Ordumuz qürurumuzdur

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ordumuz – qürurumuz” adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən tədbirdə hərbi xidmətçilər, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər Bayraq Meydanınadək yürüş ediblər. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə tədbir iştirakçılarını, hərbi qulluqçuları təbrik edib, Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin Ordumuzun formalaşmasında və gücləndirilməsindəki xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan Ordusu yarandığı 100 il müddətində keşməkeşli və şərəfli yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaranan Silahlı Qüvvələr həmin dövrdə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda düşməni ağır məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin edib. Sovet Rusiyasının Azərbaycanı işğalından sonra Milli Ordunun ləğv edilməsinə baxmayaraq, xalqımız hərbi ənənələri qoruyub saxlayıb.

Böyük siyasi xadim Heydər Əliyevin ordu quruculuğunda əvəzsiz xidmətlərindən bəhs edən E.Hüseynov bildirib ki, Ulu Öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin etdi. Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra pərakəndə hərbi dəstələrin əvəzinə vahid komandanlıqdan idarə olunan nizami ordu formalaşdırıldı. Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, işğal altında olan torpaqlarımızı azad etmək qüdrətində olduğunu bir daha göstərdi.

Müdafiə Nazirliyinin generalı Mais Bərxudarov silahlı qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində düşməni hər an məhv etməyə qadir olan güclü ordumuzun formalaşdığını bildirib. Vurğulayıb ki, Azərbaycan Ordusu torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazırdır.

Sonra cəbhədə xidmət edən əsgər və zabitlərə, döyüşlərdə fərqlənən Qarabağ müharibəsi veteranlarına və 2016-cı il Aprel döyüşlərinin iştirakçılarına fəxri fərman və hədiyyələr verilib.

Tədbirdə səhra mətbəxi nümayiş olunub, “Əsgərə məktub” layihəsi həyata keçirilib. İştirakçılar Silahlı Qüvvələrin əsgərlərinin Azərbaycan Ordusunun 100 illiyinə həsr etdikləri rəsmlərə maraqla baxıblar. Xüsusi təyinatlı hərbiçilərin nümunəvi çıxışı alqışlarla qarşılanıb.

Xocavənd məktəblilərinin və Xalq Artisti Azərinin ifasında təqdim olunan hərbi vətənpərvərlik mövzusunda mahnılar tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb. Tədbir atəşfəşanlıqla başa çatıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 95
  • 14
  • 405
  • 1,402
ILK-10 Azeri Website Directory