Rəsul Rzanın sənət qüdrəti

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

Mayın 19-u Xalq şairi Rəsul Rzanın doğum günüdür. Bununla bağlı mayın 20-də şairin vətəni Göyçayda Əli Kərim adına şəhər parkında “Əbədiyaşar ədiblər” kompleksinin açılışı olub. Kompleksə Nizami Gəncəvidən bu günə qədər 20 şairin, o cümlədən, Rəsul Rza və Nigar Rəfibəylinin büstləri daxildir.

Kompleksin açılışında Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Bakıdan gələn qonaqlar – Yazıçılar Birliyinin sədri Anar,  Birliyin Birinci katibi Fikrət Qoca, Sədrin müavini Nazim İbrahimov, Milli Məclisin deputatı Aqil Abbas, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yerli ifaçılar şairlərin şeirlərini, sözlərinə yazılan mahnıları səsləndiriblər.

İcra başçısı Mehdi Səlimzadə Anarı 80 illiyi münasibətilə təbrik edib.

Bugünlərdə “Elm və təhsil” nəşriyyatı filologiya elmlər doktoru Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi çağdaşları” kitabını çap  edib. Kitabda Rəsul Rza və V.Mayakovski, Nazim Hikmət, Maqsud Şeyxzadə yaradıcılıqları arasında paralellər, Rəsul Rzanın  Səməd Vurğun, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə haqqında fikirləri, gənc şairlərə qayğıkeş münasibəti, xüsusilə 60-cılar nəslinə təsiri, Rəsul Rza ədəbi məktəbinin yaranması təhlil olunur.

Kitaba akademik İsa Həbibbəyli ön söz yazıb. Həmin Ön sözü oxuculara təqdim edirik.

Azərbaycanda XX əsrə qədər sərbəst şeirin müəyyən ənənəsi mövcud olub. Məşhur “Kitabi-Dədə Qorqud” dastanlarında nəinki sərbəst, hətta vəznli sərbəst şeir nümunələri də vardır. Sonrakı bütün dövrlər ərzində şeir həmişə zaman-zaman mövcud qəlibləri yumşaltmaq, möhkəmlənmiş normaları dəyişmək, qırmaq, azad və sərbəst olmaq proseslərini yaşamışdır. Orta əsrlərdə zəncirvarı əruz şeiri mühitində yanaşı olaraq heca vəzninin ritmlərinin artması da şeirin sərbəstləşmə uğrunda daxili mübarizəsinin konkret əməli göstəricisidir. Fikrimcə, XX əsrdə sərbəst şeir mərhələsinin başlanması Azərbaycan poeziyasında əsrlər uzunu gedən şeirdaxili sərbəstləşmə proseslərinin məntiqi nəticəsi idi. Sərbəst şeirin Azərbaycan ədəbiyyatında xüsusi bir inkişaf mərhələsi səviyyəsinə çevrilməsində isə xalq şairi Rəsul Rzanın xidmətləri müasiri olmuş və sərbəst şeirlər yazmış şairlərin hamısından qat-qat çoxdur. Rəsul Rza (1910-1981) yeni epoxada Azərbaycan sərbəst şeir məktəbini yaratmış qüdrətli sənətkardır. Son yüzillikdə sərbəst şeir yazanlar çox olsa da, onlardan heç biri Rəsul Rza səviyyəsinə çata bilməmişlər. Görkəmli Xalq şairi Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst şeirin zirvəsində dayanır.

Rəsul Rza əsrlərdən qırıq-qırıq sızıb gələn ənənələri böyük sürətlə inkişaf etdirərək, sərbəst şeiri XX əsr Azərbaycan poeziyasında qanuniləşdirmək missiyasını böyük şərəflə həyata keçirmişdir. Məhz Rəsul Rzanın böyük yaradıcı dühasının simasında sərbəst şeir Azərbaycan ədəbiyyatının həmişəlik ədəbi sərvətinə çevrilmişdir. Xalq şairi Rəsul Rza Azərbaycan sərbəst şeirinin atasıdır. Rəsul Rzanın sərbəst şeirləri Azərbaycan ədəbiyyatına geniş fıkir və düşüncə sərbəstliyi gətirmiş, lirikanın poetik formanın bəzi formal tələblərindən xilas olmasına imkan yaratmışdır. Sərbəst adlanmasına baxmayaraq, Rəsul Rzanın poeziyasında şeir texnologiyası üçün zəruri olan şərtlərə yaradıcı şəkildə əməl olunmuşdur. Bu mənada Rəsul Rzanın sərbəst şeirləri özünəməxsus yüksək sənətkarlıq xüsusiyyətlərinə malik olan qiymətli poetik nümunələrdir. Rəsul Rzanın sərbəst şeirləri ilə Azərbaycan sərbəst şeiri özünün inkişafının ən yüksək səviyyəsinə çatmışdır. Azərbaycan xalqının tarixi taleyi və XX əsr boyu çətin həyatın real fəlsəfəsi Rəsul Rzanın poeziyasının nəbzində döyünür.

Onun şeirlərində bir qayda olaraq sərbəst şəkildə olsa da, qafiyə iştirak edir və artıq sözə yol verilmir. Rəsul Rzanın yaradıcılığında “ağ şeir” nümunəsi də yox dərəcəsindədir. Xalq şairinin sərbəst şeirləri ciddi vəzn ölçüləri olmayan, misralarında obrazlı fıkirlər ifadə edilən ictimai məzmunlu poetik örnəklərdir. Məhəbbət mövzusunda yazılmış şeirləri qiymətləndirilməklə yanaşı, Rəsul Rza poeziyasında ictimai fikrin, vətəndaşlıq mövqeyinin aparıcılıq təşkil etdiyi xüsusi qeyd edilməlidir. Rəsul Rzanın adı çəkiləndə ilk növbədə Azərbaycan ədəbiyyatının ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çətinliklərinə baxmayaraq, Rəsul Rza ədəbiyyatda Azərbaycanın sözünü demək vəzifəsini yerinə yetirməyi bacarmışdır.

Vətənin qeyrətini çəkməyi və şöhrətini yaşatmağı əsas vəzifəsi hesab edən şair öz kökü ilə “bu torpağa” – Azərbaycana bağlı olduğunu, məğrur dayanmağın məsuliyyətini dərindən bildiyini bəyan etmişdir:

Mən
Vətənin qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm qeyrəti,
Həm qayğısı,
Həm şöhrəti –
Böyük borcu Boynumdadır!
Boynumdadır! 

Zəngin neft ölkəsi Azərbaycanın sərvətlərinin özününkü olmaması, Sovetlər İttifaqının paytaxtında Nizami Gəncəviyə heykəl qoyulmaması, ölkəsində nahaq və qanlı repressiya vahimələrinin yaşanması, ana dilinin, ərazi bütövlüyünün qorunması kimi vətəndaşlıq cəsarəti tələb edən problemlər Rəsul Rzanın əsərlərində özünün dərin əks-sədasını tapmışdır. Bu baxımdan şairin yaradıcılığında xüsusi yer tutan əsərlər silsiləsini nümunə göstərmək olar. “Qızıl gül olmayaydı” poeması – Mikayıl Müşfiqə böyük ehtiram, 37-ci ilə acı bir rekviyemdir.

Əsərin yazıldığı 1956-1960-cı illərdə “bu mövzu qadağandır” qrifi ilə xüsusi şəkildə nəzarət altında olan ciddi məsələlərdən biri idi. “Babək” poeması – Azərbaycan xalqının arxa plana keçirilmiş qəhrəmanlığının yenidən müasir düşüncənin “gündəminə” gətirilməsi mənasını daşıyırdı. Poemanın yazıldığı 1977-ci ildə ölkəmizdə yaradılmış milli-tarixi yaddaşa qayıdış prosesinin imkanlarından istifadə edilərək diqqət mərkəzinə çəkilən Babək mövzusu düşünülmüş bədii vasitələrlə milli azadlıq məsələsinin ana xətti kimi mənalandırılmışdır:

… Qarşıda, gələcəkdə
Vətən uğrunda hələ
Daha qəti, amansız
Qurtuluş əsrləri,
Döyüş günləri vardı.
Bu günün qurbanları
Sabaha yadigardı.

Rəsul Rzanın “Mirzə Cəlilin nisgilləri” şeir silsiləsi “Anlamaq dərdi”nin bədii-fəlsəfi dərkidir. Bu, – Cəlil Məmmədquluzadə sənətinin mahiyyəti və müasirliyi haqqında dərin mənalı poetik uvertüradır. Xalq şairi ürək ağrısı ilə deməyə bilməyib ki: “Ölülər ölüb qurtarmayıb hələ”; “Bəlkə də qaytardılar” – nə mülk-maaş, nə yatır, nə dəyirman dərdi idi. Bu, sorağı qanlı yollarda itən insan dərdi idi; “Qulaq asın Mirzə Cəlilin” sözünə: “İnsanda insan oyadın!” Müxtəlif illərdə yazılmış “Anamın laylası” (1959), “Ölülər”, “Zeynəbin qisası”, “Nazlılar”, “Bəlkə də qaytardılar”, “Kamança”, “Anamın kitabı” (1967) silsiləsi Azərbaycan şeirinin Cəlil Məmmədquluzadə ruhlu yeni bir Ölülərnaməsidir. Rəsul Rzanın satirik şeir silsiləsi də Molla Nəsrəddin məktəbinin müasirlik imkanlarının genişliyini və əhəmiyyətini yeni çalarla ifadə edən düşündürücü və kəskin poetik örnəklərdir. Rəsul Rzanın satirik şeirləri “Molla Nəsrəddin” – Cəlil Məmmədquluzadə kimi “baltanı dibindən vuran” əsərlərdir. “Anlamaq dərdi” şeiri həm Cəlil Məmmədquluzadə silsiləsinin fəlsəfəsi, həm də Rəsul Rza sənətinin qayəsidir:

Kimi təzə paltardan qorxur,
Kimi kəfəndən.
İskəndəri soruşdunuz məndən?
İskəndər içərdi,
Ləqəbi də Kefli İskəndərdi.
Gecə-gündüz düşündürərdi onu
Diri ölülərin dərdi.
Yoxsa o da nə qəmlənər,
Nə içərdi.
Ömrü ölülər içində
Sakit-səssiz keçərdi.
Qınamayın İskəndəri.
Yaman olur anlamaq dərdi.

“Sarı dana və balaca qız” şeiri Rəsul Rza realizminin sərt üzünü və düz sözünü kəskin şəkildə ifadə edir. Hələ altmışıncı illərdə bu şeirdə sovet rejiminin “illik planın” yerinə yetirilməsini insan taleyindən üstün tutması ciddi surətdə tənqid edilmişdir. Göytəpə kəndində xəstələnmiş sarı danaya göstərilən diqqət və qayğının vətəndaşa bəslənilən münasibətdən yuxarıda dayanmağı realist cizgilərlə ifadə olunmuşdur. XX əsr Azərbaycan ədəbiyyatında mövcud rejimə qarşı “Sarı dana və balaca qız” şeirində olduğu qədər açıq və sərt bədii nümunə göstərmək çətindir. Bu şeirin o zamanın senzurasının gözündən necə yayındığını təsəvvür etmək çətindir. “Sarı dana və balaca qız” şeiri sovet üsul-idarəçiliyinin əleyhinə yazılmış sarkazmdır. Bu, ictimai-siyasi və ədəbi mühitdə “Xruşşov istiləşməsi” dövründə Azərbaycan ədəbiyyatında meydana çıxmış ciddi tənqidi-realist əsərdir: “Baytar dedi: tez olun! …İsti su gətirin ayaqlarına! Damcı dərman da lazımdır Qulaqlarına. Nüsxə yazıldı bir qarış. Maşın ürkək keçi kimi sıçradı. Sədrin buyruğu ağzından çıxmamış. Handan-hana qoca mühasib gəldi. Baxdı, ah çəkdi, Dedi: – Yazığın gəlsin bizə Sarı dana! Amandır, bu zülmü eləmə İllik plana! Üç gün, üç gecə Gülxara ayrılmadı Sarı danadan. …Nə evinə gedə bildi, nə urvalıq apara bildi Uşaqlara dəyirmandan. Tənzifə qıymadı ürəyi Dananın qarnına bağladı Gəlinlik şalını. Sədr hər axşam, hər səhər Şəxsən soruşdu dananın əhvalını…. Əhvalat uzundur, nə deyim, Bəsdir bunu desəm: Dana ölmədi azardan. Ancaq Gülxaranın Qaragöz kiçik qızı… Beşcə qulac bez aldılar bazardan.

Dünya, Zaman və İnsan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükəmməl bəşəri poeziya yarada bilmişdir. Rəsul Rza dünya haqqında düşüncələrinin qüvvətli orijinal və sərbəst ifadəsi olan şeirlərində bəşəriyyətin ərzi-halı poetik baxımdan mənalandırılmışdır. Rəsul Rza Azərbaycanda yaşayıb-yaradan dünyamiqyaslı müasir şair idi. Yaxud belə demək də doğru olar ki, Rəsul Rzanın timsalında XX əsrin görkəmli dünya şairləri sırasında Azərbaycan özünəlayiq yer tuta bilmişdir. Dünyanın real mənzərəsini ayıq-sayıq görən və proseslərin gedişatını doğru-düzgün göstərən şair, ümumiyyətlə, insanlığın keşiyində dayanmağın çağırışlarını səsləndirmişdir. Rəsul Rza şeirlərində bəşəriyyətin müqəddəratına mənsub olduğu xalqın taleyinin işığında nəzər salaraq bədii ümumiləşdirmələr aparmışdır:

Dünyanın anlaşılmayan Çox işi var.
Yollarının səbr, inad, inam istəyən
Nə qədər
Enişi var, yoxuşu var.
Din davası, torpaq davası,
Rütbə, qazanc, otaq davası…
Başqa-başqa sahmanlı
İnsanların
Qara, ağ davası
İstək dustaqlığı,
İmkan dustaqlığı.
Dərya-dərya imkanlardan verilən
Nemət cirəsi
Pay qaşığı.
Mənim qayğım, mənim gücüm,
Mənim sınağımdır.
Mənim çağımdır.

Məşhur “Rənglər” silsiləsi dünya sərbəst şeirinin Azərbaycanda yaranan böyük sənət şedevrlərindən biridir. “Rənglər” sərbəst şeirləri, ümumiyyətlə, XX əsr sərbəst şeirində yeni və böyük sənət hadisəsidir. Rəsul Rzanın “Rənglər” şeirləri ilə geniş mənada dünya sərbəst şeiri yeni rəng, yeni səviyyə qazanmışdır. Bədii düşüncənin və intellektual qavrayışın dərin siyasi-fəlsəfi mühakimə ilə vəhdətindən yoğrulmuş “Rənglər” şeir silsiləsində bütöv bir epoxanın düşüncəsi ifadə olunmuşdur. Hər misrası ciddi, düşündürücü, obrazlı düşüncələrdə əks-səda tapan bədii ümumiləşdirmələrdən yaranmış “Rənglər” sərbəst şeir silsiləsində ifadə edilən mətləblər və mühakimələr rəngindən asılı olmayaraq bütün insanlar üçün də müasir səslənir. “Rənglər” poetik silsiləsi – bədii sözün ağır yüklü qafiləsidir. Nazim Hikmətin dediyi kimi, “bu poeziyada tamamilə özünəməxsus bir yoldur”. Rəsul Rzanın “Rənglər” silsiləsi dünya sərbəst şeirində yeni hadisədir. Bu şeirlərdə ayrı-ayrı rənglərin müxtəlif çalarları vasitəsilə həyatın və insanın dərin qavrayışları ifadə olunmuşdur. “Rənglər”də hər misra xüsusi bir mətləbi mənalandırır. Böyük istedad ondadır ki, Rəsul Rza “Rənglər” silsiləsinin bütün misralarında dərin fikirləri bənzərsiz, obrazlı ifadələrlə əks etdirmişdir. Eyni zamanda, şair hamıya məlum olan rənglərin naməlum çalarlarını kəşf etmişdir: “Ağ rəngin sevinc çaları”: çiçəkli bahar budağı, göyərçin qanadları, Quzey qarı; “Şirmayı”: Ölümdən gələn qazanc, zindan barmaqlığı, İlməklikəndir, Məftilli qırbac, Naxışlı yeddi kürəciklərin yeddi illik zəhməti. Ağrıdan ulayan ölkələrin Səkinəsi, Səlmanı, Əhmədi; “Püstəyi”: Ala gözlərdə kədər; “Xurmayı”: Müstəmləkələr; “Kürən”: Cənublu ağaclar; “Badımcan”: Əyyaş burnu; “Sürməyi”: Aylı gecədə qarlı dağ təpəsi; Yaxud “Sumağı”: Döyüşdən çıxmış Qıratın nalı.

“Rənglər” silsiləsinin bədii müqəddiməsi olan “Uvertüra” həm də bu şeirlərin finalıdır, yekunudur. “Uvertüra” Rəsul Rzanın “Rənglər” fəlsəfəsini ümumiləşmiş şəkildə ifadə edir. “Uvertüra” – rənglərin qammasıdır. “Uvertüra” – rənglərdə ifadə olunan mətləblərin “amması”dır: 

Rənglər könlümüzdən keçir,
İsti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
Qəlbimizə dolur
Müxtəlif rənglər kimi.
Rənglər xatirələr oyadır,
Duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək,
Hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi
Ahəngi var.
Ağrının, sevincin, ümidin də
Rəngi var.
Düşündükcə açılır.
Əlvan səhifələri rənglərin.
Canlanır gözümdə rəngi
Ömrün, mübarizənin,
Qəlbin, nifrətin,
Gecənin, səhərin
Və insan taleyinin.

Xalq şairi Rəsul Rzanın yaradıcılığı Azərbaycan şeirinin də, dünya poeziyasının da fərqli rənglərini təbii şəkildə, bütün əlvanlığı ilə əks etdirən böyük sənət hadisəsidir. Şairin “hansı şeirim, hansı sözüm yaşayacaq məndən sonra” sualının bir cavabı var: Rəsul Rza sənətinin qüdrəti onun milliyində və bəşəriliyində, eyni zamanda, bədii ifadə baxımından bənzərsizliyindədir. Bu meyarlara cavab verən böyük sənət ölməzdir.

Azərbaycan ədəbiyyatşünaslıq elmində xalq şairi Rəsul Rza haqqında qiymətli elmi əsərlər yazılıb nəşr edilmişdir. Filologiya üzrə elmlər doktoru. Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi çağdaşları” kitabı xalq şairinə həsr olunmuş əhəmiyyətli monoqrafik tədqiqatdır. Kitabda Rəsul Rzanın böyük sənətinə yüksək elmi qiymət verilməklə bərabər, şairin müasirləri ilə əlaqələri geniş şəkildə araşdırılıb ümumiləşdirilir. Məsələnin qoyuluşu ilk növbədə müasiri olmuş görkəmli sənətkarlara, ünsiyyət saxladığı yaradıcı insanlara Rəsul Rzanın münasibətini aydın surətdə görməyə imkan verir. Həm də müasirlərinin Rəsul Rzanın şəxsiyyətinə və sənətinə obyektiv elmi münasibəti, heyranlıq hissləri və qiyməti də monoqrafiyada öz əksini tapır. Ən yaxşı cəhətlərdən biri də ondan ibarətdir ki, Yaşar Qasımbəyli Rəsul Rza və çağdaşları məsələsini şəxsi münasibətlərin, qarşılıqlı əlaqələrin aydınlaşdırılması ilə birlikdə müxtəlif coğrafiyalarda yaşayıb-yaratmış adlı-sanlı yaradıcı şəxsiyyətlərin ədəbiyyat və sənət, yazıçı və zaman haqqındakı ortaq görüşlərinin, onların yaradıcılıq əlaqələrinin öyrənilməsinə istiqamətləndirmişdir. Beləliklə, “Rəsul Rza və ədəbi çağdaşları” kitabı geniş mənada xalq şairinin epoxasına və ədəbiyyatına həsr olunmuş monoqrafiya şəklində meydana çıxmışdır.

Problemin öyrənilməsi üçün əhatə etdiyi sənətkarların geniş coğrafiyası Yaşar Qasımbəylinin elmi maraq dairəsinin və mütaliəsinin, tədqiqat sferasının miqyasını təsəvvür etməyə imkan verir. Yaşar Qasımbəyli bu kitabı ilə Azərbaycan ədəbiyyatının şəxsiyyətləri və proseslərinə qlobal miqyasda baxmağı və elmi qiymət verməyi bacaran mükəmməl dünyagörüşə malik tədqiqatçı olduğunu nəzərə çarpdırır.

Bütün bunlara görə filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi çağdaşları” monoqrafiyası görkəmli xalq şairi haqqında meydana çıxan qiymətli tədqiqat əsəri olmaqla bərabər, həm də Azərbaycan ədəbiyyatının üfüqlərinin genişliyini və əhəmiyyətini diqqət mərkəzinə çəkən dəyərli elmi araşdırmadır. Kitab Rəsul Rzanın sənət qüdrətini sənətkar və zaman miqyasında oxuculara təqdim edir.

Xalq şairi Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından biri olmaqla yanaşı, həm də dünya poeziyasında özünəməxsus yeri olan novator sənətkardır. Böyük şairin dərin ictimai məzmuna və orijinal bədii formaya malik olan bənzərsiz sənəti Azərbaycan ədəbiyyatının dünya şeir mədəniyyətinin inkişafındakı rolunu və yerini nümayiş etdirir.

Rəsul Rza sərbəst şeir məktəbi yaşayır, şairin böyük sənət ənənələri yaradıcılıqla davam etdirilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 88
  • 21
  • 693
  • 2,334
ILK-10 Azeri Website Directory