Bu xalqı çirkin əməllərlə qorxutmaq, parçalamaq olmaz

“AZƏRBAYCANDA TƏXRİBAT TÖRƏTMƏK İSTƏYƏN QÜVVƏLƏR BİLMƏLİDİR Kİ, ONLARIN BÜTÜN MƏKRLİ ƏMƏLLƏRİNİN QARŞISI QƏTİYYƏTLƏ ALINACAQ”

Bu xalqı çirkin əməllərlə qorxutmaq, parçalamaq olmaz<b style="color:red"></b>

“Bu gün güclü Azərbaycan dövləti dinamik inkişaf edir və həyata keçirdiyi siyasətlə beynəlxalq müstəvidə nüfuzunu daha da artırır. Bu isə ölkəmizin inkişafını istəməyən bəzi xarici dairələri narahat edir. İyulun 10-da Gəncə şəhərində baş verən təxribat da həmin xarici qüvvələrin əməli idi”.
Bu fikirləri “525”-ə açıqlamasında millət vəkili Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, bu hadisənin törədilməsində məqsəd ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqdır.
Onun sözlərinə görə, həmin qüvvələr öz məqsədlərinə nail ola bilmədilər, çünki ölkəmizdə güclü vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur: “Ölkəmizdə sabitliyi pozmağa yönələn belə uğursuz cəhdlər göstərir ki, Azərbaycanın inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar bəzi xarici dairələri ciddi surətdə narahat edir. Təxribatların qarşısının alınmasında iki polis zabiti şəhid oldu. Onlar xalqımızın qəhrəman oğullarıdır. Vətəndaş həmrəyliyi, xalqın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi bu təxribatı törədən xarici qüvvələrin məkrli planlarını alt-üst etdi. Çox təəssüflər olsun ki, ölkəmizin daxilində də həmin qüvvələrə dəstək verənlər var. Bəzi saytlarda, sosial şəbəkələrdə edilən çağırışlar dövlətimizi sevən hər bir vətənpərvər tərəfindən kəskin şəkildə pislənilir. Hesab edirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları bu məsələləri qanun çərçivəsində həll edəcək, təxribatçılar, onların havadarları və dəstəkçiləri barədə müvafiq ölçülər götürüləcək”. Millət vəkili qeyd edib ki, Azərbaycanın yeganə problemi torpaqlarımızın erməni işğalından azad edilməsidir və dövlətimizin başlıca siyasəti məhz bu hədəfə istiqamətlənib: “Biz həm diplomatik, həm də hərb cəbhəsində Ermənistanı dalana dirəmişik. Bu siyasət bizi torpaqlarımızın işğaldan azad edilməsinə aparır. Amma müəyyən xarici qüvvələr ölkəmizdə sabitliyi pozmağa çalışmaqla Azərbaycanı bu hədəfindən sapdırmaq niyyəti güdür. Ona görə də bütün vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar. Gəncə hadisələri göstərdi ki, Azərbaycan vətəndaşları məhz dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözlərini deməyə hazırdırlar”.

Deputat Dilarə Cəbrayılova da bildirib ki, Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır. Millət vəkilinin bildirdiyinə görə, Azərbaycan son illər sürətlə inkişaf edir, bütün sahələrdə uğurlar qazanır və bu baxımdan, ölkəmizin sosial-iqtisadi inkişafı, apardığı müstəqil siyasət respublikamızı sevməyən qüvvələri narahat edir: “Məhz bu təxribatlar da xaricdəki müəyyən dairələr tərəfindən hazırlanıb və ölkəmizdəki sabitliyi pozmağa xidmət edir. Ancaq bu qüvvələr heç vaxt istəklərinə nail ola bilməyəcəklər. Təəssüf ki, ölkəmizdə müəyyən şəxslər, radikal müxalifət onlara dəstək verir. Eyni zamanda, sosial şəbəkələrdə, bəzi saytlarda Gəncədəki terror aktını dəstəkləmək, radikal dini ekstremistləri müdafiə etmək, iğtişaşlara çağırış yolverilməzdir. Bu hərəkəti edənlər qanun qarşısında cavab verməlidirlər. Amma bütün hallarda belə təxribatlar heç bir nəticə verməyəcək. Çünki dövlətimizin sükanı etibarlı əllərdədir, respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur. Dövlətimizin başçısının apardığı daxili və xarici siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət bizi daim irəliyə doğru aparır. Azərbaycan Silahlı Qüvvələri, o cümlədən, polis orqanları dövlətimizin, xalqımızın, müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanıb. Gəncə şəhərində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı təxribatçı, pozucu, radikal qüvvələrə öz niyyətlərinə çatmağa imkan verməyəcək”.

Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz növbəsində deyib ki, Gəncədə terror aktları və iğtişaş törədənlər ədalət mühakiməsi qarşısında mütləq cavab verəcəklər: “Bu cinayətkarların nə milləti, nə də dini var. Onlar Azərbaycan dövlətinə düşmən qüvvələrin əlində bir alətdirlər”. A. Əliyevin dediyinə görə, neçə gün idi ki, sosial şəbəkələrdə gəncəliləri təxribata çəkmək üçün təbliğat aparılırdı: “Hay-küylü təbliğat fiaskoya uğradı. Çünki gəncəlilər onlara dəstək vermədilər. Gəncəlilər həmişə dövlətin, Prezidentin yanında olublar. Gəncə tarixi bir şəhərdir. Bu şəhər Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olub. Gəncə həmişə milli məfkurənin, milli ideologiyanın mərkəzi olub. Şeyx Nizaminin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu iyulun 10-da baş verən hadisələr bir daha təsdiqlədi. Gəncəlilər radikallara “Yox!”, sabitliyə, inkişafa “Hə!” dedilər”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri,  parlamentin komitə sədrinin müavini Fəttah Heydərov da hesab edir ki, Gəncə şəhərində törədilmiş təxribat hərəkətlərinə qarşı milli birlik nümayiş etdirmək və dövlətimizə dəstək olmaq Vətənini sevən hər bir azərbaycanlının borcudur: “Gəncə şəhərində baş verən qətl və təxribat hadisələri hər bir Azərbaycan vətəndaşı kimi, bizi – respublika ağsaqqallarını da ciddi narahat edir. Hesab edirik ki, ölkəmizin uğurlarını, dinamik inkişafını gözü götürməyən anti-azərbaycan qüvvələr müxtəlif vaxtlarda olduğu kimi, yenə də respublikamızda xaos və qarşıdurma yaratmağa can atır, bir sıra dövlətlərdə törətdikləri qanlı cinayətləri, böyük qırğınları Azərbaycanda da həyata keçirməyə çalışırlar. Ancaq Azərbaycanda din pərdəsi altında gizlənərək iğtişaşlar yaratmaqda maraqlı olan bu xarici qüvvələr bilməlidirlər ki, ölkəmizə qarşı yönəlmiş bütün təxribat əməllərinin qarşısı hər zaman qətiyyətlə alınacaq və onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan güclü dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti qətiyyətlə dəstəkləyir və onun ətrafında sıx birləşib. Buna görə də Azərbaycanın dövlət müstəqilliyinə, ölkəmizdəki ictimai-siyasi sabitliyə qarşı çıxan hər bir qüvvə bu birlik və həmrəylik qarşısında gücsüzdür. Hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olan vətənpərvər gəncəlilər və bütövlükdə Azərbaycan xalqı qədim və tarixi şəhərimiz olan Gəncədə baş verən təxribatlara qarşı barışmaz mövqeyini ortaya qoyaraq ölkəmizdə terror, xaos, gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin planlarını puça çıxardılar. Vətəndaşlarımız dövlətimizin ətrafında daha sıx birləşərək antiazərbaycan qüvvələrə meydan vermədilər. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, alim və ziyalıları, ümumiyyətlə, xalqımızın hər bir nümayəndəsi bu təxribat əməllərini kəskin şəkildə pisləyərək, əsl vətəndaşlıq mövqeyi ortaya qoydu və öz dövlətinə sahib çıxdı. Ölkəmizdə ictimai-siyasi sabitliyi, dövlətçiliyin qorunmasını, əhalimizin əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşayışının təmin olunmasını canı və qanı bahasına həyata keçirən mərd və cəsarətli Azərbaycan polisi bu dəfə də məkrli qüvvələrin layiqli cavabını verdi”.

Kamil HƏMZƏOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 4
  • 420
  • 2,140
ILK-10 Azeri Website Directory