Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın “soyuq” Moskvada “isti” müzakirələri

Böyük dövlətlərin əməkdaşlığı yalnız milli sərhədlərlə məhdudlaşmır. Onlar geniş geosiyasi məkanda proseslərin dinamikasını yeniləşdirə bilirlər. 

Türkiyə Prezidenti R.T.Ərdoğanın Moskvaya səfərinə bu müstəvidə qiymət verilsə, maraqlı qənaətlər əldə edilə bilər.

İki böyük dövlət demək olar ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməklə bağlı razılıq əldə edib. Bu, geniş məsələlər üzrə birlikdə fəaliyyət göstərmək anlamına gəlir. Təbii ki, həmin bağlılıqda ilk olaraq Suriya məsələsi yada düşür. Suriya üzrə V.Putinlə R.T.Ərdoğan faydalı fikir mübadiləsi aparıb, konkret razılıqlar əldə ediblər. Onlar Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması, terrorla birgə mübarizə, sabitliyin təmini, İdlib, Münbic məsələləri, hərbi əməkdaşlıq kimi istiqamətlərdə ortaq mövqeyə gəliblər. Bunların fonunda ticarət, istehsal, turizm, nüvə və enerji sahələrində əməkdaşlığı daha da inkişaf etdirmək haqqında konkret mövqeyə gəlinməsi aktual görünür. Eyni zamanda, Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanmış və “Adana sazişi” adlanan sənədin yenidən gündəmə gətirilməsi əhəmiyyət daşıyır. Bütün bunların geniş təhlilini aparmaq zəruridir.

Tarixi səfər: Rusiya və Türkiyə Avrasiyada geosiyasi dinamikanı yeniləşdirir 

ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarından sonra Yaxın Şərqdə geosiyasi proseslər daha intensiv xarakter alıb. Bir sıra böyük dövlətlər yarana biləcək boşluğu doldurmaq üçün fəallıq göstərməkdədirlər. Ancaq Rusiya, Türkiyə və İranın təmkinli davrandığı da müşahidə edilir. Yəni başlıca mübarizə diplomatik-siyasi müstəvidə gedir. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinə ekspertlərin marağı olduqca böyük idi. Ümidlər özünü tam doğrultdu. Bu səfər iki məqamı üzə çıxardı.

Birincisi, Rusiya Türkiyəni Yaxın Şərqin həlledici geosiyasi aktoru kimi qəbul edir. Moskva Ankara ilə bütün sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə qərarlıdır. Eyni zamanda, Moskva Türkiyəni Avrasiya məkanında təhlükəsizlik sistemini qura biləcək lider-dövlət kimi də qəbul edir.

İkincisi, Vladimir Putin nümayiş etdirdi ki, Kreml xarici siyasətdə bəzi düzəlişlər edib və bu yoldan çəkilmək fikrində deyil. Konkret olaraq, Moskva əsrlərdir ki, türk dövləti ilə apardığı rəqabət və düşmənçilikdən dialoqa, qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa keçid etməkdə qətiyyətlidir. Bu, artıq tendensiyadan dayanıqlı prosesə keçidi ifadə edir və bütövlükdə Avrasiyanın geosiyasi xəritəsində prinsipial müsbət dəyişikliklərə aparıb çıxaracaq.

Bu ümumi qənaətlər tərəflərin əldə etdikləri konkret razılaşmalardan məntiqi olaraq alınır. Rusiya və Türkiyə geniş sahələri əhatə edən uzunmüddətli razılıqlar əldə edə bildilər. Putin-Ərdoğan danışıqları iki dövlətin taleyində tarixi rol oynamalıdır. Prezidentlər iqtisadiyyat, enerji, xarici siyasət, mədəniyyət, turizm, nüvə sahəsində əməkdaşlıq, terrorla mübarizə, Suriyada sülhə nail olmaq, nəqliyyat, təhlükəsizlik, hərbi əməkdaşlıq kimi sferalarda qarşılıqlı əlaqələri yeni səviyyəyə yüksəltmək haqqında ortaq qənaətə gəliblər. Türkiyə Prezidenti səfərdən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bu barədə konkret faktlarla danışıb (bax: Cumhurbaşkanı Erdoğan: Adana Mutabakatı Türkiye’nin ağırlığını hissettirecek / “Habertürk”, 25 yanvar 2019).

Rusiya və Türkiyə yüksək səviyyədə strateji tərəfdaşlıqla bağlı yaxın aylarda yeni müzakirələr aparmaq haqqında razılığa gəliblər. Bu, demək olar ki, bütün sahələri, o cümlədən, hərbi-müdafiə sahəsində əməkdaşlığı əhatə etməlidir. Prezidentlər həmin çərçivədə “S-400″lərlə bağlı imzalanmış sazişin yerinə yetirilməsində qərarlı olduqlarını bəyan ediblər. Türkiyə tərəfinin xahişi ilə Rusiya “Akkuyu” atom elektrik stansiyasının birinci blokunun Türkiyə Respublikasının 100 illik yubileyi münasibətilə 2023-cü ildə istismara veriləcəyini vəd edib.

Ankara və Moskva ticarət əlaqələrini 26 milyarddan 100 milyard ABŞ dolları həcminə qədər inkişaf etdirmək fikrindədirlər. Bunun üçün xüsusi komissiya da yaradılmalıdır. Avrasiyanın iki böyük dövləti tədricən bütün sahələr üzrə sıx əməkdaşlıq xəttinə keçirlər. Onlar həm də Qara dənizdə həmsərhəd ölkələr kimi əlaqələri gücləndirmək niyyətindədirlər. Bu barədə də Prezident R.T.Ərdoğan fikir bildirib. 

Perspektivli əməkdaşlıq modeli: ədalət, sülh və barış naminə 

Türkiyə Prezidenti rusiyalı həmkarı ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda ayrıca vurğulayıb ki, Rusiya ilə turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda Rusiya Almaniyadan sonra həmin sahədə ikinci yerdədir. 2018-ci ildə Rusiyadan Türkiyəyə 6 milyon turist gedib! İndi məqsəd bu rəqəmi daha da artırmaq və Rusiyanın birinci yerə çıxmasına nail olmaqdan ibarətdir. Bu aspektdə dövlətlər arasında viza məsələsi də həll edilməlidir. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, sənəd artıq Prezident Vladimir Putinin masası üzərindədir.

Bu o deməkdir ki, iki dövlət sosial-mədəni və turizm istiqamətlərində də qarşılarına böyük məqsədlər qoyublar. Şübhəsiz ki, bu xətt yaxın perspektivdə Avrasiyada çox güclü və müsbət nəticələri ola biləcək müttəfiqliyin meydana gəlməsi ilə nəticələnə bilər. Ekspertlər məhz bu tezisin fonunda böyük bir regionda formalaşa biləcək geosiyasi mənzərəni proqnozlaşdırmağa çalışırlar.

Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə həmin prizmadan baxdıqda, maraqlı qənaətlər əldə etmək olur. Bu kontekstdə tərəflərin “Adana razılaşması” adlanan sənədə qayıdılması haqqında müzakirə aparmaları çox əhəmiyyətli məqam kimi görünür. Öncə qeyd edək ki, həmin sənəd 1998-ci ildə Suriyanın o dövrdəki dövlət başçısı ata Əsədlə Türkiyə arasında imzalanıb. Sənəd terrora qarşı mübarizədə Suriya ilə Türkiyə arasında əməkdaşlığı əhatə edir. Məhz həmin sənəd imzalanandan sonra A.Öcalanı Suriyadan çıxarmaq mümkün oldu və sonda Keniyada yaxalandı.

Bu dəfə R.T.Ərdoğan həmin razılaşmanı yenidən gündəmə gətirdi. V.Putin də onu dəstəkləyib. Rusiya Prezidenti “Adana razılaşması önəmli bir mövzudur. Türkiyə bunu işləməlidir”, – deyib (bax: əvvəlki mənbəyə). Bu sənəd Türkiyənin Suriyadakı mövqeyini daha da gücləndirəcək. Prezident R.T.Ərdoğan Tükiyənin Suriyadakı mövcudluğu üçün xüsusi dəvətə ehtiyac olmadığını ifadə edib. Bu, təbiidir, çünki Suriya ilə 911 kilometrlik sərhədi var, tarixi ortaqlıq mövcuddur və Suriya xalqı türk ordusunu proseslərə müdaxilə etməyə çağırır. Bunlarla yanaşı, ata Əsədlə imzalanan sazişin yenidən gündəmə gəlməsi terrorla mübarizədə fərqli mərhələnin əsasını qoyacaq ki, bununla da Türkiyənin Suriyadakı varlığı tam olaraq beynəlxalq hüquq çərçivəsinə salınmış olacaq.

İki Prezident İdlib, Münbic və Suriya konstitusiyasının işlənib hazırlanması məsələlərini də müzakirə ediblər. Türkiyənin dövlət başçısı vurğulayıb ki, İdlibi Rusiya və Türkiyənin əməkdaşlığı xilas edib. Çünki bu olmasaydı, indi 100 minlərlə insan öz evlərindən didərgin düşmüş olardı. Orada hər bir terror təşkilatı ilə sona kimi mübarizə aparılacaq. İndi Dəməşq İdlibə radikal terror qrupları göndərib və vəziyyət bir qədər gərginləşib. Ancaq onların hamısının öhdəsindən gəlmək iqtidarında olan türk ordusu sabitliyin pozulmasına imkan verməyəcək.

Münbiclə bağlı da Ankara ABŞ və Rusiya ilə müzakirələri davam etdirmək fikrindədir. Orada 1000 nəfərə yaxın terrorçu qalır. Onların Münbici tərk etmələri şərti mütləqdir. Ankara bu məsələdə güzəştə getməyəcək. Ona görə də PYD/YPG-nin Münbicdən çıxarılması zaman məsələsidir. Sonra orada yerli əhalinin demoqrafik tərkibinə görə idarəetmə srukturları formalaşdırılmalıdır. Münbicin əhalisinin 90 faizi sünni ərəblərdən ibarətdir.

Suriyanın yeni konstitusiyası məsələsi də çox aktualdır. Bu prosesi Fransa, Almaniya və Böyük Britaniyanın BMT-yə ünvanladığı bir məktub ləngidir. Ankara və Moskva həmin maneəni dəf edib, prosesi yekunlaşdırmaqla bağlı razılıq əldə ediblər. Xüsusi komissiyalar yaradılıb, milli konstitusiyanın hazırlanması və qəbulu qərara alınıb. Bu məsələ prinsipial əhəmiyyət daşıyır. Yeni konstitusiyada Suriya əhalisinin bütün spektrinin təmsil olunması təmin edilməlidir. Həmin məqamda hələlik fikir ayrılığı mövcuddur. Bəzi dairələr məzhəblərdən birinin üstünlüyünün təmin edilməsinə çalışırlar. Ancaq Ankara mövqeyində qətidir və bərabərhüquqluluq prinsipi gözlənilməlidir.

Prezidentlər arasında müzakirələr geniş əhatəliliyi ilə yadda qalıb. Onlar gecə saatlarına qədər danışıqlarda olublar. Ekspertlərin qənaətinə görə, sonucda strateji əhəmiyyətli ortaq mövqelər formalaşıb. Belə görünür ki, Avrasiyada böyük gələcəyi olan güclü əməkdaşlıq modeli meydana gəlir. Bundan xalqların qazanacaqlarına şübhə yoxdur. Qalır, əldə edilən razılaşmalara səmimiyyətlə əmək etmək. Proqnozlara görə, Moskva və Ankara dil tapacaqlar. Çünki həm dünya sürətlə dəyişir, həm də onların bir-birinə ehtiyacı artır. Böyük bir geosiyasi məkanda inkişaf, sabitlik, təhlükəsizlik və münaqişələrin ədalətli həlli üçün geniş perspektivlər açılır. Bu baxımdan Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri dönüş nöqtələrindən biridir.

Newtimes.az

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory