Şairin xatirəsinə ehtiramla…

Şairin xatirəsinə ehtiramla...<b style="color:red"></b>

Oktyabrın 14-də II “Məmməd Araz Poeziya günü”nə həsr olunmuş yekun tədbirlər keçirilib. Əvvəlcə Fəxri xiyabanda unudulmaz şairin məzarı ziyarət edilib.

Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Millət vəkili, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında yeni bir mərhələ açdığını bildirib. Vətənpərvər şairin “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim!”, “Məndən ötdü qardaşıma dəydi!” – və digər məşhur misralarının zərb-məsələ çevrildiyini, onun yaradıcılığının xalqımızın əbədi yaddaşına döndüyünü söyləyib.

Tədbirdə BDU-nun professoru Cahangir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair Oqtay Rza, Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı, Azərbaycan radiosunun əməkdaşı Tahir Talıblı və başqaları Məmməd Araz yaradıcılığının bənzərsizliyindən söz açıblar. Ümummilli lider Heydər Əliyevin Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verdiyini, onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra şairin ali mükafatlara layiq görüldüyünü bildiriblər.

Həmin gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yazıçılar Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “Poeziya günü”nün yekun tədbiri olub. Tədbir şairin öz səsində “Ana torpaq” şeiri ilə başlanıb.

Tədbirdə layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu, Rəşad Məcid və şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərək böyük sənətkarın həyatından, zəngin yaradıcılığından söz açıblar.

Bildirilib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar öz yaradıcılığı ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edir. Onun “Azərbaycan – dünyam mənim”, “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.

Sonra məktəblilər şairin poeziyasından nümunələr söyləyiblər. Əməkdar artist Yaqub Zurufçunun və vokalist İlham Əsgəroğlunun ifasında şairin sözlərinə yazılmış mahnılar səslənib. Moskva Dərviş Teatrının aktyoru Şirzad Pirallahının “Koroğlu” üvertürasının sədaları altında ifa etdiyi M.Arazın məşhur “Ayağa dur, Azərbaycan” şeiri alqışlarla qarşılanıb.

Şahanə MÜŞFİQ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory