Gənclərə örnək ömür yolu

Düz 26 ildir ki, təqvim ilində fevral ayını qarşılayanda qeyri-ixtiyari tariximizin qanlı səhifəsini Xocalı soyqırımını xatırlayırıq.
 Ağrı ilə, acı ilə. Düz 26 ildir ki, Xocalı boyda ağrını ürəyimizdə gəzdiririk. XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub, səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Ötən ilin fevral ayında isə daha bir hadisənin şahidləri olduq.

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərdilər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında  ağır döyüş toqquşması baş verdi. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur etdi. İrimiqyaslı təxribatın qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu və Haşımlı Tural Əbdül oğlu şəhid oldular.

Torpaq-uğrunda ölən varsa, Vətəndir

Müstəqilliyimizin qazanılması və qorunması uğrunda bu günə qədər bir çox hadisələrin şahidləri və şəhidləri olduq. Kimimiz valideynlərimizi, kimimiz bacı-qardaşımızı, kimimiz övladımızı itirdik. Lakin mübarizə əzmimizi, birliyimizi, əqidəmizi, Vətənə olan sədaqətimizi itirmədik. Güclü ordu qurmağa və bu ordunu peşəkar zabit kadrları ilə, vətəninə, elinə, obasına bağlı əsgərlərlə komplektləşdirməyə nail olduq. Ailələrdə böyüyən övladlar vətənpərvərlik ruhunda tərbiyə olundular. Vətəni qorumaq eşqi, işğal olunan torpaqları mənfur düşməndən azad etmək istəyi neçə-neçə gəncin yolunu hərbi təhsil ocaqlarından saldı.

1988-ci il dekabrın 27-də Ordubad rayonunun Dırnıs kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Tural Haşımlı da atasının göstərdiyi yol ilə gedirdi. O yol Vətənə məhəbbət yolu idi. Erkən yaşlarından əkin-biçin işlərində atasına dayaq olan Tural yaxşı anlayırdı ki, torpağı qorumasan, əkib becərməyinə dəyməz. Torpaqların 20 faizi işğal altındadı,  necə rahat olmaq olar ki?! Düşmən ana torpaqlarımızda necə rahat gəzə bilər ki? Suallar məngənəsində sıxılırdı. Axı Qarabağ Azərbaycanın əzəli və əbədi ata-baba yurdudur. Axı Şuşa Azərbaycanın tarixən mədəniyyət beşiyi olub. Xocalıda günahsız insanların qanı niyə yerə tökülüb? Laçından, Kəlbəcərdən insanlar niyə didərgin salınıb? O yerləri ömründə bircə dəfə görməsə belə, nə fərqi var, axı oralar vətən torpağıdır. Çoxsaylı suallar beynini didir, rahatlıq tapmırdı. Qəti qərarını verir. Atasına,  məktəbdəki müəllimlərinə seçimini deyir. Qanlı-qadalı günlərin şahidi olmuş Əbdül kişi onun arzusunu yaxşı anlayırdı, övladına xeyir-dua verən ata onu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirir.

90-cı illərdə vətənimizin başını qara buludlar alanda atası Əbdül kişi də düşmənlə qarşı-qarşıya idi. Vətən torpaqlarını qorumaq əzmi hər kəsi bir yumruq kimi birləşdirmişdi. Mənfur düşmən Naxçıvana bir neçə istiqamətdən hücum etsə də, məqsədinə yetmədi. Sədərəyi güllə yağışına tutan düşmən ərazini xarabazarlığa çevirsə də, insanların əzmini qıra bilmədi. O vaxt indiki qədər texnika da yox idi. Lakin insanların qəlbindəki vətən eşqini susdurmaq, yox etmək  mümkün deyildi. Bu hadisələr baş verəndə Tural çox kiçik idi. Lakin atası Əbdül kişi üçün düşmən çəpəri idi, gələcəyin qəhrəmanı idi. İndiki gənc nəsil o ataların övladlarıdır, qəhrəman ataların, şəhid ataların, vətənpərvər ataların.

Atası Əbdül Haşımlı ilə həmsöhbətik. 90-cı illərə qayıdır, xatirələrini çözələyir: “O vaxt yığışırdıq məhlə-məhlə dayaq dəstələri yaradırdıq. Köməksiz bir vəziyyətdə idik. Mənim elə o vaxtdan  arzum Turalı hərbçi görmək idi. Arzuladığım oldu,  özü də bu peşəni sevdi və seçdi. Tural üçün bundan doğru seçim indi də mən təsəvvür edə bilmirəm. Babası Haşımov Haşım Əbdül oğlu Böyük Vətən müharibəsində iştirak edib. Göstərdiyi şücaətinə görə Naximov medalına layiq görülüb. Onun da Turalın həyatında böyük rolu olub. Necə deyərlər, ot kökü üstə bitər”.

Hərbi liseydən başlanan yol

2004-2007-ci illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydəki təhsil illəri Turala çox şey qazandırır. Əvvəla, məktəb öz ətrafında eyni amal, eyni məqsəd uğrunda birləşən gəncləri toplamışdı. Digər tərəfdən hərbi liseydə yaradılan yüksək tədris şəraiti ali hərbi məktəbə aparan uğurlu yol idi. Kursant formasını geyinməyə müvəffəq olan Tural çox qürurlanırdı. Artıq məqsədinin astanasında idi. 2007-ci ildə Hərbi liseyin növbəti buraxılışı olur. Xeyir-dua alan gənclər vətənə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına söz verib Naxçıvan torpağından paytaxta-Bakı şəhərinə yola salınırlar. O məzunların arasında Tural Haşımlı da var idi. Doğma od-ocaqdan liseydən ayrılmaq asan deyildi. Amma qarşıda onu daha məsuliyyətli illər gözləyirdi: təhsilini davam etdirməli, peşəkar zabit kimi formalaşmalıydı. Bu məqsədlə də inandığı yola addımlarını qətiyyətlə atır. Deyirlər, niyyətin hara, mənzilin ora. 2011-ci ildə Bakıdakı Ali Hərbi məktəbi bitirib xidmətə başlayır. Hərb peşəsi digər peşələrə bənzəməz. Bu peşəni qəlbən sevmək lazımdı, ruhuna hopmuşdu, boyuna biçilmişdi sanki.

14 yaşında ikən seçimini edən və bu yolda inamla addımlayan Tural nəhayət istəyinə qovuşmuşdu: baş leytenant rütbəsində tabeliyində olan əsgərlərlə, silahdaşlarıyla birgə vətən torpaqlarının keşiyində dayanmışdı. İrəli baxırdı həmişə. Çünki baxdığı başqa ölkənin torpaqları deyil, ana torpaq idi. O torpaq hər bir azərbaycanlı kimi, Tural Haşımlını da çəkirdi. Aprel qələbəsi hər kəs kimi Turalı da qürurlandırmışdı. Erməni təxribatının qarşısını alarkən düşmənin layiqli cavabını verən ordu bu yolda şəhid də vermişdi. Onlardan biri də Heydər Əliyev adına Hərbi Liseyin məzunu Qabil Orucəliyev idi.

Düşmənə intiqam hissi hər gün daha da artırdı. Şəhidlərin qanı yerdə qalmamalı idi, irəli, ancaq irəli. Aprel döyüşlərindəki məğlubiyyəti həzm edə bilməyən Ermənistan rəhbərliyinin bu sindromdan qurtulması üçün revanş arzusunu gerçəkləşdirməyə ehtiyacı vardı. Azərbaycanın hərtərəfli hərbi, hərbi-texniki və mənəvi-psixoloji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin daim artan etirazları mövcud rejimi ciddi narahat edirdi. Hər dəfə layiqli cavab alan düşmənin münaqişənin həllində mövqelərinin zəifləməsi daha bir ciddi narahatlıq perspektivi yaradırdı. Digər tərəfdən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış  Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Bu qayıdışın coğrafiyasının genişlənəcəyindən qorxan ermənilər təxribatlar törətməklə “güclərini” göstərməyə cəhd edirlər. Və növbəti belə cəbhəboyu irimiqyaslı təxribatı Ermənistan Silahlı Qüvvələri  fevralın 24-dən 25-nə keçən gecə törədir.  Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə alıb onu geri çəkilməyə məcbur edir. Qarşı tərəf çoxsaylı itki verir. Təxribatların qarşısını alarkən Tural Haşımlı şəhid olur. Haşımlı Tural Əbdül oğlunun nəşi fevralın 28-də doğulduğu torpağa gətirilir. Kursant kimi Bakıya gedəndə bəlkə də 5-10 nəfər, uzaqbaşı 15-20 nəfər yola salmışdı. Amma indi onu yüzlərlə insan qarşılamaq üçün hava limanına axışmışdı. Doğmaları, dostları, tanışları, tanıyan, tanımayan hər kəs. Muxtar respublika sakinləri öz şəhidini qarşılamaq üçün toplaşmışdı. Çünki o, 2007-ci ildə Naxçıvandan gedən kursant deyildi. Uğruna canını fəda etdiyi üçrəngli, müqəddəs bayrağa bükülərək geri dönən şəhid idi. Bu insanların vətən uğrunda birliyinin, əzminin göstəricisi idi. Bu, şəhidinə sonsuz ehtiramın ifadəsi idi. Tural Haşımlının şücaəti qəlbləri riqqətə gətirmişdi. “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz,  Vətən bölünməz” şüarları ilə kiçikdən-böyüyə hər kəs küçələrə axışmışdı.

Atası Əbdül Haşımlı: “Camaat onu elə qarşıladı ki, mən onu yadımdan çıxara bilmərəm. Həm dövlətin,  həm insanların dəstəyi mənə dayaq oldu. Naxçıvandakı izdihamı görəndə anladım ki, millət onu özünə oğul götürdü.

Söhbətə ana da qoşulur. 3 övlad böyütmüş Gülnarə ana üçün Tural qəhrəmandır: Bütün xalq onu sevdi. Qəhrəman kimi böyümüşdü, qəhrəman kimi də şəhidlik məqamına qovuşdu. Mən bir ana kimi Turalla qürur duyuram, düzdür o həyatda yoxdur, amma qürur duyuram ki, o vətən yolunda getdi. Vətən sağ olsun! Qoy, vətənimiz heç vaxt yağı düşmənə qismət olmasın,  ermənilər də bilsin ki, biz heç vaxt təslim olmayacağıq. Gec-tez torpaqlarımızı geri qaytaracağıq.

Əsl Azərbaycan qadını, göz yaşı deyil, düşmənə nifrət yağdırır baxışları ilə. Gülnarə ana övladını itirib, amma qürurunu, vətəndaşlıq borcunu itirməyib. Bir ana üçün çətindir övlad itkisi, amma mövzu vətən torpaqlarını yağı düşməndən qorumaqdırsa, o zaman deməyə bircə söz qalır, təki vətən sağ olsun.

Bir zamanlar 10 və 10-dan yuxarı övladı olan analara qəhrəman ana statusu verilirdi. Mənsə belə deyərdim: qəhrəman o anadır ki, qəhrəman yetişdirir. Lap Gülnarə ana kimi. Cəmiyyətimizə, dövlətimizə layiqli oğul böyütdü. Qorudu son nəfəsinədək vətənin hər daşını,qayasını, ölkənin layiqli vətəndaşı oldu.

Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var   

Vətən üçün doğulub vətən üçün ölənlər nə xoşbəxtdir. Əbdül kişinin ailəsində böyümüş oğul bütün Azərbaycanın övladı oldu. Onu bütün Azərbaycan tanıdı. Hər bir ailədə adı qürurla səsləndi: Tural Haşımlı.

Fevralın 24-dən 25-nə keçən gecə erməni təxribatının qarşısını alarkən şəhidlik məqamına yüksəlmiş Azərbaycan ordusunun hərbi qulluqçuları, o cümlədən, Haşımlı Tural Əbdül oğlu Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunur.

“Vətən yolunda ölən şəhiddir, qalan qazidir. Kimsə bu yolu tutub gedirsə, dünyada ən müqəddəs bir işi görür. Bizim işimiz haqq işidir. Əlbəttə,  qələbə çalacağıq. Mən indi də qürur duyuram, indi də fikrimi dəyişmərəm, Allah Turalı  yenidən mənə versə, yenə onun hərb peşəsini seçməsini dəstəkləyərəm”, – deyir atası Əbdül kişi.

Budur, Haşımlılar ailəsində yenə bir körpə böyüyür: Tural Haşımlı adında. Üzünü görmədiyi, səsini duymadığı qəhrəmanın adını daşıyan 5 aylıq balaca Tural Tanrının ərməğanıdır. Düşmən sevinməsin qoy, hələ neçə turallar yetişdirəcək bu torpaq, hələ neçə qəhrəmanlar böyüdəcək şəhid ataları.

Yüz-yüz itən olsun,
Min-min də bitən var.
Şükr eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.

Üçrəngli bayrağımız tezliklə Qarabağda Şuşada, Xankəndində  dalğalanacaq. Artıq 90-cı illərin Azərbaycanı deyil, dünya miqyasında öz nüfuzu ilə seçilən Azərbaycan bu gün müzəffər orduya sahibdir. Vətən uğrunda son damla qanına qədər vuruşmağa hazır olan qəhrəman oğullara sahibdir. Biz əzəli və əbədi ata-baba yurdlarımıza  qayıdacağıq. O gün uzaqda deyil.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 23
  • 1,277
  • 2,550
ILK-10 Azeri Website Directory