Daha bir dost itirdik

Daha bir dost itirdik <b style="color:red"></b>

Vilayət QULİYEV

Fevralın 15-də polyak əsilli Amerika tarixçisi, ölkəmizdə yaxşı tanınan azərbaycanşünas alim, ABŞ-dakı Monmut kollecinin və Kolumbiya universitetinin professoru, Xəzər və Bakı universitetlərinin fəxri professoru, Mərkəzi Avroasiya Tədqiqatları Cəmiyyətinin fəxri üzvü Tadeuş Sventexovski son aylarda yalnız üzüntü, əzab və ağrıları ilə yadda qalan bu dünya ilə vidalaşdı.

 

Onun ölümünü facebook sosial şəbəkəsi vasitəsi ilə tələbəsi və dostu, ABŞ-da nəşr olunan “The Journal of Azerbaijani Studies” məcmuəsi redaksiya heyətinin üzvü Evan Siegl aşağıdakı sözlərlə xəbər vermişdi: “Mənim əziz dostum və müəllimim, Azərbaycanın dostu, polyak vətənpərvəri, humanist və alim pan Tadeuş Sventexovski nəhayət çəkdiyi əzablardan xilas oldu”.

Otuz ildən artıq tanıdığım, Bakıda, Vaşinqtonda, Varşavada  dəfələrlə görüşdüyüm bu sadə, vicdanlı insan haqqında, həqiqi Azərbaycan dostu barəsində bir neçə kəlmə yazmağı özümə borc bildim.

Bakıya ilk dəfə səhv etmirəmsə, 1986-cı ildə gəlmişdi. Həm də əliboş gəlməmişdi. Adını Azərbaycanda şöhrətləndirən kitabını-Kembric universiteti nəşriyyatında bir il əvvəl çap olunmuş “Rusiya Azərbaycanı.1905-1920. Müsəlman cəmiyyətində milli eyniyyətin formalaşması” (Russian Azerbaijan. The Shaping of National İdentity in a Muslim Communite”)  gətirmişdi.

O vaxta qədər daha çox Polşa tarixi ilə məşğul olmuşdu. Həmkarı Aleksandr Korçinski ilə birlikdə “Polşa Almaniya ilə Rusiya arasında. 1926-1939-cu illər.İki düşmən  nəzəriyyəsi” (Nyu-York, 1975) və ayrılıqda özü “Müasir Polşa tarixini öyrənmək üçün amerikan Pilsudski İnstitutunun kolleksiyasına bələdçi” (Nyu-York, 1980) kitablarını çap etdirmişdi.

1985-ci ildən sonra isə əsasən Qafqaz və Azərbaycan tarixini, Azərbaycan-Rusiya münasibətlərini, siyasi islamı araşdırmışdı. Bir-birinin ardınca “İslam və Azərbaycanda milli eyniyyət” (Köln, 1989, alman dilində), “Rusiya və Azərbaycan. Sərhədyanı ölkə keçid mərhələsində” (Nyu-York, 1995; bu kitab Xəzər universitetinin təşəbbüsü ilə azərbaycancaya çevrilmişdir), “Azərbaycan və Rusiya: İkiyə bölünmüş ölkədə müstəmləkəçilik, islam və milliyyətçilik” (Varşava, 1998, polyak dilində), “Azərbaycan. Tarixi lüğət” (Nyu-York, 1999, həmmüəllif), “Azərbaycan” (Varşava, 2006, polyak dilində) kitabları işıq üzü görmüş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı.

Nə cür, hansı şəraitdə tanış olduğumuz indi dəqiq yadımda deyil. Amma bizim Ədəbiyyat İnstitutunun koridorlarında və Akademiyanın keçmiş Nərimanov prospektindəki binasının ikinci mərtəbəsində yerləşən Əsaslı kitabxanada çox sakit, sanki bir kölgə kimi gəzib-dolandığı indi də gözlərimin önündədir.

Tarixçi olsa da, nədənsə vaxtının çoxunu Ədəbiyyat İnstitutunda keçirirdi. XX əsr mətbuatının görkəmli tədqiqatçısı Əziz Mirəhmədovla söhbəti deyəsən, daha yaxşı tuturdu. Çünki az qala hər gün onun yanına gəlirdi. Məşhur kitabını da quru, emosiyasız bir avtoqrafla Əziz müəllimə bağışlamışdı. Sonralar Əziz müəllim ingiliscəyə bir az bələd olduğumu bildiyindən həmin kitabı mənə verdi. Onun amerikalı tarixçinin anlamadığı, yad dildə yazılmış əsərinin arasını açmadığını demək ədalətsizlik olardı. Çünki mətndəki bir sıra tarixlərin və soyadların altından xətt çəkilmiş, ədəbiyyat siyahısındakı bəzi mənbələrin qarşısında isə xüsusi diqqət ifadə edən NB (nota bene – yaxşı diqqət yetir) hərfləri, yaxud da nida işarəsi qoyulmuşdu. Xatirələri mənə  əziz olan iki alimin adı və fəaliyyəti  ilə bağlı bu kitab indi də kitabxanamdadır.

Pan Tadeuş Sventoxovski zahirən də, davranışı ilə də adətən bizim daha asanlıqla təsəvvür etdiyimiz tox, harın, özündənrazı amerikalılara bənzəmirdi. Geyimi nimdaş idi. Doğrudur, daha yaxından tanıdıqdan sonra geyimin onun üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmədiyini anladım.Hətta hərəkətlərində də bir ehtiyatlılıq və çəkingənlik duyulurdu. Bəlkə Azərbaycana gəlməmişdən əvvəl Sovet adamları ilə necə rəftar etmək, Sovet cəmiyyətində özünü necə aparmaq  barəsində ona da lazımi təlimat vermişdilər? Kim bilir?

Rus, türk və ingilis dillərinin qarışığında amerikalı alimi maraqlandıran müxtəlif məsələlər barəsində söhbət edirdik. Təbii ki, çağdaş siyasət və milli məsələ ilə bağlı bir kəlmə də danışmırdıq. Hələ M. S.Qorbaçovun yenidənqurma və aşkarlıq siyasəti elan olunmamışdı. Ona görə də sözün doğrusunu desəm, daxildəki senzor hansı mövzular barədə fikir mübadiləsi aparmağı hər hansı rəsmi qadağadan daha dəqiq və inadla diqtə edirdi.

Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiya üzrə kuratorunu tanıyırdım. Onu heç vaxt pan Tadeuşun yanında görmədiyindən məndə xarici qonağın tam nəzarətsiz buraxıldığı təəssüratı yaranmışdı. Amma belə deyilmiş. Bir gün Ədəbiyyat İnstitutunun özümə az qala dost saydığım gənc əməkdaşlarından biri məni küncə çəkib “Sən bu amerikalının böyür-başında az fırlan. Onun Akademiyadakı fəaliyyəti, ünsiyyətdə olduğu adamlar  haqqında gündəlik məlumat hazırlayıb lazımi yerə təqdim etmək mənə tapşırılıb. İstəmirəm adın hər gün ora düşsün”- dedi.  Həmkarımın “dəniz kənarı” ilə əlaqəli olduğunu yalnız bu zaman anladım. Amma istənilən halda ona minnətdaram. Çünki az qala “özünü ifşa etmək” bahasına da olsa, məni xəbərdar etməyi lazım bilmişdi. Əlbəttə, indi bütün bunlar çox qəribə, hətta gülməli görünür. O vaxtlar isə adamın bütün gələcəyinin üstündən həmişəlik  xətt çəkmək üçün belə məlumat  kifayət idi.

“Rusiya Azərbaycanı” kitabı ilə amerikalı alim Bakını tərk edəndən sonra tanış oldum. Heyrətimin həddi-hüdudu yox idi. Təvazökarlıqdan uzaq görünsə də, özümü mütaliəli, məlumatlı adam sayırdım. Əhatə dairəm də kifayət qədər geniş idi. Amma doğma tariximizdən indiyə qədər xəbər tutmadığım, bilmədiyim nə qədər məsələlər varmış! Sən demə, Rusiya imperiyasının süqutundan 1920-ci ilin aprel çevrilişinə qədərki tariximizin tam üç ili bizim üçün qaranlıq meşə imiş. Sən demə, bu tarixin həqiqi qürur doğuracaq səhifələrini indiyə qədər həyasızcasına bizdən gizlədib, yaxud ən yaxşı halda təhrif olunmuş şəkildə təqdim ediblərmiş. Sən demə, parlamenti, gerbi, bayrağı, himni, ordusu, polisi, pulu, daxili və xarici siyasəti, habelə digər zəruri atributları ilə birlikdə müstəqil dövlətimiz -Azərbaycan Cümhuriyyəti mövcud olub, hətta dünya birliyi tərəfindən de-fakto tanınıb. Əlbəttə, bütün bunları amerikalı tarixçinin əsərindən öyrənmək  hər şeyin qalın sirr pərdəsi altında saxlandığı 1986-cı ildə heyrətamiz idi.

Amma daha çox heyrət doğuran başqa məsələ idi. Təbii ki, bütün bunlardan xəbərdar insanlar yox deyildilər və onlar bizim aramızda yaşayırdılar. Mümkün olan iş deyildi ki, ağsaqqal alimlərimiz – Əziz Mirəhmədov, yaxud Kamal Talıbzadə Cümhuriyyətdən xəbərsiz olsunlar. Ola bilməzdi ki, babası Cümhuriyyət amalı yolunda qurban gedən Anar bu məsələdən tam bixəbər qalsın! Əlbəttə, başa düşürəm ki, onlar heç nə yaza bilməzdilər. Hətta yazsalar da, kim çap edəcəkdi? Lakin dar dairədə – həmkarlar və dostlar arasında danışmaq ki, olardı. Gözümüzün qarşısında tariximizin mühüm bir dövrü Corc Oruellin “1984” romanında təsvir olunduğu kimi, tamamilə pozulub  mövcud siyasi hakimiyyətə və sovet ideologiyasına sərf edən şəkildə yenidən yazılmışdı və bu mifi hətta şifahi söhbətlər vasitəsi ilə də olsun, dağıtmaq fikrinə düşən bir kimsə yox idi. Hər halda 1988-ci ilə qədər mən bu barədə eşitməmişdim.

O zaman az qala hər sətri ilə məni heyrətləndirən “Rusiya Azərbaycanı” kitabını tərcümə etmək fikrinə düşdüm (Yeri gəlmişkən, Türkiyədə   indiyə qədər bu kitabın türkcə iki nəşri çıxıb). Fikrimi müəllifə bildirib razılığını aldım. Hətta Azərbaycan nəşri üçün kiçik bir ön söz də  yazıb göndərdi. Tərcüməni necə və harada nəşr etdirəcəyimi bilməsəm də, fikrim qəti idi. Təəssüf ki, o zaman bu işi başa çatdıra bilmədim. Sadəcə Azərbaycan Cümhuriyyətinin meydana gəlməsi və 23 aylıq siyasi mövcudluğundan bəhs edən iki böyük fəsil 1988-ci ildə Yusif Səmədoğlunun baş redaktor olduğu “Azərbaycan” jurnalında çıxdı.

Böyük Mirzə Cəlilin sözləri ilə desəm “dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı” 1991-ci ildə amerikalı alimi rəhbərliyində təmsil olunduğum Nizami adına Ədəbiyyat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ilk cümhuriyyətimiz haqda ilk elmi tədbir sayılacaq “Azərbaycan Demokratik Respublikası: Tarix, Siyasət. Mədəniyyət” konfransına dəvət etsək də, işlərinin çoxluğunu və vaxt çatışmazlığını əsas gətirərək gəlmədi. Amma təbii ki, məruzəçilərin ən çox istinad etdikləri tədqiqatçılardan biri, bəlkə də birincisi Tadeuş Sventexovski idi. Qürur duyuram ki, həmin konfransın materialları mənim tərtib və redaktəm altında 1992-ci ildə Azərnəşrdə çap olundu. Bu, 70 illik məcburi sükutdan sonra Azərbaycan Cümhuriyyəti haqda tarixi həqiqətləri (düzdür, hələlik bir az naşı şəkildə!) ortaya qoyan ilk kitablardan biri, bəlkə də birincisi  idi.

2002 və 2003-cü illərdə Vaşinqtonda iki epizodik görüşümüzü çıxsam, professor Tadeuş Sventexovski ilə davamlı ünsiyyətimiz və müəyyən elmi əməkdaşlığımız 2005-ci ildə Varşavada yeniləndi. Həmin il o, təcrübəli mütəxəssislər üçün nəzərdə tutulmuş  Fulbrayt proqramı (Fulbright Senior Specialist grant) ilə uzun müddətə Varşava universitetində çalışırdı. Alim burada da Azərbaycan mövzusundan uzaq düşməmişdi. 2006-cı ildə Varşavanın “Trio” nəşriyyatı “XX əsrdə dünya dövlətlərinin tarixi” seriyasından onun “Azərbaycan” kitabını çap etmişdi. Hələlik polyak dilini yaxşı bilməsəm də, əsasən icmal xarakteri daşıyan bu kitabı əlyazması halında diqqətlə oxumuşdum. Alimin xahişi ilə həm Azərbaycanın Polşadakı səfiri, həm də bu məsələlərlə müəyyən qədər maraqlanan  mütəxəssis kimi onun əsərinə ön söz yazmışdım.

Yadımdadır ki, o ərəfədə pan Tadeuşun Vilça küçəsindəki mənzilinin yaxınlığında,  bir kafedə tez-tez görüşür və kitabı demək olar ki, fəsil-fəsil müzakirə edirdik. Artıq zaman dəyişmişdi və 1917-1920-ci illər tarixi haqqında ölkəmizdə də xeyli araşdırmalar meydana çıxmışdı. Təvazökarlıqdan kənar səslənsə də mən özüm Ə.Topçubaşovun Parisdən Azərbaycan Cümhuriyyəti hökumətinə göndərdiyi diplomatik hesabatları “Paris məktubları” adı altında Azərbaycan və rus dillərində nəşr etdirmişdim, Azərbaycan, ingilis və fransız dillərində “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh konfransından tələbləri” sənədlər toplusunu çapa  hazırlamışdım, Polşa kitabxana və arxivlərindən bu ölkədəki Azərbaycan siyasi mühacirlərinin fəaliyyəti haqda materiallar toplayırdım (onların əsasında 2010-cu ildə Polşanın “Adam Marşalek” nəşriyyatında rus dilində “Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən.

XX əsrin 30-cu illəri” kitabım nəşr olunmuşdu. Ona görə də söhbətlərimiz artıq hər hansı heyranlıq hissindən uzaq idi, daha predmetli xarakter almışdı və bir sıra hallarda mübahisəyə, fikir toqquşmasına çevrilirdi.

Amma təbii ki, mən Tadeuş Sventexovskinin onilliklər boyu bizim üçün yasaq sayılan bir dövrün, bir epoxanın Azərbaycandan uzaqlarda da olsa elmi-siyasi fikrin gündəliyinə gətirdiyini, tariximizin öyrənilməmiş bir mərhələsinin  Kolumbuna çevrildiyini heç zaman unutmurdum.

Varşavadakı sıx ünsiyyətimiz dövründən yadımda qalan iki kiçik, lakin alim həmkarımı  çox dəqiq səciyyələndirən xatirəmi bölüşmək istərdim.

Bir dəfə onu xanımı ilə birlikdə Varşavanın məşhur “Polskaya tradisiya” restoranına dəvət etmişdim. Bu restoran təkcə  nəfis yeməkləri və  mükəmməl servisi ilə fərqlənmirdi. Onun binası insanları daha çox cəlb edirdi. Deyilənə görə, sosializm vaxtı burada dövlət təhlükəsizliyi xidmətinin Varşava ofisi yerləşmişdi. Yeni polyaklar insanlara daim qorxu və stress aşılayan yeri onların əylənib şadlandıqları guşəyə çevirmişdilər.

Xanımı xəstələndiyindən pan Tadeuş tək gəlmişdi. Həm də bu məşhur restoran haqqında çox eşitdiyini, lakin heç vaxt orada olmadığını gizlətmədi. Yadımdadır ki, menyüdən ən sadə və ucuz yeməyi seçdi, yalnız bir qədəh ağ şərab götürdü. Hesab ödəmək vaxtı çatanda yeməyinin  pulunu özü vermək istədi.

– Pan Tadeuş! – dedim. -Siz ki, dəfələrlə Azərbaycanda olmusunuz. Bu işlərin bizdə necə həll edildiyini yaxşı bilirsiniz. Həm də mən dəvət etmişəm, sizin vətəniniz olsa da mənim qonağımsınız…

Hər ikimizin hesabını ödəməyimə çox çətinliklə razı sala bildim. Amma bütün təkidlərimə baxmayaraq,  xanımı üçün seçdiyi şirniyyatın pulunu özü verdi.

2007-ci ildə həyat yoldaşı ilə Bakıya getmək istəyirdi. Viza almaq üçün tələb olunan sənədləri çox diqqətlə hazırlamışdı, ayrıca kiçik bir zərfin içərisində dövlət rüsumunu – 120 ABŞ dolları qoymuşdu. Sənədləri gözdən keçirib konsula verdim, zərfi isə özünə qaytarıb dedim:

– Azərbaycan qarşısındakı xidmətlərinizə görə Səfirliyin sizə rüsumsuz viza rəsmiləşdirmək ixtiyarı var.

Çox sevindi. Təbii ki, pulu cibində qaldığına görə yox. Əməyinin layiqincə qiymətləndirildiyinə, seçilib fərqləndirildiyinə, ən azı səfirlik səviyyəsində də olsa tanındığına görə. (Doğrudur, bir il sonra maliyyə fəaliyyətimizi yoxlamağa gələn Hesablama Palatası əməkdaşları prosedur qaydalarının pozulduğuna görə həmin məbləğin səfirin maaşından tutulub dövlət xəzinəsinə qaytarılması haqda qərar çıxardılar. Sən demə, əvvəlcə Nazirlər Kabinetinə yazmaq, yalnız razılıq alınandan sonra rüsumsuz viza vermək olarmış!)

Bir ara Məmməd Əmin Rəsulzadənin 1938-ci ildə Varşavada, polyak dilində çap etdirdiyi “Azerbajdzan w walce o niepodleglosc”  (“Azərbaycan müstəqillik uğrunda mübarizədə”, kitabının faksimile nəşrini ana dilimizə tərcüməsi ilə birlikdə çap etdirməyi düşünürdüm. Bu fikir professor Sventexovskinin çox xoşuna gəlmişdi. Daim məni təşviq edir, hətta redaktorluğu  üzərinə götürməyə və nəşrə müqəddimə yazmağa  hazır olduğunu deyirdi.

2008-ci ildə alim Polşadan Amerikaya qayıdandan sonra əlaqələrimiz demək olar ki, kəsildi. Son üç-dörd ili ağır xəstə olduğu, elmi fəaliyyətdən tam uzaqlaşdığını bilirdim. Ancaq məktub yazıb narahat etmək istəmirdim.

Professor Tadeuş Sventexovskini vəsiyyətinə əsasən, bu il martın  5-də vətəni Polşada, Varşava qəbiristanlıqlarından birində dəfn etdilər. Məni heç kəsin xatırlamayacağını bilsəm də, xatirəsi qarşısında son borcum kimi ailəsinə başsağlığı teleqramı göndərdim.

Budapeşt, aprel, 2017-ci il

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory