27 yaşlı “Qarabağ” qəzeti: şərəfli yol, şanlı salnamə

27 yaşlı "Qarabağ" qəzeti: <b style="color:red">şərəfli yol, şanlı salnamə</b>

1990-cı ilin avqust ayı idi. Bacım təhsil aldığı Şuşa Mədəni-Maarif Texnikumundan kəndə – yay tətilinə gəlmişdi.
Evə çatan kimi səfər çantasını açdı və 2 nüsxə qəzet çıxaraq masanın üstünə qoydu. Üz qabığında Şuşa qalasının şəkli həkk olunmuş səhifənin yuxarı hissəsində “Qarabağ” yazılmışdı. O vaxta qədər bu adda qəzetə rast gəlmədiyimiz üçün nüsxələr marağımıza səbəb oldu. Bacım: “Gəlin oxuyun, görün ermənilər camaatımızın başına nə oyunlar açır, nə zülümlər edir.

Şuşada hamı bu qəzeti oxuyur, oxuduqdan sonra bir-birinə ötürürlər ki, onlarda oxusun. Mən ancaq 2 nüsxəni tapa bildim. Siz də oxuyun, sonra verin qonşulara!” – dedi. 10 gün sonra Qərvənd kənd orta məktəbinin müəllimi İnqilab Qarayev bizə gələrək qəzetlərdən dərslərdə əyani-vəsait kimi istifadə edəcəklərini bildirərək onları qovluğun arasına yığaraq apardı. 1990-cı ilin yayında “Qarabağ” qəzeti kəndimizə belə ayaq açdı.

O vaxt heç ağlıma da gəlməzdi ki, zaman gələcək, bacımın, ailəmizin, qonşularımızın və nəhayət, kənd camaatının müqəddəs bildiyi o qəzetin redaksiyasında müxbir kimi fəaliyyətə başlayacağam.

“Qarabağ”ın yaranma zərurəti

Sovet hakimiyyəti dövründə yaşayanlar bilir ki, “Qlavlit” sovet senzurasının ifadəçisi idi və bütün qəzetlər, jurnallar əvvəlcə “Qlavlit”ə gedir, senzorun nəzarətində yoxlanılır, daha sonra çap üçün mətbəəyə göndərilirdi. Həmin dövrün “öldürücü” senzurası, nəinki mətbuatın, həmçinin ədəbiyyatın, kitab nəşrlərinin, incəsənətin də inkişafına mane olurdu. Partiyanın təyin etdiyi konkret mövzulardan kənara çıxmaq mümkün deyildi. Senzuradan keçə bilən qəzetlər təbii ki, mərkəzi hakimiyyətin tapşırıqlarından kənara çıxmağa özündə cəsarət tapa bilməyən qəzetlər idi, ölkədə baş verənlərlə bağlı obyektiv və dəqiq informasiya verməkdən çəkinir, insanların diqqətini başqa məsələlərə yönəltməyə çalışırdılar. Bu cür mətbu orqanlar Azərbaycanın taleyüklü, prinsipial məsələlərdə susması, təbii olaraq kənar qüvvələrin mövcud durumdan yararlanmasına gətirib çıxarırdı. 1989-90-cı illərin əvvəlində müstəqilləşmə havası Azərbaycanın ictimai-siyasi mühitinə ciddi təsir göstərdi. Bu, mediadan da yan keçmədi. “Azərbaycan”, “Qarabağ”, “Səhər”, “Azadlıq”, “Ayna-Zerkalo”, “Səs”, “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşrə başladı. 1990-cı ildə “Qarabağ” qəzeti Azərbaycan KP MK Bürosunun qərarı ilə Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin orqanı olaraq həftəlik qəzet kimi təsis edildi və elə həmin ilin iyul ayının 1-də ilk sayı işıq üzü gördü. “Qarabağ” qəzeti fəaliyyətə başladığı gündən öz səhifələrində ermənilərin xalqımıza qarşı apardığı ədalətsiz torpaq iddiasından, Sovet ordusunun dəstəyi ilə qarabağlıların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən, qeyrətli vətən oğullarının qəhrəmanlığından və dünyanın bu məsələyə birtərəfli yanaşmasından söhbət açdı. Azərbaycan mediasının mübariz bir nəşri olaraq 1991-ci ilin noyabr ayında qəzetin yaradıcı kollektivi təsisçi təşkilatın fəaliyyətinin milli maraqlara zidd olduğunu nəzərə alaraq onun təsisçiliyindən imtina etdi. Bu, “Qarabağ”ın kollektivinin vətənpərvərlik ruhundan irəli gəlirdi. Həmin dövrü xatırlayanlar təsdiq edər ki, həm siyasi, həm də maddi baxımdan belə təhlükəli addım böyük risk tələb edirdi. Qəzetin baş redaktoru Çingiz Tofiqoğlu və əməkdaşları – Salman Alıoğlu, Sarvan Ağayev, Kərim Kərimli, Vaqif Balayoğlu, Azər Məmmədov, Nağı, Elcan, Zəkurə Quliyeva, Gülşən Allahverdiyeva, Eyvaz Əliyev, Əbülfət Mədətoğlu, İradə Quliyeva və başqaları bu riskə gedərək, Qarabağda ilk müstəqil mətbu orqanın yaranmasına nail oldular.

Qarabağlılar üçün “Qarabağ”ın önəmi

“Qarabağ” qəzetinin ikinci yaranma səbəbi isə başqa bir zərurətdən doğur. 1988-89-cu illərdə soydaşlarımız Qərbi Azərbaycanda (Ermənistanda) ermənilər tərəfindən işgəncələrə məruz qaldılar, ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. 226 soydaşımız ermənilər tərəfindən öldürüldü. Belə bir vaxtda mətbuat, eləcə də, radio və televiziya Azərbaycan xalqının olanlardan xəbər tutmasını təmin etmək əvəzinə “xalqlar dostluğu”, “millətlərin qardaşlığı” ideyalarına “sadiq qalaraq”, guya hər şeyin qaydasında olduğu barədə optimist əhval-ruhiyyədə məlumatlar yayırdılar. Digər yandan, 1990-cı ilin 20 yanvar faciəsi də məhz bu məlumatsızlığın, informasiya qıtlığının bariz nümunəsi kimi qiymətləndirilirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağda milli zəmində baş verən hadisələr də ölkə ictimaiyyətinə doğru-düzgün çatdırılmır, erməninin xisləti, yüzillik ədavəti, qan düşmənçiliyi ictimaiyyətə xırda münaqişələr kimi təqdim edilirdi.

“Qarabağ” qəzetinin belə bir məqamda Azərbaycan xalqına, Qarabağ camaatına, ziyalı təbəqəyə hava-su qədər gərəkli olduğu ortaya çıxdı. Müstəqil fikir yürütmək, maarifləndirmək, haqsızlığın, ədalətsizliyin üzərinə yerimək, acı gerçəkləri açıb göstərmək kimi keyfiyyətləri “Qarabağ”ı nəinki Qarabağda, eləcə də bütün respublikada dövrün ən fəal mətbu orqanı kimi məşhurlaşdırdı. 45 min tirajla nəşr olunmasına baxmayaraq, bu mətbu orqana tələbat gündən-günə artırdı.

Qəzetin səhifələrində dərc edilmiş bəzi məlumatlara diqqət yetirək:”Qarabağ! Adını çəkəndə qəlbim odlanır, dilim pörşələnir, namərd baltasıyla budanmış ağacların göz yaşları bəbəklərimi yandırır.Unuda-unuda sənin haqqında gözəl-gözəl sağlıqlar demişik, amma sinən üstdə hazırlanan sui-qəsdən xəbərimiz olmayıb. Havanı udan, çörəyini, duzunu yeyənlər namərdcəsinə əl altdan iş görüblər. Biz isə susmuşuq, susmuşuq.Qarabağ! Adına neçə-neçə şeir qoşulub, mahnı bəstələnib, tanrının gözəllik fırçası ilə naxışlanmış təbiətin təsvir olunub.Adını çəkəndə ilk məqamda yadımıza qoynunda gəzmək, dincəlmək, musiqiyə qulaq asmaq düşüb”.

1 iyul 1990-cı il

Hörmətli redaksiya! “Qarabağ” qəzetinin birinci nömrəsini görəndə gözlərimə inanmadım. İlahi, doğurdanmı, bizim də qəzetimiz oldu?! Çox şükür ki, dərdlərimizi, qayğılarımızı, sevincimizi, bölüşməyə bir həmdəm tapıldı.

Vaqif Sarıkişiyev
Ağdərə rayonunun Xatın bəyli kənd orta məktəbinin müəllimi
7 iyul 1990-cı il

Telefon zəng çaldı…

Elçin Abbasov qəzetin səhifələrində Qarabağın iqtisadiyyatı ilə bağlı yazılara daha çox yer verməyi təklif etdi.

Telefon zəng çaldı…

Aytən Məmmədova “Vətəndən vətənə uzanan yollar” məqaləsini maraqla oxuduğunu və müəllif Salman Babayevə öz minnətdarlığını bildirdi.

Telefon zəng çaldı…

Səsini tez-tez eşitdiyimiz, zəngini səbirsizliklə gözlədiyimiz, Azərbaycanın xalq rəssamı Lətif Kərimov idi.”Qarabağ”-ın daimi oxucusu, ona yananı kimi, bu dəfə də Lətif müəllim səhifələrimizdə dərc olunan materiallara münasibətini bildirdi.Qarabağın əsl tarixi ilə bağlı yazılara, tarixi araşdırmalara tez-tez müraciət etməyi məsləhət bildi.

15 fevral 1991-ci il

Redaksiyaya məktub daxil oldu. Xalq şairi unudulmaz Bəxtiyar Vahabzadə yazırdı: “Hörmətli redaksiya!

Qəzetinizi ürək ağrısıyla oxuyuram. Qəhər məni boğur, səhifə əlimi yandırır, gözlərim sərlövhələr içində xoş bir xəbər axtarır, tapa bilməyəndə canımı qoymağa yer tapmıram. Sizi qınamıram. Çünki qəzetiniz bugünkü həyatımızın aynasıdır. Həyatın eybəcərliyini ayna düzəldə bilməz ki?!

Siz odun-alovun içində hər gün üzləşdiyiniz min cür təhlükəyə məhəl qoymadan bu günlərin tarixini yaradırsınız.

4 oktyabr 1991-ci il tarixli nömrənizdə Şuşa şəhər XDS İcraiyyə Komitəsinin qərarını vermisiniz. Bu xoş xəbər yanan ürəyimə bir-iki damcı su çilədi. Sağolsunlar, M.Ə.Növrəs, M.Rəsulzadə, Gövhər Ağa, M.C.Cavanşir, Əhməd Ağaoğlu, xüsusən Soltan bəy kimi qiymətli adamlarımızın adına küçə verdiklərinə görə Şuşa əhlini təbrik edir, bu təşəbbüsü yerinə yetirənlərə səmimi təşəkkürümü bildirirəm. Bu da indilik bizə bir təsəllidir. Batan saman çöpünə əl atan kimi… Amma ulu Tanrımız bizi batırmaz. Çünki haqq bizimlədir. Düşmənlərimizin katalikosunun dediyi kimi, bütün dünya onların tərəfindədir, amma Allah bizim tərəfdədir.

Mənim misrama istinadən K.Kərimlinin yazdığı “Ustad Şəhriyarın ölümünə” şeirinə görə müəllifə təşəkkürümü çatdırmağınızı xahiş edirəm.

Əziz həmkarlarım ricamı deməmişdən əvvəl çətinliyinidə bilirəm. Amma yenə sözümü deyirəm: oxucularınıza iynə gözü qədər olsa da, işıq verməyə çalışın. Şuşa camaatının və ətraf kəndlərimizin nə çəkdiyini yaxşı bilirəm. Çəkdiklərinizin bir ucu bizim qəlbimizdədir. Bununla belə, yenə ümiddən əl çəkməyin, oxucularınızdan qığılcım kimi yanıb sönən işığınızı əsirgəməyin.

Bəlkə deyəcəksiniz, işıq heç yoxdur, əgər yoxdursa onda təsəlli üçün uydurun, çünki işıq, işıq gətirir.

Dərin hörmətlə: Bəxtiyar Vahabzadə, Xalq şairi
“Qarabağ” qəzeti 25 oktyabr, 1991-ci il

Qarabağda baş verən məlum hadisələr, faciəli olaylar haqqında ən doğru və dəqiq xəbəri ictimaiyyətə məhz bu qəzet çatdırıb. 1991-ci ilin 20 noyabr Qarakənd faciəsi dövlət və hökumət nümayəndələrimizin, dekabr ayı – müəmmalı şəkildə öz kabinetində xaincəsinə öldürülən Şuşa rayon icra hakimiyyətinin başçısı Mikayıl Gözəlovun, bu hadisədən cəmi 1 ay sonra Daşaltı əməliyyatı zamanı xaincəsinə pusquya salınaraq şəhid edilən əsgərlərimizin, əhalisi işgəncələrə, ölümə, soyqırıma məruz qalan ellərimizin, yerlə yeksan edilən yurd-yuvalarımızın acı xəbəri ilk dəfə “Qarabağ”ın səhfiələrində nəşr olunub.

 

“Qarabağ” məktəbi 

Son 30 ilin tarixinə şahid və tarixini yazan “Qarabağ” qəzetinin dövlətçiliyimizə, tariximizə, xalqımıza  xidmətləri bu günə qədər kollektivin göz-bəbəyi kimi qoruduğu çoxsaylı nüsxələrdə – arxiv materiallarında, saralmış qəzet səhifələrində tarixi sənəd kimi qalmaqdadır. “Qarabağ” yarandığı ilk gündən bugünkü günə qədər qəzetin səhifələrində qarabağlıların yaşam tərzinə, məşğulluğuna, problem və qayğılarına aid reportajlar, siyasi, mədəni, iqdisadi, sosial məzmunlu analitik yazılar, eyni zamanda, Qarabağın tarixinə, maddi-mədəniyyət abidələrinə, tarixi şəxsiyyətlərinə, görkəmli elm, mədəniyyət xadimlərinə aid araşdırma tipli yazıları oxucu kütləsinin artmasına səbəb olurdu. Yeri gəlmişkən, ermənilərin ciddi-cəhdlə “Sovet Ensiklopediyası”na düşməsinə, araşdırılmasına əngəl törətdiyi maddi-mədəniyyət abidələri haqda yazılar ölkədə böyük rezonanslar doğurdu. Qarabağı necə deyərlər, ovcunun içi kimi tanıyan Əbülfət Mədətoğlu kəndləri-qəsəbələri qarış-qarış gəzərək tarixin açılmamış qatlarına işıq saldı, tarixçilərin, elm adamlarının diqqətini bu abidələrə yönəltdi. “1312-ci ildə ucaldılmış Şeyx Qiyasəddin türbəsinin indiki görkəmi ürək ağrıdır. Görünür, elə bu səbəbdən də kəndin ağbirçəklərindən biri öz təqaüdü hesabına həmin türbəni çəpərə aldırıb. Adını deməyən bu nənəmiz elə onu söylədi ki, ay bala, bu ocaqları qorumaq hamımızın borcudur. Axı, bura inam yerlərimizdi. Gərək müqəddəsliyini saxlaya bilək.

4 noyabr 1990-cı il

“Cəbrayıl Rayon Tarix-Diyarşunaslıq Muzeyindən öyrənmişdim ki, Sirik kəndinin yaşı Sasanilər dövrünə aiddir. Çox vaxt onu Sirli qala kimi də təqdim edirlər. Çünki Qala dağında qalan qala divarlarının nişanələri, qala bürcü, ən yüksək nöqtədəki meydan və ovdanla bahəm, burda aşkar edilmiş mədəniyyət nümunələri heç bir tərəddüdsüz Sirikin əzəmətini əks etdirmək imkanına malikdir. Bir də bəzi tarixi ədəbiyyatda kəndin adını siroqlar tayfası ilə bağlayırlar.

24 noyabr 1990-cı il

“Qarabağ” qəzeti 27 ildir ki, çətin, keşməkeşli, amma şərəfli bir yol qət edib. Elə vaxtlar olub ki, qəzetin əməkdaşları aylarla maaş üzünə həsrət qalıb, amma öz şəxsi vəsaitləri hesabına qəzetin nəşrinin dayanmasına yol verməyiblər. Onlara dərdlərini söyləyən, onlardan nicat gözləyən insanların gözlərini yolda qoymayıblar. Atəşkəsdən sonra şəhər-şəhər, kənd-kənd gəzib, pərən-pərən olmuş, çadır düşərgələrində, vaqonlarda, yol kənarlarında köçkünlüyün ağır iztirablarını yaşayan qarabağlıların dərdinə həmdəm olmaqda davam ediblər. Düz 20 ildən çoxdur, köçkün rayonların əhalisinə təmənnasız “Qarabağ” qəzetinin çatdırılması, paylanması həyata keçirilir. Qəzetin şərəfini öz şərəfi bilən əməkdaşlarımız hər zaman onu göz bəbəyi kimi qorudular. Bəlkə elə bu səbəbdəndə elimizin qeyrətli övladları bu qəzetdən maddi və mənəvi dəstəyini əsirgəmədilər. Bir “Qarabağ”çı olaraq düşünürəm ki, qəzetimizin araya-ərsəyə gəlməsində əziyyəti keçən təvazökar müxbirlər, fotorepartyorlar hələdə həqiqi qiymətlərini almayıblar və heç iddia da etmirlər. Amma bunu dövlətdən və ya Mətbuat Şurasından “gözləmirlər də” demək olmaz.

Qeyd edək ki, “Qarabağ”ın “şinel”indən çıxmış jurnalistlər hazırda respublikanın bir sıra dövlət mətbu orqanlarında çalışırlar. Salman Alioğlu (“Respublika” qəzeti), Əbülfət Mədətoğlu (“Ədalət”qəzeti), Bəxtiyar Əzizli (“Azərbaycan” qəzeti) və başqaları məhz bu qəzetdə fəaliyyət göstərdikləri dövrü ömürlərinin ən məsuliyyətli və çətin dövrü kimi xarakterizə edirlər.

“Qarabağ” qəzeti, əslində bir məktəb

dir. Vicdanlı publisistikanı, qərəzsiz informasiyanı, ziyalı əxlaqını özündə ehtiva edən, hərbi jurnalistikanı yaradan bir məktəb! Cəmi 3 ildən sonra qarşıdan 30 illik yubileyimiz gəlir. Ümid edirik ki, yubiley ilinə kimi “Qarabağ” öz doğma ocağına qayıdar və işğaldan azad edilmiş Yurdun xoş günlərindən yazar.

Əntiqə RƏŞİD
“Qarabağ”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 146
  • 26
  • 3,309
  • 65,049
ILK-10 Azeri Website Directory