HƏRBİ XİDMƏTDƏN TƏRXİS OLUNAN GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

6 Heydər Əliyev Mərkəzində düzənlənən görüş ilk öncə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıqla başladı. Sonra tədbirin rəsmi hissəsi öz işinə başladı.

Tədbiri giriş sözü ilə açan ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov toplantıya qatılan gəncləri salamladı, onları hərbi xidmətlərini başa vurmaları, sağ-salamat el-obalarına qayıtmaları münasibəti ilə təbrik etdi.

Daha sonra gənclər qarşısında tribuna alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şəhər şöbəsinin rəisi, polkovnik Elxan Heydərov vurğuladı ki,  artıq hər bir ölkə vətəndaşı hiss edir ki, onun arxasında güclü Azərbaycan dövləti və Prezidenti, güclü Azərbaycan ordusu var. Şanlı tarixə çevrilmiş 2016-cı ilin aprel döyüşləri bunu bir daha təsdiq etdi. Ötən ilin bu ayında Azərbaycan ordusu düşmənin növbəti təxribatına layiqli cavab verdi, bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, ilk növbədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi.

Mən bir faktı da toplantı iştirakçılarının nəzərinə yetirmək istəyirəm. Yaşadığımız Yevlax şəhəri sərhəd bölgəsi deyil, lakin bu yerin gəncləri hərbi xidmətə olduqca meyllidirlər. Və sizin kimi vətənpərvər ruhlu gənclərimizin sayəsində Yevlax hərbi qulluqçuların sayına görə respublikamızda ön sıradadır.

Sonra söz Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə iştirak edən Orxan Adgözəlova verildi. Gənc öz təəssüratlarını bölüşdü, Vətənə xidmətin onun üçün şərəf işi olduğunu açıqladı, fəxrlə bildirdi: Ali baş Komandan əmr verərsə yenidən o səngərlərə qayıdar, mənfur düşmənə qarşı vuruşaram.

Rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Pənahov gənclərə xitabən qürur duyğulu çıxış etdi. Söylədi: -2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı istiqamətində mövcud olan təhlükə aradan qaldırıldı, Lələtəpədə Azərbaycan bayrağı ucaldıldı. Siz o döyüşlərdə iştirak etdiniz, Vətəni, ana və bacılarımızı, torpağımızı şərəflə qorudunuz. O şanlı döyüşlər zamanı nə qədər Vətən torpağı erməni işğalından azad edildi. Bilirsiz, bu sonun başlanğıcıdır. Biz heç vaxt işğalçı ermənilərin, xalqımıza düşmən kəsilən bu vandalların Azərbaycan torpağında ikinci dövlət qurmasına imkan verməyəcəyik.

Öz çıxışına günün necə uğurlu və gözəl olmasından, səngərlərdə vuruşaraq evlərinə sağ-salamat dönən gənclərlə görüşün qürurverici olduğu ilə başlayan RPŞ-nin rəisi, polis polkovniki Vaqif Müslümov bildirdi ki, Azərbaycan xalqı torpağa, yurda daim bağlı olub. Fərəhlidir ki, aprel müharibəsi qısa çəkməyinə baxmayaraq əslində yeni və geniş bir yol açmış oldu. Bu yol Böyük Qayıdışın başlanğıcıdır. Qürur duyuram ki,  o tarixi günlərdə Yevlax gəncləri də Milli Orduda xidmət edib, Vətən uğrunda döyüşlərə atılıb, vuruşub. Polis polkovniki çıxışını hündür qaməti ilə seçilən gəncləri polis sıralarına xidmətə dəvət etmək kimi nikbin məqamlarla bitirdi.

“Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı belə Vətən təəssübü çəkən, vətənpərvər ruhlu gənclərlə fəxr etdiyini söylədi, əmin olduğunu açıqladı ki, Milli Ordunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhid analarının intiqamı alınacaq, şəhid ruhları rahatlıq tapacaq.

Şəhid anası Kübra Ağayeva ötən ilki aprel zəfərinin şəhid anaları üçün böyük təsəlli olduğunu söylədi. Qarabağ müharibəsi əlili Mansur Əliyev isə Milli Ordunun regionda ən güclü ordu olmasını vurğulayaraq, ordumuzun hər an döyüşlərə hazır olduğundan söz açdı.

Gənclərə Vətənə sevgi ruhu aşılayan görüşü ŞİH Başçısının müavini Qənimət Qaraşov yekunlaşdıraraq, bir daha əminliyini dilə gətirdi ki, sıralarında sizin kimi mübariz, döyüşkən ruhlu gənclər olan Milli Ordumuz təcavüzkara layiqli yerini tanıdacaq, torpaqlarımızı düşmən tapdağından azad edəcəkdir.

Sonda Milli Ordudan tərxis olunan bir qrup gəncə təntənəli surətdə hərbi biletlər təqdim edildi.

Züleyxa MƏMMƏDQIZI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory