“Yenidən başlayacaq ömrüm…” – Bu dünyadan bir Tofiq Abdin keçdi…

“Yenidən başlayacaq ömrüm...” - <b style="color:red">Bu dünyadan bir Tofiq Abdin keçdi...</b>

Şahanə MÜŞFİQ

Sizin “525-ci qəzet”, mənimsə “növbəti təhsil ocağım” adlandırdığım bu məbədə gəlişimdən beş ay ötür.
“Təhsil ocağı”, “məbəd” – qəribədir, elə deyilmi? Burada sənə nə dərs keçən var, nə mühazirə oxuyan, heç barmağını jurnaldakı adının üzərinə qoyub “ev tapşırığını hazırlamısanmı?” – deyə soruşan da yoxdur. Ancaq öyrədən, ya da elə hamılıqla öyrədənlər var. Müasir jurnalistikanın sirlərindən, hadisələrə yanaşma tərzindən tutmuş, insanlarla ən adi ünsiyyətə qədər hər şeyi yeri gələndə sözləri, yeri gələndə hərəkətləri, yeri gələndə isə ən adi baxışları ilə belə öyrədənlərin toplandığı məbəddir mənimçün “525-ci qəzet”.

Buraya gəldiyim ilk günlərdən məndən çox-çox təcrübəli, illərini bu qəzetlə birgə mətbuata sərf etmiş iş yoldaşlarımdan tez-tez yarızarafat, yarıgerçək eşitdiyim bir söz var: “525-ci qəzet”də kimlər olub e…” Və başlayırlar bu ocağın istisinə qızınan, böyük ictimaiyyət tərəfindən tanınan o məşhur adları, qələm sahiblərini xatırlamağa. Deyilənə görə, əvvəllər qəzetin kollektivi daha genişmiş. Axı 25 il də az zaman deyil.

İndi təcrübəsindən, savadından bəhrələndiyim ustadlar əvvəllər də olublar, ancaq əvvəllər burada elə qələm sahibləri varmış ki, indi ya burada, ya da ümumiyyətlə, həyatda yoxdurlar. Mənsə, “özümü yeyib bitirməkdə” davam edirəm, axı niyə əvvəl yox da, indi? Yenəmi gecikmişəm?

Heç tanımadığın, bilmədiyin, üz-üzə gəlmədiyin və heç vaxt da gəlməyəcəyini bildiyin birisi haqqında fikir bildirmək, söz demək, hələ bir az da irəli gedib ona yazı həsr etmək çətin olmalıdır, bəlkə də… Ancaq hərdən elə insanlar olar ki, haqqında o qədər eşidərsən, o qədər oxuyarsan, dostlarının, tanışlarının xatirələrini o qədər dinləyərsən ki, elə bilərsən bu adamı bir ömürdür tanıyırsanmış. Elə bu sətirləri yaza-yaza düşündüyüm mərhum şair-publisist Tofiq Abdin kimi. Uzun müddət “525-ci qəzet”in də əməkdaşı olan Tofiq müəllimi hələ də burada hər kəs sevir və xoş duyğularla xatırlayır. Təkcə adı çəkilərkən çöhrələrə qonan təbəssüm, gözlərdəki sevgi işığı bunun ən gözəl sübutudur.

Həm redaksiyada, həm də elə ədəbi mühitdə hər kəsin “abi” deyə səsləndiyi və həqiqətən də hər kəsə abi olmağı bacaran Tofiq müəllim 1941-ci ilin payızının yayı “gözümçıxdıya saldığı” günlərdən birində – sentyabrın 1-də doğulub. Onu çox yaxından tanıyan dostlarının sözlərindən, xatirələrindən çıxış edərək deyə bilərəm ki, onun “abi” adlandırılması Tofiq müəllimin dünyayla kimlərdənsə bir neçə il öncə tanış olmasına görə deyil, onun xarakterindəki böyüklüklə, ağayanalıqla, təmkiniylə əlaqədarmış.

Qısa məlumat üçün qeyd edim ki, Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən “Qobustan” toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin “Orta doğu” və “Yeni Asiya” qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət “Ədalət” qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın “Bir gün də insan ömrüdür” poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə Xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Tofiq Abdin 24 fevral 2014-cü ildə gecə saatlarında ürək tutmasından vəfat edib.

Nə qəribədir bir şeirində dünyasını dəyişən dostlarına müraciətlə

“gedirsiniz…
kiminizi ürək çökdürür,
bir arkadaşın düyün sonrası,
bu, bəlkə alın yazısı”

– deyən şairin öz ürəyi özünə vəfasız çıxır. Sanki gələcək aqibətini əvvəlcədən görürmüş kimi bu sətirləri də özü üçün yazıbmış.

Tofiq Abdini mətbuatdan, ədəbiyyatdan şeirləri ilə tanısam da, onun haqqında geniş məlumata malik deyildim. Doğum günü ərəfəsində bu yazını yazarkən daha geniş araşdırma aparmaq ehtiyacı hiss etdim. Sosial mediadan oxuduğum müsahibələri, yazıları, dostlarının onun haqqındakı xatirələri mənim gözümdə tam başqa bir Tofiq Abdin obrazı yaratdı. Öyrəndim ki, səmimi, təvazökar, mülayim xasiyyətə malik olan şairin bu həyatdakı ən böyük qorxusu ölüm imiş, sən demə. Yəqin düşünəcəksiniz, burda nə var ki, ölümdən kim qorxmur axı? Haqlısınız. Tofiq müəllim bu qorxusunu elə saf, səmimi dillə etiraf edir ki, bəlkə də bu sözləri onun sağlığında oxusaydım sizin kimi düşünər, bəlkə də hətta gülüb keçərdim, çox da ciddi yanaşmazdım. Ancaq artıq dünyasını dəyişmiş bir insanın ölüm qorxusu ilə üz-üzə qalmaq insana qəribə, bir az hüzünlü, bir az kövrək təsir bağışlasa da, daha çox vahiməyə salır.

Görəsən, “Həddindən artıq qorxağam. Bunu zəif cəhətim hesab edirəm”- deyən, şeirlərinin əksəriyyətində qorxusundan söz açan, özünün dediyi kimi bu zəif cəhəti ilə artıq çoxdan üzləşmiş şair ölümlə üz-üzəykən də qorxubmu? Yoxsa, artıq onun bir addımlığında olduğunu hiss etdiyində qorxu hissinə qalib gəlməyi bacarıb? Amansızdır ölüm, həm də çox amansız! Bir az da insafsızdır. O,  bu dünyadakı yeganə şeydir ki, insanları “təbəqələşdirmir”, “kastalara” bölmür. Bu da həyatın sadiq qaldığı yeganə qanunudur, yəqin ki: qorxsa da, qaçsa da, şair də olsa, akademik də olsa, şah da, qul da olsa, bir gün gələn bir gün də gedəcəkdir. Bunun üçün də ağıllı insanlar əllərindəki ömürü son dərəcə həssaslıqla, üfürə-üfürə, hər anında özündən sonranı düşünüb iz qoyaraq “xərcləyir”. Bir filosofun da dediyi kimi, insan əslində onu bu dünyada xatırlayan son insan öləndə ölür. Bu mənada yaradıcı adamlar daha şanslıdırlar, bəlkə də. Çünki bir yazarın əsəri oxunduqca, bir bəstəkarın musiqisi çalındıqca, bir memarın ucaltdığı abidə var olduqca, bir rəssamın rəsmi seyr edildikcə, müəlliflərinin də adı yaşayacaq, nəsildən nəsilə ötürüləcək, xatirəsi əbədiyyən bu dünyada qalacaqdır.

Həmişə özümdən yaşca çox böyük insanlarla sözüm tutub, belə demək mümkünsə, dostluğum alınıb. Anam hərdən tanışların, qohumların içərisində zarafatla deyər ki, Şahanənin dostlarının çoxu elə bizimlə yaşıddır. Bu, nədən qaynaqlanır bilmirəm, amma özümdən böyüklərin məni və mənim də onları daha yaxşı anladığımı hiss edirəm, onlarla olan bir neçə dəqiqəlik söhbətdən yaşıdlarımla uzunmüddətli münasibətimdən daha çox zövq alıram.

Deyilənə görə, Tofiq müəllim də gənclərin yaxın dostu imiş. Yaşından asılı olmayaraq, ruhunun cavanlığını, təravətini qoruyub-saxlamağı bacaran, açıq fikirli, müasir düşüncəli insanmış. Bu da hər insana nəsib olan özəllik deyil. İşığın sürətindən də daha çevik bir sürətlə inkişaf edən, dəyişən dünyaya ayaq uydurmaq, gənclərin enerjisinə eyni enerji ilə cavab vermək, bəzən əndazəni aşan müasirliyi təbii qəbul etmək hər ürəyə qismət olmaz. Ancaq gənclərin abisi Tofiq Abdin məhz bu ürəyə sahib insanmış. Yeri gələndə gənclərlə səmimi söhbətlərə qoşular, yeri gələndə isə dünyagörmüş bir ağsaqqal kimi öz tövsiyyələrini gənclərdən əsirgəməzmiş. Görəsən, indi yaşasaydı və hələ də burada olsaydı, onunla da dostluğum yarana bilərdimi? O da məni anlayar, təcrübəsi, dünyaya daha aydın və müdrik baxışları ilə mənə tövsiyyələrini verərdimi? İçimdəki bir hiss “anlayardı və siz çox yaxşı dost ola bilərdiniz”- deyir. Belə bir insanla eyni dövrü, eyni məkanı paylaşan gənclərə qibtə etməmək əldə deyil.

Gənclərlə bu qədər sıx münasibətdə olan insanın ən böyük gileyi və şikayəti isə şeirlərini, yazılarını dünyasını dəyişəndən sonra tapşıracağı kimsənin olmaması imiş. Bunu da özü bir şeirində deyir:

“Bəlkə… bir daha şeir yazmadım.
Yazmamağımın min bir nədəni var,
bəlkə
min birdən də çox
minindən bir
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox!”

Dünyasını dəyişən bir ananın ən böyük nigaranlığı övladlarından olar. Əgər yoldaşı, yəni, onların ataları yaşayırsa, övladlarını ona tapşırar, xalasına tapşırar, əmisinə tapşırar, nənəsinə tapşırar, kiçik uşaqları böyüyə tapşırar, Allaha da tapşırar, amma yenə də ürəyi rahat olmaz, bu dünyadan gedərkən gözü arxada- balalarında qalar, yenə də onlardan nigaran tərk edər bu dünyanı. Yazar da eləcə… Həmişə gözü arxada- əsərlərində qalar. Həmişə onların aqibətindən narahatlıq duyar. Yuxarıdakı misralarda bir şairin şeirləri üçün ən az ananın balalarına olduğu qədər nigaranlığı var.

Yazımın əvvəlində də dediyim kimi, bu gün “mən həmişə düşünürəm ki, dünyaya gəlməməli idim”- deyən, şairin öz gəlişi ilə dünyanı şərəfləndirdiyi gündür. Müsahibəni oxuyandan bu yana bir sual hələ də beynimi məşğul edir. Görəsən, Tofiq müəllimin dünyaya gəlməyindən məmnun olmamağının səbəbi bir gün öləcəyi gerçəyi və bu gerçəyin də məğlub edə bilmədiyi ölüm qorxusu idi, yoxsa cəmiyyətdəki, ətrafdakı, ümumən dünyadakı haqsızlıqlar? Nə yazıq ki, bu sualımın cavabını Tofiq müəllimdən başqa kimsə verə bilməz… Tək təsəllim isə onun dilindən çıxan ikinci cümlədir: “Bir zəncirin ki, ucu hardasa qırılır, əhəmiyyətsiz şeydir bu dünyaya gəlmək”. Nə bilim, bəlkə də…

Bəzi insanlar var ki, varlığı nə qədər səs-küylü, şən, şux, enerji dolu olarsa, yoxluğu bir o qədər sakit, səssizcə olar. Bu dünyadan gedişləri də eləcə səssiz, barmaqlarının ucunda, ehmalca olar. Sanki gedişləri ilə sevdiklərini incitməkdən, narahat etməkdən çəkinərlər, ya da qıymazlar. Hər zaman sərbəst, son dərəcə səliqəli, zövqlü, yaşından xeyli cavan geyimi, şuxluğu, yüksək əhval-ruhiyyəsi ilə diqqət çəkən Tofiq müəllimin ölümü xarakteri ilə heç uyuşmadı. Ancaq burada da Tofiq müəllim yanıldı. “Planladığı” səssiz gedişi baş tutmadı. Bu gediş ədəbi mühiti bir alov kimi yandırdı, zəlzələ kimi silkələdi. Onun gedişindən sonra dostları, qələm yoldaşları onun haqqında yazılar yazdılar, unutmadılar, unutdurmadılar. Xalq yazıçısı Anar bu ölümə “inana bilmədi”, Xalq şairi Sabir Rüstəmxanlı “Görüşərik” vədini verdi, Kənan Hacı Tofiq Abdinin “son zəngini” səsləndirdi, Sevinc Mürvətqızının “gözü qapıda qaldı”, Saday Budaqlı hər kəsin adından “Heç kim inanmırdı öləcək” dedi… Beləcə, Tofiq Abdin sətirlərdə, misralarda yaşamağa davam etdi.

Əgər böyüklərimizin ta uşaqlığımızdan bizə təlqin etdikləri kimi o dünya deyilən yer varsa və o dünyaya nə vaxtsa, məktub yazmaq mümkün olsaydı, yəqin ki, Tofiq müəllimə yazardım və hər kəsin ona səsləndiyi kimi səslənib deyərdim: “Ən son gününə qədər bu dünyada layiq olduğu dəyəri görmədiyindən gileylənən abim, səni yarı yolda qoyan ürəyinə de ki, rahat uyusun, dostların və sevənlərin hələ də səni unutmayıblar və hələ də sevirlər. Sevmək ayrı, sevdirmək ayrı. Onların sənə olan sevgisi o qədər səmimi, içdən və möhtəşəmdir ki, heç zaman səni görməyən, səni tanımayan insana belə sirayət edir, onun da ürəyində sənə sevgi yaradır. Elə mənim kimi…

Doğum günün mübarək olsun, Tofiq abi!”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory