İlham Əliyev Donald Trampa təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik ünvanladı.

Təbrikdə deyilir: “Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Regional çağırışlara və terrorizmə qarşı mübarizədə, təhlükəsizlik məsələlərində, eləcə də iqtisadi sahədə ölkələrimiz yaxından və səmərəli əməkdaşlıq edirlər.

Enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məmnunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

Bununla yanaşı ölkəmizin qarşılaşdığı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik. Buna görə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 49
  • 21
  • 564
  • 2,645
ILK-10 Azeri Website Directory