Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq əhəmiyyətini artırır

ÖLKƏMİZDƏ NEFT-QAZ SƏNAYESİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ BAŞLAYIR

1994-cü il sentyabrın 20-də böyük çətinliklərlə üzləşən “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycan qazının Avropa qitəsinə nəqli istiqamətində regional və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət uğurlu nəticələrini verməkdədir.

2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. NABUCCO da daxil olmaqla təklif olunan müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə, Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirib və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürüb. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat –  strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb.  2012-ci il iyunun 26-da Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında Transanadolu (TANAP) təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya edib. 2013-cü il iyunun 30-da isə “Transadriatik təbii qaz boru kəməri” (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub. Bununla da Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz – 2”,  Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri,  Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanıb.

Nəhayət, mayın 29-da tərəfdaş ölkə və şirkətlərin iştirakıyla Səngəçal terminalında Cənub Qaz Dəhlizi işə salınıb və boru kəmərinə ilk təbii qaz ötürülüb.

Prezident İlham Əliyev dəhlizin açılış mərasimində çıxışında Azərbaycanın neft-qaz tarixi, “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bugünədək görülən işlər, həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə fikirlərini bildirib, yalnız beynəlxalq əməkdaşlıq sayəsində bu cür böyük layihələrin reallaşmasının mümkün olduğunu diqqətə çatdırıb.

Ölkə başçısının qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Cənub Qaz Dəhlizinin əhəmiyyəti, layihənin Azərbaycana qazandıracağı siyasi və iqtisadi dividentlər barədə fikirlərini bildirən Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib ki, “Cənub Qaz Dəhlizi” iqtisadi layihə olmaqla yanaşı, böyük siyasi mahiyyətə malikdir. O, SİA-ya bildirib ki, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rolu var: “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın dünyada önəmini daha da artıracaq”.

Deputatın sözlərinə görə, layihənin tərkib hissəsi olan TANAP və TAP layihələri Azərbaycanla Türkiyənin qardaşlığını tərənnüm edir: “Bununla da Azərbaycanla Türkiyənin regionda, eləcə də, dünyada rolunu artırır. Azərbaycanın müəllifi olduğu bu mühüm layihə gələcəkdə Orta Asiya dövlətlərinin dünyaya çıxışı üçün də bir modeldir. TANAP və TAP-da daxil olmaqla bu layihənin təkcə Avropa ölkələri deyil, Türkiyə, Gürcüstan üçün də böyük önəmi var”.

C.Osmanov hesab edir ki, belə bir qlobal əhəmiyyətli layihənin həyata keçirilməsi Azərbaycana beynəlxalq miqyasda iqtisadi mənfəətlə yanaşı, siyasi dividentlər də gətirəcək.

Deputat Rauf Əliyev isə bildirib ki, Cənub Qaz Dəhlizinin rəsmi açılış Azərbaycanın tarixində çox mühüm bir hadisədir. O qeyd edib ki, bu layihədən 24 il öncə, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması həm Azərbaycanın gələcək inkişafı üçün həlledici imkanlar yaradıb, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib: “Ümumimilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz Avropada enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirib. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng layihələrindən biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan marağı daha da artırıb”.

R.Əliyev bildirib ki, bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdıralacaq: “Layihənin həyata keçirilməsində Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxal əməkdaşlığı reallaşdıran bir layihədir. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir”.

Deputatın sözlərinə görə, Cənub Qaz Dəhlizinin açılışı bir daha göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır: “Bu layihənin reallaşması ilə ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsi başlayır”.

Qeyd edək ki, uzunluğu 3.5 min kilometr təşkil edən “Cənub Qaz Dəhlizi” 1.2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmində dəyərləndirilir.

İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.

Ceyhun ABASOV

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 72
  • 40
  • 711
  • 4,458
ILK-10 Azeri Website Directory