Amerikanın xilaskar peyğəmbəri – Abraham Linkoln

Telman ORUCOV
(Əvvəli ötən şənbə saylarımızda)

Linkolnun arvadı Meri Todd

Kentukkidən varlı Todd ailəsinin qızı olan Meri 1842-ci ildə Linkolnla nikaha girdi.

Bu qadın haqqında tarixçilər müxtəlif fikirlər irəli sürür, onu gah ilk gündən ərini ilhamlandıran, siyasətdə uğurlar qazanmasından ötrü cəhdlər edən qadın kimi, gah da əsəbi durumu heç vaxt taraz olmayan, tez özündən çıxan, özünü idarə edə bilməyərək bəzi qadınları heç bir səbəb olmadan təhqir etməkdən də çəkinməyən ağılsız şəxs kimi təqdim edirlər. Fakt orasındadır ki, Meri əri Linkolnun vaxtsız həyatdan getməsinə, özündən asılı olmayaraq şərait yaratmış, əslində, ərinin qatillərinə öz dəhşətli əməllərini həyata keçirmək üçün axtardıqları imkanı vermişdi. Onun təkidi ilə Ford teatrında tamaşaya baxmağa gedən Linkoln qatilin atəşi hesabına həyatdan getmişdi. Axı Prezidenti, konkret olmasa da, xəbərdar etmişdilər, onun ictimai tədbirlərə qatılmaması məsləhətini vermişdilər. Meri isə ağıl korluğu ilə şəraiti qiymətləndirməyərək, onu yüngül şıltaqlığının qurbanına çevirmişdi.

Meri Todd öz əhvali-ruhiyyəsindən asılı olaraq ya madam, ya da Hellcat – “cəhənnəm pişiyi” olurdu. Meri əri kimi Sprinqfilddən Vaşinqtona gəlmək üçün 12 günü və gecəni faytonda keçirmişdi. Hellicat deyirdi ki, mən faytonda yol gedəndə özümü dəniz xəstəliyinə tutulan kimi hiss edirəm. Onu sakitləşdirirdilər ki, sən tezliklə Ağ Evdə məskunlaşacaqsan. Vaşinqtona çatanda yalnız əynindəki mavi velvet paltarının cırılıb-cırılmadığını yoxladıqdan sonra sakitləşdi. Özü haqqında deyirdi ki, “mən güvə şəhidiyəm”.

Meri ərinə deyirdi ki, mister Byükenen (Linkolndan əvvəlki ABŞ prezidenti) bədbəxt adam imiş və Allaha şükür ki, onun yerini parlaq şəxs olan hakim Duqlas deyil, sən tutdun. Qəribəlik orasındadır ki, mən sənə necə ərə getdim. Hər bir adam düşünürdü ki, mən ərə gedə bilərəm, özüm də düşünürdüm ki, bunu edə bilərəm. Lakin mən evimizdəki rəqs axşamında səni gördüm, mənə yaxınlaşdın, özünü təqdim edib dedin ki, mənimlə rəqs etmək istəyirsən. Biz rəqs etdik və  sənin özünün dediyin kimi, bu, həqiqətən də, “ən pis vasitə” ilə baş verdi. O, bu sözləri deyəndə öz xatirələrinə gülümsəyirdi. Üç yaş on aylığında olan oğlu Eddini isitmədən itirdiyini yada saldı və hıçqırmağa başladı.

Merinin, adətən, səhər vaxtı başı ağrıyırdı və bundan, ölümdən də pis qorxurdu. Hiddətlənirdi ki, vampir mətbuat daim onun üstünə atılmağa hazırdır.

Ağ Evdə onlar məskunlaşdıqdan sonra bir dəfə Duqlasla Linkoln dəhlizə çıxanda, Meri onlarla qarşılaşdı. Duqlas qollarını geniş açıb, “Meri Todd” deyə onu salamladı. O isə həyəcanla “Hakim Duqlas” deyib, çoxlarının düşündüyü kimi ərə gedə bilməli olduğu bu adamı qucaqladı. Və sonra Linkolna tərəf dönüb, “Eh, gör mən nə etmişəm, Ata” dedi.

Duqlas ona diqqətlə tamaşa edib dedi ki, Meri Todd, sən bu Evin bəzəyisən. Sonra Linkolna tərəf döndü:

– Əgər o, mənə ərə getməyə razılıq versəydi, mən indi burada sənin yerində olardım.

Linkoln:

– Lakin Hakim, güman et ki, o, Con Brekinricə ərə getsəydi, onda Brekinric burada olardı.

Meri güldü, şadlandı və qürur hiss etdi. Duqlas əlavə etdi ki, əgər Meri azacıq yaşlı olsaydı, Transilvaniya kollecində Cefferson Devisə ərə gedə bilərdi və Cənubun kraliçası olardı.

Linkoln da mövzunu davam etdirərək:

– Və ya azacıq cavan olsaydı, o, Montqomeri Blerə ərə gedərdi, axı o da Transilvaniyada idi.

Duqlas çıxıb gedəndə Meri ərinə dedi ki, Ata, o ölür. Linkoln başının hərəkətiylə onun rəyi ilə razılaşdığını bildirdi. Merinin rəyi düz çıxdı, Stefen Duqlas 1861-ci ildə 48 yaşında öldü.

Missis Linkoln bir dəfə Mansion – Ağ Ev üçün bəzi şeylər almaqdan ötəri Nyu-Yorka getmişdi və Prezident ictimai binalara baxana dedi ki, arvadının üzərində ciddi göz qoymadığından, Meri mağazalarda çox pul xərcləyir. O şikayətləndi ki, həmin pula müharibə üçün lazım olan şeyləri almaq olar.

Bəzi adamlar isə Meridən narazılıqlarını “Prezidentin arvadı dəlidir” sözləri ilə ifadə edirdilər.

Meri ərinin vəzifəsini itirəcəyindən, ikinci müddətə seçilə bilməməsindən də qorxurdu, ərinə deyirdi ki, maliyyə naziri Çeyz prezident seçkilərində sənə rəqib olacaqdır. O, hər gün sənin əleyhinə işləyir. Meri qorxurdu ki, elə o da prezident seçiləcəkdir. Linkoln isə ona dedi ki, biz heç vaxt pis prezidentə malik olmamışıq.

1865-ci ilin 25 martında Prezident generallarla birlikdə Ceyms ordusunun düşərgəsində idi. Onlar ordunun baş düşərgəsində at çapırdılar. Missis Linkoln və missis Qrant onların arxasınca ambulansda Virciniyanın qırmızı palçıq dənizindəki və bataqlıqdakı yollarla gedirdilər. Meri öz həyatında belə bir narahatçılığı görməmişdi. Faytondan düşəndə əsgər ona yaxınlaşıb dedi ki, burada palçıq üç fut dərinliyindədir, heç kəs burada gəzə bilməz.

Onlar müşahidə yerinə gəlib çıxanda, böyük bir atın üstündə yaraşıqlı bir qadının atlıların arxasınca öz atını dördnala çapdığını gördülər. Bu, general Qriffinin arvadı idi, təkcə ona qabaqda dayanmağa icazə verilmişdi. Bildirdilər ki, o, Prezidentlə söhbət edirmiş, özəl söhbət. Axı indiyədək heç bir qadın Prezidentlə təklikdə olmamışdı. Qabaqda olmaq icazəsini isə ona müdafiə naziri Stenton vermişdi.

Bu vaxt Meri gördü ki, Prezident generalların – Qrantın və Ordun müşayiəti ilə qoşunların dayandığı uzun cərgənin qarşısında atını çapır. Prezident hər alaya yaxınlaşanda adamlar onu salamlayırdı və o, şlyapası ilə cavab verirdi. Bu üç adamın arxasında bir düjün yüksək rütbəli zabit və at üstündə görünən gənc qadın var idi. Meri onun da kim olduğunu soruşdu. Missis Qrant dedi ki, o, missis Orddur, generalın arvadı.

Meri:

– O, mənim ərimdən sonra çapır?

Missis Qrant cavab verdi ki, yox, o, öz ərinin arxasınca çapır.

Meri qışqırdı:

– O, mənim yerimə olduğunu iddia edir.

Meri alçaldılmışdı. Missis Ord yaxınlaşıb irəli çıxdı, müşahidə yerində dayanaraq dedi:

– Xoş gəlmişsiniz, missis Linkoln.

Meri yerindən qalxıb, nəhayət, öz düşməninə mənəvi zərbə vurmaq istədi:

– Sən fahişəsən!

Sonra bu günahsız qadının davranışı barədə nalayiq sözlər söylədi. Meri qadının sifətindən yaş axdığını gördü. Generalın arvadı Culiya Qrant onu sakitləşdirdi. Missis Qrant Meri üçün təhlükə idi, o, qəhrəmanın, özü də qəssab qəhrəmanın arvadı idi. Həm də Meriyə görə həyasız bir adam idi. O, birinci lediyə çevrilə bilərdi. (Doğrudan da, Uliss Qrant Endryu Consondan sonra iki müddətə – 1869-1877-ci illərdə ABŞ-ın prezidenti oldu). Ona görə də Meri ona dedi ki, sən düşünürsən ki, Ağ Evi əldə edəcəksən. Culiya isə ona cavab verdi ki, biz harada oluruqsa, orada özümüzü tam xoşbəxt hesab edirik.

Təbii ki, Meri ictimai nöqteyi-nəzərdə Missis Ord tərəfindən alçaldılmışdı və missis Qrant tərəfindən isə özəl qaydada təhqir edilmişdi.

Merinin hədyan davranışı mülayim xasiyyətli Prezidentə heç də şərəf gətirmirdi.

Meri əri öləndən sonra Çikaqoda yaşadı, Prezident ona qiyməti yüz min dollara yaxın olan malikanə qoyub getmişdi. Lakin o, pullarının hamısını itirdi. On il ərzində psixatriya xəstəliyindən əziyyət çəkdi, yaşlı vaxtında onsuz da çox sayda fiziki simptomlardan şikayətlənirdi. 1875-ci ildə Meri rəsmi qaydada dəli elan edildi, 1882-ci ildə isə 17 il ərzində daha ağır kədərlərlə dolu olan həyatı ilə vidalaşdı.

Linkolnun oğlu Robert Todd Linkoln

O, 1843-cü ildə Sprinqfilddə anadan olmuşdu. Abraham Linkolnun böyük oğlu idi. 1864-cü ildə Harvard Universitetini bitirmişdi. Atası böyük oğluna mümkün qədər yaxşı təhsil vermək istəyirdi, axı özü yaxşı təhsil almamasından çox əziyyət çəkirdi.

Robert General Qrantın qərargahında kapitan rütbəsində xidmət edirdi və Appamattoksda təslim sənədi imzalananda orada iştirak etmişdi.

1867-ci ildə Çikaqoda hüquq praktikası keçib uğur qazandı. Onun müştəriləri içərisində Pulman Palas vaqon korporasiyası var idi. Respublikaçı Robert Linkoln 1881-1885-ci illərdə, prezidentlər Ceyms Qarfildin və Çester Arturun rəhbərliyi altında müdafiə naziri olmuşdu. Prezident Bencamin Harrison onu Britaniyaya səfir təyin etmişdi, burada o, 4 il ərzində işlədi. Bu vaxt Berinq dənizi ziddiyyətinə və Alyaska sərhəd müzakirəsinə cəlb edilmişdi.

Corc Pulmanın 1897-ci ildəki ölümündən sonra R. Linkoln Pulman kompaniyasının prezidenti oldu. Bu vəzifədən o, 1911-ci ildə istefa verdi, lakin həmçinin, Dövlət Edison kompaniyasının, Pulman tresti və əmanət bankının direktoru idi.

O, atasının sənədlərini Konqres kitabxanasına verdi, lakin göstəriş verdi ki, onlar həmin sənədləri onun öz ölümündən 21 il sonra açsınlar.

Bir sıra səbəblərə görə, Robert Todd Linkoln xüsusilə yazığı gəlinən, hətta faciəvi şəxsiyyət hesab edilə bilərdi. Məşhur adamların çox uşaqları kimi o da şəxsi tanınmağın güclü hissinə malik deyildi. Buna işarə edərək bir dəfə dostuna demişdi: “Heç kəs məni müdafiə naziri, İngiltərədəki səfir, Pulman kompaniyasının prezidenti kimi axtarmır. Onlar Abraham Linkolnun oğlunu axtarırlar”. Doğrudan da öz böyük valideyninin soyadını daşımaq, onun malik olduğu nailiyyətlər şleyfindən azad olmaq o qədər də asan deyildi. Çünki atanın işığı hökmən oğulun üzərinə düşür.

R.T.Linkoln həm də kədərlə də tanış idi. Onun üç kiçik qardaşı həddi-buluğa çatmamış ölmüşdülər. Robertin 21 yaşı olanda atası qətlə yetirilmişdi. Anası heç vaxt emosional cəhətdən stabil olmamaqla, xüsusən əri qətlə yetirildikdən sonra əsəb xəstəliyinə tutulmuşdu. Anası ilə arasındakı problemlər artırdı, o, qısa müddətə anasını dəlilər evinə göndərdi. Robertin yeganə oğlu 16 yaşında öldü, onun qızı atasının razı olmadığı bir adama ərə getdi. Beləliklə, R.T.Linkolnda bir şey təəccüblü idi: “Dünyada ən böyük görünən adamın əla sosial pozası onun özü barədə əmin olmasına gətirib çıxarmalıdır. Lakin aldığı sillənin əksinə çox az adam buna nail olur”.

Linkoln yalnız maddi cəhətdən əzab çəkmirdi. Milyoner hüquqşünas və biznesmen kimi o, öz rahat həyatını yaxşı təmin edə bilərdi. Roll-Roys avtomobili, bahalı paltar, qolf və varlığın digər həzləri, mühafizəkar Viktoriya dövrünün centlemeni kimi ona məxsus idi.

O, məşhur atasına nə şəxsən, nə də siyasi cəhətdən bənzəmirdi. Abraham Linkoln hərarətli, yumor hissi olan və iddiasız adam olduğu halda, onun oğlu soyuq təbiətli, darıxdırıcı və hamıdan kənarlaşan adam idi. Ona öz atası tərəfindən hədiyyə verilmiş “təhlükəsizlik yastığından” istifadə etməkdən də daim qaçırdı. Respublikaçılar Partiyasının standart qanadına daim dəstəkçi olsa da, Robert Linkolnun azadlığa və ədalətə atasına məxsus olan pərəstişə heç də marağı yox idi. İctimai həyat onu cəlb etmirdi. Deyirdilər ki, əslində, Robert Todd Linkoln bütünlüklə “Todd” idi, o, sonralar anasının soyadını götürmüşdü, bu ailə isə Kentukki cəmiyyətinin üzvləri arasında çox qürurlu və görkəmli bir ailə sayılırdı. Robert Todd Linkoln 1920-ci ildə 83 yaşında vəfat etmişdi.

(Ardı var)

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 21
  • 692
  • 2,333
ILK-10 Azeri Website Directory