdi. Şəhid anası zirvəsində olduğunu tam yəqinləşdirmişdi. İyirmi dörd ildir aralı düşdüyü uca dağların əzəməti, vüqarı bu ananın sifətində cəmləşmişdi. “Ay balam” deməyə utanırdı. Artıq Ülvin tək onun balası deyil, milyonların balası idi.

lll

Şəhidin yasında iştirak etmək üçün dağdan arana yol alan qartal yüksəklikdən aşağı endikcə əziyyət çəkirdi. Bütün çətinliklərə baxmayaraq, Ülvinin yas mərasiminə çatmalıydı. Onun vətən həsrəti ilə cismindən ayrılan ruhunu özü ilə yalçın qayalara çatırmalıydı. Düzənlikdə qayalıq uca zirvə olmadığı üçün zirvələr şahı eniş edə bilmədi, şəhid cənazəsi ətrafında toplaşan minlərlə insanın və hərbi orkestrin başı üzərində bir neçə dövrə vurdu.

Qartalın səmada görünməsi insanlara olduqca təccüblü gəldi. İnsanlar- “Dağlardan arana qartal nə səbəbdən gəlib?”- deyə düşündülər. Əsl səbəbi isə özündən qeyri kimsə bilmirdi. Əsl məqsədi vətən uğrunda mərdliklə canından keçən qohumunun ruhunu “İşıqlı” dağının zirvəsinə qaldırmaq idi.

Artıq arandan dağlara qalxan yolları tanıyırdı. Qərar verdi: qohumlarının ruhunu doğma zirvələrə aparacaq. İyirmi dörd gündən sonra yenə qayıdıb bacısı nəvəsi Əyyub Bəndəliyevin ruhunu da özü ilə aparacaq Ələkbər! Biz qayıdınca üç qohumun ruhu həyan olacaq uca zirvələrimizə…

Balay ƏYYUB

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 23
  • 22
  • 614
  • 2,147
ILK-10 Azeri Website Directory