Ermənistanda böhran dərinləşir: hakim partiya təslim olmaq istəmir

İŞĞALÇI ÖLKƏDƏ METRO, HAVA LİMANI, AVTOMOBİL VƏ DƏMİR YOLLARI BAĞLANIB, MƏKTƏBLƏR FƏALİYYƏTİNİ MÜVƏQQƏTİ DAYANDIRIB, FƏHLƏLƏR İSƏ TƏTİLƏ ÇIXIBLAR

Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası nəticəsiz qalıb.
Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının lideri Nikol Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. Bununla Ermənistan parlamenti N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən, 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

Hakim Respublika Partiyasının maraqlarına cavan verən bu gedişat Ermənistanda etiraz askiyalarının növbəti dalğasının baş verməsinə səbəb olub. Paşinyan tərəfdarları bu dəfə İrəvanda nəqliyyatı tamamilə iflic etmək qərarı alıblar. Nəticədə, metro, hava limanı, avtomobil və dəmir yolları bağlanıb, məktəblər fəaliyyətini müvəqqəti dayandırıb, fəhlələr isə tətilə çıxıblar.

Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanda hakim Respublika Partiyası parlamentdə Nikol Paşinyanın baş nazirliyinə səs verməməklə taktiki baxımdan doğru addım atıb: “Çünki Paşinyanın baş nazir seçilməsi üçün Respublika Partiyasından ən azı 8 səs lazım idi. Bu isə avtomatik iki nəticəyə gətirib çıxaracaqdı. Birincisi, 8 “xəyanətkar səs” faktiki hakim Respublika Partiyası parçalanmasına yol açacaqdı. İkincisi, Respublika Partiyası rəsmən müxalifətə keçməli olacaqdı, bu isə gələcəkdə korrupsiyalaşan hakim partiyanın siyasi arenadan tədricən silinməsinə gətirib çıxaracaqdı. Onlarsa buna hazır deyillər. Ona görə də hakim partiya müqavimət göstərmədən təslim olmaq istəmir. Ancaq strateji baxımdan Respublika Partiyası Ermənistanın uçuruma yuvarlanmasını sürətləndirir. Birincisi, bir həftə içərisində Nikol Paşinyan meydanda Respublika Partiyasına qarşı müqaviməti gücləndirəcək. Bu isə Ermənistanda xaosun davamı deməkdir. Elə ola bilər ki, bu günlərdə Respublika Partiyasından qopmalar baş versin və Paşinyan parlamentdə ikinci səsverməyə qədər gərəkən 8 səsi əldə etsin. Ancaq bu, olmazsa, Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək və bu qonşu ölkənin tarixində ən mürəkkəb və ən gərgin seçkiyə çevriləcək. O da aydındır ki, seçkinin elə bir qalibi olmayacaq ki, hökumət bir partiyadan formalaşsın, koalisiya axtarışı da xeyli vaxt və enerji tələb edəcək”.

Politoloq bildirib ki, Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər: “Biz isə belə bir gəminin istənilən marşrut trayektoriyasını öyrənməliyik. İndiki vəziyyətdə ermənilər qədər “Ermənistanda hadisələr necə inkişaf edə bilər” sualı üzərində düşünməliyik. Ermənistanda vətəndaş müharibəsi başlayarsa, bu nə dərəcədə Azərbaycanın xeyrinədir? – bu sual üzərində də düşünməyə dəyər. Ermənistan 1990-cı illərin əvvəllərində bizdəki qarışıqlıqdan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb. Biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan istifadə etməliyikmi? Müşahidə etdiyim qədər bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qisim isə tam tərsinə deyir ki, hücuma keçsək, Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyin davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-cı illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu, Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə, yenə qarşımızda Rusiyanı görəcəyik”.

E.Şahinoğlu hesab edir ki, müharibə variantının riskləri az deyil: “Ancaq Ermənistanı elə bu günlərdə də hərbi təzyiq altında saxlamağa, snayperlərimizin dəqiq atəşlərini davam etdirməsinə Rusiya mane olmur, ola da bilməz. O ki qaldı, Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir, bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn, Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Serj Sarkisyanın dediklərini təkrarlasa da, hər halda o, nə Koçaryandır, nə də ki, Sarkisyan. Mənə elə gəlir ki, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var, sadəcə bu alətləri işə salmaq lazımdır”.

Milli Məclisin deputatı Sahib Alıyev isə qeyd edib ki, Ermənistandakı hərbi xunta hakimiyyəti başqa ad altında davam etdirmək üçün referenduma getdi, bəlli çevrələr alqışladı: “Ötən il parlament seçkisi böyük saxtakarlıqlara yol verməklə keçirilsə də, bu da demokratiyaya doğru iri bir addım kimi qiymətləndirildi. Parlamentdə oyuncaq prezident təyin edildi, yenə alqış. Serj Sarkisyan konstitusiya dəyişikliyinə gedərkən heç bir yüksək post tutmayacağını bildirsə də, baş nazir kürsüsünə əyləşdi, təbrik dalınca təbriklər gəldi. Sarkisyan getdi, bu demokratiyanın təntənəsi adlandırıldı. Populist və yaramazın biri bütün prosedurları ayaq altda ataraq guya “xalqın təmsilçisi” kimi baş nazir olmaq istəyir, buna da normal yanaşılır.  Sual olunur: Ermənistadakı son seçki şouları əgər demokratiyanın tələblərinə uyğun idisə, onda ermənilər niyə küçələrə axışdı? Deyildisə, nədən Sarkisyanın son zamanlar atdığı bütün addımlar müsbət qiymətləndirilir, ona alqış və təbriklər yağdırılırdı?”

Deputat Elşən Musayev isə qeyd edib ki, Paşinyan siyasətdə diletantdır, baş nazirlik iddiasını bu qədər tələsik ortaya qoymaqla artıq özünü “yandırıb” və bundan sonrakı proseslər böyük güclərin şahmat taxtası üzərindəki gedişlərindən asılı olacaq: “Proqnoz hələ ki özünü doğruldur. Hiyləgər Serj Sarkisyan Paşinyanı küçədən binaya, pərakəndə formatdan qanun çərçivəsinə salaraq uduzdurdu. Məsələni parlament səviyyəsinə gətirdi, dalğanı artistcə, “səmimi” etiraflar edərək yatırdı. Ardınca da seçki keçirdi. Sonda məqsədinə çatdı. Paşinyanın isə ağlına gəlmədi ki, əli yüz minlərin qanına batmış Sarkisyanın sentimentallığına güvənmək olmaz, bu, bir oyundur, əsl tələ daha irəlidə qurulub”.

Deputat hesab edir ki, Paşinyanın ən böyük səhvi parlamenti buraxmaq əvəzinə bu tərkiblə baş nazir seçkisinin keçirilməsinə razılığı olub: “Kortəbii üslub budur: hədəfə gedilən yollar səhihcə ölçülüb biçilmir. Ambisiyalar isə bu qədər naşı formada bəlli edilincə, ip yarı yolda qırılır. Üstəlik, adam həm də əyani şəkildə sübut etdi ki, səbatsız taktika uçurumu mütləq şərtləndirir və metodologiya düzgün deyilsə, inqilab eyforiyası bircə anın içində mənəvi aşınma mərhələsinə adlaya bilər”.

Sarkisyanın partiyasının Paşinyanın qarşısına seçkidə alternativ belə çıxarmadığını xatırladan E.Musayev bildirib ki, o, etiraz aksiyalarının liderini divara tək qısnadı və bu müxalif romantikin ilkin solo-məğlubiyyətini beləcə reallaşdırdı: “İndi isə namizədini növbəti seçkidə rahat-rahat irəli sürə bilər. O da nəticə verməsə, prezident növbədənkənar seçki elan etməlidir”.

Ceyhun ABASOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory