Min bir dərdin dərmanı – arı südü

Bal, çiçək tozu, vələmum, mum, arı südü, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir.

Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz nemətlərin içərisində müalicəvi xüsusiyyətlərinə görə arı südü digərlərindən fərqlənir. Bəs min bir dərdin dərmanı, tərkibi vitamin və minerallarla zəngin olan, bir çox xəstəliklərin müalicəsində, immunitetin möhkəmləndirilməsində istifadə edilən arı südü necə alınır?

Ağcabədi rayonundan olan arıçı Rəfayət Musayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində arı südünün alınması, faydaları və istifadəsi barədə danışıb.

Ata-babadan arıçılıqla məşğul olan R.Musayev hazırda 250 arı ailəsi saxlayır. O, məhsul verən arı ailələrini respublikanın müxtəlif regionlarına apararaq onları bəsləyir. Müxtəlif arı məhsulları istehsal edən arıçı bu məhsulların içərisində ən qiymətlisinin və insan üçün ən faydalısının arı südü olduğunu deyir.

Rəfayət Musayev bildirir ki, 5-15 günlük işçi arıların udlaq və üst çənə vəzilərində yaranan arı südünün alınması çətin prosesdir. Arı südü sağlam və qüvvətli arı ailəsindən onların aktiv fəaliyyəti dövründə – may-iyun aylarında alınır. Əvvəlcə ailədən ana arı götürülür. Ananın olmadığını hiss edən arılar yeni ana yetişdirmək üçün ana yuvası qoymağa başlayırlar. Bu zaman çərçivəyə mumdan hazırlanmış süni ana üskükləri qoyulur və 6-8 saat sonra onun da içərisinə başqa ailədən götürülmüş bir günlük sürfə köçürülür. 72 saat ərzində üsküklər arı südü ilə dolur. Arı südü oradan götürülərək şüşə qaba və ya şprisə yığılır və soyuducuda saxlanılır.

Arı südünün tərkibində orqanizmə lazım olan vitaminlər, mikroelementlər və mineral maddələr, bioloji aktiv birləşmələr var. İnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. İnsanın ümumi tonusu qüvvətlənir, gümrahlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır. Arı südü mədə və on iki barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində müsbət təsir göstərir. Bu məhsul sidikqovucudur, piylənməni ləngidir, qan dövranını normallaşdırır, endokrin vəzilərin funksiyasını tənzim edir, qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır, cinsi vəziləri fəallaşdırır və iştahı artırır. Bundan başqa, arı südü kosmetologiyada üz üçün cavanlaşdırıcı maskaların tərkibinə əlavə olunur.

Rəfayət Musayev arı südünün qəbulu qaydası barədə də məlumat verib. Bildirib ki, bu qiymətli məhsul səhər yeməkdən bir saat əvvəl bir qramın üçdəbiri qədərində dilin altına qoyulmalıdır. 10 qram arı südü bir aylıq kursdur. Üç ay sonra təkrar istifadə etmək olar.

Ağcabədili arıçının dediyinə görə, arı südünə olan tələbat getdikcə artır: “Əvvəllər hər il 0,5-1 kiloqram arı südü satırdım. Ötən il əldə etdiyim 1 kiloqram arı südü elə yay mövsümündə satıldı. Arı südünün bir qramının qiyməti isə 3-7 manat arasında dəyişir. Tələbatın çoxaldığını nəzərə alıb, bu il 2 kiloqramdan artıq arı südü yığmağı nəzərdə tuturam. Arı südünə olan tələbatın ildən-ilə çoxalması insanların onun faydaları ilə bağlı getdikcə daha çox məlumatlanmaları ilə bağlıdır”.

Bal və arı südü istehsalı ilə yanaşı ana arı yetişdirilməsi, çiçək tozu satışı ilə də məşğul olan Rəfayət Musayev xaricdən gətirilmiş daha məhsuldar arı sortları bəsləməklə təsərrüfatını daha da inkişaf etdirir. O, dövlətimizin başçısı tərəfindən arıçılığın inkişafının stimullaşdırılması məqsədilə sərəncam imzalanmasının, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsinin kənd təsərrüfatının gəlirli və daha perspektivli sahəsi olan arıçılığın daha da inkişafına töhfə verəcəyini bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory