Öz könül dünyası olan şair…

Öz könül dünyası olan şair...<b style="color:red"></b>

Salatın ƏHMƏDLİ
Filologiya üzrə fəlsəfə doktoru

Bəzən insanlar yazıb-yaradırlar, səssiz-səmirsiz öz işlərilə məşğul olurlar.
Elə bilirsən ki, onlar problemlərdən, qayğılardan uzaq olan insanlardır ki, səslərini çıxarmır, heç yerdə özlərini önə çəkmirlər. Bir də baxırsan ki, sakit təbiətli bu insan qəlb ağrıdan, insanı düşünməyə vadar edən publisistik məqalələrlə mətbuatda çıxış etdi. Və ya təsirli şeirlər toplanmış bir kitabı çap olundu.

Belə insanlardan biri də “Ədalət” qəzetində baş redaktorun birinci müavini olan Əməkdar jurnalist Əbülfət Mədətoğludur. Hər insanın həyatda öz daxili aləmi olduğu kimi, haqqında söz açacağım Əbülfət Mədətoğlunun da öz könül dünyası, özünə xas olan dünyasında isə haqq dolu dəryası var. Könül dünyasının ümmanı isə daim təlatümdədir.
Mənim onunla tanışlığım “Ədalət” qəzeti vasitəsilə oldu. Onun yazılarını həmişə izləyirdim. Bir dəfə Qarabağ müharibəsinə həsr olunmuş əlyazmamı Əbülfət müəllimə göndərdim. Dedim ki, Əbülfət müəllim, bir nəzər salın, birdən kəndin adlarını, yerini səhv salaram, qarabağlılar məndən inciyər. Əbülfət müəllim dedi ki, baş üstə, bacım, baxaram.
Mən onunla telefonla danışırdım, elə telefondaca onun qayğılı səsindən Qarabağ kədərini içində necə boğduğunu hiss elədim. Bir neçə gündən sonra əlyazmanı mənə qaytardı. Dedi ki, heç bir düzəlişə ehtiyac yoxdu və bir dənə də ön söz əvəzi yazmışdı.
Onun Qarabağ dərdi tək üzündə, səsində yox, yazdığı məqalələrində, əsərlərində, şeirlərində də öz əksini tapıb.
Şairin mənə avtoqrafını yazıb göndərdiyi “Ürəyim sənlə danışır” kitabını oxuyacağım kitabların cərgəsinə qoymuşdum. Hər rəfə yaxınlaşanda kitab məni cəlb edirdi. Ancaq ildırım sürətilə qaçan günlərim, saatlarım ucbatından onu oxuya bilmirdim. Nəhayət ki, bir az vaxt boşluğundan istifadə edib onu əlimə aldım, varaqladım. Şeirlər məni ahənrüba kimi özünə çəkirdi, şeirlərin sirli təsirindən çıxa bilmirdim… Qarabağ dərdi, yurd həsrəti onu qarabaqara izləyirdi. Dərdini ağ vərəqlərə deyirdi. Dərdin əlindən dərdini qoymağa yer tapmırdı sanki. Vətən qaçqını, yurd qaçqını olan insan canını qoymağa heç yanda yer tapmayaraq ürəyindəki nisgili vərəqlərə tökürdü:

Qaçqınıyam Vətənin,
Əsiriyəm vədənin.
Quruyan bir bədənin –
Qanında yer tapmadım.

Nə yazıq ki, Vətən sənin, yurd sənin, ancaq ağrıyan bədəninə məlhəm ola biləcək torpağın olmasın. Bundan da böyük nisgil ola bilərmi insan övladı üçün?
Nə yazıq ki, yaylağı, qışlağı olsun, dincəlmək, istirahət yeri yenə də yeknəsək bildiyin yerlər olsun:

… yaylağım Sulutəpə
aranım Biləcəri.
… kasıbın, qaçqının məzuniyyəti də
Çəpərin dibində oturmaqdı, durmaqdı…

Qarabağ dərdi dərdli övladını elə sarıb ki, dərdin dibini, sonunu görmək üçün dərd adlı quyunun dibinə enmək istəyir. Dərdin dibinə gedə-gedə tanış dərdlərə rast gəlir, sağına boylanır, soluna nəzər salır. Hamısı eyni dərddir: Vətən dərdi, Qarabağ dərdi. Bilir ki, düşəcəyi dərd quyusunun dibi ölümdür. Ölümdən qorxmadan necə olursa olsun quyuya düşmək istəyir. Ancaq dərd quyusuna gedən kəndiri belə tapa bilmir:

… Dərdin dibinə enməyə-
Çatmadı kəndirim, düşüm…
Dərd də namərdlik elədi,
Atmadı kəndirin düşüm.

Şair bəzən tərki-dünya olur, heç kimi yaxın buraxmaq istəmir. Dərdlə baş-başa qalıb onun öhdəsindən tək gələcəyinə inanır:

Dərdlə tək qalacağam,
Siz uzaq olun mənə!
…Dərdin ölçü qaşığın,
Gizləyib saxlayacam…

Bəzən şairin əli hər yerdən, hər şeydən üzülür. Ümidini Allaha bağlayır. Ağrılara tuş gələn aşiq kimi sanki onu tək Allah saxlayır. Nə yaxşı ki, Allaha inam qalıb, ümid qalıb. Sonda ölən ümiddir – belə deyib müdriklər…
Əbülfət Mədətoğlunun sevgi şeirləri də oxucunu öz cazibəsinə çəkir. Şair sevgi dolu bir ürəklə ətrafına baxır, gözübağlı göndərsələr belə gedib sevdiyini tapacaq qədər məğlubedilməzdi. Hansı səmtə getsə sevdiyinin izini görür, gülləri oxşayanda üzünü görür:

Yollara baxıram,
Mən izimi görürəm.
Gülləri qoxlayıram-
Bənzini görürəm.

Bəzən sevgilisinin yaddaşına gəlişilə bərabər od vurulub yandırılan, tüstülənən kəndi yadına düşür.
Xatirələri də sanki od tutub yanır, tüstülənir. İçini payız yelləri soyudur, sovurur. Keçmişdə qalan günləri qarmaqarışıq düşür. Bəzən də özünə qapılır, əli yerdən-göydən üzülür. Varından yox olur.Içində özünə qarşı üsyan edir. Heç içində “işaran göz” də köməyinə çatmır. Cismi sanki güllələnmiş daşdır. Ümid verəcək bir adam da yoxdur ki, dərdini ona danışsın. Nə yaxşı ki, istədiyi qızın şəkli ondadır, onun döşünün üstündəki cibindədir. Onunla təsəlli tapır, dərdini ona deyir:

Ümid verəcək nəsə,
Kimsə düşmür yadıma.
Şəklin gözüm önündə-
Budur çatan dadıma…

Şairin torpağa, yurda bağlılığı çox güclüdür. Vətən boyda torpaq itirmiş şair quş olub o yerləri bir də gəzmək arzusunu dilə gətirir. Xəyalən göylərdən asılı qalaraq o yerləri bir də seyr edir. Yaddaşındakı xatirələrinin işığı ilə doğulduğu yurdunu bir daha xatırlayır. Torpaq, vətən, onu özünə çəkir, torpaqdakı gücə mat qalır:

Könlümü oxşayıb, gözümü çəkir,
Canımdan tük kimi sözümü çəkir.
Yaramın üstünə dözümü çəkir-
Torpaqda bu boyda gücə bax, allah!

Şair inanır ki, dünyada ən zülm iş nə ayrılıq, nə ölüm deyilmiş, ən betər zülm gələcəyə ümid bağlayıb, tikan üstə oturmuş kimi yol gözləmək imiş.
Şairi hərədən diqqət umduğu dostların etinasızlığı, diqqətsizliyi incidir, ürəyi sıxılır. Əl verib görüşdüyü əllərin soyuqluğu, baxışlardakı yadlığı görsə də, özünə toxdaqlıq, dəstək verir; ürəyini insanlardan üz döndərməməyə çağırır:

Mən ürəklə, istəklə
Diqqət payladım, amma
Öz-özümə dəstək də
Verdim ki, soyuq olma!

Başqa bir şeirində şair dilə gələrək deyir:

Sönən işıqlar kimi,
İçimdə istək ölür.
Əlimi uzadıram,
Umduğum dəstək ölür.

Bu dünyada hər bir bəşər övladının bir taleyi var: doğulur, yaşayır… Hər bir insan nəsil artırmaqla yanaşı xeyirxah işlər də görür. İnsan var ki, onunla rastlaşanda sevinirsən, qəlbində bir rahatlıq tapırsan. İnsan da var ki, üz-üzə gələndə üzünü döndərmək istəyirsən. Əbülfət Mədətoğlu da birincilərdəndir. Belə insanların ürəyi həmişə Vətən, el-oba, torpaq, övlad sevgisilə döyünür. Əbülfət Mədətoğlu kifayət qədər tanınan jurnalist və şairdir, fədakarlıq hissilə yaşayan bir insandır. Əbülfət müəllim təbiətcə çox sakit adamdır.
Qabaqcadan heç nəyi demir. Sonradan yazdığı məqalələri oxuyanda hiss edirsən ki, bu adamın qələmi necə də qüdrətlidir. Nə xoşa gəlmək üçün şişirdilmiş ifadələr, nə də xəsislik, qısqanclıq duyulan fikirlər onun yazılarında, publisistikasında yoxdur.O, çox diqqətcil və səmimidir. Bunu onun şeirlərində də görmək mümkündür. Şeirləri də özü kimi səmimidir, sadədir. Fəlsəfi tutumu qədərincə olsa da, deyim tərzi, dili anlaşılandır, rəvandır. Mən Əbülfət müəllimin kitabını təqdir edirəm və onun öz oxucusunu tapacağına əminəm.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory