Samuxda meyvəçilik inkişaf edir

Meyvəçilik rayonun kənd təsərrüfatının əsas sahələrindən biridir. Hal-hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və s. meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir, lakin buna baxmayaraq son illər əhali öz pay torpaqlarında da yeni meyvə bağları salır.

2017-ci ildə Samux rayonunda 21247 hektar əkin sahəsi və bundan əlavə 1515,2 hektar meyvə və giləmeyvə bağları və 1058,6 hektar üzüm bağları mövcud olmuşdur. Ötən ildə 43,5 ha yeni meyvə bağları salınmışdır. 1515,2 hektar meyvə və giləmeyvə bağının o cümlədən 1280,5 hektarı bar verəndir.  2017-ci ildə sahələrdən 17417,3 ton meyvə  yığılmışdır.
Ötən il rayonda 22 növ meyvə yetişdirilmişdir. Meyvə və giləmeyvə bağlarının 82,8 ha və ya 5,5%-i alma, 78,6 ha və ya 5.2%-i armud, 51 ha və ya 3,4 %-i heyva, 63,9 ha və ya 4,2 %-i şaftalı, 172,2 ha və ya 11,4%-i ərik, 76,6 ha və ya 5,1%-i gilas, 18,1 ha və ya 1,2 %-i albalı, 55,5 ha və ya 3,7%-i gavalı, 78,1 ha və ya  5,2 %-i alça, 78 ha və ya 5,1 %-i qoz, 23,1 ha və ya 1,5%-i fındıq, 2 ha və ya 0,1 %-i badam, 181,5 ha və ya 12,2%-i nar, 407,8 ha və ya 26,9%-i xurma, 46,3 ha və ya 3,1%-i əncir, 39 ha və ya 2,6%-i zoğal, 6,8 ha və ya 0,4%-i əzgil, 0,3 ha və ya 0,02% feyxoa, 0,2 ha və ya 0,01% limon, 1,8 ha və ya 0,1% zeytun, 1.0 ha və ya 0,1% iydə, 32,5 ha və ya 2,06%-i sair meyvə bağları, 15,2 ha və ya 1,0% -i isə giləmeyvəlilərdir.

2017-ci ildə rayonun meyvə bağlarından 17417,3 ton meyvə  yığılmışdır. Bu ötən ilə  nisbətən 1107,1 ton və ya 6,8% çoxdur. 2017-ci ildə meyvə bağlarından o cümlədən 773,0 ton alma, 564,4 ton armud , 467,0 ton heyva , 314,9 ton şaftalı, 1457,6 ton ərik, 454,8 ton gilas, 105,7 ton albalı, 396,8 ton gavalı, 621,8 ton alça, 424 ton qoz, 50,1 ton fındıq, 3,7 ton badam,1931,2 ton nar, 8577,8 ton xurma, 468,9 ton əncir, 387,6 ton zoğal, 14,3 ton əzgil, 6,3 ton zeytun, 2,6 ton iydə, 1,5 ton feyxoa, 0,9 ton limon, 376,2 ton sair meyvələr və 16,3 ton giləmeyvəlilər yığılmışdır. Meyvənin məhsuldarlığı hər hektara görə 136,0 sentner olmuşdur.
Rayonda meyvə əsasən əhali təsərrüfatında yetişdirilir. Meyvə bu gün əsas qida məhsullarından biri hesab edilir. Tərkibində xeyli miqdarda mineral maddələr və vitaminlər olduğuna görə meyvələr həm də sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.            Ötən əsrin ortalarından bəri meyvəçilik əhalinin gəlir mənbələrindən biri olmuşdur. Əhali istehsal etdiyi məhsulları şəhər və xarici bazarlara çıxarmaqla, onların satışından xeyli gəlir əldə etmişdir.
Meyvəçiliyin inkişafı bu gün də əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Təsərrüfatlarda becərilən meyvələrdən ərzaq kimi istifadə olunur, mürəbbə, cem, meyvə şirələri, meyvə qurusu və s. kimi məhsullar istehsal olunur. Qoz , fındıq, nar, alma, heyva kimi meyvələri hətta qış aylarına qədər də saxlamaq mümkün olur. Artıq məhsullar isə şəhər bazarlarına çıxarılır və xüsusi alıcılar vasitəsilə xarici bazarlara aparılır.
İstehsalçının ərazi, əmək, sərmayə və təşəbbüskarlıq kimi istehsal faktorlarından istifadə edərək yetişdirdiyi məhsul ancaq yaxşı bir satışa çıxarma sistemi ilə öz iqtisadi dəyərini tapa bilər. Bununla da həm istehsalçısına, həm də istehlakçısına fayda verilmiş olar.
Meyvələr yığıldıqdan sonra müxtəlif texnologiyalarla  emal edilməli, müəyyən müddət soyuducu anbarlarda saxlanılmalı, ya da dərhal istehlaka göndərilməlidir. Tez xarab olma  xüsusiyyətinə malik olan meyvələri istehlakçıya istədiyi təravətdə və zamanda təqdim etmək çox vacibdir.
Rayonda meyvə emalı ilə məşğul olan sənaye   müəssələri mövcud deyildir. Buna görə də əhali təsərrüfatlarında yetişdirilən meyvələr şəhər bazarlarına və ya xüsusi alıcılara ucuz qiymətə satılır. Bu isə meyvə istehsalına olan marağı azaldır. Bəzi hallarda isə təsərrüfatlarda becərilən meyvələr satış bazarı olmadığına və ya az gəlir gətirdiyinə görə sahələrdə xarab olaraq qalır. Buna görə də rayonda yaxın vaxtlarda meyvə emalı ilə məşğul olan  emal müəssələrinin yaradılmasına böyük ehtiyac vardır.
Digər tərəfdən ölkəmizdə ixrac yönümlü emal sənayesinin inkişafı, xaricdən gətirilən geni dəyişdirilmiş meyvələrin əhalinin sağlamlığını təhlükədə qoyması yerli meyvəçiliyin əhəmiyyətini artırır, bu sahənin daha da inkişaf etdirilməsini zəruri edir. Bu gün meyvəçilik sahəsində sahibkarların güclənməsi və yeni sahibkarların əmələ gəlməsi çox vacibdir. İstehsal olunan  meyvənin miqdarı və keyfiyyəti bu sahənin inkişafını təyin edən əsas göstəricilərdəndir. Lakin hələ də rayonda meyvəçilikdə məhsuldarlıq daha çox təbiətin ümidinə qalıb. Meyvələrin keyfiyyəti yüksək olsa da, xarici görünüşü baxımından rəqabətdə uduzur. Eyni zamanda sənaye üçün də elə də sərfəli olmadığından emal müəssələri yerli meyvələrə çox da maraq göstərmirlər.
Meyvəçilikdə kəmiyyət və keyfiyyətin artmasında  fermerlərin texniki işləri, müasir meyvəçilik  təcrübəsinin büyük rolu vardır. Müasir meyvəçilk təcrübəsini  öyrənmək həm istehsalçılarımıza , həm də rayon iqtisadiyatına gəlir gətirər. Bu gün köhnə meyvəçilk  ənənələri  saxlanılmaqla bərabər , dünyada geniş şəkildə istifadə edilən bəstəboy növlərin əkilməsi zəruridir. Bu sahədə ağaclar erkən yaşından bar verməyə başlayır, hər il nizamlı məhsul əldə edilir, sahəyə daha çox ağac əkilərək ,  daha bol məhsul alınır, budama, dərmanlama kimi əməliyyatlar daha ucuz və  asan aparılır, xəstəlik və ziyanvericilərə qarşı mübarizə  daha səmərəli olur, nəticədə xərclər azalır, keyfiyyətli meyvə yığımı və daha yüksək qazanc əldə edilir.  Standart meyvə ağcları yatırılmış sərmayəni orta hesabla 5-6 ildən sonra geri qaytarmağa başlayır. İqtisadi baxımdan səmərə müddəti 10-15 il təşkil  edir. 20 yaşından sonra isə ağacların məhsuldarlığı aşağı düşməyə başlayır. Meyvənin keyfiyyəti də ilk illərdə olduğu kimi olmur. Çox hündür və gövdəli ağacların budanması daha çətindir və xeyli xərc tələb edir, dərmanlanma, seyrəltmə kimi əməliyyatlar çox çətinliklə yerinə yetirilir. Həmçinin standart meyvə ağaclarında meyvələrin günəş şüasını normal ala bilməməsi səbəbindən rəng və keyfiyyət cəhətdən bazar dəyərləri aşağı düşür. Buna görə də müasir meyvəçilikdə bəstəboy növlərin əkilməsinə daha çox üstünlük verilir. Bəstəboy növlər standart növlərlə peyvənd edilərək, müxtəlif  boylarda meyvələr əldə edilir.
Hal-hazda kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi  gücləndirilmişdir.Əkin sahələrinin becərilməsində yanacaq və motor yağlarının dəyərinin ödənilməsi üçün subsidiyaların verilməsi, aqrolizinq müəssələri vasitəsilə mineral kübrələrin güzəştli qiymətlərlə satılması, kənd təsərrüfatını yeni texnika ilə təchizatı buna əyani sübutdur. Sahibkarlığa Kömək Milli Fondu   tərəfindən kənd təsərrüfatı müəssələrinə verilən güzəştli kreditlərin miqdarı da ilbəil artır.
Samux  rayonunun meyvələri yüksək keyfiyyətə malikdir. Bu meyvələr qidalılığına və sağlamlıq nöqteyindən böyük əhəmiyyət kəsb edir. Becərmədə aqrotexniki qaydalardan tam istifadə edilərsə,  meyvələrin keyfiyyəti və zahiri görünüşü də bir o qədər yaxşı olar. Bu cür məhsullar dünya bazarlarında rəqabətdə üstünlük təşkil edər və bununla da yerlərdə meyvənin dəyəri və alıcılıq qabiliyyəti daha da artar.
Bir fakta müraciət edək:
2017-cı ildə rayonda 8577,8 ton xurma istehsal edilmişdir. Bu qədər xurmanı respublika bazarlarında satmaq mümkün deyil. Respublikada isə xurma emalı ilə məşğul olan emal müəssəsi müvcud deyildir. Xurmadan həm təzə, həm də qurudulmuş, həm də emal olunmuş halda istifadə olunur. Xurmadan müxtəlif cemlər, mürəbbələr, pavidla, pastila, unlu xörəklər üçün naçinka və həmçinin spirtli içkilər hazırlanır. Bu meyvənin tərkibində  aşağıdakılar müəyyən olunmuşdur:
Şəkər-22,4 %, üzvü turşular-1,22%,  zülalı maddələr 1,6%, yağlar-1,8 %, vitamin C-55,0% , yod -49,7% və s.Bundan başqa xirniyin tərkibində aliminium,       barium, mis, xrom, dəmir, nikel, silisium, stronsium, vanadium , natrium, kalium, kalsium və s. elementlər vardır.
Xurma diyetik və müalicəvi  əhəmiyyətə malikdir. Tibbdə xurma meyvəsindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzilərin müalicəsində və triotoksikoz xəstəliyi zamanı istifadə edilir.
Xurma  təsərrüfat üçün yüksək rentabelli bitkidir. Becərilmə texnologiyası  nisbətən asan, xəstəlik və ziyanvericiləri az, böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bu bitki, yüksək məhsuldar olduğundan ( potensial  məhsuldarlığı hər hektara 90-120 ton) təsərrüfatın rentabelli işləməsini təmin edir.
Buna baxmayaraq təsərrüfatlar xurmanın 1-kq-ını 0,1 manata satır.Bu isə təsərrüfatlara az gəlir gətirir. Bu gün əgər əlverişli satış bazarı olarsa xurmanın 1 kq-nı 0.50 manata satmaq olar. 1 hektardan orta hesabla 100 ton məhsul istehsal olunarsa, 50000 min manat gəlir əldə etmək olar. 2017-ci il üçün rayonda 1 təsərrüfatın orta illik gəlirinin 12436,0 manat olduğunu nəzərə alsaq, 1 ha xurma bağından əldə olunan gəlirin  1 təsərrüfatın orta illik gəlirindən 37564 manat və ya 4,0 dəfə çox olduğunu müəyyən edərik.  Gələcəkdə ixrac yönümlü emal müəssələri yaradılarsa və ya xarici bazaralra ixrac güclənərsə ,bu meyvənin satışından əldə olunan gəlir də artar.
Məlumdur ki, hal-hazırda dövlətimiz Dünya Ticarət Mərkəzinə üzv olmağa hazırlaşır. Dünya Ticarət Mərkəzi isə keyfiyyətli məhsullar tələb edir. Buna görə də kənd təsərrrüfatı məhsulları isrehsalçıları öz işlərini günün tələbləri çərçivəsində qurmalıdırlar.
Meyvəçiliyin inkişaf etdirilməsi və o cümlədən yeni meyvə bağlarının salınması üçün rayonda suvarmaya büyük ehtiyac vardır. Hal-hazırda rayonda mövcud olan subartezian quyuları  bu işin öhdəsindən tam gələ bilmir. Çox əhəmiyyətli bir haldır ki, Şəmkirçay Su Anbarının tikintisi artıq başa çatdırılmış və  bu anbarın vasitəsilə Şəmkir Maşın Su kanalına su verilmiş və bununla rayonun  əkin sahələrinin suya olan təlabatı müəyyən qədər ödənilmişdir.
Azərbaycan Respublikası bağçiliq üçün dünyanın, Samux rayonu  isə respublikanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkandan istifadə edərək əhalinin və sənaye müəssələrinin meyvəyə olan təlabatını ödəyə bilərik. Qış mövsümündə xaricdən gətirilərək satılan meyvələrin bazardan sıxışdırılıb çıxarmağın vaxtı çatmışdır. Çünki geni dəyişdirilmiş meyvələr əhalinin sağlamlığını təhlükə altında qoyur. Biz meyvəçiliyi daha da inkişaf etdirməklə, həm sağlam nəsillər yetişdirmiş olarıq, həm də iqtisadi faydalar əldə edərik.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 7
  • 6
  • 408
  • 2,174
ILK-10 Azeri Website Directory