Əhalinin sosial müdafiə tədbirləri uğurla davam etdirilir

Əhalinin sosial müdafiə tədbirləri uğurla davam etdirilir <b style="color:red"></b>

Milli inkişaf modelinin sosialyönümlü xarakter daşıdığı ölkəmizdə sosial ədalət prinsipinin və sivil əsaslar üzərində sosial hüquqların etibarlı müdafiəsinin təmin olunmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlərin ildən-ilə gücləndirilməsi sosial dövlət statusunun əyani təzahürlərindən biri kimi özünü göstərir.

2017-ci ilin ilk rübünün nəticələri də bunu qeyd etməyə əsas verərək, respublikamızda makroiqtisadi sabitlik və inkişaf dinamikasının davam etdiyi şəraitdə sosial müdafiə amilinin dövlət siyasətində daim ön planda dayandığını bir daha təsdiq edir.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “525”ə  birinci rübün yekunları ilə bağlı məlumat verib. E.Babayev bildirib ki,  ölkədə qeyri-neft sektorunun 2,4 faiz, qeyri-neft sənayesinin 2 faiz, kənd  təsərrüfatının 3,5 faiz, qeyri-neft ixracının 10 faiz artdığı, valyuta ehtiyatlarının 1 milyard dollar səviyyəsində çoxalaraq 38,5 milyard dollara çatdığı ölkədə bu inkişaf prosesləri əhalinin sosial müdafiəsi sahəsində də növbəti irəliləyişlərlə müşahidə olunub. Belə ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamları, habelə 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının artırılması ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin cari ildə uğurla davam etdirildiyini göstərir.

Bu ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyaçıların 94 faizinin (1 milyon 240 min nəfərin) pensiyasında artımlar edilib. Nəticədə 2017-ci ilin ilk rübündə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən orta aylıq vəsait 267,4 milyon manata çatmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətən 9,2 faiz və ya 22,5 milyon manat çox olub. Ümumilikdə ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, ölkədə yaşa görə əmək pensiyasının orta aylıq məbləği cari ilin ilk rübündə 2017-ci ilin müvafiq dövrünə nisbətən 6 faiz yüksək, yəni 227 manat olub. Pensiya təminatı sisteminin əhatə dairəsi də genişlənir və yanvar-mart aylarında əmək pensiyaçılarının sayı 3,8 min nəfər artaraq 1 milyon 319 min nəfərə çatıb ki, bu da ölkə əhalisinin 13,4 faizini təşkil edir.

Pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərdən biri kimi, onların pensiyalarının ödənişinin hər ay nəzərdə tutulan qrafikə uyğun olaraq vaxtında həyata keçirilməsi təmin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ümumi daxilolmaların səviyyəsi cari ilin ötən dövründə də pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Fondun gəlirləri təkcə bu ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizə yaxın artıb. Eyni zamanda, Fondun sosial sığorta haqları üzrə gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 464 milyon manata çatıb və qeyri-büdcə sektoru üzrə gəlirlər proqnozu 102,5 faiz icra olunub.

Məlum olduğu kimi, ölkəmizdə mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatıdır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən  və şəhid ailələrindən keçən il və cari ilin ötən dövründə 300 nəfərdən çoxu yeni mənzillərlə təmin ediliblər.

Ölkəmizdə sosial müavinət və təqaüdlərlə təminat işləri də uğurla davam etdirilir. Qeyd olunan dövrdə  respublika əhalisinin 4,2 faizinə aylıq və birdəfəlik sosial müavinət, 58,1 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkəmizdə dayanıqlı  sosial-iqtisadi inkişafın təmin olunmasına şərait yaratmaqla, əmək resurslarının səmərəli məşğulluq imkanlarının da artmasına imkan yaradıb. Bu sahədə mühüm tədbirlərin davamı olaraq, ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın,bu ilin ilk rübündə 70 mini daimi olan 85 min yeni iş yerinin açılması sözsüz ki, əmək bazarında sabitliyin qorunub saxlanmasına, işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasına imkan verib.

Xüsusən də Azərbaycan Prezidentinin sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində keçən il dövlət təşkilatlarında on minlərlə iş yerinin yaradılması və bu iş yerləri üzrə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında xüsusi önəm kəsb edib. Cənab Prezidentin tapşırığına uyğun olaraq, ötən il olduğu kimi, cari ildə də sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü üzrə dövlət təşkilatlarında iş yerləri yaradılmaqla, bu barədə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi prosesi həyata keçirilir. 2017-ci ilin birinci rübündə sosial məsuliyyətin bölüşdürülməsi prinsipi çərçivəsində 41,4 min nəfər işaxtaranın məşğulluğu təmin olunub: onlardan 17,9 min nəfəri ilə əmək müqaviləsinin müddəti uzadılmaqla, 23,5 min nəfəri ilə yeni əmək müqaviləsi bağlanıb. Ümumilikdə, 2017-ci ilin birinci rübündə sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində 41,4 min nəfər işaxtaranın məşğulluğu reallaşdırılıb.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı Azərbaycanda dövlət məşğulluq siyasətinin aktiv əmək bazarı proqramlarının genişlənməsi şəraitində özünüməşğulluq imkanlarının artırılmasına, işşsiz və işaxtaran vətəndaşların ailə binzesinin qurulmasının dəstəklənməsinə   əsaslanan yeni keyfiyyət mərhələsinə keçməsinə imkan verib. Cari ilin ötən dövrünün mühüm tədbirlərindən biri də məhz qeyd olunan Sərəncamın praktik icrası olaraq, işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarının qurulması üçün onların aktivlərlə (mal və materiallarla təminatına başlanılması olub. Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq proqramının geniş vüsət almasının vacibliyini qeyd edərək “Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik”, deyə vurğulayıb. Qeyd edim ki, özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları cari ilin fevral ayının ortalarında yekunlaşıb. Növbəti mərhələ kimi, həmin şəxslərdən uğurlu biznes planlara malik olanlara ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər verilir. Cari il aprel ayının əvvəllərinə olan məlumata əsasən, artıq 25 rayon üzrə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxs aktivlərlə təmin olunub. Onların yeni qurduqları təsərrüfatlar əsasən kənd təsərrüfatı və xidmət sahələrini əhatə edir. Ümumilikdə, 1500 nəfərə yaxın şəxsin ailə bizneslərini qurmalarına imkan yaradacaq bu proqram işsiz və işaxtaran vətəndaşların özünüməşğulluğunun təmin olunması ilə bərabər, qeyri-neft sektorunun inkişafına, həmçinin kiçik və orta sahibkarlığın genişlənməsinə əlavə bir dəstəkdir.

Bu gün ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasıdır. Nazirliyin reabilitasiya müəssisələri tərəfindən cari ilin ilk rübü ərzində 4644 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib,  əlilliyi olan şəxslərə 6878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib. Dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısı kimi, son illərdə bərpa-müalicə infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi yönündə də mühüm addımlar atılıb. Əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində, 2016-cı ilin dekabr ayında istifadəyə verilən Uşaq Bərpa Mərkəzində yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılıb. Hazırda digər  bərpa mərkəzlərində də bu istiqamətdə işlər davam etdirilir.

Prezident İlham Əliyevin uğurlu islahatlar paketinin əsas komponentlərindən əhalinin dövlət xidmətlərindən rahat və müasir əsaslar üzərində şəffaf şəkildə istifadəsinin təmin edilməsidir. Bununla əlaqədar, son illərdə əmək və sosial müdafiə sisteminin müasir texnologiyalar əsasında qurulması üçün məqsədyönlü işlər görülüb. Əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sistemləri yaradılıb və əhalinin istifadəsinə verilib. Bu sistemlər vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən elektron müstəvidə, rahat və şəffaf şəraitdə faydalanmalarına imkan verib. Nəticədə nazirliyin 30-a qədər elektron xidməti bu gün əhalinin istifadəsindədir. Təkcə bu ilin ilk rübündə həmin elektron xidmətlərə 2 milyon 606 min 638 dəfə müraciət olunması onlara cəmiyyətdə olan marağın ifadəsidir.

Bu sahədə işlərin davamı kimi, cari ilin ötən dövründə nazirlik tərəfindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi də istifadəyə verilib. Həmin sistem sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsinə, hesabatların təqdim olunması prosesinin daha da sadələşdirilməsinə səbəb olub. Növbəti mərhələ kimi, nazirliyin məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır.

Prezident İlham Əliyevin sosial siyasət kursunun uğurlu nəticələri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, əmək və sosial müdafiə sahəsində yeni nailiyyətlərin əldə olunmasına  yönələn tədbirlərin  qarşıdakı dövrdə də davam etdiriləcəyinə əsas verir.

Samirə QULİYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory