Ümummilli liderin Azərbaycanda hakimiyyətə gəlişi unudulmaz tarix kimi yad olunur

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin növbəti ildönümü paytaxtın Səbail rayonunda da tarixi qədirbilənlik duyğuları ilə yad olunur. Rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 48 il əvvəl respublikaya rəhbərlik etməyə başlaması ölkəmizin son yarım əsrlik tarixində sürətli inkişaf və gələcək  suverenliyin zəruri əsaslarının yaradılması dövrü kimi səciyyələndirilmişdir.

Mərasimin əvvəlində ulu öndərin əziz xatirəsi  ehtiramla yad olunmuşdur.

Yığıncaqda məruzə ilə çıxış edən Səbail RİH başçısının müavini Eldar Ağayev bildirmişdir ki, ümummmilli lider Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda respublikanın ali rəhbəri seçilməsi ilə yurdumuzun inkişafında ciddi dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, təşkilatçılıq qabiliyyəti tezliklə həyatın bütün sahələrində əsaslı dəyişikliklərə yol açdı. Təşəbbüskar və yorulmaz lider kimi ulu öndərin həyata keçirdiyi kompleks tədbirlər sovet  imperiyasının geridə qalmış aqrar əyalətini sənaye və kənd təsərrüfatının, elm, təhsil və mədəniyyətin sürətlə inkişaf etdiyi qabaqcıl respublikaya çevirdi. O illərdə Azərbaycanda yüzlərlə iri sənaye müəssisəsi, sosial obyekt inşa edildi, geniş mənzil tikintisi aparıldı, əhalinin güzəranı yüksəldi.

Daha sonra bildirilmişdir ki, ulu öndərin Moskvaya  sovet  dövlətinin ali rəhbərliyinə  gedişindən, düşmən qüvvələrin məkrli siyasəti nəticəsində bu yüksək postdan istefa verməsindən sonra respublika onun yaratdığı inkişaf relsindən çıxarıldı, ümumi tənəzzül və böhran dərinləşdi. Bu proses dövlət müstəqilliyinin başlanğıcında fəlakətli bir həddə çatanda, Ermənistanın Azərbaycana təcavüzü və daxili siyasi-hərbi qarşıdurma ölkəni məhv olmaq təhlükəsinə sürükləyəndə isə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider tarixi xilaskarlıq missiyasını məharətlə gerçəkləşdirdi. Ulu öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaratdı. Bu strateji xətti 14 ildir ki, Prezident İlham Əliyev uğurla davam etdirir.

YAP Səbail rayon təşkilatının sədr müavini Afət Xanbabayeva,  Vətən Müharibəsi Veteranları Birliyi rayon təşkilatının sədri İlham Əliyev, Respublika Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə nail olduğu yüksəlişi, dövlətçiliyimizin əsaslarının yaradılmasında və möhkəmləndirilməsində tarixi xidmətlərini minnətdarlıqla yad etmişlər. Qeyd edilmişdir ki, səbaillilər həmişə olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin Azərbaycanın qüdrətli və zəngin bir dövlətə çevrilməsi və itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işlərdə ona dəstək olacaqlar.

T.AYDINOĞLU,
“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory