Mənəvi dəyərlərin, parlaq ədəbi simaların doğma ünvanında

QAZAXDA GÖRDÜKLƏRİM, EŞİTDİKLƏRİM, DÜŞÜNDÜKLƏRİM

Mənəvi dəyərlərin, parlaq ədəbi simaların doğma ünvanında<b style="color:red"></b>

Novruz bayramına az qalırdı.
İşdən gəlib təzəcə rahatlanmışdım. Birdən ev telefonumuza zəng gəldi. Dəstəyi götürdüm, xəttin o başında eloğlum və dostum, Babanlılar nəslinin layiqli nümayəndəsi, Qazax Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və yaşadıcılarından biri, tanınmış pedaqoq Rövşən Babanlı idi. Hal-əhvallaşandan sonra bildirdi ki, hazırlaş, Qazağa gedirik.

Soruşdum, xeyirdimi? Söylədi ki, rayondan Qazax rayon icra başçısının humanitar işlər üzrə müavini Gülayə xanım zəng edib, başçının göstərişi ilə bizi, Qazaxın Bakıda yaşayan bir neçə ziyalısını Novruz bayramı tədbirlərinə, o cümlədən Səməd Vurğunun, Mehdi Hüseynin, İsmayıl Şıxlının anım gününə dəvət edirlər.

Martın 17-sində səhər tezdən Rövşən müəllimin kürəkəni, gözəl insan və həkim-stomatoloq Salman Namazovun maşını ilə üz tutduq Vətənə sarı. Səmimi söhbətlərlə uzun yola körpü saldıq, bir də baxdım ki, artıq Şəmkirdəyik, Salman doxturun kəndi Mahmudluda. Bizi onun ömürlərinin ahıl çağlarını yaşayan anası Rəhilə xanım və atası, Azərbaycanın məşhur geodezisti Mikayıl müəllim qarşıladılar. Rəhilə xanım qollarını açıb oğluna sarı quştək uçanda, Allah keçənlərinizə rəhmət eləsin, anamı xatırladım, o da mən kəndə gələndə bu cür edərdi. Bunu hiss edən Rəhilə xanım məni də bağrına basdı, qudası ilə də görüşdü. Mikayıl müəllim “Xoş gəlmisiniz” deyib bizi evə dəvət etdi. Gəldiyimizi və burada nahar edəcəyimizi eşidib, süfrəyə nələr düzməmişdi Rəhilə anamız. Əlləri var olsun! Şirin söhbətlərlə çörəyimizi yedik, çayımızı içdik, bir az da dincəlib, onlarla vidalaşdıq.

Yolda Rövşən müəllim Qazaxımızın böyük ziyalısı, uzun müddət Bakıda və Türkiyədə yaşayıb-yaratmış, Qazax Xeyriyyə Cəmiyyətində müstəsna xidmətləri olmuş onun keçmiş sədr müavini, hal-hazırda doğma torpaqda, ata yurdunda məskən salmış riyaziyyat elmləri doktoru, professor Hüseyn Xəlilova telefon açdı. İndi o, Bakı Dövlət Universitetinin Qazax filialında dekan vəzifəsində fəaliyyət göstərir. Hüseyn müəllim təklif elədi ki, birbaşa filiala gəlin, burada böyük Novruz təntənəsi keçiririk, gəlin siz də iştirak edin.

Nəhayət, gəlib Qazaxa çatdıq. Hər tərəfdə bir səliqə-səhman, bir təmizlik, gözəllik hiss olunurdu. Maşını əvvəlcə İdman Kompleksinin mehmanxanasına sürdük; orada, çox sağ olsunlar, Bakıdan gələn qonaqlar üçün xüsusi nömrə ayırıblar, hər şeyi öz yerində. Oradan gəldik birbaşa filiala.

Həyətdə bizi Qazax mahalının başqa bir dəyərli oğlu, böyük ziyalı-pedaqoq Qasım Əliyev qarşıladı. Qasım müəllim bizim kənddə, Saloğluda doğulub boya-başa çatmışdı. Ali məktəbi qurtarandan sonra kəndə qayıtmış, mənə kimya- biologiyadan dərs demişdi. Təəssüflər olsun ki, o vaxt Qasım müəllim məktəbdə çox qalmadı, onu rayon komsomol komitəsinə katib apardılar, oradan o, rayon partiya komitəsinin 2-ci katibinə qədər yüksəldi. Uzun müddət burada çalışdı, məlum hadisələrdən sonra öz doğma işinə, peşəsinə qayıtdı, Qazaxda İnternat məktəbinin direktoru oldu, məktəb böyük uğurlar qazandı. Bununla bərabər, Qasım müəllim bir ziyalı kimi öz ictimai fəaliyyətini heç zaman dondurmadı, yurdumuzun dar və şad günlərində həmişə öndə oldu, Qazağa gələn ziyalıları hörmətlə qarşılayan və yola salan da o oldu. Müəllimimi burada görəndə sevindim. BDU-nin Qazax filialına bu yaxınlarda rektor təyin olunmuş eloğlumuz, respublikada tanınmış coğrafiyaşünas alim, Əməkdar elm xadimi, professor Vüsət Əfəndiyev Qasım müəllimi də bir təcrübəli mütəxəssis kimi təkidlə öz yanına gətirmiş, ona “Tələbələrlə iş və ictimaiyyətlə əlaqə” şöbəsinin müdiri vəzifəsini tapşırmışdır. Filialın arxasında, geniş meydanda bir çal-çağır var idi ki, gəl görəsən. Meydanın qırağında dairəvi düzülmüş masaların üstü Novruz təamları ilə dolu, arxasında müəllimlər, valideynlər, tələbələr, başda isə rektor Vüsət Əfəndiyev, dekan Hüseyn Xəlilov, şair Barat Vüsal və digərləri. Səmimi görüşdən sonra biz də onların yanında əyləşdik. Meydanın bir tərəfində saclar asılmış, bacılarımızdan biri fətir, fəsəli, o biri isə qatdama, kətə bişirirdi; digər tərəfdə musiqiçilər, zurnaçılar dəstəsi fəqan edir, ortada tələbələr süzür, səkirdilər. Eşitdik ki, bu tədbirə rayonun yeni icra başçısı Rəcəb müəllim Babaşov da gəlibmiş. Tamaşanı biz də axıra qədər könül xoşluğu ilə izlədik. Rövşən müəllim filialın bütün kollektivini, tələbələri hamımızın adından bayram münasibətilə təbrik etdi. Tədbir başa çatdı, Vüsət müəllimlə, Hüseyn müəllimlə, Barat Vüsalla, Qasım müəllimlə xeyli rahat söhbət etdik. Vüsət müəllim filialda görülən işlərdən, açılan yeni ixtisaslardan, yeni icra başçısının onlara daim köməyindən, yaxın gələcəkdə onlar üçün tikiləcək yeni ali məktəb kompleksindən fərəhlə danışdı. Əmin olduq ki, bu cür kadrları olan Qazax filialı tezliklə böyük vüsət alacaq, ad-san qazanacaq.

Artıq axşam düşmüşdü. Rövşən müəllimdən xahiş etdim ki, bəlkə gecəni məşhur Çinarın yanında yaşayan qardaşım Səlimin evində keçirək, onlardan da bir hal-əhval tutaq, vaxtımız boş keçməsin. Getdik onlara; bizi görcək qardaşımgil çox sevindilər. Səlim də Qazağın yeni icra başçısı Rəcəb müəllimdən ağızdolusu danışdı, dedi, əsl xalq adamıdı.

Səhər saat 10-da İcra hakimiyyətinin qarşısında olmalıydıq. Səlim bizi ora öz maşınında Ağköynək yolu apardı. Yolun Ağstafaya tərəf çıxacağında, hündür bir tərəfdə, yenə “Fərrux Qayıbovun təyyarəsi” bizi salamladı. Biz maşından düşüb onun önündə şəkil çəkdirdik. Var olsun Rəcəb müəllim, onun gördüyü xoşagələn ilk işlərindən biri də bu olmuşdu: “Fərrux Qayıbovun təyyarəsi” yenə öz zirvəsində idi, ətrafında da gözəl bir park.

Gəldik İcra hakimiyyətinin qabağına. Elimizin-obamızın böyük alimi, akademik Teymur Bünyadov, bu yaxınlarda  Qazax Xeyriyyə ictimai birliyinə yeni sədr seçdiyimiz, böyük ürəkli qardaşımız İlham Pirməmmədov, tanınmış hüquqşünas və orqan işçisi Həsrət Pirməmmədov, şair Zaməddin Ziyadoğlu, Birliyimizin yeni sədr müavini gənc və bacarıqlı iş adamı Ərzuman Məmmədov, dünya şöhrətli Qazax idmançılarının layiqli davamçısı, Sərbəst güləş üzrə Respublika yığma komandasının baş məşqçisi Firdovsi Umudov da burada idilər. Çox keçməmiş İcranın ətrafı adamlarla doldu. Rəcəb müəllim İcra aparatının işçiləri ilə binadan çıxıb hamımızla görüşdü, “xoş gəlmisiniz” dedi.

Hamılıqla yollandıq yaxınlıqdakı parkda yerləşən Azərbaycanın xalq yazıçısı, fəxrimiz-vüqarımız İsmayıl Şıxlının heykəlinə tərəf. Onun önünə gül-çiçək dəstələri düzüldü. Anım mərasimini Rəcəb müəllim özü açdı və onu davam etmək üçün sözü Yazıçılar Birliyinin Qazax filialının sədri, alovlu şairimiz Barat Vüsala verdi. Barat da həmişəki kimi özünəməxsus şövqlə Teymur müəllimi, İlham müəllimi, Zaməddini, Firdovsini çıxışa dəvət etdi. Onların hər biri İsmayıl Şıxlı ilə bağlı ürək sözlərini söylədilər, onu bir məğrur insan, unudulmaz yazıçı kimi yada saldılar.

Oradan maşınlara dolub gəldik Qazax Dövlət dram teatrının qabağındakı parkda qoyulmuş xalq yazıçısı Mehdi Hüseynin heykəlini ziyarətə. Onun da önünə tər qərənfillər düzüldü. Rəcəb müəllim ev sahibi kimi yenə də tədbiri açıb sözü Barat müəllimə verdi. Şair, Mehdi Hüseynin Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığındakı misilsiz xidmətindən, şəxsiyyətindən, möhtəşəm yaradıcılığından geniş danışdı. Yazıçının yaxın qohumu Teymur müəllim də Mehdi Hüseynlə bağlı kövrək xatirələrini dilə gətirdi, onun necə bir ləyaqət sahibi olduğunu söylədi. Sonra Qazağın mərkəzində yerləşən mütəfəkkirlər parkında elimizin dahi oğullarına baş əydik. Yenidən qurulmuş və əsaslı təmir olunmuş Ədəbiyyat muzeyində isə gördüyümüz hamını valeh etdi. Divarlarda Vidadidən, Vaqifdən tutmuş müasirlərimizə qədər hər bir ədibin portreti, yanında isə əsərlərindən nümunələr diqqət çəkirdi. Bu mənzərəni Barat Vüsal ardıcıllıqla şərh etsə də, bəzən Rəcəb müəllim də dözməyib xüsusi bir sevinclə Barata dəstək olurdu.

Oradan yol aldıq daha gözəl bir aləmə – Azərbaycan xalqının heç zaman dilindən düşməyən, öz şəxsiyyəti və sənəti ilə hamının doğmasına çevrilən, əfsanələşən Səməd Vurğunun ziyarətinə. Onun bu torpaqda çox yerdə heykəl abidəsi var, lakin 1985-ci ildə Qazağın Səməd Vurğun küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerdə qoyulmuş abidə kompleksi (heykəltəraş Ramiz Məmmədov, memar Şərif Yolçuyev) daha əzəmətli, daha maraqlıdır. Öz qəhrəmanları ilə dünyanın qəm yükünü çiyinlərində daşıyan Səməd Vurğunun heykəli, onun ətrafı gül-çiçəyə qərq olmuşdu. Rəcəb müəllim rayona gəldiyi ilk günlərdən ulu şairimizin bu abidəsi üzərində bərpa işlərinə başlamış, onun ətrafında yüksək zövqlə gözəl bir park saldırmışdır.

Burada bir toy-bayram əhval-ruhiyyəsi yaşanırdı. Heykəlin önünə saysız-hesabsız insan toplaşmışdı. Hörmətli başçımız yenə də mikrofona yaxınlaşıb hamını salamladı, Səməd Vurğundan söz açıb, məclisi aparmaq üçün yenə Barat Vüsala söz verdi. O da Vurğun deyib aşdı-daşdı. Çıxış üçün bir daha Teymur Bünyadova, İlham Pirməmmədova, Zaməddin Ziyadoğluna, Mustafa Rasimoğluna və mənə söz verdi. Qazax dram teatrının direktoru, tanınmış aktyor Saqif İsgəndərov, Salahlıdan gəlmiş məktəblilər şairin şeirlərini səsləndirdilər. Aşıq Hacı ilə aşıq Camoy sazlarını sinələrinə sıxıb S. Vurğunun kəlmələri ilə deyişdilər.

… Oradan durub daha gözəl, daha maraqlı bir mənzərənin, Qazax Olimpiya Kompleksinin önündə və içində hazırlanmış Novruz təntənəsinin seyrinə gəldik. Burda gördüklərimiz tamam başqa bir dünya idi. Bütün kəndlər tökülüb gəlmişdi bu bayrama: bir tərəfdə İncəlilər, bir tərəfdə Salahlılar, digər tərəfdə Şıxlılar və başqaları öz bayram sovqatları ilə qatarlanıb qonaqları gözləyirdilər. Ortada qara zurnanın sədaları altında kiçik yaşlı və böyük idmançılar, pəhləvanlar öz məharətlərini göstərir, aşıqlar sazları ilə var-gəl edirdilər, dilboz atlar belindəki çaparlarla o yan bu yana səkirdilər, kosa ilə keçəl bir oyun çıxardırdılar ki, gəl görəsən. Rəcəb müəllimlə bizi də qara zurna üçlüyü qarşıladı. Onların çaldığı “Cütçü” havası bizi elə ovsunladı ki, hətta ağsaqqalımız Teymur müəllim qollarını açıb bir neçə addım qırğı kimi süzdü və bizi də oynatdı. İrəli keçib uşaqlı-böyüklü qıraqlarda sıralanmış kənd camaatı ilə görüşdük: biri şeir dedi, biri mahnı oxudu, biri yumurta döyüşdürməyə çağırdı… Hamının da üzündə böyük bir sevinc, bir ruh yüksəkliyi…

Olimpiya Kompleksinə daxil olduq. Zalda o qədər adam var idi, iynə atsan, yerə düşməzdi. Hamı bizi və Bayram konsertini gözləyirdi. Rəcəb müəllim yenə də səhnəyə qalxıb hamını salamladı və Novruz bayramı münasibətilə təbrik etdi. Bakıdan gələn bir sıra məşhur müğənnilərin ifasında konsert proqramına qulaq asdıq, yerli idmançılarımız, rəqqaslarımız maraqlı nömrələrlə çıxış etdilər.

Artıq axşam düşmüşdü. Gecələmək üçün mehmanxanaya gəldik. Yəqin düşündünüz ki, nə üçün doğma yurdumuzda mehmanxanaya? Hə, sadəcə, özümümüzü rahat hiss etmək və heç kəsi narahat etməmək üçün…

Səhər adətim üzrə obaşdan oyandım. Əynimi geyinib çölə Qazağımızın təmiz havasından doyunca canıma yığmağa və səhər idmanı etməyə çıxdım. Təxminən 1 saatdan sonra otağa qayıdanda gördüm Rövşən müəllim də oyanıb. “Sabahın xeyir!” deyib necə yatdığını soruşdum. Dedi: “Əla!”

Axşamdan qərara gəlmişdim ki, səhər Rövşən müəllimi də götürüb kəndə, Saloğluya baş çəkəcəm: həm bir xeyir iş var, onda iştirak edək, həm də Soyuqbulaqda hərbi qulluqda olan oğlum Məhəmmədlə görüşək. Dostum təklifimi məmnuniyyətlə qəbul etdi. Durub çıxdıq H. Əliyev prospektinə. Burada biz Azərbaycanın tanınmış qələm sahibi, əməkdar jurnalist, eloğlumuz Sərhəd Məmmədovla görüşdük. Xoş-beş, on beşdən sonra o, bizi öz maşınında düz Saloğluya gətirdi. Yol boyu o da ancaq Qazağın icra başçısı Rəcəb müəllim Babaşovdan, onun gördüyü işlərdən, ədəbiyyat, elm, incəsənət adamlarına göstərdiyi qayğıdan, diqqətdən ağızdolusu danışdı. Beləcə gəlib bizim kəndə çatdıq. Sonbeşik qardaşım Mətləb, həyat yoldaşı və oğlu bizi sevinclə qarşıladılar. Özümdən ixtiyarsız həmişə olduğu kimi, gözlərim atamı-anamı axtardı, nə yazıq ki, görə bilmədi. Bir az da doldum, doluxsundum.

Sonra həyətdən çıxıb yuxarı, arxa yola qalxdıq, Rövşən müəllimə bütün kəndimizi göstərdim, yaman xoşuna gəldi. Ona həm də onun cavan vaxtı bir voleybolçu kimi yarışa gəlib-getdiyi və əmisi oğlu, bizim məktəbin tərbiyə işləri üzrə direktor müavini işləmiş Rasim Babanlının yaşadığı hərbi şəhərciyi göstərdim. Kövrəldi. Bu zaman əsgər balam Məhəmməd də özü gəlib çıxdı. Bazar günü idi. Yaxşı qulluq etdiyinə görə ona bir neçə saatlıq buraxılış vaxtı vermişdilər. Görüşdük, hal-əhval tutduq, şükür, hər şey öz qaydasında idi.

Bizdən bir xeyli aralıdan gələn toyun səsi kəndi başına götürmüşdü. Durub yavaş-yavaş ora yollandıq, rəhmətlik Qənbər dayımın oğlu Mahmudun qapısına. Gözlərinə inanmadı, çox böyük hörmətlə qarşılandıq. Bütün kənd burda idi. Ayağa durdular, məclisin yuxarı başında bizə yer vedilər; oturduq, dincəldik, Yuxarı Salahlı aşıq Şahmuradın kövrək səsi ilə bir neçə el havasına qulaq asdıq. Rövşən müəllimlə birgə bir yaxşı sağlıq dedik, bəyimizə, gəlinimizə, xeyir-dua verdik. Sonra xudahafizləşib qayıtdıq yenə bizə, həyətdə oturub bir mürəbbəli çay içdik. Sonra qayıtdıq yenə Qazağa. Sabah tezdən Bakıya çıxasıydıq…

Səhər duranda artıq öz yerini tutmuş günəşin al şəfəqləri həm çölü-çəməni, həm də otağımızı nura qərq eləmişdi. Pəncərəyə yaxınlaşdım, stadionun içindəki yaşıl otların üstündəki şeh damcıları par-par parıldayırdı. Xan çinarların başındakı cürbəcür quşların cəh-cəhi sanki bir səhər konserti idi. Dedim, qağa, vallah adam buralardan getmək istəmir. Dedi, düz deyirsən! Yadıma bir bayatı düşdü:

Əzizim Qazax səndən,
Əysilməz sazax səndən.
Bilsəydim ayrılıq var,
Düşməzdim uzax səndən

Bax beləcə, mənim əzizlərim, 3-4 günlük çox mənalı, yaddaqalan ömür yaşadıq doğma yurdda, Qazaxda; gördüklərimiz, iştirakçısı olduqlarımız, eşitdiklərimiz bizi çox sevindirdi. Bu sevinci bu dəfə bizə ən çox bəxş edən rayonumuzun dəyərli icra başçısı Rəcəb müəllim Babaşov oldu. Bir qəzet məqaləsində hər şeyi demək olmur. Ancaq yenə də elimə-obama isə üzümü tutub mərhum şairimiz Mədət Məhbubun misraları ilə deyirəm:

Sizə qurban olum, ay Qazaxlılar!
Duruşu dağlara tay Qazaxlılar!
Yığışın hay salın, hay, Qazaxlılar!
Küsüb, dağılışıb iraq olmayın!
Qaynayın, qarışın, qıraq olmayın!

Allah sizi qorusun!

Valeh NƏSİBLİ

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory