Şərəfli ömür yolu

Qədim Çin filosofu Lao Szı fəlsəfi  əsərlərinin birində qeyd etmişdir ki, min kilometr uzunluğunda olan yol, sadəcə, bir  addımla başlayır. Lao Szının bu möhtəşəm fikrinin qüvvəti olaraq deyə bilərəm ki, gərək bu min kilometrlik həyat yolunda elə addımlayasan ki, yaşadığın ömür yolunu sona qədər ləyaqətlə gedəsən. Hər zaman insanlar sənin haqqında yaxşı əməllər sahibi kimi danışa. Bir sözlə, getdiyin yolda gərək yaxşı izin qala…

Şərəfli ömür yolu olan insanlardan biri də texnika elmləri doktoru, 1983-cü ildən “Bakımetrotuneltikinti” İdarəsində əmək fəaliyyətinə başlayan və ömrünün ən gözəl illərini bu sistemdə çalışan, əməklə ucalan, zəhmətlə şöhrətlənən, xeyirxahlıqla tanınan və ömrünün 60-cı baharını qarşılayan Qasım İsrafil oğlu Abdullayevdir.

Qazax rayonunun Muğanlı kənd orta məktəbini fərqlənmə attestatı ilə bitirən Qasım ixtisas seçimində tərəddüd edirdi. Kimi ona hüquqşünas, kimi həkim, kimi də başqa ixtisas sahibi olmağı məsləhət görürdü. Lakin ən düzgün və ən dolğun yolu ona dayısı Yusif kişi göstərdi. “Oğul, nə qədər ki, Yer üzündə həyat var, insanlar var, onlara tikmək-qurmaq, yol çəkmək, körpü salmaq lazım olacaq. Bu peşənin sahibləri hər zaman hörmətli olublar. Sən də bu peşəni seçsən, heç vaxt peşman olmayacaqsan”, – deyən dayısı onu 1975-ci ildə Bakıya gətirir. Sənədlərini Çingiz İldrım adına Politexnik İnstitutuna verir və yüksək qiymətlərlə bu ali təhsil müəssisəsinin tərkibindən ayrılan İnşaat Mühəndisləri İnstitutunun “Yol inşaatı” fakültəsinə daxil olur.

Tələbə həyatı Qasımın həyatında yeni üfüqlər açır. Fakültədə tədris olunan yolların və tunellərin, körpülərin, mühəndis qurğularının layihələndirilməsi, tikintisi, geodeziya işləri, mühəndis qurğularının sahəsinin dəqiq qeydə alınmasının qiymətləndirilməsi, habelə səmərəli istifadə olunması üzrə fənləri böyük həvəs və bacarıqla mənimsəyən

Q.Abdullayev müəllimlərin sevimli tələbələrindən biri olur… 1980-ci ildə institutu bitirərək, təyinatla “Bakımetrotuneltikinti” idarəsinə növbə rəisi vəzifəsinə göndərilir. Burada bir müddət işlədikdən sonra hərbi xidmətə gedir və 1982-ci ilin dekabr ayında leytenant hərbi rütbəsində ordudan təxris olunur.

Qasım Abdullayev 1983-cü ilin yanvar ayında yenidən əvvəlki işinə qayıdır. O vaxt Bakı şəhərində nəqliyyat sisteminin ürəyi sayılan metro nəqliyyatına tələbat gündən-günə artdıqca dövlət tərəfindən də bu sahənin tikintisinin sürətləndirilməsi və genişləndirilməsi önəm kəsb edirdi. Buna görə də Qasım müəllim gecəsini gündüzünə qataraq rəhbərlik etdiyi kollektivlə, sözün həqiqi mənasında, “yeraltı dünya”da xarüqələr yaradırdı. Yeraltı sərt qayaların çapılması, çay kimi axan qrunt suları işləri çətinləşdirsə də, həvəsdən düşməyən növbə rəisi fəhlə və ustalarla birgə çiyinini ağır işlərin altına verərək çətinliklərə

sinə gərirdi. Qasım müəllim bu zaman ali məktəbdə mənimsədiyi elmi biliklərini tətbiqinə xüsusi diqqət yetirirdi. Ağır işlərin, yuxusuz gecələrin əziyyəti isə metro stansiyaları istifadəyə veriləndə yaşadığı sevinclə əvəzlənib sanki unudulur, dünəndə qalırdı.

1980-ci illərin əvvəllərində Amerika və müttəfiqləri tərəfindən Alp dağlarının altında Günəşdən gələn neytrin şüalarını emal etmək üçün böyük tunellər inşa edilmişdir. SSRİ rəhbərliyi də bu layihəyə alternativ olaraq gizlin layihələr ortaya qoymuşdur. Belə ki, Nalçikdən 90 kilometr aralıda, Elbrus zirvəsinin yaxınlığında yerləşən SSRİ Elmlər Akademiyasının Baksan Neytrino Rəsədxanasında Günəşdən gələn neytrin şüalarını tutmaq üçün dağ altında eksperiment tunel inşa edilirdi. Orada Günəşin şüasının tərkibindəki neytrin hissəciklərini zəncirvari reaksiyalara qoşaraq atom enerjisindən min dəfələrlə artıq enerji əldə etmək planlaşdırılmışdı. İş şəraiti ağır, layihə məxfi olduğundan tunelin inşası gecikirdi. Buna görə də işin icrasını Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev nəzarətə götürmüşdü. O zaman belə ağır bir tikintinin öhdəsindən gələ biləcək mütəxəssislər axtarılaraq, nəhayət, “Bakıtunelmetrotikinti” İdarəsinin üzərində dayanılmışdı. “Bakıtunelmetrotikinti” İdarəsinin sədri olan Şaiq Əfəndiyev həmin işləri həyata keçirə biləcək mütəxəssis kimi sahənin incəliklərini dərindən bilən, eyni zamanda, çətinlikdən qorxmayan Qasım Abdullayevin ora göndərilməsini məsləhət bilmişdi. Qasım müəllim də ailəsi ilə birlikdə Nalçikə köçmüş, həmin obyektə rəis müavini kimi fəaliyyətə başlamışdı.

Beləliklə, Q. Abdullayevin rəhbərliyi ilə 1986-cı ilin aprel ayından əsaslı işlərə başlanılır və 1990-cı ilin aprel ayınada 3500 metr uzunluğunda tunelin və yeraltı reaktor mərkəzlərinin tikintisi ən çətin şəraitdə yüksək peşəkarlıqla, vaxtından əvvəl təhvil verilir. Bu xidmətlərinə görə yüksək orqanlar tərəfindən onun haqqında SSRİ-nin ali mükafatlarına təqdimat göndərilir. Lakin sovet hökumətinin dağılması səbəbindən bu böyük layihə kimi, təltifedilmə də reallaşmır.

Əmək fəaliyyətində böyük uğurlar əldə edən Qasım Abdullayev 1993-cü ildə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsinə irəli çəkilir. Həmin dövr ölkə iqtisadiyyatı üçün gərgin illər olsa da, əzmkar mühəndis mövcud imkanlar hesabına metro yollarının bərpası və qorunması işlərinin öhdəsindən layiqincə gəlir.

1999-cu ilin avqust ayında “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilən Q. Abdullayevin əmək fəaliyyətində yeni bir mərhələ başlanır. Belə ki, ulu öndər Heydər Əliyevin köməkliyi ilə Bakı metropoliteninin “Həzi Aslanov” stansiyasının tikintisinin tamamlanması üçün xaricdən vəsait alınır və qısa müddət ərzində, 2002-ci ildə həmin stansiya istifadəyə verilir.

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra hər bir sahədəolduğu kimi, metro tikintisində də canlanma yarandı. “Azərtunelmetrotikinti” ASC bütün gücü ilə işləyərək yeni-yeni metrostansiyalar tikmək üçün tunelqazma, quraşdırma işlərini həyata keçirdi. Bu sahədə Qasım Abdullayevin rəhbərlik etdiyi kollektiv, sözün həqiqi mənasında, fədakarlıq göstərdi.

Rəhbərlik etdiyi kollektivin hər bir üzvü Qasım müəllimə daim böyük hörmətlə yanaşıblar. Çünki o, işçilərin problemlərinə həmişə həssaslıqla yanaşıb, hər kəsi əməyinin, xidmətinin müqabilində qiymətləndirilməsini diqqət mərkəzində saxlayıb.

Q. Abdullayevin şərəfli ömür bioqrafiyasına yazılacaq işlər sırasında Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının,  Şəhidlər xiyabanının mərmərlə üzlənməsi, eləcə də “Həzi Aslanov” metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 yeraltı keçidin tikintisi, “Elmlər Akademiyası”, “Nəsimi” , “Azadlıq prospekti” və “Dərnəgül” metro stansiyalarının inşası daha çox diqqət çəkir. Bu obyektlərin hər birində, sözün həqiqi mənasında, Qasım müəllimin əl izləri, əmək sərfi var.

Qasım Abdullayevin metro-tunel tikintisi sahəsində əməyi yüksək qiymətləndirilib, ölkə rəhbəri tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

O, istehsalatda çalışmaqla yanaşı, elmi-pedaqoji fəaliyyətlə də məşğul olub. Apardığı tədqiqat işlərinin davamlı və sistemli olması üçün Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olub. 2003-cü ildə həmin tədris müəssisəsində texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.

Onu da qeyd edək ki, Qasım müəllim sözügedən sahə üzrə həm Rusiyada, həm də Azərbaycanda yeganə alimdir. Onu elmə olan böyük marağı və metro-tunel tikintisi sahəsindəki zəngin elmi-tədqiqat işi 2008-ci ildə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasına gətirib və burada doktorluq dissertasiyası üzərində çalışmağa sövq edib. Beləliklə, 2008-2012-ci illərdə professor Veliçkinin elmi məsləhətçiliyilə yeraltı tunellərin tikintisinin təşkilində təşkilati-texnoloji problemlərin və tapşırıqların etibarlı həlli ilə bağlı elmi-tədqiqat işləri aparıb. 2016-cı ildə “Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mövzusunda dissertasiya işi müdafiə edərək texnika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. Qasım Abdullayev elmi işlərinin nəticələrinə aid çap etdirdiyi iki monoqrafiya hazırda Rusiyanın inşaat üzrə ali məktəblərində dərs vəsaiti kimi istifadə edilir.

Texnika elmləri doktoru Qasım Abdullayev gərgin iş qrafikinə baxmayaraq, pedaqoji fəaliyyətlə də məşğul olub. O, 2007-2012-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Metro-tunel tikintisi” ixtisası üzrə tələbələrə mühazirələr oxuyub.

Qasım Abdullayev işlədiyi dövrdə “Azərtunelmetrotikinti” ASC-nin YAP ərazi ilk partiya təşkilatının sədr müavini kimi bu partiyanın ictimai- siyasi həyatında yaxından iştirak edib.

Qasım müəllim nümunəvi ailə başçısıdır. İxtisasca xarici dil müəlliməsi olan həyat yoldaşı Ülkər xanımla birgə bir oğul və bir qız böyüdən Q. Abdullayev övladlarına yüksək tərbiyə və təhsil verib. Oğlu İngiltərənin Keele Universitetinin beynəlxalq əlaqələr fakültəsini və London Universitet Kollecinin siyasət, təhlükəsizlik və inteqrasiya üzrə magistratura pilləsini bitirib və hazırda dövlət qulluqçusudur. Qızı Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə başa vurub, hazırda tibb elmləri üzrə fəlsəfə doktoru olaraq həkim işləyir.

Həmişə öz çıxış və müsahibələrində ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın iqtisadi inkişafından, hərbi qüdrətindən, daxili sabitliyindən, xarici siyasətinin uğurlarından danışan Q. Abdullayev bütün bunlara görə Prezident İlham Əliyevə, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdar olduğunu bildirir. Deyir ki, bu cür inkişaf sayəsində yaxın on illiklərdə Azərbaycan üçün daha nəhəng işlər görüləcək. Əhalinin rahatlığını təmin etmək məqsədilə yeni metro stansiyaları, böyük yol qovşaqları tikilib istifadəyə veriləcək.

Yusif ALIYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory