Milli azadlıq ideyaları və Mirzə İbrahimovun hekayə yaradıcılığı

Milli azadlıq ideyaları və Mirzə İbrahimovun hekayə yaradıcılığı <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

İkinci Cahan savaşının başlaması ilə dünyada yeni siyasi situasiyanın yaranması səbəbindən Azərbaycanın yerləşdiyi region da siyasi proseslərin əsas mərkəzlərindən birinə çevrildi.
Dünyadakı hərbi qruplaşmaların əsas güc mərkəzlərindən olan Sovet dövləti mövcud durumdan istifadə edərək bölgədə yeni işğal həvəsinə düşdü.

Guya cənubdan, xüsusilə də Türkiyədən gələn təhlükəni önləmək üçün Sovet qoşunları bir gecənin içərisində böyük kontingentlə İrana daxil oldu. Əslində o illərdə İranın adı yalnız sözdə müstəqil dövlət kimi qalmışdı. Ölkə iqtisadi və siyasi cəhətdən imperalist dövlətlərin, xüsusi ilə də ingilis-amerikan güclərin əlində bir oyuncağa çevrilmişdi. Xalqın dövləti-varı müstəmləkəçilər tərəfindən talanaraq xaricə daşınırdı. Rza şahın qanlı rejimi on illər idi ki, ölkəni qaranlıq zindana çevirmişdi və bu ağrı-acını ən çox yaşayan yenə də Arazın o tayındakı vətən torpaqları idi. Mirzə Cəlilin təbirincə desək, “Azərbaycan başdan-başa bir  Kərbəla meydanı” idi.

Sovet rejimi qanlı müstəmləkəçilik mahiyyəti baxımından şah rejimindən çox da fərqlənməsə də, bir fakt danılmazdır ki, Şimali Azərbaycanda ana dilinin işlədilməsinə icazə verilməsi, xalqın maariflənməsi sahəsində böyük nailiyyətlərin əldə olunması, anadilli ədəbiyyatın sürətli inkişafı və digər bu kimi amillər Cənubda Şimala bir ümid yeri kimi baxmaq anlamını yaratmışdı. Beynəlxalq arenadakı hərc-mərclik Stalinin işğalçılıq iştahasını artırmış, amerikan-ingilis ekspansiyaçıları ilə gizli sövdələşməyə gedərək İranın şimal hissəsini, əsasən də Azərbaycanın yerləşdiyi coğrafi ərazi daxilində böyük bir hissəni SSRİ-yə birləşdirmək istəyi oyatmışdı. Məhz bu istəklə də sovet qoşunlarının böyük bir kontingenti İrana yeridilmişdi. Moskva ideloqları yerli əhalinin əsasən azərbaycanlılar olduğunu yaxşı bildiklərindən siyasi işləri daha çox şimaldan olan azərbaycanlılara tapşırmışdılar. Həmin siyasi rəhbərlərin böyük bir qrupu da Azərbaycanın gənc yazıçıları idi. Süleyman Rəhimov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Süleyman Rüstəm, Rəsul Rza və başqaları Cənubi Azərbaycanda nəşrə başlayan müxtəlif qəzet və jurnallarda çalışır, teatr tamaşaları hazırlayır, yeni açılan mədəniyyət ocaqlarında mədəni tədbirlər keçirir, xalqın arasında geniş təbliğat işləri aparırdılar.

İrana ezam olunmuş yazıçılar arasında görkəmli ədəbiyyatşünas və istedadlı yazıçımız Mirzə İbrahimov da vardı. Əslən Cənubi Azərbaycandan olan, hələ uşaq yaşlarından bir parça çörək dalınca doğma yurdundan ayrılmağa məcbur olan gənc yazıçı Mirzə İbrahimov Sovet qoşunlarının İrana daxil olmasını daxili bir sevinclə qarşılamışdı və ürəyinin dərinliyində bir ümid qığılcımı parlamışdı ki, bu siyasi situasiya sonda Azərbaycanın birləşməsinə, bütövləşməsinə gətirib çıxaracaq. Ona görə də Cənubi Azərbaycanda böyük bir həvəslə çalışır, xalqın maariflənməsi yolunda əlindən gələni əsirgəmirdi. Eyni zamanda ölkənin ədəbi mühitində də yaxından iştirak edir, müşahidə elədiyi hadisələri qələmə alaraq farsca və Azərbaycan dilində çıxan qəzet və jurnallarda çap etdirirdi. Azərbaycan ədəbiyyatında Cənub mövzusunda M.S.Ordubadidən sonra ən çox əsər yazan da Mirzə İbrahimov olmuşdur. Ancaq hadisələrin sonrakı inkişafı digər soydaşlarımız kimi Mirzə İbrahimovu da böyük xəyal qırıqlığına və dərin kədərə uğratdı. Vaşinqton-London-Moskva-Tehran razılaşması ilə sovet qoşunları İrandan çıxarıldı, az sonra S.C.Pişəvərinin qurduğu milli hökumət devrilərək Azərbaycan yenidən şovinist fars rejimi tərəfindən qan gölünə çevrildi.

Xalqımızın bu ağrılı taleyini böyük kədərlə qarşılayan Mirzə İbrahimov bu hadisələri “Gələcək gün” kimi məşhur romanında və silsilə “Cənub hekayələri”ndə ürək ağrısı və böyük sənətkarlıqla qələmə almışdır.

Təbii ki, “Cənub hekayələri” faciədən sonrakı dönəmdə qələmə alındığından onda böyük milli kədər, xalqın ağrı-acısı əsas xətt təşkil edirdi. Lakin hekayələrdəki pessimizm, milli ab-hava nə qədər ağır olsa da, xalqın tükənməz potensialı, ədəbi qəhrəmanların qəlbində yuva salmış alovlu vətənpərvərlik, sönməz milli-mübarizə hissi oxucuda daxilən bir nikbinlik ovqatı yaradır və Azərbaycan xalqının bir gün yenidən toparlanaraq bu ağır boyunduruqdan qurtulub bütövləşərək tarixin imtahanından  şərəflə çıxacağına güclü inam yaradırdı.

Yazıçının “Azad”, “Tonqal başında”, “On iki dekabr”, “İztirabın sonu” hekayələri ədəbi-bədii baxımdan yüksək sənətkarlıqla qələmə alınmış dolğun əsərlər olmaqla bərabər, Azərbaycan xalqının Cənubda milli-azadlıq uğrunda apardığı mübarizəni böyük sənətkarlıqla və yüksək ədəbi formada oxucuya çatdıra bilir.

“Azad” hekayəsinin əvvəlində yazıçı Fərdanın dili ilə XX əsrin 40-cı illərində Cənubi Azərbaycanda cərəyan edən mürəkkəb tarixi hadisələri, xalqın ağır həyatını, millətin qəlbində baş qaldıran milli-azadlıq duyğularını və əldə silah götürüb bu azadlıq uğrunda son döyüşə atılmasını realist boyalarla və tarixi faktlarla oxucunun gözləri önündə canlandırır.

“…Cahan hərbi başlamış, Rza şah taxt-tacdan əl çəkərək İranı tərk etmiş, polis, jandarm və ağzı yelli mürtəcelərin zülmü xeyli azalmış, müxtəlif hizblər, ittihadiyiyyələr meydana çıxmışdı. Azərbaycanın istər şəhər, istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Nəhayət, 1945-ci ilin sentyabr ayının 3-də Azərbaycan demokratlarının deklarasiyası intişar tapdı…”

Azərbaycan xalqının qəlbində yaşatdığı belə bir azdlıq günəşi XX yüzillikdə artıq üçüncü dəfə – 1945-ci ildə yenidən doğur. Azadlığı yenicə dadmağa başlayan xalqın sevinci yerə-göyə sığmır, özgürlüyün nəşəsi insanlara qol-qanad verir, onları qurub-yaratmağa həvəsləndirir. Elə Fərda da yalnız ürəyinin səsini danışmır, xalqın arzularını dilə gətirir:

“… Biz Azərbaycan üfüqlərində işıqlı bir günəş doğduğunu hiss edirdik… Bu günəş hamının qəlbini böyük bir ümidlə doldururdu… Hadisələr də çox şiddətlə inkişaf edirdi… Bir neçə aydan sonra biz kənddə mitinq keçirib Azərbaycan xalq konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də var idim. Noyabr ayının 18-də biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm…”

Yazıçının təsvir etdiyi kimi Təbrizin dəyişməsi, bütün Azərbaycanın dəyişməsi idi. Əslində bu dəyişmə yalnız şəhərin binalarının, küçələrinin, park və xiyabanlarının zahiri görünüşünün dəyişməsi deyildi. Bu dəyişmə xalqın milli şüurunun, əhvalının, ruhunun dəyişməsi idi. Xalqın öz gücünə inamın, istibdada münasibətinin dəyişməsi idi.

Bu inqilabi dəyişikliyi, bu ümidi, sabahkı günə inamı xalqa verənlər isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə mücadilə meydanına atılmış Azərbaycanın igid fədailər ordusu idi. O fədailər ki, ulu babaları Babəkin on bir əsr əvvəl özünə həyat amalı seçmiş şüarı – bir günlük azadlığı bir ömürlük əsarətdən üstün tutaraq “ya olum, ya ölüm” hayqıraraq mübarizə meydanına atılmışdılar.

Hekayənin əsas qəhrəmanlarından olan Azad Fərdanın dili ilə əsərin əvvəlində sakit, qaradinməz, sanki ətraf aləmdə baş verən hadisələrə biganə bir insan təsiri bağışlayır. Hətta Fərda onu bu xasiyyətinə görə susqunluqda, acizlikdə, hətta millətin faciəsinə tam biganə, faydasız bir insan olmaqda qınayır və onu qəzəblə acılayır:

“Dünyada sən olmasaydın, mən çoxdan özümü öldürmüşdüm, – dedim.

– Çünki sənə baxıram, məndən də faydasızları var, deyə təskinlik tapıram… Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik… O, bizdən nə xeyir gördü?…”

Azadın xarakterinin ilk cizgiləri uşaqlıq dostu Fərdanın haqsızcasına onu ittiham edərkən səbrlə dinləyib eyni  tonla dostuna cavab qaytarmaması, əksinə Fərda getdikdən sonra onlara yollanıb onun ailəsinin kirayə borcunu ödəməsində və pulu Fərdanın göndərdiyini deməsi ilə açılır. Dosta dar gündə dayaq durmaq və etdiyi yaxşılığı  dilə gətirməmək mərd, nəcib və böyük ürək sahibi olan insanlara xarakterdir. Həm də xalqımızın folklorundan gələn “çox bilib, az danışmaq igidin ləngəridi” deyimi əslində Azad kimi insanlara xarakter xüsusiyyətdir. Hekayədəki Azad obrazı həm də bir növ xalqın özünün bədii obrazıdır. Kənardan nə qədər sakit, səssiz görünsə də, azadlığı əlindən alınanda coşqun dağ çayı kimi kükrəyər, məcrasına sığmaz, qabağına çıxan ən böyük maneələri də süpürüb aparar.

Daha sonra biz Azadı xalqın azadlığı uğrunda ölüm-dirim döyüşünə atılmış igid fədailər dəstəsinin başında görürük. Fərda da onunla bir daha beş ildən sonra, Azadın ağır döyüşdə ölümcül yaralandığı bir səhnədə görüşür. Bu dəfə Azad danışır, Fərda susur. Fərdanın hər sözündən, kəlməsindən onun necə odlu bir vətənpərvər, azadlıq təşnəsi qəhrəman olduğu üzə çıxır. Azad get-gedə oxucununu gözündə o qədər böyüyür ki, ölümündən sonra da canlı bir qəhrəmana çevrilir.

Yazıçı qəhrəmanın adını da simvolik olaraq Azad qoyub. Çünki Azad xalqın azadlığı uğrunda döyüşlərdə şəhid olur. Lakin o, ölümüylə ölməzlik qazanaraq əbədiyyətə qovuşur. Ona görə ki, o, şirin canını doğma yurdun, ana torpağın azadlığı, istiqlaliyyəti, səadəti yolunda qurban verir. Yazıçı ölməz qəhrəmanın bədii obrazını bər-bəzəkdən uzaq, olduqca sadə təsvirlərlə, ancaq bitkin və dolğun boyalarla təsvir edir. Vaxtilə dərzi dükanında başıaşağı, sakit, qaradinməz dərzi şagirdi kimi gördüyümüz Azad beş ildən sonra xalqın təəssübünü çəkən, ölümün gözünə dik baxan qəhrəman bir fədai kimi gözümüz önündə zühur edir. Yazıçı bununla xalqın içində uyuyan qəhrəmanlıq hissinin zamanı çatanda necə bir vulkan kimi püskürdüyünə işarə vurur.

“…Yadındadırmı Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən nə üçün yaşayırıq, deyə soruşmuşdun? Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb getmişdin, yadındadırmı?… Lakin o zaman mən də sənin kimi düşünürdüm… Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır… Amma o zaman mən danışa bilməmişdim… Çünki danışmaqda bir məna yox idi… İndi isə sənə deyirəm, qardaşım, Fərda, sizə deyirəm qardaşlarım (o azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm. Bizim hamımızın səadəti, bax, bu alçaq daxmaların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiqlaliyyətindədir… Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır…”

Hekayədə Mirzə İbrahimov Azadın dili ilə özü danışır. Vətən həsrətlisi olan bir yazıçı, Azərbaycanı hürr və bütöv görmək istəyən demokrat düşüncəli bir ziyalı vətən azadlığa qovuşmayana qədər onun övladlarının əl-qollarını yanlarına salıb susmağa haqları olmadığını uca səslə hayqırır.

Azad ölərkən də xalqı düşünür, onun övladlarını birliyə, bütövlüyə çağırır. Azadı öz vəsiyyətinə görə elə bir yerdə basdırırlar ki, oradan bütöv Azərbaycan görünür. Bununla yazıçı bütöv və azad vətən məfhumunun bütün amallardan yüksəkdə dayandığını bir daha oxucunun yadına salır.

“…Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız… Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamın nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz… Qoy gələcəyin azad nəsillərinin ayaq səsi qəbirdə də olsa, qulaqlarıma çatsın… Bəlkə onlar da bizi rəhmətlə yad etdilər”.

Bir vaxtlar Azadı milli düşüncədə, vətənə münasibətdə laqeydlikdə, biganəlikdə qınayan Fərda bu dəfəki görüşdə əsil vətənpərvərliyin nə olduğunu, əsil vətəndaşın necə olduğunu Azadın özündən öyrənir. Və fədai dostlarıyla onun qəbri başında and içir ki, ölüm də onları Azərbaycanın azadlığı yolundan döndərə bilməyəcək.

“… Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək… and içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz”.

Mirzə İbrahimov bu hekayəni qələmə alanda hələ çox gənc idi və həm də nəzərə alsaq ki, o illərdə Azərbaycan nəsri yenicə formalaşırdı və nəsrimizin o qədər də böyük ənənəsi yox idi, onda yazıçının hadisələrə bu qədər peşəkarlıqla yanaşaraq ciddi əsər yaratmaq bacarığı onun bədii istedadının, dünya baxışının nə qədər zəngin olduğundan xəbər verir.

“Azad” hekayəsinin əsas ideyası, qayəsi Azərbaycanın azadlığı, onun cənublu-şimallı bütövlüyüdür. Bu ideya Mirzə İbrahimovun Cənub mövzusunda yazdığı bütün əsərlərinin əsas leytmotivini təşkil edir.

“…Biz onu vəsiyyətinə görə uca bir yerdə basdırdıq. Bu yer Təbrizlə Zəncanı birləşdirən böyük yolu qoynuna almış Təbriz gədiyidir… onun ən uca təpəsindəki tənha qəbrin üstündə duran adamın nəzərlərində geniş üfüqlər açılır, oradan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünür…”

(Ardı var)

İlham MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə doktoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory