M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.
Konfransı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nı xatırladaraq, bu ələmətdar hadisənin ölkənin əksər təhsil və elmi müəssisələrində qeyd olunduğunu diqqətinə çatdırıb: “Vaqif poeziyamızı ümumxalq danışıq dilinə qovuşduran, onu xalq yaradıcılığı nümunələri ilə zənginləşdirən sənətkardır. Mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrdə yaşamasına baxmayaraq, xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlamışdır”.

Plenar iclasda Paşa Kərimov “XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu”, institutun şöbə müdiri, fil.ü.e.d., professor Azadə Musabəyli “Vaqifin iki türkiyəli sələfinin Baki əlyazmaları”, Gəncə Dövlət Universitetinin dosenti, fil.ü.f.d. Afaq Yusifli “Könüldən könülə yollar görünür” və AMEA Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnik qızı “Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş “Vaqif -100” mövzusunda sərgiyə baxış keçiriblər.

 


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory