Həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir

Ölkəmizdə müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur

Azərbaycan müsəlman dünyasını Qərb aləmi ilə birləşdirən məkandır. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər.
Prezident İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir.

Tarixən müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu müsbət meyillər hazırda da davam edir. Ölkəmizdə heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma baş verməyib. Multikulturalizmlə bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır.
Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, insana yüksək dəyər vermək mümkün deyil. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailliyyətdir.
Bu gün Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməyə ehtiyacı var. Bu baxımdan Azərbaycanda milli və etnik tolerantlıq baxımından mövcud vəziyyəti xüsusi qeyd etmək lazımdır.
Azərbaycanda tolerantlıq – irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
2016-cı il ölkə başçısının sərəncamı ilə Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Bu da dünya miqyasında nadir bir hadisə idi. Ötən müddətdə bəzi Avropa ölkələrində islamofobiya ilə bağlı açıq-aşkar aqressiv addımların atıldığı bir vaxtda ölkəmizdə “Multikulturalizm ili”nin elan edilməsi və onun ləyaqətlə sona çatdırılması uğurla aparılan siyasəti təsdiqlədi. Ölkədə yaşayan bütün etnosların qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Prezident İlham Əliyev bu günlərdə Balakəndə “ABAD Mərkəz”in açılışında iştirakı zamanı bu məqamlara toxunub: “Azərbaycanda milli və dini zəmində mövcud olan çox gözəl vəziyyət bir çox ölkələr üçün də maraq doğurur və indi bizim təcrübəmiz öyrənilir. Bizim siyasətimiz isə çox aydındır, açıqdır, Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü. Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər”.
Ölkə rəhbərinin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə bu il “Azərbaycanda İslam həmrəyliyi ili”nin elan edilməsi də obyektiv reallıqlara söykənir. Dövlət başçısının “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında” sərəncamında bildirilir: “Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda hazırda onların sayı iki mini keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Bu il ölkəmizdə “İslam həmrəyliyi ili”nin elan edilməsi ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına, burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan olunması ilə yanaşı, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bir-birini üzvi şəkildə tamamladı. IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialının təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumən unikal təbliğat platforması kimi də diqqəti çəkdi. Bakının 16 idman arenasında on gün ərzində davam edən yarışlar əsl həmrəylik bayramına çevrildi və idmançılarımızın parlaq qələbələri ilə yadda qaldı. Müsəlman ölkələrini təmsil edən idmançıların, qonaqların Bakıda on gün ərzində idman arenalarında bir yerdə olmaları dostluğun, əməkdaşlığın güclənməsinə müsbət təsir göstərdi. Hətta siyasi cəhətdən bir-biri ilə yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri də yarışlardan sonra bir-birlərini təbrik edərək xoş münasibətlərini ifadə edirdilər.
İslam dünyasının həmrəyliyinə ehtiyac duyulduğu bir vaxtda bu kimi təşəbbüslərin irəli sürülməsi dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına geniş imkanlar açır. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bu il “İslam həmrəyliyi ili”dir. Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur. Biz, sadəcə olaraq, bu çağırışları etməklə bir mesaj veririk, əgər belə demək mümkündürsə, yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin, onların arasında heç bir qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın timsalında görürük ki, buna nail olmaq mümkündür. Azərbaycan böyük coğrafiyanın bir hissəsidir, Qafqazın bir parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr, qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də çox önəmli bir ölkəyə çevrilibdir”.
Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bakıda ildə bir dəfə Beynəlxalq Humanitar Forumunun keçirilməsi də mühüm əhəmiyyətli məsələ kimi qeyd olunmalıdır. Forumda dünya birliyinin siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları laureatları, nüfuzlu beynəlxalq təşkilarların rəhbərləri və dövlət xadimləri iştirak edir. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir. Ötən müddətdə keçirilən Beynəlxalq Humanitar forumlarda aktual humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi çox mühüm hadisə kimi qeyd oluna bilər.
Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür.

Elnur HACALIYEV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory